“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ekranlaşdırılan növbəti sənədli film nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Milli Məclisin deputatı Elmira Axundovaya həsr olunmuşdur. Film Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ilə nümayiş etdirilmişdir.
AzərTAc xəbər verir ki, bu ekran əsərində E.Axundovanın mənalı ömür yolu, zəngin yaradıcılıq axtarışları, əsl jurnalist və ictimai xadim kimi yorulmaz fəaliyyəti öz əksini tapmışdır.
Filmə baxan hər bir tamaşaçı Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayan gənc bir Azərbaycan qızının qısa müddətdə istedadı, qabiliyyəti, bacarığı ilə çoxlarından fərqləndiyinin şahidi olur. Elmira Axundovanın hazırladığı operativ reportajlar təkcə respublika kanalı ilə deyil, həm də keçmiş SSRİ-nin əsas televiziya informasiya buraxılışı olan “Vremya” proqramı ilə də yayımlanırdı. Bu, hər birimiz üçün qürur mənbəyi olsa da, Elmira Axundova bununla kifayətlənməmişdir. Televiziyadakı uğurlarına baxmayaraq, yazıb-yaratmaq həvəsi onu rahat buraxmamış, Azərbaycan Yazıçılar Birliyinə gələrək ömrünün 10 ilini bu qurum ilə bağlamışdır.
Daim yaradıcı insanlara böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev demişdir: “Elmira Axundova çox dəyərli bir insandır. Xatirimdədir 70-ci illərdə Yazıçılar İttifaqında çox əhəmiyyətli işlər görürdü, sonra isə öz jurnalistlik fəaliyyətini də buna əlavə etmişdir”.
Filmdə Azərbaycan Mili Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları E.Axundovanın yorulmaz elmi axtarışlarından, “Literaturnaya qazeta”nın, “Azadlıq radiosu”nun müxbiri kimi yüksək vətəndaşlıq mövqeyindən, Milli Məclisin deputatı olaraq hazırlanan hər bir qanunvericilik aktına ciddi münasibətindən, mötəbər beynəlxalq konfransların tribunalarında Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi yorulmaz fədakarlıqdan geniş söz açmışlar.
Elmira Axundovanın peşəkar bir jurnalist kimi gördüyü işlərə xüsusi önəm verən AzərTAc-ın baş direktoru Aslan Aslanov deyir: “Tale elə gətirdi ki, biz müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin xarici ölkələrə səfərlərini işıqlandıran jurnalist qrupunda Elmira xanımla uzun müddət bir yerdə işlədik. Mən o vaxt Elmira xanımın mərdliyi, yüksək insani keyfiyyətləri ilə hamıya nümunə olduğunu görmüşəm. O, zəngin təcrübəyə malik jurnalist kimi hamımıza yaxından kömək göstərirdi və bir dost kimi hər kəsə dayaq durmağa çalışırdı. Elmira xanım həmişə yazılarında öz doğma Vətəninə, dövlətinə, dövlətçiliyə xidmət edən mövzulara üstünlük vermişdir. Xalqımızı düşündürən, narahat edən problemlərə xüsusi önəm vermiş, onların aradan qaldırılması yolları barədə dəyərli təkliflərini, rəylərini bildirmişdir”.
Jurnalist kimi Azərbaycanın haqq işini, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri bütün dünyaya çatdıran Elmira xanım, Milli Məclisin deputatı seçildiyi Masallı rayonunun seçicilərinin və orada yaşayan insanların problemlərini həll etməyə çalışır, gecələr isə qələmə sarılaraq “Bu bizik”, “Yaşamaq vaxtıdır”, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin və digər sanballı əsərləri qələmə alır. Bəlkə də bu işlər çoxlarına asan gələ bilər. Amma yaranan hər bir əsər min bir zəhmət, yuxusuz gecələr bahasına başa gəlir. Bütün bunlara baxmayaraq yazmaq artıq Elmira Axundova üçün həyat kredosuna çevrilmişdir. Elmira Axundova həyatın mənasını yazıb-yaratmaqda axtarır və buna görə də vaxtın hədər keçməsinə imkan vermir. Sənədli filmdən göründüyü kimi, o, bu gün də bu yolda inamla irəliləyir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.