Azərbaycanın xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlığı getdikcə genişlənir

 

Ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir.

 Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir.

Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.

Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılmışdır. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənmişdir. Məhz elə buna görə də hazırda  Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilmişdir. Bu,  beynəlxalq təşkilatların  Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapmışdır. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.

Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi  məqsədilə mühüm işlər görülmüşdür. Belə ki,  qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.

Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,8  dəfə artmışdır. Ticarət tərəfdaşları olan ölkələrin sayı 128-dən 155-ə çatıb. Cari ilin yanvar-iyul aylarında isə Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 141 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 7 ayda Azərbaycan 96 ölkəyə əmtəə ixrac edilmiş, 130 ölkədən məhsul idxal olunmuşdur.  Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika,  49-u Avropa, 38-i Asiya və s. ölkələridir. Bu müddət ərzində xariclə  20045,7 ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılmışdır. Bunun 6181,8 milyon dolları idxalın, 13863,9 milyon dolları isə ixracın payına düşmüşdür.  Beləliklə, yanvar-iyul aylarında ixrac idxalı üstələmişdir, 7682,1 milyon dollarlıq müsbət saldo yaranmışdır. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 7,7 faiz artmışdır. Həm ixracın, həm də idxalın həcmində artım müşahidə olunmuşdur.

Ticarət əlaqələrinin 88,5 faizi, MDB üzvü olan dövlətlər istisna edilməklə, digər ölkələrlə aparılmışdır. Qalanı isə MDB ölkələri ilə həyata keçirilmişdir. MDB ilə ticarət mübadiləsinin həcmi digər xarici ölkələrə nisbətən daha çox artmışdır. Xarici ticarət dövriyyəsinin beşdə dörd hissəsindən çoxu - 82,7 faizi İtaliya, İndoneziya, Rusiya, Almaniya, Tailand, Türkiyə, Fransa, Böyük Britaniya, Hindistan, ABŞ, İsrail, Tayvan (Çinin əyaləti), Portuqaliya, Çin, Ukrayna, Yunanıstan və Gürcüstan dövlətlərinin hesabına formalaşmışdır.

Mal mübadiləsinin 88,9 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü ilə həyata keçirilmişdir. Bu hesablaşmaların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə artmışdır.

Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Fransa, Ukrayna Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrdir. İdxal olunan məhsulların həcminin 50 faizdən çoxu adıçəkilən ölkələrdən ilk dördünün payına düşür. Bundan başqa, Azərbaycanın xaricdən gətirdiyi malların 3,6 faizi ABŞ-dan, 3,4 faizi Yaponiyadan, 3,1 faizi Qazaxıstandan və s. ölkələrdən idxal edilir.

İdxal olunan malların sırasında bitki mənşəli məhsullar, ərzaq, spirtli və spirtsiz içkilər, sirkə, tütün, kimya sənayesi malları, plastik kütlə, kauçuk, rezin üstünlük təşkil edir. Bundan əlavə, Azərbaycan xaricdən, həmçinin oduncaq, mantar, hörmə məhsulları, mirvari, qiymətli və azqiymətli metallar, maşın və mexanizmlər, elektrotexnika avadanlıqları və nəqliyyat vasitələri də alır. Məsələn, 7 ay ərzində idxalın ümumi həcminin 54,9 faizini avtomobillər təşkil etmişdir. İdxal olunan məhsullar arasında dəmir yolu və hava nəqliyyatı vasitələri də çoxdur. Onlar müvafiq olaraq idxalın ümumi həcminin 25,9 və 14,7 faizi qədərdir.

Göstərilən müddət ərzində ölkəyə gətirilən bir sıra məhsulların həcmi artmış, bəziləri isə əksinə, azalmışdır. Məsələn, mal əti, kartof, çay, buğda, şəkər, sement, rezin şinlər, polad prokatı, qara metallardan hazırlanmış borular və mebelin idxalı çoxalmışdır. Quş əti, kərə yağı, təzə meyvə və tərəvəz, bitki yağları, mineral gübrələr, polietilen, kondisioner və soyuducular isə əvvəlki ilin eyni aylarına nisbətən az gətirilmişdir.

Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr isə İtaliya, İndoneziya, Tailand, Almaniya, Rusiya, Hindistan, Fransadır.  Belə ki, bu ilin 7 ayında xaricə göndərdiyimiz məhsulların 24,6 faizi İtaliyanın, 11,6 faizi İndoneziyanın, 8,8 faizi Tailandın, 6 faizi Almaniyanın payına düşmüşdür.

İxrac olunmuş malların ümumi həcminin 87,3 faizi boru kəmərləri və elektrikötürücü xətlərlə nəql olunmuş malların dəyəri hesabına formalaşmışdır. İxracın strukturunda isə mineral məhsullar, bitki və heyvan mənşəli piylər və yağlar, digər ərzaq məhsulları üstünlük təşkil edir. Xaricə göndərilən mallar arasında spirtli və spirtsiz içkilər, sirkə, tütün, azqiymətli metallar və onlardan hazırlanan məmulatlar da var.

Yanvar-iyul aylarında xarici ölkələrə göndərilmiş məhsullardan təzə tərəvəzin, marqarinin, bitki yağlarının, şəkərin, pambıq parça ipliyinin, ağ neftin, qazoyl və maye qazın, neft koksunun və qara metal boruların həcmi artmışdır. Təzə meyvənin, çay və kartofun, pambıq lifinin, polietilenin, sürtkü yağlarının, emal olunmamış alüminiumun ixracı azalmışdır.

İlin əvvəlindən ölkəmizə eyni zamanda humanitar və texniki yardım şəklində müxtəlif mallar da göndərilmişdir.  Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında