Sosial bazası, proqramı, fəaliyyət konsepsiyası olmayan müxalifət uğur qazana bilməz

 

Rəsul Quliyev: “Milli Şura”nın mitinqi bir daha göstərdi ki, xalq müxalifətə inanmayacaq

 

Prezident seçkiləri artıq başa çatmışdır və beynəlxalq aləm seçkinin qalibini hələ də təbrik etməkdədir. Dünyanın nüfuzlu təşkilatlarının rəhbərlərinin, həmçinin inkişaf etmiş dövlətlərin hökumət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları bir daha təsdiq edir ki, seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilib. Bu seçkilərdə də xalqdan “yox” cavabı almış müxalifət məğlubiyyətini ört - basdır etmək üçün min oyundan çıxır,  hələ də uduzduqlarını etiraf etmək mədəniyyətinə yiyələnə bilmədiklərini bir daha nümayiş etdirirlər.

Oktyabrın 9- da keçirilmiş prezident seçkiləri zamanı bir məqam diqqəti cəlb etdi. Hələ seçki başa çatmamış “Milli Şura” nın üzvləri öz tərəfdarlarını mitinqə çağırdılar. Görünür, yaxşı bilirlərmiş ki, onların prezidentliyə namizədlərinə səs verən olmayacaq. Bunu seçkidən əvvəl keçirdikləri təbliğat - təşviqat kampaniyası zamanı da açıq–aydın hiss etmişdilər. Ona görə də ümidlərini mitinqlərə bağlayırdılar. Bunun da səbəbi var idi. Radikal müxalifət rəhbərləri onlara havadarlıq edən ermənipərəst  və antiazərbaycan dairələri inandırmışdılar ki, xalq onları dəstəkləyir. Bunun da əvəzində külli miqdarda qrant almışdılar. Seçkinin nəticələrindən sonra isə radikal müxalifət nümayəndələri  məğlubiyyətlərinin səbəbini özlərində yox, başqa yerlərdə axtarırlar. Onların bəhanələrinə özlərindən başqa inanan yoxdur. İndi isə ümidlərini azsaylı iştirakçıları olan əhəmiyyətsiz və sönük mitinqlərə bağlayıblar.

Prezident seçkilərinin nəticələrinə münasibət bildirən “Milli Şura”nın bəzi üzvləri Cəmil Həsənlinin məğlubiyyətinin real olduğunu etiraf ediblər. Onlar bunun səbəbini “Milli Şura”nın  preizdentliyə namizədinin xalq arasında kifayət qədər nüfuzunun olmaması ilə əlaqələndiriblər. Hətta bu qurumdan istefa verənlər də oldu. Onlar açıq şəkildə bəyan etdilər ki, radikal müxalifətin son 20 ildə ölkəmizdə keçirilən seçkilərdə xalqın dəstəyini qazana bilməməsinin əsas səbəblərindən biri onların dağıdıcı mövqedən hələ də əl çəkə bilməmələridir. Görünür, bu səmimi etiraf AXCP sədri Əli Kərimlinin, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və prezident seçkilərində cəmi 5 faiz səs toplamış Cəmil Həsənlinin xoşuna gəlməyib. Ona görə də təcili olaraq “Milli Şura”nın toplantısını çağırıb bu qurumdan istefa verənlərin"məsələsinə baxıblar". Nə qədər gülməli olsa da, “Milli Şura” belə bir “qərar” qəbul edib. Yəni, “Milli Şura”dan istefa verənləri guya bunlar özləri qurumun üzvlüyündən azad ediblər. Ancaq bu istefalara hansısa bir don geyindirə bilmədilər. Çünki elə həmin toplantıda istefa verənlərin sırasına daha biri - ALP sədri Əvəz Temirxan da qoşuldu və hamının gözləri qarşısında toplantını yarımçıq tərk etdi.

 Artıq “Milli Şura”dan və ACP-nin  liderliyindən istefa vermiş Rəsul Quliyev radikal müxalifətin bu toplantısını ələ salaraq bildirib ki, istefa vermiş şəxslərin guya  “Milli Şura”dan  qərarla çıxarılmasının iddia olunması  müxalifət liderlərinin əxlaqdan uzaq olmasından xəbər verir. R.Quliyev deyib ki, əgər “Milli Şura” üzvü könüllü üzvlükdən imtina edib istefa veribsə, bu məsələ necə müzakirə edilə və qərar çıxarıla bilər, bu absurddur. İstefa verən barədə “Milli Şura”dan filankəsi çıxartdıq–demək, yazmaq ayıbdır, heç olmazsa elementar qayda-qanunlara əməl etməyi özünüzə aşılamağa cəhd edin.

 Eks-spikerin fikrincə, “Milli Şura”üzvlərinin  Cəmil müəllimi sədr, Rüstəm İbrahimbəyovu fəxri sədr seçmək, ACP sədrini üzvlükdən azad etmək məsələsinin bu gün Azərbaycan üçün daha önəmli məsələ olduğunu iddia edərək onları müzakirəyə çıxarması bu müzakirəni təşkil edənlərin siyasi cəhətdən nə qədər miskin olmalarından xəbər verir.

 R.Quliyev bildirib ki, heç nəyi dərindən analiz etməyən və ya etməyi bacarmayan “Milli Şura” liderlərinin  kimlərinsə tapşırıqlarını yerinə yetirmələri artıq özünü açıq şəkildə büruzə verdi.

Radikal müxalifətin prezident seçkilərindəki məğlubiyyətindən sonra “Milli Şura”dan  istefaların sayı getdikcə atrmaqdadır. Artıq bu qurumun mintiqlərinə də gələn yoxdur. Oktyabrın 27 - də “Milli Şura”nın şəhərin mərkəzində  - metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi də bunu göstərdi. Bu mitinqdə barmaqla sayılan qədər iştirakçının olması radikalizmə xalqın nifrətinin bariz nümunəsidir. Daxili İşlər Nazirliyinin yaydığı  rəsmi məlumatda müxalifətin keçirdiyi  mitinqdə iştirak edənlərin sayının  min nəfərə yaxın olması bildirirlir. Dağıdıcılar isə iştirakçıların az olmasnın səbəbini havanın soyuq və yağışlı olması ilə əlaqələndirirlər. Az qala bu təbii hadisənin də günahını hakimiyyətdə axtarmaq istəyirlər. Bu mitinqdə də həmişə olduğu kimi,  AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər neçə illərdir ki, deiklərini   yenə də təkrarlayırlar. Görəsən bu adamlar eyni sözləri uzun illər deməkdən bezməyiblərmi?  Cəmil Həsənli  də ötən mitinqlərdə dediklərini təkrarlamaqla “çıxışını” başa vurub. Çıxış etməyə kimsə tapılmadığından mitinq cəmi 55 dəqiqə davam edib. Habuki müxalifətin mitinqinə iki saat vaxt ayrılmışdı.

“Milli Şura”nın mitinqini yenə bu qurumun üzvlərinin öz həmfikirləri ələ saldılar. Rəsul Quliyev “Milli Şura”nın  sonuncu mitinqinə münasibət bildirərkən müxalifət liderlərinin siyasətdən kənar insanlar olduqlarını deyib. O qeyd edib ki, son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar. “Milli Şura” deyilən təşkilat zəifləmiş İctimai Palata, üstəgəl Cəmil Həsənlidən ibarətdir. Müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər. Çox şeyi sadalamaq olar, ancaq hər  şey gün kimi aydındır. “Milli Şura” deyilən qurum  camaatı çaşdıran əməllərdən çəkinməlidir.  “Milli Şura”nın mitinqi bir daha göstərdi ki, xalqın müxalifətə olan inamı tamamilə heçə enib. Artıq müxalifət düşərgəsində qarşıdurmalar getdikcə daha geniş vüsət alır. İndi cəbhəçilər və müsavatçılar üzvü olduqları  partiya rəhbərlərinin 20 illik sədrliklərindən bezdiklərini açıq şəkildə ortaya qoyurlar. Bu günlərdə Müsavat Partiyasında keçirilən toplantıda  İsa Qəmbərin başqanlıqdan getməsi  məsələsi  gündəmdə olub. Partiyada İsa Qəmbərin öz postunda qalmasını istəməyənlər, başqanı yola salmağa hazırlaşanlar  az deyil. Bu barədə  mətbuata açıqlamasında partiyanın gənc funksioneri Tural Abbaslı da məlumat verib. O, İsa Qəmbərin partiyanın nizamnaməsinə uyğun olaraq  başqanlıqdan getməli olduğunu bildirib.  Digər gənclər də bu fikri dəstəkləyiblər. Görünür, onlar eyni adamın 20 il bir partiyaya rəhbərlik etməsindən cana doyublar.

Hələ də köhnəlikdən, dağıdıcı əməllərdən və xəyanətkarlıqdan əl çəkə bilməyən radikal müxalifət artıq xalqın yaddaşından birdəfəlik silinməkdədir. Onların “Biz hələ varıq, hələ yaşayarıq” tezislərini təsdiq etmək məqsədilə keçirdikləri cılız mitinqlər də hamının gözü qabağındadır. Müxalifət düşərgəsinin bəzi mənsublarının etiraf etdikləri kimi, bu çabalamalar heç bir nəticə verməyəcək. Bir də ki, daha onlardan nəticə gözləyən də yoxdur.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında