Həmişə belədirlər, istənilən seçkidən sonra mütləq şər-böhtan kampaniyasını qızışdırırlar. Bu qara-qışqırıqdan yararlanmaq istəyən xarici bədxahlarımıza da elə bu lazımdır. Yenə də seçki qurtaran kimi “siyasi məhbus bazarı canlanmağa” başladı. Biz isə xatırladırıq ki, 1993-cü ilin ikinci yarısından başlayaraq ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atıldı. 1995-ci ildən başlayarq Azərbaycanda bir-birinin ardınca əfv və aministiya aktları imzalandı.
Ümumiyyətlə, demokratik proseslərin inkişafına xüsusi önəm verən ölkələrdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Belə humanist qərarların davamlı şəkildə qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirdi.
Ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun qəbul etmiş, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Onu da qeyd edək ki, bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən bəri imzalanan 50-dən artıq əfv sərəncamı ilə yeddi mindən artıq məhkum azadlığa qovuşmuş, bəzilərinin cəzaçəkmə müddəti isə azaldılmışdır. İnsanlara böyük sevinc bəxş edən, onların cəmiyyətdə faydalı mövqe tutmasına imkan verən əvf və amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.
Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasi xətt bütün sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də uğurla davam etdirilmiş, əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyəti təmin olunmuşdur. Əfv sərəncamları imzalanarkən ilk növbədə məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanılmış, məhkumların səhhəti, ailə vəziyyəti, bu müddətdə davranışları nəzərə alınmış, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyəti önə çəkilmişdir. Siyasi mövqeyindən asılı olmayaraq törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən hər bir günahkar şəxsin müraciəti diqqətlə araşdırılmış və nəzərə alınmışdır. Onu da qeyd edək ki, əfv olunanlar arasında bir sıra hüquq müdafiəçilərinin, hətta ikili standart nümayiş etdirən beynəlxalq təşkilatların da “siyasi məhbus” hesab etdiyi məhkumlar da vardır.
Adını hüquq müdafiəçisi qoyan bəzi üzdəniraqlar insan hüquq və azadlıqlarının qorunmasını özləri üçün asan gəlir mənbəyinə çevirərək, eyni zamanda, qatı cinayət törədənlərin ailələri və yaxınları ilə əlaqəyə girərək onları inandırmağa çalışırlar ki, əgər həmin məhkumların adlarını özlərinin “siyasi məhbus” siyahısına salsalar, beynəlxalq təşkilatların təsiri ilə yaxın zamanlarda azadlığa buraxılarlar. Belə hüquq müdafiəçiləri arasında özünü Sülh və Demokratiya İnstitutunun direktoru kimi təqdim edən, ermənilərin qohumu Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və digərləri bu “biznesdə” “qaz vurub qazan doldurmağa” çalışırlar. Təəccüblüdür ki, Leyla Yunusun “siyasi məhbus” siyahısındakı qiymətlərlə onun həyat yoldaşı Arif Yunusun “siyasi məhbus” siyahısındakı qiymətlər bir - birindən fərqlənir. Hazırda hüquq müdafiəçilərinin siyahılarındakı “siyasi məhbus”ların sayı da fərqlidir.
Bu günlərdə “siyasi məhbus bazarı”nda növbəti qalmaqal yaranıb. Uzun müddət idi ki, Leyla Yunusun səs - sorağı yox idi. Deyilənə görə, hüquq müdafiəçisi erməni qohumları ilə birlikdə istirahət edirmiş. Görünür, istirahət zamanı xərclədiyi pullar onu çox narahat edib. Ona görə də Azərbaycana qayıdan kimi “siyasi məhbus” siyahısnı yeniləmək qərarına gəlib. Üstəlik, bu siyahıya düşmək üçün qiymətləri qaldırıb. Məsələn, bu işi Leyla Yunus əvvəllər 6-7 min manata həll edirdisə, bu ildən 10 min manata qaldırıb. Arif Yunus da qiymətləri qaldırıb. L.Yunus özü xislətdə olan hüquq müdafiəçilərini də qiymətləri qaldırmağa çağırıb. Deyib ki, son illər əhalinin dolanışığı xeyli yaxşılaşıb, əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər artırılıb. Ona görə də əhalinin əhval - ruhiyyəsi yaxşıdır. Belə bir məqamda fürsətdən istifadə edib biz də “siyasi məhbus” siyahısına düşmək üçün çalışanlardan ötrü qiymətləri qaldırmalıyıq.
Özünü Azərbaycan İnsan Hüquqları Klubunun rəhbəri kimi təqdim edən Rəsul Cəfərov adlı birisi deyəsən, bu “biznesdən” daha çox qazanmaq fikrinə düşüb. Avropa Şurası Azərbaycanda “siyasi məhbus” olmadığını bildirdiyi və bu sahə üzrə qurumun Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin məruzəsini qəbul etmədiyi halda, Rəsul Cəfərov “siyasi məhbuslar”ların sayını 142 - yə “çatdırıb”. Onun Azadlıq radiosuna verdiyi açıqlamaya görə, 142 nəfərlik siyahıda 10 jurnalistin, 2 hüquq müdafiəçisinin, 11 gənc fəalın, 7 siyasətçinin və 73 dindarın adı yer alıb. Halbuki Kristofer Ştrasser radikal müxalifətin və antiazərbaycan dairələrin yalanları əsasında hazırladığı siyahıda Azərbaycandakı “siyasi məhbus”ların siyahısını 60 nəfərə qaldırmışdı. Bir daha qeyd edək ki, Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı təqdim etdiyi məruzəsi AŞPA-da qəbul edilməmişdir. Ştrasserin məruzəsi qəbul edilə də bilməzdi. Çünki Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. O, məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi. Məruzəçi olduğu müddətdə Azərbaycanla heç vaxt əməkdaşlıq etməmişdi və obyektiv araşdırma aparmamışdı. Ştrasser təqdim etdiyi siyahıda Prezidentin əvf sərəncamı ilə bir neçə il əvvəl həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrı - seçkiliyə, ikili standartlara qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəri idi.
Ştrasser son anda çıxılmaz vəziyyətə düşdü və etiraf etdi ki, bu siyahını Azərbaycandakı hüquq müdafiəçiləri və bəzi müxalifət partiyalarının rəhbərlərinin ötürdükləri “faktlar” əsasında tərtib edib. Onu da qeyd edək ki, bu müzakirələr zamanı AŞPA-nın 125 deputatı qətnamə layihəsinin əleyhinə səs vermişdi. Bu da ondan xəbər verir ki, ölkəmizin beynəlxalq aləmdəki mövqeləri getdikcə möhkəmlənir, reytinqi artır. Biz Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə səsvermə prosesində 155 ölkənin etimadını qazanması zamanı da bunun şahidi olduq. Bundan başqa, I Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün 40-a qədər ölkə Azərbaycana səs verdi. Bu onu göstərir ki, həyata keçirilən məntiqli daxili və xarici siyasət nəticəsində ölkəmizin dünya səviyyəsində imici xeyli yüksəlib.
Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirir. Bütün bunlar göz qabağındadır. Son illər ən nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri də bundan xəbər verir.
Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbusların olmadığı qənaətinə gəliblər. Bir neçə il əvvəl Avropa Şurasının nümayəndələri Azərbaycanda olan zaman bir sıra mühüm görüşlər keçirmiş, təcridxanalarda olmuş və məhbuslarla söhbət etdikdən sonra belə bir qənaətə gəlmişdilər ki, Azərbaycanda ehtimal olunan siyasi məhbusların sayı 20 nəfər ola bilər. Onların da 14-ü Prezidenin əfv sərəncamı ilə azadlığa buraxılıb. “Siyasi məhbus” hesab edilən digərlərinin işi isə istintaqda olduğu üçün onlar heç cür siyasi məhbus hesab oluna bilməzlər.
Azərbaycan haqqında həmişə qərəzli hesabatlar hazırlayan “Amnesty İnternational”, “Human Rights Watch”, “Fredoom House”, “Avropa Stabillik Təşəbbüsü” və digər böhtançı qurumlar da ölkəmizdə “siyasi məhbus”ların sayının bu qədər şişirdilməsinə–142 nəfər olmasına təəccübləniblər. Artıq beynəlxalq ictimaiyyətə də məlumdur ki, adıçəkilən qurumlar Azərbaycan əleyhinə məruzələr hazırlayır, “hesabatlar” dərc edirlər. Bu təşkilatar Azərbaycana qarşı qərəzlidir, hər hansı formada Azərbaycanın pis imicini formalaşdırmağa cəhd göstərirlər. Ancaq “siyasi məhbus”ların sayını bu həddə heç vaxt çatdırmayıblar. Hətta Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səadət Bənanyarlı da siyahının çox şişirdildiyi qənaətinə gəlib. O deyib ki, bizim siyahıda cəmi 11 nəfər “siyasi məhbus” olmalıdır. Bundan başqa, indi məhkəməsi gedən 20 nəfər gənc və başqa məhbuslar var. Hələ məhkəmənin sonunu gözləyirik. Amma Azərbaycanla bağlı 142 nəfərlik siyahını düzgün hesab etmirəm. Yeri gəlmişkən, qeyd edək ki, Monitorinq Qrupu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin 60 nəfərlik siyahısına da etirazını bildirərək, o vaxt siyasi məhbusların 10 nəfər olduğunu da israr etmişdi. Yalnız ermənipərəst hüquq müdafiəçisi Leyla Yunus Rəsul Cəfərovun siyahısı ilə razılaşdığını bildirib. Çünki “siyasi məhbus” məsələsi L.Yunusun əsas gəlir mənbəyidir. Ona görə də siyahının şişirdilməsi onların ürəyincədir.
Xatırlatmaq istərdik ki, ölkəmizin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar. Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 3-cü siyahını isə Kristofer Ştrasser hazırlamışdı. Kristofer Ştrasserin siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilmədi. Bu, o deməkdir ki, Avropa Şurası Azərbaycanda siyasi məhbusun olmadığı qənaətindədir.
Göründüyü kimi, bəzi hüquq müdafiəçiləri öz “bizneslərini” daha da genişləndirmək, insan hüquq və azadlıqlarının müdafiəsi yolunda çoxlu qazanc əldə etmək üçün həm “siyasi məhbus”ların sayını süni yollarla çoxaldır, həm də bu siyahıya düşmək üçün qiymətləri qaldırırlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.