Müstəqillik hər bir xalq üçün müqəddəs anlayışdır. Çünki dövlət müstəqilliyi həmin xalqın dilini, dinini yaşatması, azadlığı, firavanlığı, inkişafı, beynəlxalq aləmdə özünəlayiq yer tutaraq dünya sivilizasiyasına yeni töhfələr verməsi üçün vacibdir. Ona görə də xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparmış, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi nəticəsində bu arzusuna qovuşa bilmişdir. Hələ 1991-ci il oktyabrın 18-də 6 fəsil, 32 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuş, bununla müstəqil, suveren Azərbaycan Respublikasının qurulduğu bütün dünyaya bəyan edilmişdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, dövlətçiliyimizin təməli qədim diyarımız Naxçıvanda 1990-1991-ci illərdə atılmışdı. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən ulu öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat, daha sonra isə Naxçıvan Ali Məclisinin Sədri seçildi. Ulu öndərin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü ilə məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul olunması da dediklərimizi təsdiq edir. Naxçıvanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesi bütün Azərbaycana nümunə olmuşdu. Məhz dahilər yurdundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası bir sıra tarixi qərarlar qəbul etdi: Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Bundan təşvişə düşən Ayaz Mütəllibov və komandası xalqın əzmi qarşısında geri çəkilməli oldu. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edilmişdi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etdilər. Azərbaycan aparılan böyük mücadilədən sonra yalnız 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il noyabrın 9-da Türkiyənin o zamankı baş naziri Məsud Yılmaz Bakıya telefon açaraq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı. Həmin il dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması ilə əlaqədar BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. İlk olaraq 1991-ci il dekabrın 9-da İKT Azərbaycanı öz sıralarına qəbul etdi. Dekabrın 11-də və 13-də müstəqilliyimizi tanıyan Rumıniya və Pakistan da rəsmi Ankara kimi dövlət müstəqilliyimizi tanıdı. Bundan sonra proseslər daha da sürətləndi. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə, artıq dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı. Təbii ki, 1991-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın ümumxalq səsverməsinə çıxarılması və 95 faiz seçicinin referendumda iştirak edərək aktı dəstəkləməsi də müstəqillik faktını rəsmiləşdirmiş, nəticədə daha çox dünya dövlətinin müstəqilliyimizi tanımasına rəvac vermişdir.
Təəssüf ki, Azərbaycanın müstəqillik tarixinin 1991-1993-cü illəri siyasi qarşıdurmalarla, xaosla, tənəzzüllə yadda qaldı. Qeyri-demokratik yolla hakimiyyət uğrunda mübarizəyə qoşulan AXC-Müsavat cütlüyü Ayaz Mütəllibovu istefa verməyə məcbur etdi. Bundan sonra hakimiyyətə gələn cütlük ölkəni daha da bərbad hala saldı. Dövlət idarəçiliyindən xəbərsiz olan naşı, səriştəsiz, bacarıqsız insanların hakimiyyətdə olduğunu görən düşmən xarici qüvvələr Azərbaycanın parçalanması, dağılması, yox olması istiqamətində fəal iş apardılar. Nəticədə ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talan edilməsi, sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərcmərclik xalqın səbrini son həddə çatdırmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Baş vermiş qanunsuzluqları nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirdi. 4 iyun hadisələri əslində mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Bu narazılıq mövcud hakimiyyətin apardığı siyasətdən, bu siyasətin milli maraqlara uyğun gəlməməsindən qaynaqlanırdı. Silahlı qarşıdurmanın qarşısını almaq məqsədilə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına daha da yaxınlaşdı.
Azərbaycanın bəlalarla üz-üzə qaldığı vaxt xalq üzünü Naxçıvana tutdu və ulu öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə kömək etməsəni təkidlə xahiş etdi. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən ulu öndər muxtar respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. O, 1993-cü il iyunun 13-də Gəncəyə – AXC-Müsavat iqtidarının əməllərindən bezərək silaha əl atmış Surət Hüseynovun görüşünə getdi. Uzun çəkən müzakirələrdən sonra qardaş qırğınının qarşısının alınması üçün müəyyən addımlar atıldı. Xalq ulu öndərin bu nailiyyətini çox yüksək qiymətləndirdi və iyunun 15-də deputatlar onu Milli Məclisin sədri seçdilər.
AXC-Müsavat iqtidarına inamı və etimadı olmayan beynəlxalq ictimaiyyətin rəsmi nümayəndələri bir çox məsələlərdə Azərbaycan Parlamentinin sədri ilə məsləhətləşmələr aparır, razılığa gəlirdilər. Parlament sədrinin həmin nüfuzunun kölgəsində qaldığını görən dövlət başçısı iyunun 17-də gecə, xəlvəti şəkildə paytaxtı tərk etdi. Belə olanda deputatlar prezidentin səlahiyyətlərinin də parlament sədrinə verilməsi barədə qərar qəbul etdilər. Bu isə o demək idi ki, ölkədə növbədənkənar prezident seçkiləri keçirilməli idi.
Ulu öndərin paytaxta gəlişindən 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərinə qədər keçən üç ay müstəqillik tariximizin çox həyəcanlı dövrü idi. 1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-nə qədər yaşadığımız ağır və məhrumiyyətlə dolu günlərin arxada qalacağına inam və ümid yaranmışdı. Ancaq xalqın yaddaşında daha bir tarixi məqam yaşayırdı – 1918-20-ci illərdə mövcud olmuş müstəqil dövlətimizin taleyi. 1993-cü ilin 3 oktyabr seçkiləri ərəfəsində insanlar bir-birinə xəbərdarlıq edirdilər: “Bu seçkidə Heydər Əliyevi seçə bilməsək, müstəqillik əldən gedəcək”, “Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, indi qalır müstəqilliyin qorunması”, “Heydər Əliyevdən başqa heç kəs bizim azadlığımızı qoruyub saxlaya bilməyəcək” və sairə. Məhz bu prinsiplərlə, bu çağırışlarla seçkiyə gedən Azərbaycan xalqı oktyabrın 3-də öz qətiyyətli sözünü deməyi bacardı və ulu öndər müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qarşıda görüləsi işlər hələ çox idi. Daxili və xarici fitnəkar qüvvələr yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanın dövlət müstəqilliyinə zərbə vura bilməyəcəklər. Ona görə də gecə-gündüz hiyləli planlar qurur, lakin heç bir nəticə əldə edə bilmirdilər. Xalqa arxalanan ulu öndər 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması Heydər Əliyevə ölkənin Əsas Qanunu olan Konstitusiyanın qəbulu istiqamətində real addımlar atmaq imkanı yaratmışdı. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikada vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi mühüm məqamlarla yadda qaldı. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyevin rəhbərliyi altında - azərbaycançılıq ideologiyasında sistem halına gətirərək, müstəqil, hüquqi, dünyəvi, demokratik dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.
Son on ildə Azərbaycan Respublikası daha da sürətlə inkişaf etdi, bütün sahələrdə böyük tərəqqi baş verdi, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu dövrdə elə bir sahə qalmadı ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Son on il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artdı. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşdı. Ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyuldu, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşdı, gəlirlər 6,1 dəfə artdı, 1,2 milyon iş yeri açıldı. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azaldı.
Müstəqil Azərbaycan Respublikası beynəlxaql aləmdə də böyük nüfuz qazandı. Bunun ən bariz nümunəsi isə ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Bu, respublikamızın müstəqillik tarixində qazandığı ən böyük diplomatik zəfər, nailiyyətdir. Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə yazılmış bu hadisə respublikamızı dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevirdi. Bu ay isə daha bir əlamətdar hadisə baş verdi: Azərbaycan ikinci dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu böyük hadisə hər bir azərbaycanlını qürurlandırır, sabaha olan inamını, dövlətimizə, dövlət başçısına olan etimadını daha da möhkəmləndirir. Müstəqilliyinin ilk illərində böyük bəlalarla qarşılaşan bir dövlətin bu gün dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən mötəbər bir quruma sədrlik etməsinin isə əlavə şərhə ehtiyacı yoxdur.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.