Oktyabrın 14-də imzalanmış əfv sərəncamı insan hüquq və azadlıqlarının qorunmasının dövlətin prioritet vəzifələrindən biri olduğunu təsdiqlədi
Azərbaycanın müstəqillik tarixində sayca 56-cı dəfə əfv sərəncamı imzalandı. Bu aktlarla minlərlə insan azadlığa qovuşmuş, bir sıra məhkumlar isə şərti cəzadan və cərimə cəzalarından azad edilmişlər.
Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Qurban bayramı ərəfəsində - 14 oktyabr 2013 - cü il tarixdə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalamışdır. Həmin sərəncam 156 məhkuma şamil olunmuşdur. Azərbaycanın dövlət başçısının humanizm siyasətinə sadiqliyi müqəddəs bayram ərəfəsində çoxsaylı ailələrə sevinc, xoş əhval - ruhiyə, əvəzolunmaz bayram sovqatı bəxş etmişdir. Qeyd edək ki, əfv olunanların əksəriyyəti Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə məhkum olunmuş şəxslərdir. Beynəlxalq hüquq müdafiə təşkilatlarının, guya, siyasi məhbus hesab etdikləri sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı – “Azpetrol” Şirkətlər Qrupunun prezidenti Rafiq Əliyev də əfv olunanlar sırasındadırlar.
Artıq xalqımız hər il bayramlar və əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanmasına bir növ adət edib. Dövlətimizin başçısı hər birimiz üçün əziz olan həmin günlər ərəfəsində əfv sərəncamı imzalayaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycan dövlətinin insanların hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlamasının bariz nümunəsidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik proseslərin inkişafına xüsusi önəm verildi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində qətiyyətli addımlar məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyindən sonra atılmışdır.
Müdrik şəxsiyyət insan hüquq və azadlıqlarının müdafiəsini prioritet vəzifə kimi qarşıya qoymuş və əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmışdır. Bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmuşdur. 1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi ulu öndərin yüksək humanizm prinsiplərinə sadiqliyini xarakterizə edən amillərdən biridir. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.
Bununla yanaşı, ölkəmizin demokratik prinsiplərin inkişafına xüsusi önəm verməsi də beynəlxalq aləmdə öz təsdiqini tapdı. Çünki ölüm cəzasının ləğv edilməsi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, xüsusilə də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür
İnkişaf etmiş demokratik ölkələrdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və siyasi lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarlara şans verərək bağışlamağı, islah etməyi bacarırdı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1996-2003-cü illərdə amnistiya haqqında 7 sənəd imzalanmış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən başlayaraq ölkədə əfv sərəncamları və amnistiya aktları imzalanmışdır. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əfv və amnistiya aktlarının imzalanması xalqın ölkə başçısına olan etimadını, inamını daha da artırmışdır.
Tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olduğu illərdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını daim diqqət mərkəzində saxlamışdır. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanı insan hüquqlarının qorunması, qanunların aliliyinin bərpa edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından Heydər Əliyevin şah əsəri adlandırmaq olar.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. İndi hər bir Azərbaycan vətəndaşına bir daha məlum oldu ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb.
Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Dövlət Proqramı hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
Hər bir ölkənin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulmasi, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi bu gün də qarşıya qoyulan əsas vəzifələrdəndir.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bu on il ərzində tam sübuta yetirmiş dövlətimizin başçısı İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmamışdır. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verməsi xalqın dövlət başçısının ərtafında daha sıx birləşməsini təmin etmişdir. Biz bu il oktyabrın 9 - da keçirilən prezident seçkilərində də bir daha bunun şahidi olduq. Xalq böyük ruh yüksəkliyi və xoş əhval-ruhiyə ilə seçki məntəqələrinə gələrək bir daha cənab İlham Əliyevə etimad göstərdi və onu yenidən ölkə başçısı seçdi. Bu, həm də xalqımızın Heydər Əliyev siyasi xəttinə sadiqliyinin bariz nümunəsi idi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.