Azərbaycanın ərazi bütövlüyü nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir

 

Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti

üzrə qəbul edilən qətnamə layihəsi bunun növbəti nümunəsidir

Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə və hərbi, iqtisadi potensialına görə regionun şəksiz lider dövlətinə çevrilmişdir.

Rəsmi Bakının həyata keçirdiyi elmi əsaslara söykənən məntiqli xarici siyasət nəticəsində  torpaqlarımızın 20 faizini işğal edən təcavüzkar Ermənistan iqtisadi böhran məngənəsində boğulmaqla yanaşı, beynəlxalq aləmdə də  ifşa edilmiş, çıxılmaz vəziyyətə salınmışdır. Təsadüfi deyil ki, bu gün bir  sıra nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıdığını vurğulamaqla birlikdə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli məsələsinin vacib olduğunu bəyan edirlər.  Problemin həllində dəfələrlə obyektiv mövqedən çıxış edən Avropa Parlamenti də həmin təşkilatlar sırasına daxildir.

Oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə  qəbul edilən qətnamə layihəsində də bu ədalətli mövqe yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Xüsusilə təqdirəlayiq hal ondan ibarətdir ki, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi bir daha xatırladılmış,  Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanmışdır. Diqqəti də məhz bu məqam çəkir ki, Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu nəzərə çatdırılmışdır. Yəni Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq birlik münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.  Yuxarıda qeyd etdiyimiz kimi, Avropa Parlamenti dəfələrlə ölkəmizin ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirmişdir.  Avropa Parlamenti 2010-cu il mayın 20-də “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı qətnamə qəbul etmişdir.  Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, Ermənistan işğalçılıq siyasəti barədə qətnamə qəbul edilmiş və burada da münaqişənin həllində beynəlxalq hüquq normalarına istinad edilməli olduğu vurğulanmışdır.  2012-ci il aprelin 18-də Avropa Parlamentində Azərbaycanla Avropa İttifaqı arasında Assosiativ Saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə də AB-nin Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığı, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunun stabilliyinə və inkişafına maneə törətdiyi qeyd olunmuşdur. Həmin sənəddə Avropa İttifaqı münaqişənin həllində daha aktiv rol oynamağa çağırılır,  Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin dərhal öz yurd-yuvalarına qayıtmasının vacibliyi vurğulanır.

Bu gün artıq bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymamaqla yanaşı, status-kvonu mümkün qədər çox saxlamaq üçün əlindən gələn bütün fitnəkarlıqlaraı edir.  Təcavüzkar ölkənin rəhbərliyi məsələnin həlli ilə bağlı aparılan müzakirələrdə əvvəldən razılaşdırılmış məsələlərə yenidən qayıdaraq danışıqlar prosesini pozmağa çalışır. Buna görə də ədalətli mövqedən çıxış edən Azərbaycanın çoxsaylı səyləri cavabsız qalır. Məsələn, rəsmi Bakı  2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermiş, bu prinsiplərin böyük sülh müqaviləsi üçün əsas olacağı qənaətini bildirmişdir. Ölkəmiz təklif etmişdir ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ancaq hər zaman olduğu kimi,  Ermənistan o təklifləri rədd etmişdir. İşğalçı ölkənin rəhbərliyi həmin ildən keçən  dövr ərzində danışıqlarda durğunluq vəziyyətinin yaranması və prosesin tamamilə iflasa uğraması üçün bütün imkanlarını səfərbər etmişdir.  Təbii ki, Azərbaycan tərəfi bununla barışa bilməz. Çünki rəsmi Bakı danışıqların mahiyyət üzrə aparılması və böyük sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Ermənistan  sadəcə çalışır ki, vaxtı uzatsın. Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa, mahiyyət üzrə aparılmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində bir daha bəyan etdiyi kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bizim birmənalı mövqeyimiz həm  tarixi ədalətə və beynəlxalq hüquq normalarına, həm də  ötən illər ərzində münaqişənin həlli barədə  nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əsaslanır.

Təqdirəlayiq haldır ki,  son 10 il ərzində də bir neçə mötəbər təşkilat Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir. Çünki bu qətnamələr bilavasitə münaqişənin həllinə gətirib çıxarmır. Ancaq biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığımız təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Rəsmi Bakı bundan sonra da siyasi və diplomatik səylərini artıracaq. Bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Heç bir Azərbaycan vətəndaşı  ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə şübhə etmir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır.

Bu məqamda qeyd etmək yerinə düşər ki,  ulu öndər Heydər Əliyevin şah əsəri olan neft strategiyasının və bu çərçivədə qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik olan ölkəyə çevrilmişdir. Respublikamız Bakı – Tbilisi – Qars dəmir yolunun çəkilməsini birmənalı şəkildə dəstəkləməklə Avropa iqtisadiyyatı ilə Asiya iqtisadiyyatını bir-birinə qovuşduran Şanxay-London iqtisadi dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atmaqdadır. Xarici siyasət sahəsində əldə olunan uğurlar ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Bu illər ərzində dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq yaratdıq, həmin qurumlara üzv olduq, müxtəlif sahələrdə genişmiqyaslı tarixi uğurlara imza atdıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi. Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma Şərqi Avropadan qeyri-daimi üzv seçildi. Bütün bunlar beynəlxalq aləmdəki mövqelərimizin daha da güclənməsinə rəvac verir və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə şərait yaradır.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında