ATƏT DTİHB Azərbaycanda “demokrat” cildində zühur etsə də, mövqeyi qeyri-obyektiv və qərəzli oldu

 

Oktyabrın 9-da Azərbaycanda keçirilən  azad, ədalətli və  şəffaf  prezident  seçkiləi bir daha təsdiqlədi ki, ölkəmiz demokratiya yolunda inamla irəliləyir.  Prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin ilkin rəyləri də  Azərbaycanda seçki kampaniyasının mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirildiyindən xəbər verir.

Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılmışdır. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil etmiş, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanmışlar. Seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunmuşdur. Səsvermə günü hər hansı kobud qanun pozuntusu qeydə alınmamışdır.

Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan etmişlər.  

 Həmişə olduğu kimi  bu dəfə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ermənipərəst  dairələrin sifarişləri əsasında özünün qərəzli mövqeyini nümayiş etdirmiş, ölkəmizə qarşı şər - böhtan atmaqda davam etmişdir. Bu qurumun  seçki müşahidə missiyasının ilkin hesabatı qərəzli, qeyri-obyektiv məlumatlara istinad olunaraq hazırlanmış və  Azərbaycanın seçki reallığını tam təhrif etmişdir.  ATƏT-in müşahidə missiyasının qərəzli hesabatına münasibət bildirən bir çox şərhçilər də qənaətdədirlər ki, ATƏT Azərbaycandakı seçkilərlə bağlı şablon hesabat hazırlayıb və hər dəfə seçkilərə qiymət verərkən sadəcə rəqəmləri dəyişdirir. Bu hesabat ATƏT-in çoxsaylı müşahidəçilərinin rəylərinə, hər hansı ciddi bir fakta deyil, müxalifətin yaydığı yalan məlumatlara, ABŞ səfirliyinin rəhbərliyi altında müşahidə aparan bir qrup şəxsin hazırladığı saxta hesabatlara söykənmiş və açıq-aşkar sezilən kənar iradənin təsirinə məruz qalaraq seçki reallığını tam təhrif etmişdir.

 ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenin  xüsusi bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf  və ədalətli keçirildiyini bildirməsi də  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yaydığı hesabatın qərəzli və sifarişli olduğunu təsdiqləyir.

ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilərin demokratiyaya doğru əhəmiyyətli  addım olduğunu qeyd etmiş, ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini demişdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının mübahisəli və obyektivliyi şübhə doğuran hesabata əsaslanaraq qərəzli bəyanatlar vermək heç kimə, o cümlədən ABŞ Dövlət Departamentinə başucalığı gətirmir. Çünki ABŞ-da seçkilər keçirilən  zaman ATƏT-in müşahidəçiləri heç seçki məntəqələrinə buraxılmırlar. İndi ABŞ Dövlət Departamentinin istinad etdiyi ATƏT-in müşahidəçilərinə bu ölkədə hətta bəzi qadağalar da tətbiq olunub. 

 Təəccüblüdür ki, Ermənistanda prezident seçkilərinin tam saxtalaşdırılmasına göz yumaraq bu biabırçı “seçki oyunu”na  müsbət qiymət verən ABŞ hökumətinin Azərbaycanda dinc və şəffaf şəraitdə keçən demokratik seçkilərə qeyri-obyektiv münasibəti ikili standartların bariz nümunəsindən başqa bir şey deyildir.

9 oktyabr prezident seçkilərini müşahidə etmiş  ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin çoxsaylı ekspertləri, bu ölkənin siyasətçiləri, QHT nümayəndələri və s. birmənalı şəkildə qeyd etmişlər ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilmişdir.  Hətta, ABŞ-ın nüfuzlu konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi demokratik seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etmişlər. ABŞ-ın tanınmış “Arthur J.Finkelstein and Associates” şirkəti “exit-poll” keçirərək cənab İlham Əliyevin seçicilərin 83.7 faizinin səsini qazandığını təsdiqləmişdir.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Dövlət Departamentinin açıqlamasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) adlı yerli təşkilatın donoslarına əsasən seçkilər zamanı qanun pozuntularına yol verildiyi iddia olunur.

Azərbaycanda keçirilən prezident seçkilərini izləmiş radikal müxalifətin bir sıra nümayəndələrinin seçkilərin qanun pozuntusu olmadan, şəffaf, seçicilərin fəallığı və tam obyektiv şəraitdə başa çatdığını bildirdikləri halda, bəzi beynəlxalq müşahidəçilərin hesabatlarının qərəzli və sifarişli olması özünü bir daha təsdiqləyir. Mən şəxsən səsvermə günü “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin nümayəndəsi ilə söhbət zamanı da bunun şahidi oldum.  Oktyabrın 9 - da keçirilmiş prezident seçkisi günü 17 saylı üçünçü Yasamal seçki dairəsinin ərazisində yerləşən bir neçə  seçki məntəqəsinə baş çəkib seçkilərin gedişini izləmək və bununla  əlaqədar qəzetə  material hazırlamaq istəyirdim. 12, 14, 16, 18 saylı seçki məntəqələrində oldum. Yaşlı seçicilərlə, beynəlxalq  və yerli müşahidəçilərlə görüşüb onların münasibətlərini öyrəndim. Başqa bir məqsədim də var idi. Seçki məntəqələrində rastlaşdığım “Milli Şura”nın müşahidəçilərinin biri ilə bir - iki saat yanaşı oturub seçkiləri müşahidə etmək və sonra onun rəyini öyrənmək. Lakin  baş çəkdiyim məntəqələrin heç birində “Milli Şura”nın müşahidəçisi ilə rastlaşmadım. Hətta seçki məntəqələrinin sədrlərindən də müxalifət təmsilçisinin olub - olmaması ilə maraqlandım. Qeydiyyatdan keçmiş müşahidəçilərin siyahısında da “Milli Şura”nın müşahidəçisinin adına rast gəlmədik.

 Akademik Milli Dram Teatrının binasında yerləşən 18 saylı seçki məntəqəsində olarkən öyrəndim ki, müşahidəçilər arasında  “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin də nümayəndəsi var. Onunla tanış oldum: Mürşüd Mürşüdlü, AXCP üzvü. Mən də müşahidəçilərlə yanaşı oturub onlarla bərabər bir müddət seçkinin gedişini izlədim. Sonra müşahidəçilərdən seçki zamanı baş verənlərə  münasibətlərini bildirmələrini və bu barədə çalışdığım qəzetə material hazırladığımı dedim. Müşahidəçilər də bildilər ki, onlarla söhbətimi lentə alıram.

“Milli Şura”nın müşahidəçisi Mürşüd Mürşüdlü ilə söhbətimizi olduğu kimi təqdim edirəm:

- Xahiş edirəm özünüzü təqdim edin.

-  Mürşüd Mürşüdlü. “Milli Şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin nümayəndəsi.

- Seçkinin gedişini saat neçədən izləyirsiniz?

- Səsvermə başlayandan buradayam.

- Sizə qarşı hər hansı bir təzyiq və ya ayrı - seçkilik olubmu?

- Xeyr.

- Saat 15.40 - dır. Bu vaxta qədər hər hansı qanun pozuntusu ilə rastlaşmısınızmı? Bu barədə qeydiyyatınız varmı?

- Hələlik heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçki çox normal şəraitdə keçirilir, müdaxilə edən, təzyiq göstərən yoxdur. Hər kəs öz vəzifəsini qanuna uyğun yerinə yetirir.

 - Nə vaxta qədər müşahidə aparacaqsınız? - Seçki başa çatana qədər. - Siz seçki prosesi başlayandan buradasınız və bütün proseslər sizin gözləriniz qarşısında baş verir. Sabah  sizin həmfikirlərinizdən kimsə desə ki, seçki saxtalaşdırıldı, o zaman siz nə deyəcəksiniz?   - Mən sözümü üzə deyən adamam. Deyəcəyəm ki, heç bir saxtakarlığın və qanun pozuntusunun şahidi olmamışam. Bu, həqiqətən də belədir. Hər şey göz qabağındadır.

Bütün seçkilərdə belə olur. Həmişə məğlublar özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələrə əl atır, seçkilərin saxtalaşdırılması barədə yersiz - hay küy salır və beynəlxalq təşkilatlar qarşısında seçkinin gedişini aşağılamağa çalışırlar. Guya belələri qalib olsaymış, seçki tam obyektiv, demokratik şəraitdə keçirilmiş hesab olunacaqdı.

 Bu hay - həşirin bu il keçiriləcək prezident seçkilərindən sonra da qaldırılacağı gözlənilən idi. Çünki “Milli Şura” üzvləri  çox  yaxşı  bilirdilər ki, onların  namizədi  xalqın  etimadını  qazana bilməyəcək.  Ona  görə  də  heç biri  qurumun  prezidentliyə  vahid  namizədi  olmaq  istəmirdi. Müsavat Partiyasının   başqanı  İsa  Qəmbər bu  ilin yanvarında  prezidentliyə  namizədliyini  irəli sürsə  də, sonradan  kinorejissor Rüstəm  İbrahimbəyovun  namizədliyi  üzərində dayandı. Rüstəm İbrahimbəyov bir müddət  səsini  çıxarmasa da,  sonra o da prezidentliyə namizədlikdən imtina  edib.  “El”  hərəkatının  rəhbəri reneqat  Eldar Namazovu  irəli verdi. Arada  ASR  lideri  Rəsul  Quliyevin  də  adını  çəkdilər. Seçkilərə  lap az vaxt qalanda professor  Cəmil  Həsənlini  birtəhər yola gətirib onun  namizədliyini  irəli  sürdülər.

Radikal müxalifət  nümayəndələri “nə əldən qoyur, nə də yardan doyur”dular. Axı, neçə vaxt idi ki, “Milli Şura”nın üzvləri  ermənipərəst və ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan antiazərbaycan dairələri inandırmağa çalışırdılar ki, onlar bu seşkilərdə mütləq qələbə qazanacaqlar. Bu yolla həmin dairələrdən külli- miqdarda çirkli pullar alan radikal müxalifət nümayəndələrinin yeganə çıxış yolu seçkidən dərhal sonra səsvermənin saxtalaşdırılması barədə rəy formalaşdırmaq idi. Onlar ermənipərəst dairələrdən  aldıqları çirkli pulları yalnız bu yolla leqallaşdıra bilərdilər. Ancaq “Milli Şura”nın müşahidəçisi Mürşüd Mürşüdlünün seçkidə hər hansı  bir qanun pozuntusu ilə rastlaşmadığı barədə fikir səsləndirməsi  həmfikirlərinin ovqatını əməlli - başlı korlayıb.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında