İnkişaf etmiş dövlətlərin başçılarının və nüfuzlu beynəlxalq qurumların rəhbərləri Azərbaycanda keçirilmiş prezident seçkilərinin heç bir qanun pozuntusu baş vermədən, demokratik və şəffaf şəraitdə başa çatması barədə rəylərini açıqladıqca radikal müxalifətin yalanları da üzə çıxır. Məlum olduğu kimi, builki seçkilərdə də biabırcasına məğlub olmuş dağıdıcı müxalifət başbilənləri günahı özlərində yox, başqalarnda axtarırlar.
Seçkilərin azad və ədalətli, mütəşəkkil şəraitdə keçdiyini deyən beynəlxalq müşahidəçilər də radikal müxalifət nümayəndələrinin hədəfinə çevriliblər. Onların iddiasına görə, beynəlxalq müşahidəçilər seçkilərdə “Milli Şura”nın prezidentliyə namizədinin çox səs toplaması barədə yalan da olsa, fikir səsləndirməli imiş. Halbuki, prezident seçkilərinə qatılmış digər müxalifət partiyalarının nümayəndələri bu gün bir sıra iddialarla çıxış edən “Milli Şura”nın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin yetərincə səs toplaya bilmədiyini etiraf edirlər.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, mən “Milli Şura”nın təmsilçisi Cəmil Həsənlidən çox səs toplamışam. O fikirlərini belə əsaslandırıb: “Mənim namizədliyim tək ADP tərəfindən irəli sürülmüşdü. Seçki kampaniyasında da təkcə ADP məni dəstəklədi. Cəmil Həsənlini isə “Milli Şura”ya daxil olan bir neçə təşkilat dəstəkləyirdi. O, 5 faiz səs topladı, mən isə 0,6 faiz topladım. Topladığı səsləri onu dəstəkləyən təşkilatlara bölsək məlum olar ki, Cəmil Həsənli 0,5 faiz səs toplayıb. Müqayisə aparsaq, görərik ki, hər təşkilata düşən səs sayına görə, mənim topladığım səslərin sayı ondan çoxdur”.
Əslində ADP sədrinin sözlərində həqiqət var. Çünki “Milli Şura” üzvləri az qala bütün dünyaya sübut etmək istəyirdilər ki, xalq onların arxasında dayanıb və prezident seçkilərində guya hamı bir nəfər kimi “Milli Şura”nın prezidentliyə namizədinə səs verəcək. Onların dediklərinə görə, “Milli Şura”ya toplaşan təşkilatlar ölkədə böyük nüfuza malikdir. Ancaq səsvermənin yekunlarından sonra məlum oldu ki, “Milli Şura”nın prezidentliyə namizədi digər namizədlərlə müqayisədə ən az səs toplayan namizəd olub. ADP sədri Sərdar Cəlaloğlunun açıqlamasından sonra bunu açıq şəkildə görmək mümkündür.
Məğlubiyytələrini hələ də müxtəlif yollarla ört - basdır etmək istəyən “Milli Şura” üzvləri son ümid yerlərini mitinq keçirməkdə görürlər. Artıq hamı üçün nimdaş olan bu vasitə də məğlubiyyəti ört - basdır etmək üçün çıxış yolu deyil. Çünki radikal müxalifətin mitinqlərdə səsləndirdikləri fikirlərə heç kəs inanmır. Ona görə ki, prezident seçkiləri zamanı namizədlər üçün hər hansı bir problem yaradılmamışdı və səsvermə zamanı da seçicilərə öz seçimlərini edərkən heç bir təzyiq olunmadı. Bu faktlar beynəlxalq müşahidəçilərin rəylərində də öz əksini tapıb.
Müxalifət partiyalarının rəhbərləri də “Milli Şura”nın keçirdiyi mitinqləri əhəmiyyətsiz və mənasız hesab edirlər. Çünki bu qurumun təşkil etdiyi mitinq yalan və böhtan üzərində köklənib. Ona görə də onların səslərinə səs verən, ətraflarına toplaşan yoxdur. ADP sədri Sərdar Cəlaloğlu da “Milli Şura”nın mitinqinə münasibət bildirərkən deyib ki, insanların öz konstitusion hüquqlarından istifadə etmələri təqdirəlayiqdir. Ancaq siyasi əhəmiyyətlilik baxımından biz hesab edirik ki, mitinqlərlə siyasi dəyişikliklərə nail olmaq mümkün deyil. “Milli Şura”ya daxil olanlar mitinq yolunu tutublar. Partiya sədri bunun düzgün yol olmadığını bildirib.
Son vaxtlar “Milli Şura” üzvləri öz aralarında agent axtarışına çıxıblar. Radikal müxalifət nümayəndələri seçkidəki məğlubiyyətin səbəbkarlarını “müəyyənləşdirmək” üçün bir - birilərini ittiham etməyə başlayıblar. Deyəsən, artıq dərk etməyə başlayıblar ki, həmin günahkarları elə öz aralarında tapacaqlar. Çünki prezident seçkilərinə start verilən ərəfədə AXCP və Müsavat partiyalarının rəhbərlərinin göstərişlərinə əsasən, ALP, “El” Hərəkatı və ACP “Milli Şura”nın prezidentliyə namizədinin təbliğat - təşviqat kampaniyasından kənarlaşdırıldı. Bunu onunla əsaslandırdılar ki, “El” Hərəkatının rəhbəri Eldar Namazov uzun müddət hakimiyyətdə təmsil olunub və onun müxalifət olması inandırıcı görünmür. Guya ALP lideri Lalə Şövkət Hacıyevanın da seçki prosesində “Milli Şura”ya dəstək vermədiyi üzə çıxıb. Əslində isə AXCP və Müsavat partiyasının rəhbərləri bu oyunları qurmaqla antiazərbaycan dairələrin seçkini pozmaq üçün ayırdıqları çirkli pulların hamısını öz əllərində cəmləşdirmək istəyirdilər. Onlar çox yaxşı bilirdilər ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də xalqın dəstəyini qazana bilməyəcəklər. Ona görə də yaranmış fürsətdən istifadə edib beş - on manat qazanmaq istəyirdilər. Buna görə də “Milli Şura”nın prezidentliyə namizədinin təbliğat - təşviqat kampaniyası bu iki partiyanın üzvləri tərəfindən aparılırdı. Bununla da xarici himayədarlarına sübut etmək istəyirdilər ki, bu seçkilərdə bütün yük AXCP və Müsavat Partiyası üzvlərinin çiyninə düşüb. İndi isə “Milli Şura”ya daxil olan digər partiyaların seçki prosesində qeyri - fəal olduğunu ortaya ataraq məğlubiyyətlərini özlərindən uzaqlaşdırmaq istəyirlər.
Müsavat Partiyasının funksionerlərindən biri, Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Arif Hacılının “Cəmil Həsənlinin seçki gərargahına rəhbərlik etdiyim dönəmdə Liberal Partiyası hər hansı işi görməklə bağlı xidmətlərini təklif etməyib” fikrini səsləndirməsi ALP sədri Ə. Temirxanı hövsələdən çıxarıb. O deyib ki, başda Arif Hacılı olmaqla AXCP və Müsavat Partiyasının rəhbərləri bütün vasitələrlə ALP - nın “Milli Şura”nın prezidentliyə namizədinin təbliğat - təşviqat kampaniyasına qoşulmasına mane olublar. Partiya sədrinin sözlərinə görə, əslində müsavatçıların özləri seçki prosesində qeyri - fəal iştirak edirdilər. Görünür, onlar təmsil olunduqları partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizəd olmamasının heyfini Cəmil Həsənlidən alırdılar. Müsavatçılar yalnız üzdə Cəmil Həsənlini müdafiə edirdilər. Əslində isə onların maraqları başqa şey idi. Ə. Temirxan “Milli Şura”nın mitinqinə qatılmamasına münasibət bildirərkən deyib ki, AXCP və Müsavatçılar özlərini elə aparırlar ki, guya onlardan başqa müxalifət yoxdur. Mitinqlərdə də yalnız bu partiyanın rəhbərlərinə söz verilir. Ona görə də belə mirtinqlərdə iştirak etməyin heç bir əhəmiyyəti yoxdur.
ALP sədrinin dediyinə görə, “Milli Şura”nın prezident seçkilərində məğlubiyyətinin günahkarlarını başqa yerdə axtarmağa dəyməz. Çünki seçki prosesinə əvvəl - axır AXCP və Müsavat Pariyasının funksionerləri rəhbərlik ediblər. Məğlubiyyətin səbəbini də özlərində axtarmalıdırlar.
“Milli Şura” üzvlərinin, xüsusilə də AXCP və Müsavat pariyası rəhbərlərinin prezident seçkilərində məğlubiyyətlərinin səbəblərini başqalarında axtarmaları çox gülünc görünür. Məgər bu partiyaların rəhbərləri xalqa ümid etməkdənsə, ermənilərlə əməkdaşlıq edəndə, onlardan kömək istəyəndə bilmirdilərmi ki, xalq belə satqın və xəyanətkarlara “yox” deyəcək? Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyada və Gürcüstanda Erməni Ümummili Hərəkatının rəhbəri Aram Manukyanla əməkdaşlıq barədə saziş imzalayanda, AXCP sədri Əli Kərimli Ruslan Bəşirli adlı bir gənci aldadıb Tbilisiyə ermənilərlə danışıqlara göndərəndə, “El” Hərəkatının rəhbəri siyasi riyakar Eldar Namazov xarici ölkələrdə ermənipərəst dairələrin nümayəndələri ilə görüşlər keçirəndə bilmirdilərmi ki, xalq onlara nifrət edəcək, nəinki özlərinə, hətta, müdafiə etdikləri prezidentliyə namizədlərə də “yox” deyəcək? Builki prezident seçkilərində “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin topladığı 5 faiz səs xəyanətkarlara və satqınlara layiqli cavab oldu. Yaxşı deyiblər ki, “özü yıxılan ağlamaz”. Ona görə də “Milli Şura ”üzvləri prezident seçkilərindəki məğlubiyyətlərinin səbəbini başqa yerdə axtarmasınlar. Birdəfəlik yadda saxlasınlar ki, xalq belə xəyanətkarlara heç vaxt etimad göstərməyəcək. Məhz həmin həqiqətləri əsas götürən “Milli Şura” üzvləri artıq bu qurumdan istefa verməklə “günahdan təmizlənməyə” çalışırlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.