Radikal müxalifət düşərgəsi uğursuz mitinqlər seriyasından dərs ala bilmir “Milli Şura”ya toplaşanlar antiazərbaycan dairələrin təhriki ilə milli maraqlarımıza arxadan zərbə vururlar

 

Müstəqil Azərbaycan Respublikası 9 oktyabr prezident seçkilərini azad, ədalətli və şəffaf keçirməklə növbəti dəfə demokratiya sınağından uğurla çıxdı. 1400 beynəlxalq və 52 min yerli müşahidəçinin gözləri qarşısında baş tutan seçkilərin demokratik meyarlara uyğun olduğu hər kəs tərəfindən təsdiq edildi. Beynəlxalq təşkilatların, Azərbaycandakı müxtəlif siyasi partiyaların nümayəndələri, hətta radikal müxalifət düşərgəsindən olan müşahidəçilər də prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini bəyan etdilər.

Lakin bütün bunlara baxmayaraq xarici antiazərbaycan dairələrin əlində alətə çevrilmiş satqın, saxta “Milli Şura” adlı qurum və onun rəhbərləri bu gün də öz antimilli əməllərindən əl çəkmir, seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək öz uğursuzluqlarını ört-basdır etməyə çalışırlar. Görünən odur ki, bu gün onların qarşılarına qoyduqları əsas məqsəd antimilli qüvvələrdən daha çox qrant almaq üçün mitinq, etiraz aksiyası bəhanəsi ilə ölkəmizdə qarşıdurma və çaşqınlıq yaratmağa çalışmaqdır. Bunun üçün böhtana, yalana əl atmaq isə radikal müxalifət düşərgəsinin çoxdankı şakəridir.

Budur, “Milli Şura”nın yaydığı məlumatda iddia edilir ki, bu qurum oktyabrın 20-də aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. BŞİH-dən isə bildirilib ki, “Milli Şura”dan belə bir müraciət daxil olmayıb. Müxalifət indi də hakimiyyət orqanları ilə məkirli oyuna başlayıb. Çünki bunlar həmişə BŞİH-ə rəsmi şəkildə müraciət edirdilər, yeri gəlsə danışıqlar aparırdılar. İndi isə, guya, müraciəti poçt vasitəsilə yollayıblar və əllərində qəbzləri də var. Deyəsən, bunlar xaricdəki ağalarına bu dəfə poçtla göndərdikləri donosla  BŞİH-ə müracətin yerini səhv salıblar. Daha doğrusu, bəlkə də, məktub göndəriblər, ancaq hara və kimə, bu, məlum deyil. Görünür, “Milli Şura”nın BŞİH-ə heç bir müraciəti olmayıb. Sadəcə, hakimiyyətə qarşı növbəti qarayaxma planı həyata keçirmək istəyirlər.

Maraqlı bir məqam da budur ki, radikal müxalifət düşərgəsi oktyabrın 20-nə necə mitinq təyin edib ki, dublyor başçıları Cəmil Həsənlinin Avropadan Azərbaycana nə vaxt dönəcəyini bilmirlər. Axı, özlərinin yaydıqları müraciət mətnində də göstərilir ki, Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcəkdir. Yada salaq ki, seçkilər vaxtı Cəmil Həsənlinin xarici antiazərbaycan dairələrinin muzdla tutduğu texnoloqu ona tövsiyə etmişdi ki, teledebatlarda, müsahibələrdə, mitinqlərdə bir nöqtəyə vursun və birbaşa dövlət başçısını hədəfə götürsün. Onlar belə düşünürdülər ki, dublyorun ünvanlı çıxışları bir tərəfdən onun haqqında cəsarətli siyasətçi obrazının yaranmasına səbəb olacaq, digər tərəfdən də dövlət başçısına qarşı “cəmiyyətin total hücumunu” stimullaşdıracaq.

Amma göründüyü kimi, Həsənlinin təhqiramiz ritorikası heç bir effekt vermədi. İndi də həmin polittexnoloq bunlara məsləhət verir ki, mitinqlərin keçirilməməsi azsaylı müxalif elektoratda ruh düşgünlüyünə, dərin məyusluğa, depressiyaya  səbəb olacaq. Bunun nəticəsi kimi elektoratın “Milli Şura” başçılarına inamı itəcək, insanlar onlardan üz döndərəcək. Bu hal sonrakı mərhələdə qondarma qurumda günahkar axtarışına səbəb olacaq, qarşılıqlı ittihamlara ziddiyyətlərin dərinləşməsinə və nəticə etibarilə “Milli Şura”nın dağılmasına gətirib çıxaracaq. Bunun baş verməməsi üçün qondarma qurum mitinqləri dayandırmamalı, əgər bunu bacarmırsa, gücü çatmırsa, adam toplaya bilmirsə mitinq görüntüsü yaratmalı və qarşıdurmaya getməlidir.

Bəlkə də, buna görə, Cəmil Həsənli bildirib ki, əgər mitinqin keçirilməsinə icazə verilməsə, “Milli Şura” mitinqi şəhərin mərkəzindəki Fəvvarələr Meydanında keçirəcək. Təbii ki, onun şəhərin mərkəzində də icazəsiz aksiya keçirəcəyini bildirməsi başdan-ayağa təxribat məqsədi daşıyır. Dublyor radikal müxalifətçiləri qanunazidd əməllərə təhrik edir və ictimai asayişi təmin edəcək  hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratmağa meylli olduğunu göstərir. Görünür, bu da antiazərbaycan dairələrinin muzdlu polittexnoloqunun növbəti tövsiyyəsidir. Cəmil Həsənli isə onun bu tövsiyyəsini yerinə yetirməklə “sədaqətli nökər” olduğunu sübuta yetirməyə çalışır. 

Seçki ərəfəsində “Milli Şura”nın namizədi olan Cəmil Həsənlinin seçicilərlə görüşlərinə tam şərait yaradıldı. Hətta seçkidən sonra “Milli Şura”nın seçkilərin nəticələrinə etiraz aksiyasına heç bir maneə törədilmədi. İndi bunlar hər bazar gününü mitinq gününə çevirmək istəyirlər. Məqsədlər də müxtəlifdir. Birincisi, yuxarıda işarə etdiyimiz kimi, aksiyalar olmasa “Milli Şura” dağılacaq. Çünki bu qurum mövcudluğunu saxlamaq üçün “fəaliyyət” göstərməlidir. Normal fəaliyyət göstərmək üçün qabiliyyəti, potensialı çatmadığı üçün ən asan yolu seçib. İkincisi, bu qədər seçki keçirildi, amma heç kimin başı yarılmadı. Son mitinqdə də təxribatçıların qarşıdurma yaratmaq cəhdi alınmadı. İndi “Milli Şura”nın əsas məqsədi qarşıdurma yaradaraq hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, Azərbaycandan xaricdəki erməni ağalarına şikayət etmək üçün bəhanə axtarmaqdır.

Radikal müxalifət düşərgəsinin liderləri çox yaxşı bilirlər ki, bunlar harada mitinq keçirsələr də meydan boş qalacaq. Xatırladaq ki, avqustun 18-də AXCP və Müsavat rəhbərləri Bibiheybət qəsəbəsində, icazəli aksiyalar üçün ayrılmış ünvanda keçirdikləri mitinqin uğursuz alınmasını malalamaq üçün təkcə bir-birini ittiham etməmiş, həm də çoxsaylı bəhanələr uydurmuşdular. Guya, “Mitinqə gözləniləndən az adam gəlməsinin əsas səbəbi havanın həddən artıq isti olması idi”, “Bizim aksiyamızın şəhərdə keçirilməsinə icazə verilərsə, meydana bundan on qat, iyirmi qat artıq adam toplaya bilərik” kimi bəhanələrdən sonra öz siyasi tərəfdaşlarına növbəti yalan vədlər də verdilər.

Sentyabrın 22-də isə həmin vədlər də sabun köpüyünə çevrildi. Bunlar hələ bir həftə əvvəldən elan edirdilər ki, Yasamal rayonundakı “Məhsul” stadionunda keçiriləcək növbəti mitinq bütün Bakını titrədəcək. Ancaq adıçəklən mitinq avqustun istisində və mərkəzdən “uzaqda” keçirilmiş mitinqdən də sönük və məzmunsuz oldu. Aksiyanın sönüklüyünü iştirakçıların gözündəki inamsızlıq, məzmunsuzluğunu isə natiqlərin küçədə danışırmış kimi söyüş, təhqir, etikadan, əxlaqdan, əndazədən kənar ifadələrlə danışması sübut edirdi. Sanki, natiqlərin hamısı bir-biri ilə söyüş yarışına çıxmışdılar. Ancaq meydandakılar söyüş yarışına tamaşa etməyə deyil, siyasi mübarizənin yolları, perspektivləri barədə nə isə eşitməyə gəlmişdilər. Ona görə də gələn azsaylı insanlar da qısa zamandan sonra meydanı tərk etməyə başladılar.

Sentyabrın 28-də və oktyabrın 12-də keçirdikləri mitinqlərdən əvvəl də  odlu-alovlu danışır, iddia edirdilər ki, Azərbaycan hakimiyyətindən narazı olan “minlərlə” insan  Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunu dolduracaq. Nəticədə nə oldu?  Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış həmin mitinqlərdə 1500 nəfərdən də az adam iştirak etdi. Bunlardan bir qismi isə bəzi müxalifət liderlərinin çıxışları zamanı etiraz əlaməti olaraq meydanı tərk etdilər. Bütün bunları nəzərə alaraq bu mitinqləri piket adlandırmaq daha yaxşı olardı. Bir daha anlaşıldı ki,  radikal müxalifət düşərgəsinin heç bir sosial bazası yoxdur. Onlar arasındakı qarşıdurma və bir-birlərinə bəslədikləri kin-küdurət də həmin mitinqlərdə özünü daha çox büruzə verdi. AXCP ilə Müsavat Partiyasının nümayəndələri yenə bir-birinə atmaca atdı, biri digərinin liderinin ünvanına nalayiq sözlər deməkdən belə çəkinmədilər.

Azərbaycanda istər ölkədaxili məsələlərdə, istərsə də cəmiyyətdə müsbət mənada çox böyük dəyişikliklər baş versə də dəyişməyən bir şey var, o da radikal müxalifət mənsublarının hakimiyyət hərisliyi, cılız təfəkkürüdür.  Radikal müxalifət düşərgəsinin liderləri və dublyor Cəmil Həsənli  hələ də ötən əsrin 90-cı illərinin “meydan təfəkkürü”  ilə yaşayır,  iqtidara gəlmək naminə, necə deyərlər, şeytanla belə əməkdaşlıqdan çəkinmirlər. Ən pisi isə odur ki, həmin adamlar Azərbaycanda yaranmış demokratik mühitdən faydalanaraq yenə əvvəlki kimi, siyasi cəhətdən hazırlıqsız olan gənclərdən özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışır, onları qeyri-qanuni hərəkətlərə səsləyir, ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər.

Bu ərəfədə Cəmil Həsənlinin Avropa səfəri də diqqətdən yayınmır. Radikal müxalifət düşərgəsinin ruporu olan qəzetlərin yazdığına görə, o, Avropa Parlamentində Xarici əlaqələr komitəsinin sədri Elmar Brok  və Anna Gomeslə “görüşüb”. Bildirilir ki, guya, bu şəxslər Avropa Parlamentinin qısamüddətli müşahidə missiyasının Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyinə dair bəyanatı ilə razılaşmadıqlarını deyiblər. Həmçinin görüşdə, guya, o da qeyd olunub ki, onlar sözün həqiqi mənasında, “şokdadırlar” ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası seçkilərdə ciddi qanun pozuntusu olduğunu iddia edən ATƏT-in uzunmüddətli müşahidə missiyasının nəticələri ilə bir-birinə bu qədər zidd bəyanatlar veriblər.

Bunlar yenə də dezinformasiya yaymaqla məşğuldurlar. Birincisi, Cəmil Həsənli və ya “Milli Şura”nın digər nümayəndələri üçün xaricdə kiminlə görüşməyin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, Azərbaycanda görsünlər ki, bunlar hansısa binada Cim, Toni, Edvard və digər bu kimi əcnəbilərlə görüşüblər. Dalını da düzüb qoşmaq çox asandır. Nə var ki? Süpürgəçi Tomla görüşdün, ona bir “vəzifə” uydur, adını da qoy “mühüm görüş”, öz marağında olan bir-iki kəlməni də onun adından səsləndir. Vəssalam, şüt tamam. İkincisi, Cəmil Həsənlinin görüşdüyü adamlar Azərbaycanla bağlı bir-iki dəfə qətnamə qəbil etdirənlərdir. Yəqin onu çağırıb danışdırıblar ki, bir neçə gündən sonra 30-40 nəfər parlament üzvünü yığıb növbəti qətnamə qəbul etsinlər. Amma edə biləcəklərmi? Axı ortada seçkilərlə bağlı Avropa Parlamenti müşahidə missiyasının rəyi var. Bu rəydə də birmənalı şəkildə bildirilir ki, Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və obyektiv keçirilib.

Səbəb və nəticə nə olursa olsun, bir reallıq var ki, “Milli Şura” və bu quruma toplaşanlar xaricdəki antimmilli qüvvələrlə əməkdaşlıq edərək Azərbaycan iqtidarına deyil, Azərbaycan dövlətinə və onun milli maraqlarına qarşı mübarizə aparırlar.  Xatırlayırsınızsa, seçkiqabağı dövrdə Azərbaycanın demokratik imicinə xələl gətirmək üçün müxtəlif əməllərə rəvac verən “Milli Şura”nın sədri Rüstəm İbrahimbəyov xaricdəki antiazərbaycan dairələrin favoritinə çevrilmişdi. O, antimilli mərkəzlərin yerləşdiyi şəhərlərə turneləri çərçivəsində Ştrasser kimi Azərbaycanın bədxahları ilə də görüşmüşdü.

 “Milli Şura”nın mərkəzi icra aparatının rəhbəri reneqat Eldar Namazovun ABŞ Konqresindəki brifinqdə iştirakını xatırlayaq. İlk baxışda Eldar Namazovun ABŞ kimi qüdrətli bir dövlətin konqresində düzənlənən tədbirdə iştirakını Azərbaycan həqiqətlərinin təbliği baxımından yaxşı bir fürsət kimi dəyərləndirmək mümkün idi. Lakin reneqat həmin tədbirdəki çıxışında nəinki Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsindən, ərazilərimizin işğalı faktından bir kəlmə də danışmadı, əksinə, ölkəmizin imicinə xələl gətirən fikirlər səsləndirdi. 

Bu gün isə eyni addımları  prezident seçkilərində “Milli Şura”nın vahid namizədi olan dublyor Cəmil Həsənli davam etdirir. Təkcə bunu demək kifayətdir ki, Cəmil Həsənli bugünlərdə Böyük Britaniyada çıxan “Guardian” qəzetində dərc olunan müsahibəsində Dağlıq Qarabağı Azərbaycan torpağı yox, mübahisəli ərazi adlandırıb. Görəsən, dublyor Qərbdəki antiazərbaycan dairələrə xoş gəlmək üçün daha hansı addımları atmağı düşünür? Azərbaycanda çaşqınlıq, qarışıqlıq yaratmaq  cəhdini davam etdirməyimi?!

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında