Radikal müxalifət anlamalıdır ki, şəffaf, demokratik seçkidə məğlubiyyəti etiraf etmək siyasi mədəniyyət nümunəsidir

 

Azərbaycan növbəti dəfə demokratiya sınağından uğurla çıxdı. Ölkəmizdə şəffaf, ədalətli və bütün demokratik meyarlara tam cavab verən prezident seçkiləri keçirildi.

Əsaslı seçki təcrübəsinə malik olan ölkəmizdəki sonuncu demokratik seçkilər Azərbaycan xalqının iradəsini əks etdirdi və xalqın İlham Əliyevə olan inamı, etimadı parlaq təzahür etdi. Təbii ki, bu da səbəbsiz deyildi. Ölkə ictimaiyyəti 10 il ərzində görülən möhtəşəm işlərin, uğurlu inkişafın bundan sonra da davam etdirilməsini arzuladığını ortaya qoydu. 

Təəssüf ki, inkarçılığa adət etmiş radikal müxalifət düşərgəsi biabırçı məğlubiyyətlərini ört-basdır etməyə çalışaraq bu dəfə də siyasi mədəniyyət nümunəsi sərgiləyə bilmədi. Bəlkə də müxalifətin həddindən artıq zəif ictimai dəstəyə malik olmasının səbəblərindən  biri də, həmişə onun öz məğlubiyyətini etiraf etmək qədər siyasi mədəniyyət nümayiş etdirə bilməməsidir.  Küçə, daha doğrusu, bazar  təfəkkürü ilə siyasi mübarizə aparmağa öyrəşmiş bu düşərgənin başbilənləri nəhayət anlamalıdırlar ki, siyasi mədəniyyət nümayiş etdirərək demokratik, şəffaf və azad şəraitdə baş tutan seçkilərin nəticələrini tanımaqla cəmiyyətdə daha çox hörmət və etimad qazana bilər, sivil iqtidar-müxalifət münasibətlərinin yaranması istiqamətində çox əhəmiyyətli addım atmış olardılar. Onlar bunu da anlamalıdırlar ki, seçkilərin nəticələrini tanımamaları ilə bağlı bəyanatlar verməklə və ya cəfəng, əsassız iddialarla cəmiyyəti aldatmaq mümkün olmayacaq. İstər bir, istərsə də on mitinq keçirsələr də, Azərbaycan xalqı onların bu davranışlarını ancaq ironiya ilə qarşılayacaqdır.  

Dünən “Milli Şura”nın  Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi mitinq də cəmiyyətimiz tərəfindən ironiya ilə qarşılandı. Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatdan da görürük ki, budəfəki mitinqin digərləri ilə heç bir fərqi yoxdur. İdarənin məlumatında deyilir ki,  oktyabrın 12-də özünü “demokratik qüvvələr”in “Milli Şura”sı adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Yəni yenə eyni simalar, köhnə “bayatı”lar.

Bəli, dəyişən heç nə olmadı. Seçkidən əvvəl keçirdikləri  3 mitinqdə nə baş vermişdisə, hansı mövzuda çıxışlar olmuşdusa burada da həmin şeylər təkrarlandı. Sadəcə dəyişən o idi ki, bu dəfə radikal düşərgənin liderlərinin səsləndirdikləri fikirlərə öz etirazını bildirən mitinq iştirakçılarının sayı daha da çoxalmışdı. Mitinq iştirakçılarından bəziləri gah AXCP sədri Əli Kərimlini, bəzisi Müsavat Partiyasının başqanı İsa Qəmbəri,  digərləri isə “El” hərəkatının rəhbəri, reneqat Eldar Namazovu ələ salır, “başımıza nə gəldisə, sizin ucbatınızdan gəldi” -deyərək onlara nifrətlərini ifadə edirdilər. Şəffaf, ədalətli və azad seçkilərdə məğlubiyyətə uğrayan Cəmil Həsənli isə o qədər yalan və böhtan danışdı ki, öz tərəfdarları belə ona etiraz edərək stadionu tərk etməyə başladılar. 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov maraqlı bir məqama toxunaraq qeyd edib ki, bu mitinqin idarə olunmasında hansısa xarici qüvvənin, təşkilatın əli olduğu hiss edilir. O, çıxışçıların YAP lideri ilə bağlı şər-böhtan xarakterli fikirlər səsləndirdiklərini deyib: “Bilirsiniz, demokratiya yaxşı şeydir, amma qanunun aliliyinə də daim hörmət eləmək lazımdır. O mitinqin iştirakçıları, təşkilatçıları yığışıb YAP-ın lideri, ölkə başçısı haqqında ağızlarına gələni danışıb təhqir edirlər, şər-böhtan atırlar. Əgər onlar növbəti dəfə də belə hərəkətlərə yol versələr, biz qanun çərçivəsində ölçü götürülməsini tələb edəcəyik. Çünki hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir”.

Təbii ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və bizim ölkəmizdə hər şeyi qanunlarımız tənzimləyir. Dünyanın qabaqcıl təcrübəsinə əsaslanılaraq hazırlanan qanunlarımız isə nəinki, böyük bir siyasi partiyanın liderinin, həmçinin sadə vətəndaşın da şərəf və ləyaqətinin qorunmasına konkret müddəalarla zəmanət verir. Belə olan halda, tutduğu mövqedən asılı olmayaraq hər bir kəs qanunlarımıza hörmətlə yanaşmalı və bilməlidir ki, kiminsə ünvanına təhqiramiz ifadələr işlədilməsi hüquqi baxımdan yolverilməzdir. Radikal müxalifət liderləri isə qanunlarımızı ayaqlar altına ataraq çox həyasızcasına təhqirlərə yol verir, öz çıxışları, açıqlamaları ilə qanunlarımıza məhəl qoymadıqlarını nümayiş etdirirlər. Bu isə yolverilməzdir. 

“Milli Şura”nın başbilənləri istər mitinqdəki çıxışlarında, istərsə də açıqlamalarında yalan, böhtan söyləməklə  yanaşı, ictimaiyyəti aldatmağa da çalışırlar. Guya seçkilərdə bunlar qalib gəlib, lakin “nəticələr saxtalaşdırıldığı” üçün Cəmil Həsənli uğur qazana bilməyib. Seçkilərin gedişini təxminən 50 mindən çox yerli, 1400-ə qədər beynəlxalq müşahidəçi izləyib. Qərəzli mövqedə olmayan bütün beynəlxalq müşahidəçilərin hamısı seçkilərlə bağlı müsbət rəy bildiriblər.  Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə seçki prosesinə qeyri-obyektiv yanaşma nümayiş etdirmişdir. Beynəlxalq müşahidəçilərin 25 faizi ATƏT tərəfindən göndərilmişdi. Maraqlıdır ki, onlar niyə qalan 75 faizdən fərqli mövqe ortaya qoyur? Bu dərəcədə fərqli rəyin ortaya qoyulması həm Azərbaycan seçicisinə, həm də digər beynəlxalq təşkilatların müşahidəçi missiyasına qarşı böyük  hörmətsizlikdir. 

Hansı beynəlxalq təşkilat ki, Azərbaycana və onun vətəndaşlarına hörmətsizlik edir, ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışır, həmin təşkilatlar radikal müxalifət düşərgəsi tərəfindən alqışlanır. Hansı ki, reallıqlardan çıxış edərək tam həqiqəti dilə gətirir, həmin təşkilat dağıdıcıların hədəfinə çevrilir. “Milli Şura”nın sonuncu mitinqində Avropa Şurası Parlament Assableyasının, Avropa Parlamentinin, o cümlədən MDB-nin, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, qardaş Türkiyənin müşahidə missiyalarının hədəfə çevrilməsi, onların ünvanına hədyanlar yağdırılması da müxaliflərin ədalətsiz mövqeyinin göstəricisidir. Bu isə onu göstərir ki, radikal müxalifət düşərgəsi bu gün də antimilli, antiazərbaycan qüvvələrlə eyni mövqedən çıxış edir.

 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında