DTİHB qeyri-obyektiv və qərəzli mövqeyi ilə ATƏT-in nüfuzuna ağır zərbə vurdu

 

Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək üçün respublikamıza gəlmiş əcnəbi müşahidəçilər, deputatlar, hüquq müdafiəçiləri, mətbuat təmsilçiləri və digər mütəxəssislərin hamısının, eləcə də ATƏT-in xüsusi qurumlarından olan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun  (DTİHB) nümayəndələrinin ayrı-ayrılıqda verdikləri müsahibələrdə seçkinin ədalətli və şəffaf keçirildiyi vurğulanır, bir çox hallarda  isə Azərbaycan təcrübəsi Avropa ölkələri üçün nümunə göstərilirdi.

ATƏT-in adı çəkilən bürosunun bilavasitə Bakıya gələrkən hazır vəziyyətdə çantalarında olan məlum “hesabatda” isə 9 oktyabr seçkiləri ciddi şəkildə tənqid olunur. Bu, əslində maraqlı yox, siyasətçiyə, diplomata, qanunvericilik təmsilçisinə üz qaralığı gətirən rüsvayçılıqdır. Görünür, DTİHB təmsilçilərinin bəziləri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan vahimələnmiş, xoflanmış qüvvələrin sifarişini yerinə yetirmişlər.

Təbii ki, bu qərəzli və məkrli addım Azərbaycan ictimaiyyəti tərəfindən sakitliklə qarşılana bilməzdi. Ölkə ictimaiyyətinin bütün qütblərini və zümrələrini təmsil edən minlərlə insan bu haqsızlığa və qərəzə birmənalı şəkildə etiraz etdi.  Bir çox insanlar  Mərkəzi Seçki Komissiyasının  ATƏT-in  həmin bürosu ilə əməkdaşlığa xitam verməsinin vacibliyini söylədilər. Beynəlxalq aləmdəki ictimai-siyasi proseslərlə daha yaxından maraqlanan ekspertlər  Azərbaycanın bilavasitə ATƏT-in özü ilə əməkdaşlıq məsələsinə  yenidən baxmasını məqsədəuyğun sayırlar. Arqumentləri də budur ki, bu qurumun missiyası  üzv dövlətlərin təhlükəsizliyinin təmin olunmasına və əməkdaşlığın genişləndirilməsinə təkan verməkdən ibarət olduğu halda,  ATƏT rəhbərləri 1 milyondan artıq azərbaycanlının həyatını təhlükəyə atan Ermənistanın, xüsusən,  həmin işğalçı dövlətin insan qanı içən, uşaq qatili kimi tanınan, Xocalı adlı bir şəhəri xəritədən silməyi ilə bilavasitə Avropa miqyaslı təşkilatların tribunasından lovğalanan prezidentinin başını sığallayırlar. İşğalçı ilə torpaqları işğal olunan ölkəni fərqləndirməyi bacarmayan və  bir çox hallarda  işğalçını dəstəkləyən qurumla biz nə üçün əməkdaşlıq etməliyik?

ATƏT rəsmilərinin hazırladıqları “hesabatda” göstərilir ki,  Azərbaycanda prezidentliyə  namizədliyi irəli sürülmüş şəxslər arasında qadınlar yoxdur.  Çox primitiv, ATƏT-ə yaraşmayan  bir iddiadır. DTİHB  təmsilçiləri Azərbaycan həqiqətləri barədə  bilavasitə avropalı ekspertlərin hazırladığı materiallarla maraqlansaydılar onda görərdilər ki, gender siyasəti Azərbaycanda daha  yüksək səviyyədə reallaşdırılır, yoxsa Avropada?!  Bu qərəzli və məkrli sənəddə dönə-dönə insan hüquqları məsələsinə toxunulur, insanların sərbəst toplaşmaq hüququ olduğu vurğulanır. İndi mən - bu sətirlərin müəllifi ATƏT-in həmin gərəksiz bürosunun rəsmilərinə xatırladıram: Azərbaycanın Kəlbəcər rayonundan deputat seçilmək istəyən namizəd öz seçiciləri ilə görüşmək üçün ölkənin 68 rayonuna getməlidir və ya həmin 68 rayona səpələnmiş kəlbəcərlilər deputatlığa namizədləri ilə görüşmək üçün hansısa bir ünvana toplaşmalıdırlar. Çünki bilavasitə ATƏT-in ikili standartı, işğalçı təcavüzün qurbanına fərq qoymaması nəticəsində kəlbəcərlilər 20 ildir öz ata-baba torpaqlarına qayıda bilmirlər. Mən Azərbaycandakı insan hüquqları ermənilər tərəfindən pozulan bircə rayonun sakinlərinin adını çəkdim. Amma bizim ərazilərimizin 20 faizi, insanlarımızın 1 milyon nəfərdən çoxu həmin taleni yaşayır. ATƏT isə susur. Çünki onlar üçün insan hüquqları üçüncü, beşinci dərəcəli məsələlərdir. Onlar üçün mühüm olan hansısa sifarişin yerinə yetirilməsidir. Bu sifariş  isə elə bir yerdən verilib ki,  onun icrası üçün hətta Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmətləri olan, önəmli rol oynayan Azərbaycana qarşı da ədalətsiz və qərəzli mövqe tuturlar.

Bir daha xatırlatmaq istəyirəm,  ATƏT DTİHB-nin bədnam  hesabatı ölkəmizdə haqlı olaraq bir narazılıq ab -havası yaratmışdır.  Azərbaycan Respublikası Prezident Administrasiyası  hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun mətbuata verdiyi müsahibədə bu məqam daha aydın şəkildə vurğulanır.  Dövlət rəsmisi haqlı olaraq qeyd edir ki, bu qurum sanki Azərbaycanda deyil, hansısa başqa bir ölkədə seçkiləri müşahidə edib: “Seçki prosesini 1300-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların müşahidəçiləri, 50 mindən artıq yerli müşahidəçi izləmiş, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işıqlandırmışdır. Onların təqdim etdiyi hesabatlara və bəyanatlara görə, seçkilər yüksək səviyyədə təşkil edilmiş, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı ciddi hüquq pozuntusu aşkar edilməmiş, seçkilər xalqın iradəsini dəqiq əks etdirmiş və beynəlxalq standartlara cavab vermişdir.

Bir neçə beynəlxalq və yerli təşkilat müstəqil sorğular - exit-pollar keçirmişdir. Ayrı-ayrı təşkilatlar tərəfindən bir-birindən müstəqil şəkildə aparılmış exit-polların nəticələri həm bir-birinə münasibətdə, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrlə demək olar ki, eyni olmuşdur. Bu nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük fərqlə seçkilərdə şəksiz qalib gəldiyini göstərmişdir.

Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləməklə sabitliyə, əmin-amanlığa və davamlı sosial inkişafa səs vermişdir. Cənab Prezident seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra xalqa müraciətində qeyd etdi ki, Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.

Oktyabrın 10-da ATƏT-in xüsusi əlaqələndiricisi Mişel Vuazen ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qalmışdır. O, qısamüddətli müşahidəçilərin qeyd etdiyi müsbət məqamların hesabatda əks olunmadığını bildirmişdir. Onun fikrincə, seçkilər heç bir mübahisə doğurmayan şəksiz qalibi müəyyən etmiş və seçki kampaniyası ölkədə demokratiya sahəsində əldə edilmiş tərəqqini göstərmişdir. Bu tərəqqi namizədlərin sayında, televiziya debatları vasitəsilə bərabər təşviqat aparmaq imkanlarında, seçicilərin yüksək fəallığında və MSK-nın seçkiləri yaxşı təşkil etməsində əks olunmuşdur. ATƏT əlaqələndiricisinin bəyanatında daha sonra deyilir ki, seçkilər azad, şəffaf və ədalətli keçirilmiş və o, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyini tamamilə bölüşür.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında