Oktyabrın 9 - da keçirilmiş prezident seçkiləri başa çatdıqdan sonra “Milli Şura” radikal müxalifətin buna qədər yaratdığı qurumların taleyini da yaşamalı oldu. Ayrı yol da yox idi. Artıq ictimaiyyətə bəllidir ki, radikal müxalifətin yaratdığı bütün qurumların ömrü seçki başa çatana qədər olur.
“Milli Şura” yaranan gündən əksər müxalifət partiya sədrləri qətiyyətlə demişdilər ki, bu qurumun heç bir perspektivi olmayacaq. Bunu ilk növbədə onunla əsaslandırırdılar ki, yeni peyda olan qurumun ideya müəllifi antiazərbaycan dairələr, sədri isə siyasətdən və dövlət idarəçiliyindən tamamilə bixəbər olan, ermənilərin dostu kimi tanınan, milli mentalitetdən uzaq kinorejissor Rüstəm Məmməd İbrahimoviç idi. Ona görə də əksər müxalifət partiyaları “Milli Şura”ya üzvlükdən imtina etdilər.
“Milli Şura” yarandığı dövrdən prezident seçkiləri keçirilən günə qədər daim qeyri-ciddi siyasi gedişləri və uğursuz addımları ilə gündəmdə qaldı. Hələ bu qurumun təsis yığıncağı keçirilən ərəfədə orada təmsil olunan siyasi təşkilatların bu məsələyə ehtiyatla yanaşması, hətta müxalifətdə təmsil olunan partiyaların belə “Milli Şura”nı “xaricdə hazırlanmış layihə” adlandırmaları bunun bariz nümunəsi idi. Bütün bunlar göstərir ki, orada qarşılıqlı səmimiyyət, bir - birilərinə inam, etibar yox idi. Ona görə də belə təşkilatın ömrü uzun ola bilməzdi. Digər tərəfdən bu qurumun üzvlərinin əksəriyyəti bir vaxtlar hakimiyyətdə vəzifədə olanlar, sonralar işdə yol verdikləri ciddi nöqsanlara görə tutduğu vəzifədən qovulanlar, Azərbaycanın inkişafını gözü götürməyən ermənipərəst dairələrin çirkli pulları hesabına onların sifarişlərini yerinə yetirən, ölkədəki inkişafı, yenidənqurmanı, müasirləşməni gözü götürməyənlər idi.
“Milli Şura” yaranan gündən bu qurum daxilində hökm sürən qarşılıqlı ittihamlar, fikir ayrılığı və mənəm - mənəmlik orada bir araya gələn qurumların hər birinin ayrılıqda öz maraqları olmasından xəbər verirdi. Ona görə də konkret situasiyalarda öz maddi maraqlarını, qazanclarını düşünərək addım atan həmin qüvvələrin səmimi, monolit birliyinin baş tutması mümkün deyildi. Digər tərəfdən AXCP və Müsavat Partiyası funksionerlərinin bu qurumda ilk gündən hegemonluq etmələri də yeni təşkilatın tarixin arxivinə atılmışların növbəti manevri olmasından xəbər verirdi. Radikal müxalifətin və vəzifədən qovulanların “Milli Şura”ya toplaşmaları bu qurumun taleyinin qaranlıq olmasına dəlalət edirdi. Çoxlarına elə gəlirdi ki, bu qurumun sədri Rüstəm Məmməd İbrahimoviç siyasi cəhətdən piyada olsa da, onun maddi imkanları çox genişdir. Bundan əlavə ermənipərəst dairələrin ideyası olan bu quruma ayrılan vəsait də çoxlarının gözlərini qamaşdırmışdı. Ona görə də radikal müxalifət nümayəndələri bu oyundan da “qaz vurub qazan doldurmaq” istəyirdilər.
“Milli Şura” daxilində prezidentliyə namizədlik məsələsində yaranmış ziddiyyətlər də burada qarşıdurmanın getdikcə güclənməsini ortaya qoydu. 20 il özünü ölkədə ana müxalifət hesab edənlərin prezidentliyə vahid namizədlik üstündə dava - dalaşları uğursuzluqla başa çatdı. Bu təşkilatın sədri və prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviçi bu gün də tapa bilməyən radikal müxalifət “liderləri” son anda siyasi səhnədə heç bir rolu olmayan, cəmiyyət tərəfindən kifayət qədər tanınmayan Cəmil Həsənlinin namizədliyini irəli sürdülər.
Çox qəribədir ki, radikal müxalifətin ətrafına toplaşdığı və böyük ümidlər bəslədiyi prezidentliyə namizəd Rüstəm Məmməd İbrahimoviç Azərbaycana qayıdacağı təqdirdə həbs olunmasından, hətta, öldürülə biləcəyindən qorxduğunu iddia etmişdi. Lakin sonra ona başa saldılar ki, prezidentliyə iddia edən şəxsin belə danışması yolverilməzdir. Lakin o, yenə də Azərbaycana gəlməkdən boyun qaçırdı. Bu da onun növbəti qeyri-ciddiliyi kimi qəbul edildi.
“Milli Şura”nın uğursuz qurum olması, hamıya ilk gündən aydın idi. Politoloq Cümşüd Nuriyev hesab edirdi ki, “Milli Şura”ya daxil olan partiyalar arasında anlaşılmazlıq, ciddi qarşıdurmalar mövcuddur. Politoloq demişdir ki, “Milli Şura”nın tərkibində birlik yoxdur, onların bir-birilərinin mövqeyinə zidd hərəkət etmələri bunu daha aydın şəkildə sübut edir. “Milli Şura” vahid namizədlə çıxış etsə belə, onun uğur qazanması gözlənilən deyil.
Azərbaycan Demokrat Partiyasının sədri sərdar Cəlaloğlu da bildimişdi ki, “Milli Şura”dakı adamların bir-biriləri ilə siyasi və başqa münasibətləri olmamasına baxmayaraq yalnız Rüstəm Məmməd İbrahimoviçə görə oraya toplaşıblar. Onlar bir - biri ilə yola getməyəcəklər. Bu, təbiidir, burada gözlənilməz bir şey yoxdur. Yuxarıda qeyd etiyimiz kimi, bu quruma üzv olanların əsas məqsədləri heç də demokratik seçki istəyi yox, Rüstəm Məmməd İbrahimoviçin siyasi naşlığından istifadə edib onun var - dövlətindən alınan qrantlardan yararlanmaq idi. “Milli Şura” yaranan vaxtlarda AXCP və Müsavat partiyasının funksionerləri iddia edirdilər ki, guya bu təşkilatın üzvləri ölkənin ən “qaymaqlar”ıdır. Amma əslində “Milli Şura” elə AXCP və Müsavat Partiyasının yaratdığı İctimai Palatanın tərs üzü idi. Çünki burada İctimai Palatadan kənar heç bir qüvvə yox idi.
Prezident seçkiləri başa çatandan sonra “Milli Şura”nın da işi əslində bitmiş hesab olunur. İndi bu quruma sahib çıxan yoxdur. Düzdür, seçkidən sonra cəmi iki dəfə bir yerə toplaşıb mitinq adı ilə xırda toplantı keçirə biliblər. Son toplantılarına isə daha az iştirakçının gəldiyini görən AXCP və Müsavat Partiytasının rəhbərləri sakitcə aradan çıxıblar. Prezident seçkilərinə Rüstəm Məmməd İbrahimoviçin dublyoru kimi qatılan Cəmil Həsənli indi meydanda tək qalıb. O da son vaxtlar bəzi ölkələrə getməklə vaxtını keçirir. Sonra da bu səfərlərin guya nüfuzlu qurumların dəvəti ilə təşkil olunduğu haqqında məlumatlar yayır. Ancaq həmin “nüfuzlu qurumların” adları nədənsə açıqlanmır. Qurumun sədri Rüstəm Məmməd İbrahimoviçi isə hələ də “gördüm” deyən yoxdur. O, “Milli Şura” sədrliyindən istefa vermədiyindən onun yerinə kimisə təyin etmək də mümkün deyil. Çıxılmaz vəziyyətə düşmüş Cəmil Həsənli indi də özünü “Milli Şura”nın həmsədri kimi təqdim edir. Demək, yaxın vaxtlarda “Milli Şura”nın iki sədri olacaq. Başqa sözlə, Cəmil Həsənli Rüstəm Məmməd İbrahimoviç dublyoru olaraq qalacaq.
“Milli Şura”nın həmsədrlik institutuna keçməsi məsələsi radikal müxalifət nümayəndələri tərəfindən mənfi qarşılanıb. Onlardan bəziləri deyib ki, bu qurumun bir sədri olanda nəyə nail oldu ki, həmsədrləri olanda nə qazansın? Açıq Cəmiyyət Partiyasının sədri, “Milli Şura” üzvü Sülhəddin Əkbər deyib ki, onsuz da “Milli Şura”nın gələcək fəaliyyəti qaranlıq məqamlardan xəbər verir. İki həmsədr olandan sonra nə baş verəcəyi heç kimə bəlli deyil. Onun sözlərinə görə bu vaxta qədər “Milli Şura”da fikir ayrılığı var idi. Əgər həmsədrlik olarsa, qurumda ikitirəlik məsələsi reallaşacaq. S.Əkbərin sözlərinə görə, “Milli Şura”da strukturun hansı formada olmasından asılı olmayaraq, bu qurumun fəaliyyət istiqamətləri hələ də müəyyənləşdirililməyib və bundan sonrakı prosesdə hansı addımların atılacağı da aydın şəkildə konkretləşdirilməyib. Onun sözlərinə görə, “Milli Şura”nın gələcək fəaliyyəti perspektiv vəd etməsə, burada iştirak ziyan verməyə başlasa, bu qurumda təmsil olunmağın heç bir mənası qalmayacaq. Bundan sonra istefalar artacaq.
Müsavat Partiyasının üzvü Rafiq Mehdiyev bildirib ki, artıq bizim “Milli Şura” ilə əlaqələrimiz tamam kəsilib. AXCP üzvləri də əvvəllər olduğu kimi, yenə də başqa gəlir mənbəyi axtarışına çıxıblar. Cəmil Həsənli isə meydanda tək qalıb. O, “Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviçi də tapa bilmir ki, bu qurumun və özünün gələcək taleyini müəyyənləşdirə bilsin. Kim bilir, bəlkə də xarici ölkələrə səfərlərinin də əsas məqsədi elə Rüstəm Məmməd İbrahimoviçi tapmaqdır. Ancaq hələ də tapa bilmir. “Milli Şura” isə hələ də ortalıqda qalıb. Çünki heç kim bu qurumun uğurlu gələcəyinə inanmır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.