“Gallup” təşkilatı Azərbaycan müxalifətinin uydurmasını ifşa etdi

 

Beynəlxalq təşkilatların adından

yararlanmaq cəhdi rüsvayçılıqla nəticələndi

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illər ölkədə yaranmış xaos, anarxiya, özbaşınalıq və dövlət idarəçiliyindəki yarıtmaz fəaliyyətdən istifadə edən bəzi xəyanətkar qüvvələr müxtəlif qurumlar yaratmaqla özlərinə var - dövlət toplamaqla məşğul oldular. Sonradan hakimiyyəti ələ keçirən AXC - Müsavat cütlüyünün rəhbərləri də ayrı -ayrılıqda müxtəlif qurumlar yaradaraq bir - birilərinə olan inamsızlıqlarını ortaya qoymuşdular. Bu inamsızlığın nəticəsi olaraq son iyirmi ildə radikal müxalifət müxtəlif qurumlar yaratmaq vərdişindən hələ də əl çəkə bilmir.

Dağıdıcı müxalifət nümayəndələrinin son 20 ildə yaratdığı qurumların ömrü həmişə seçki başa çatana qədər olub. Hər birimiz bunun şahidi olmuşuq. Oktyabrın 9-da keçirilmiş prezident seçkiləri ərəfəsində yaradılmış “Milli Şura”nın da ömrünün seçki başa çatana qədər olacağı barədə verilən proqnozlar özünü doğrultmaqdadır. Hələ prezident seçkisinə bir müddət qalmış bu qurumdan istefalar başlandı. Hər birimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, “Milli Şura”nın mitinq komitəsinin keçmiş sədri Asəf Quliyevin təmsil olunduğu partiyadan və “Milli Şura”dan istefasının şahidi olduq. Bundan sonra ALP lideri Lalə Şövkət Hacıyevanın bu qurumun ünvanına səsləndirdiyi ittihamlar da yaddaşlardan silinməyib. Ardnca “Milli Şura”nın üzvü ACP lideri Rəsul Quliyevin də təmsil olunduğu təşkilatın keçirdiyi mitinqləri ələ salması və bu toplantıları “multfilm” adlandırması, sonda isə “Milli Şura”dan istefa verməsi hər kəsin xatirindədir. “Milli Şura”dan istefa verənlər həmin qurumu oyuncaq adlandırmış və bu təşkilatın heç bir uğur qazanmayacağını, seçki başa çatandan sonra öz-özünə yoxa çıxacağını bildirmişdilər.

 Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, “Milli Şura”nın mitinq komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu qurumdan istefa verməsinin səbəbini açıqlayarkən bildirib ki, son vaxtlar “Milli Şura”da baş verən özbaşınalıq, mənəm-mənəmlik və demokratiyaya zidd proseslər onun qurumdan istefa verməsinə səbəb olub. O deyib ki, “Milli Şura” yarandığı gündən bu qurumun əleyhinə danışan, təbliğat aparan, “Milli Şura”nın yanlış olduğunu iddia edən adamların birdən-birə qurumda təmsil olunması, prezidentliyə namizəd olmuş Cəmil Həsənlinin vəkili kimi çıxış etməsi ciddi narahatçılıq və qarşıdurma yaratdı. Ona görə də həmin adamlarla birlikdə olmamaq üçün “Milli Şura”dan istefa verdim. Əflan İbrahimov və digərləri də bu qurumda yaranmış hegemonluğa və antidemoratik proseslərə etiraz edərək istefa verdilər. İstefa verənlər bildiriblər ki, “Milli Şura” daxilində gedən xoşagəlməz proseslərə görə bu addımı atmağa məcbur idilər.

“Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviç radikal müxalifət nümayəndələrinin özbaşınalığı qarşısında davam gətirə bilməyib başını götürüb qaçdıqdan sonra hiyləgər dağıdıcılar “İlanı Seyid Əhməd əli ilə tutmaq” üçün “Milli Şura”nın prezidentliyə namizədi kimi dublyor - professor Cəmil Həsənlini irəli verdilər. Adını da qoydular ki, guya onlar tanınmış bir ziyalının prezidentliyə namizədliyini istəyirlərmiş. Əslində bu ideyanı ortalığa atanlar çox yaxşı bilirdilər ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də biabırcasına məğlub olacaqlar. Çünki xalq artıq radikal müxalifətin əsas məqsədinə, iç üzünə və xəbis niyyətlərinə yaxından bələddir. Ona görə də dağıdıcı müxalifətə son iyirmi ildir ki, “yox” deyir. Sözsüz ki, onların guya ətrafında birləşdikləri Cəmil Həsənliyə də səs verən olmayacaqdı. Çünki C.Həsənli radikal müxalifətin namizədi idi. Xalq isə radikalizmə öz sözünü demişdi və nifrətini açıq şəkildə bildirmişdi. Biz prezident seçkilərində də bunun şahidi olduq. ADP sədri Sərdar Cəlaloğlu hələ seçkilər başlanmamış demişdi ki, Cəmil Həsənlinin “Milli Şura”dakı ziddiyyətləri aradan qaldırması mümkün deyil. Çünki bu quruma toplaşanların əksəriyyəti bir vaxtlar hakimiyyətdə müəyyən vəzifələr tutmuş və vəzifədən qovulmuşlar, bir qismi isə beynəlxalq təşkilatlardan qrant almaq istəyənlərdir. Cəmil Həsənlinin belələri ilə bacarması, onları bir araya gətirməsi qeyri - mümkündür.

“Milli Şura” üzvləri prezident seçkilərindəki məğlubiyyətlərini ört - basdır etmək üçün müxtəlif yalan və böhtanlara, iftiralara əl atırlar. İndi də belə bir yalan məlumat yayıblar ki, guya hansısa beynəlxalq təşkilatın apardığı rəy sorğusunda Cəmil Həsənlinin digər namizədlərdən daha çox səs toplaması bildirilib. Əslində, bu xəbəri yayan “Azadlıq” qəzeti öz veb-saytında “facebook”da yayılan məlumatlara istinad edib. Qəzet radikal müxalifətin acınacaqlı məğlubiyyətini ört - basdır etmək üçün “Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi” sərlövhəli xəbər yayıb. Xəbərdə bildirilir ki, “Gallup” və CNN guya Azərbaycanda ictimai rəy sorğusu keçirib və hər iki sorğuda “Milli Şura”nın namizədi Cəmil Həsənli “lider” olub. Sonradan məlum olub ki, bu iki nüfuzlu beynəlxalq təşkilatın adından yayılmış xəbər yalan və dezinformasiyadır.

Artıq “Gallup” təşkilatı “Azadlıq” qəzetinin bu məlumatını təkzib edib. Təşkilatın mətbuat xidmətinin rəhbəri Stephanie Holgado bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirməyib.

Onu da qeyd edək ki, “Azadlıq” qəzeti bu yalanına həqiqət donu geyindirmək üçün hətta yaydığı məlumatın daha inandırıcı görünməsini sübut etmək məqsədilə guya “Gallup” tərəfindən hazırlanmış prezidentliyə namizədlərin fotolarını faiz göstəriciləri ilə birlikdə nümayiş etdirmişdir. “Gallup”un mətbuat xidmətinin rəhbəri buna da münasibət bildirib və deyib ki, şirkət belə tədqiqatın, ümumiyyətlə, aparılmadığını bildirdiyindən, yayılan görüntünün adi montaj olduğu da istisna deyil. Görünür radikal müxalifət nümayəndələri prezident seçkilərinə qədər keçirilmiş bütün rəy sorğularında Prezident İlham Əliyevin respondentlərin böyük əksəriyyətinin etimadını qazanmasından ciddi təşvişə düşüblər. Ona görə də ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə beynəlxalq təşkilatların adından istifadə edərək həmişə olduğu kimi, bu dəfə də yalan və böhtana əl atıblar.

Beynəlxalq təşkilatların adından yararlanmaq və bu yolla ictimai rəyi çaşdırmaq istəyən radikal müxalifət nümayəndələrinə, o cümlədən “Azadlıq” qəzetinə prezident seçkisi ərəfəsində bir sıra təşkilatların keçirdikləri rəy sorğusunun nəticələrini xatırlatmaq istərdik. Məsələn, CNN-in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğuda respondentlərin 81,2 faizi İlham Əliyevə səs verəcəyini bildirmişdi. Seçkidən cəmi 1 ay əvvəl İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin (the European Centre for Survey Research-ECSR) Azərbaycanda 1550 nəfər arasında keçirdiyi sorğunun nəticələri göstərmişdi ki, seçkiyə qatılanların 88,7 faizi öz səsini Prezident İlham Əliyevə verəcək. Azərbaycanın “Rəy” Monitorinq Mərkəzi, Amerikanın “Arthur J. Finkelstein & Associates” (AJF) təşkilatı, bir sıra yerli və xarici KİV tərəfindən həyata keçirilmiş sorğuların nəticələri də Prezident İlham Əliyevin yüksək səs toplayacağı qənaətinə gəlmişdilər. Belə olan halda, “Gallup” kimi nüfuzlu təşkilatın tamam fərqli nəticələr ortaya qoyması müəyyən şübhələr doğururdu. Həmin təşkilatın mətbuat xidmətinin verdiyi açıqlama bu şübhələrə birdəfəlik son qoydu və radikal müxalifətin iç üzünü açdı.

Artıq belə yalanlara inanan yoxdur. Ona görə də radikal müxalifətin yaratdığı qurumlar zaman - zaman arxivin bir küncünə atılır. İndi İctimai Palatanın da buraxılması müxalifət düşərgəsində gündəmdə olan məsələlərdən birinə çevrilib. AXP sədri Pənah Hüseynin İctimai Palatanın fəaliyyətinə xitam verilməsi təşəbbüsünə artıq Müsavat Partiyası və AXCP-nin rəhbərliyinə daxil olan şəxslər tərəfindən də dəstək verildiyi bildirilir. Onların deməsinə görə, artıq İctimai Palata öz funksiyasını başa vurub.

Deyirlər ki, “Təzə bardağın suyu sərin olar”. Görünür, radikal müxalifət “rəhbərləri” qarşıdan gələn parlament seçkilərinə “hazırlaşmaq” üçün “təzə bardaq” axtarırlar. Ancaq unudurlar ki, adlarını dəyişsələr də, simalarını və məramlarını dəyişə bilmirlər. Seçkilər ərəfəsində hansı adla peyda olsalar da, xislətləri eynidir: dağıdıcılıq, fitnəkarlıq, təxribatçılıq və qaragüruhçuluq.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında