“Erməni soyqırımı”nda missioner izləri

 

 “Erməni məsələsi” ilə məşğul olan və bu barədə məlumatlı hər kəs bilir ki, istər Osmanlı dövləti ərazisində, istərsə də Azərbaycanda ermənilərin kütləvi şəkildə yerli xalqa və hökumətə qarşı təşkilatlanması, silahlı üsyan, qətl və qırğınlar törətməsi öz-özlüyündən yaranmamışdı. Doğrudur, bunun yaranma səbəblərindən biri böyük dövlətlərin, xüsusilə çar Rusiyasının siyasi maraqlarına xidmət edirdi. Belə ki, rus imperializmi erməni kartından istifadə edərək, Osmanlıya daha çox təsir etmək, müharibədə ermənilərin xəyanəti nəticəsində türklər üzərində hərbi qələbə qazanmaq, türk torpaqlarını işğal etmək və regionda möhkəmlənmək məqsədini güdürdü. Belə məqsədyönlü fəaliyyətin arxasında o dövrün Qərb dövlətləri də Osmanlını bölüşdürmək üçün planlar cızır və bu məsələdə erməni kartından və xristian təəssübkeşliyindən yararlanmağa çalışırdılar. Ermənilər də böyük dövlətlərin maddi və mənəvi dəstəyinə arxalanaraq təbəəsi olduqları Osmanlı dövlətinə qarşı üsyanlara qalxır, dinc  əhalini qətlə yetirir və yurd-yuvasından qovurdular.

Lakin məsələ tək bununla bitmir. Bu hadisələrin yaranma səbəblərinə nəzər saldıqda erməni əhalisinə Rusiyadan və Qərbdən gələn maddi, ictimai-siyasi dəstəkdən əvvəl dini təsirin və xristian təəssübkeşliyinin izlərini görməmək mümkün deyildir.

 Erməni qriqorian kilsəsinin dini işlərdən daha çox, erməni etnik üstünlüyü və erməni dövləti yaratmaq cəhdlərinin mövcudluğu tarixdən bəllidir. Xristianlığın qriqorianlıq dini təlimi digərlərindən - provaslav, katolik, protestant üsulundan fərqli olaraq yalnız erməni milli mənafeyinə xidmət etməyi və ermənilərin ən qədim xristian millət olduğu iddialarını irəli sürməsi ilə fərqlənir. Bu baxımdan qriqorianlıq təliminin erməni milli identifikasiyasının inkişafı uğrunda çalışan və gerçək dini dəyərlərdən uzaq bir cərəyan olması qərblilərin özlərində də qıcıq doğurur. Lakin həmişə olduğu kimi, erməni zalımlığı, qəddarlığının fövqündə “yazıq, bədbəxt” erməni obrazının olması onların müsəlmanlar tərəfindən əzilməsi fikrinin sürətlə yayılmasına rəvac vermiş və nəticədə lazımi məqamda onlar Qərbdən dəstək almağı bacarmışlar.

Bu dəstək əvvəlcə Türkiyəyə gələn ilk protestant missionerlərin dəstəyi ilə müşayiət olunmağa başladı.  1804-cü ildə “British and Foreign Bible Society” təşkilatına mənsub olduqları müəyyənləşən missionerlər əvvəlcə İzmirə sonra isə Anadolunun ucqar bölgələrinə yayılmağa başladılar. 1819-cu ildə amerikan missionerləri də regionda görünməyə başladı.

1896-cı ildə Amerika Birləşmiş Ştatlarını 7, İngiltərənin 4 kilsəsinə mənsub olan missionerlər Osmanlı torpaqlarına yayıldılar. Təkcə ABŞ-dan 176 missioner və onların 869 məhəlli köməkçisi işə başladı. Çox keçmədi ki, Bursa, İzmir, Merzifon, Kayseri, Sivas, Trabzon, Ərzurum, Xarput, Bitlis, Van, Mardin, Antep, Maraş, Adana, Diyarbəkir, Urfa, Tarsus, Malatya və s. şəhərlər də missionerlərin oylağına çevrildi. Bu fəaliyyət əsasən regionun xristian əhalisinin “maariflənməsi” adı altında aparılır və nəticədə ermənilərin gələcək üsyanının reallaşması üçün zəmin yaradırdı. Hərçənd ki, missionerlər erməni üsyanlarını dəstəkləmədiklərini bildirməklə riyakarlıq edirdilər. Bu təşviqat fəaliyyəti üsyanlardan əvvəl də, sonra da bölgələrdən gələn hesabatlarda öz əksini tapmışdı.

Osmanlı hökuməti xalqa və dövlətə xəyanət etmələri səbəbindən ermənilərə xəbərdarlıq etmişdi. Hadisələrin böyüməsi ordunu eyni zamanda iki cəbhədə - həm ölkənin qərb sərhədində müharibə aparmağa, həm də şərqdə yerli müsəlman əhaliyə qarşı vəhşiliklər törədən ermənilərə qarşı mübarizə aparmağa vadar edirdi. 1915-ci ilin 24 aprelində erməni komitələri dövlət tərəfindən bağlanır və 2345 nəfər erməni dövlət əleyhinə fəaliyyət göstərdikləri üçün tutulur. Dünya ölkələrində hər il “erməni soyqırımının ildönümü” kimi anılan 24 aprel həmin bu 2345 erməni şovinistin həbs olunduğu gündür.

Osmanlı hökumətinin bu qətiyyətli qərarına qarşı çıxan Eçmiədzin katolikosu Kevork ABŞ prezidentinə bu teleqrafı göndərmişdi:

 “Hörmətli prezident, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlamış və təşkil edilmiş terror səbəbindən erməni xalqının mövcudluğu təhlükə altına alınmışdır. Belə həssas bir vəziyyətdə böyük Amerikan millətinin əsl hisslərinə xitab edərək, insaniyyət və xristianlıq dini adına, böyük dövlətinizin diplomatik təmsilçilikləri vasitəsilə dərhal müdaxilə edərək, türk fanatizminin şiddətinə atılmış Türkiyədəki xalqımın qorunmasını rica edirəm”.

Kevork, bütün ermənilərin katolikosu.

 Bunu o kəs yazırdı ki, tarix boyu böyük dövlətlər qarşısında heç zaman tab gətirməyən, tabeçilik xüsusiyyətlərini götürən ermənilərin Osmanlıda ədavətdən uzaq, təhlükəsiz şəraitdə yaşamasını bilirdi. Osmanlı ərazisində uzun əsrlərdir məskunlaşan və bu dövlətin hərbi sistemi tərəfindən zorakılıq edilməyən ermənilər təkcə XX əsrin əvvəllərində türklərə qarşı elə müsibətlər törətdilər ki, yalnız bundan sonra Osmanlı dövləti adekvat addımlar atmağa məcbur oldu.

Xristian missionerləri din pərdəsi altında erməni qriqoryan keşişləri ilə birləşərək Anadoluda bu dinin təsir vasitəsini, ardıcıllarının sayını artırmağa çalışsa da, əslində, əsas məqsədlərdən biri regionun xaçpərəst əhalisini narazılığa, üsyana sövq etmək və Osmanlı dövlətini bu üsyanlarla taqətdən salmaq və parçalamaq idi.  Amerika tədqiqatçısı Samuel Uins yazır ki, rus silahlı qüvvələri işğal kampaniyasına başlamazdan əvvəl ölkədə yaşayan Osmanlı müsəlmanlarının inamını qırmaq məqsədilə xristianları səfərbər etmək üçün Rusiya çarı agentlərini bu ölkəyə göndərmişdi. Ortodoks xristianları olan ruslar düşünürdülər ki, qarşı tərəfdəki eyni din daşıyıcıları olan yunanlar, Balkanlarda yaşayan slavyanlar və ermənilərlə onları birləşdirən ümumi cəhətlər vardır".

 

Bundan əlavə S. Uins yazır ki, İngiltərə və Fransa da oradakı missonerlik fəaliyyətini maliyyələşdirirdi. Bütün tarix boyu olduğu kimi, həmin ölkələr öz maraqlarını həyata keçirmək üçün xristianlıq pərdəsi altında din xadimlərini yerlərə göndərir, onlar isə həm Xrist, həm də öz ölkələrinin ali məqsədi üçün fəaliyyət göstərirdilər. Eyni əməliyyat Osmanlı imperiyasında da həyata keçirilməli idi.

Xristian dünyası Osmanlı ərazisində yaşayan yəhudilərlə yanaşı, qriqoriyan ermənilərə də xüsusi diqqət yetirirdi.  Osmanlı ərazisində aparılan missionerlik fəaliyyətini bütövlükdə iki dövrə bölmək olar: 1820-1860 və 1860-dan sonrakı dövr. Birinci dövrdə missiya fəaliyyəti üçün konkret məkanlar müəyyənləşdirmək və onların əsas hədəflərini sistemləşdirmək nəzərdə tutulurdu. 1860-cı ildən sonrakı dövrdə isə missionerlər yəhudi və müsəlmanları xristianlaşdırmağın son dərəcə çətin olduğunu anladıqdan sonra əsas diqqəti ermənilər üzərinə yönəltdilər. Onların fəaliyyətini əsasən bu qruplara bölmək olar: Suriya və Fələstin missionu, Mərkəzi Türkiyə missionu, Qərbi Türkiyə missionu, Nasturiaysor missionu, Şərqi Türkiyə missionu, bolqar missionu. Bunların hamısı imperiyanın əraziləri olduğundan həm hərəkət etmək asan və maneəsiz, həm də ermənilərin əsasən bu dövlətdə yaşamaları missionerlər üçün göydəndüşmə idi. Şübhəsiz ki, onlar təkcə “İncil”i təbliğ etmirdilər.Məktəb, kollec, Talas liseyi, internat, Bitlis Protestant liseyi, Bursa Amerika qız liseyi, Mardin qız liseyi, Mardin oğlan liseyi, Adabazarı qız məktəbi, Merzifon qız məktəbi, Xarput (indiki Elazığ şəhərindəki İlahiyyat məktəbi, Maraş İlahiyyat məktəbi, İstanbul Robert kolleci və digər təhsil müəsisələri missonerlərin yaratdığı bir növ “düşərgə” hesab olunurdu.

Missionerlərdən biri David Brover Eddu o zaman öz fəaliyyətini belə ifadə etmişdi. “Biz orada gələcək nəslin liderlərinə təlim veririk”.

Bəli missionerlər bir neçə onillik keçdikdən sonra, nəhayət ki, istəklərinə çatdılar. Osmanlı dövlətinin ərazisində kütləvi erməni üsyanları başladı. Missioner D.B. Eddunun bildirdiyi həmin “lider”lər erməniləri öz terrorçu çətələrində birləşdirərək yerli və dinc türklərə qarşı kütləvi qətliamlar törədərək onminlərlə günahsız insanın həyatına son qoydu. Və bu üsyanlarla xristian dövlətlərin dəstəyini qazanaraq, özlərini beynəlxalq ictimaiyyətə məzlum imicində təqdim etdilər. Bununla da gələcəkdə “erməni soyqırımı” adlanan saxta ittihamlar xarici mətbuatın əsas şüarına çevrildi. Osmanlının öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək cəhdlərini, ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları “soyqırımı” kimi tanıtmağa başladılar.

Anar TURAN,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında