Naxçıvan Muxtar Respublikasında prezident seçkiləri demokratik şəraitdə və yüksək bayram əhval-ruhiyyəsində keçdi

 

9 oktyabr prezident seçkilərində Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirmişlər. Belə ki, muxtar respublika üzrə 316 seçki məntəqəsində seçki keçirilmişdir. 267 min 412 nəfər seçicidən 219 min 838 nəfəri, seçicilərin 82,2 faizi seçkilərdə iştirak etmişdir. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək seçki dairəsində müşahidə olunmuşdur. Həmin seçki dairəsi üzrə 37 min 433 nəfər seçicidən 31 min 69 nəfər, yəni 83 faizi səs vermişdir.

1 saylı Şərur-Sədərək

seçki dairəsi

1-1 saylı seçki məntəqəsi Sədərək rayonunun mərkəzi olan Heydərabad qəsəbəsindəki tam orta məktəbdə yerləşir. Digər məntəqələrdən fərqli olaraq burada həm də veb-kamera quraşdırılmışdı. Sərhəd bölgəsinin sakinləri sübh tezdən seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlirdilər. Hər kəs bu əlamətdar gün münasibətilə bir-birinə arzularını çatdırır, xalqımızın daha firavan günlərə qovuşmasını diləyirdi. Məntəqədə seçkilərin mütəşəkkil və qayda-qanuna uyğun şəkildə keçirildiyi ilk anda diqqəti cəlb edirdi.

Səs verən yaşlı bir kişiyə yaxınlaşıb özünü təqdim etməsini xahiş edirik. O, Heydərabad qəsəbə sakini 74 yaşlı Sadıx Qasımovdur. Tanışlıq prosesində, həm də şəhid atası olduğu məlum olur. Ondan seçki barədə fikrini öyrənirik, Sadıx əmi aramla deyir: “Səs verdiyimiz məntəqədə hərtərəfli şərait var. Mən də tam sərbəst şəkildə səs verdim, heç bir təzyiq və təsir olmadan. Seçki qaydalarına ciddi riayət olunur. Arzumuz budur, hər zaman firavanlıq olsun, ölkəmiz daha da güclənsin.  Əminəm ki, xalqımız öz seçimini düzgün edəcək”.

1 saylı seçki məntəqəsində görüşdüyümüz İntizar Abbasov isə ilk dəfədir seçici hüquqlarından istifadə edir. Onun seçkilərin gedişi ilə bağlı təəssüratı belə idi: “Mənim üçün bu prosesi görmək çox maraqlıdır. Bir gənc olaraq düşünürəm ki, daha yaxşı yaşamaq bizim də haqqımızdır. Azərbaycanın bugünkü inkişafı göz qabağındadır. Müasirləşmə, inkişaf və tərəqqi sürətlə davam edir. Bu inkişafın davamlı, daimi olmasını istəyirəm”.

3 saylı Babək-Kəngərli-

Naxçıvan seçki dairəsi

Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində yerləşən 3-4 saylı seçki məntəqəsində apardığımız müşahidələr belə deməyə əsas verdi ki, bu məntəqədə qeydiyyatda olan seçicilər seçki prosesinə tam məsuliyyətlə və ciddiyətlə yanaşırlar. 1492 nəfərin qeydiyyatda olduğu məntəqə seçki komissiyasının sədri  Mirhəşim Seyidovun bildirdiyinə görə, o, bir neçə dəfə məntəqə seçki komissiyasının sədri və komissiya üzvü kimi seçki prosesində iştirak edib, ancaq bu seçkilərdəki qədər qələbəliyin şahidi olmayıb. Həqiqətən də, məntəqədə apardığımız müşahidələr zamanı seçici fəallığının yüksək səviyyədə olduğunu gördük. Burada olarkən məntəqədə  “exit-poll” keçirən “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzinin nümayəndələri olan  Babək Cəfərov və Toğrul Bəndəliyevlə də görüşdük,  seçki prosesi haqda təəəsüratlarını öyrəndik. Həmsöhbətlərimiz qeyd etdilər ki, onların müstəqil araşdırma aparmaları məqsədilə hər cür şərait yaradılıb, keyfiyyətli iş ortaya qoymaq üçün sərbəst mühit formalaşdırılıb.

Rayonun Şahtaxtı kəndindəki həkim ambulatoriyasında yaradılan 3-12 saylı  seçki məntəqəsində də seçici mütəşəkkiliyi nəzərə çarpırdı. 1213 nəfər  seçicinin qeydiyyatda olduğu məntəqədə saat 12-yə olan məlumata görə, seçicilərin 37,07 faizi səs vermişdi. Saat 15- də isə məntəqədə səs verənlərin  sayı 686 nəfərə çatmışdı.

4 saylı Naxçıvan şəhər

seçki dairəsi

Naxçıvan Muxtar Respublikasının  paytaxtını əhatə edən 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 37 məntəqədə 43 min 371 seçici qeydiyyatdadır.

Qaydalara uyğun olaraq 4-9 saylı seçki məntəqəsinin sədri Arzu Abdullayev komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirdi. Həm daşınan seçki qutusu, həm də məntqədə yerləşən şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürləndi.  Məntəqədə seçkiyə vaxtında - saatlarımız 8 tamamı göstərəndə start verildi.  Seçki gününün ilk saatlarından başlayaraq artıq məntəqəyə seçicilərin axını müşahidə edilirdi.Qeyd edək ki, bu məntəqədə 940 nəfər seçici qeydiyyatdadır. Saat 15-ə qədər məntəqədə 539 nəfər - yəni məntəqə üzrə qeydiyyatda olan seçicilərin 57, 34 faizi seçdiyi namizədə səs vermişdi.

Müşahidələrimiz 1479 seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki  17 saylı məktəbdə yerləşən 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 36 saylı məntəqəsində davam etdirdik. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada da seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb etdi. Seçicilərdən birinə yaxınlaşırıq. Şəhər sakini Yavər Quliyev məntəqədə səs verən ilk insanlardandır. O deyir ki, seçki prosesində iştirak etməyi həm də özü üçün mənəvi borc hesab edir. Seciçi deyir ki, o, seçimini edərkən ölkənin sabit və firavan inkişafını davam etdirəcəyinə inandığı namizədə səs verib.

1200 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 11 nömrəli bağçanın binasında yerləşən 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 14 saylı məntəqəsində seçkiləri yerli müşahidəçilərlərlə yanaşı, ATƏT-in müşahidə missiyasından olan beynəlxalq müşahidəçilərlə də izləyirlər. Yunanıstan və İsveçdən olan bu müşahidəçilərələ söhbət zamanı məlum oldu ki, onların hər ikisi Naxçıvanda qısamüddətli müşahidəçilərdir.  Xanım Enn Sofi, Mariya Sten və digərləri seçkiləri müşahidə etmək üçün hər cür şərait yaradıldığını bildirdilər.

5 saylı Şahbuz-Babək

 seçki dairəsi

Şahbuz rayonunda yaradılmış 25 seçki məntəqəsindən 9-u qapalı olmaqla 34 seçki məntəqəsinin 14 min 591 seçicisi vardır. Onlardan 331 nəfəri ilk dəfə prezident seçkilərində iştirak edir. Rayon üzrə qeydə alınmış seçicilərin 7487 nəfəri qadınlardan, 7104 nəfəri isə kişilərdən ibarətdir. Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 3 nəfər seçici vardır. Ən yaşlı seçici 102 yaşlı İmamquliyeva Səyyad Muxtar qızı 5-7 saylı Kolanı seçki məntəqəsində səs verdi. Seçkilərin yüksək mütəşəkkiliklə keçməsi, şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin və mətbuat nümayəndələrinin seçkiləri sərbəst izləməsi üçün şərait yaradılmışdır.

Rayonun ucqar dağ kəndi olan Aşağı Qışlaqdakı 5-19 saylı seçki məntəqəsində apardığımız müşahidələr zamanı seçkilərin keçirilməsi üçün ideal şəraitin yaradıldığının şahidi olduq. MDB müşahidə missiyasının nümayəndəsi, əslən azərbaycanlı Arif Hüseynov da seçicilərin səsvermədə sərbəst şəkildə iştirak etməsi üçün yaradılan gözəl şəraitdən ağız dolusu danışdı. Qeyd etdi ki, uzun illərdir doğma Vətəndən uzaqda yaşasa da, ölkəmizdə, Naxçıvan Muxtar Respublikasının bu guşəsində gördüyü belə şərait, ucqarlarda yaradılmış sosial infrastruktur onu heyrətləndirmiş, adamların seçkilərdə göstərdiyi fəallıq bir həmvətən kimi onu da məmnun edib.

6 saylı Culfa-Babək

 seçki dairəsi

Dairə 44 məntəqəni əhatə edir, 14 məntəqə Babək rayonunda, 25 məntəqə Culfa rayonunda, 5 məntəqə isə seçkilərə 5 gün qalmış yaradılan məntəqələrdir. Ümumilikdə, 6 saylı Culfa-Babək seçki dairəsi üzrə 36 min 667 seçici səs verir ki, bunun da 14 min 56 nəfəri Babək, 19 min 969 nəfəri isə Culfa rayonunun payına düşür. Biz Culfa rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrində müşahidə apardıq.  Bu rayon da prezident seçkilərinə nümunəvi hazırlığı ilə fərqlənirdi. Dairənin əhatə etdiyi seçki məntəqələrinin hər birində səsvermə mütəşəkkilliklə davam edirdi. Aşkarlığı təmin etmək məqsədilə 16, 17, 21, 22, 26 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı. 6 saylı seçki dairəsinin 6-15 saylı seçki məntəqəsində seçicilər heç bir müdaxilə və təzyiq olmadan məntəqəyə yaxınlaşır, istədikləri namizədə sərbəst səs verirdilər. Məntəqə seçki komissiyasının sədri Anar Hüseynov dedi ki, 1492 seçicisi olan məntəqədə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Səhərdən insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusuna yol verilməyib. Müşahidəçilər və KİV nümayəndələri də seçki prosesini izləyirlər.

Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. Dünən burada 6-16 saylı seçki məntəqəsində də qələbəlik müşahidə olunurdu.  Culfa şəhərində 6-19 saylı seçki məntəqəsində də böyük izdiham vardı.  Seçici Vidadi Abbasov seçki prosesinin çox yüksək səviyyədə keçdiyini qeyd edərək bildirdi ki, insanlar dəstə-dəstə məntəqələrə gələrək, heç bir müdaxilə ilə rastlaşmadan sərbəst şəkildə səs verirlər. Bu fakt seçkinin demokratik, şəffaf və ədalətli olacağından xəbər verir.

7 saylı Ordubad-Culfa

 seçki dairəsi

Dairə üzrə 34 min 504 seçici qeydə alınmışdı. Onlar 52 məntəqədə səs verirdilər. Seçicilərin 811 nəfəri ilk dəfə səsverən gənclər, 4 nəfəri isə 100 yaşdan yuxarı seçicilər idi. Məntəqələrin 45-i Ordubad rayonunda yerləşir ki, burada 28 min 963 seçicinin öz seçimini sərbəst surətdə etməsi üçün bütün imkanlar yaradılmışdı.  Rayonda keçirilən seçkiləri beynəlxalq və xarici, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının müşahidəçiləri izləyirdi. Onların da heç bir problemlə üzləşməməsi üçün lazımi şərait təmin edilmişdi. Bütün məntəqələrdə tibbi xidmət üçün yerlər ayrılmışdı. 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı. Məntəqələr digər təchizat vasitələri ilə yanaşı, seçicilərin müraciətinə əsasən daşınan qutularla təmin olunmuşdu.

Məlumat üçün bildirək ki, budəfəki seçkilərdə seçicilər rayon mərkəzindəki 5 məntəqədə səs verdilər. Ordubad şəhərindəki şahmat məktəbinin binasında yaradılmış 7-1 saylı seçki məntəqəsində müşahidələr apararkən, səsvermənin qanunauyğun qaydada getdiyinin şahidi olduq.  Məntəqə seçki komissiyasının sədri Zaur Məsiyev bildirdi ki, seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqə lazımi avadanlıqlarla təmin olunub. Burada 1234 nəfər seçici səs verir. Onlardan 21 nəfəri ilk dəfə seçkilərdə iştirak edirdilər. Adıçəkilən məntəqədə seçkilərin gedişi ilə bağlı müxtəlif partiyaların təmsilçilərinin, müşahidəçilərin və qonaqların rəyini öyrənmək istədik. ATƏT-in Danimarkadan olan nümayəndəsi Hausen Flemminq bildirdi ki, məntəqələrdə yaradılmış şərait onu göstərir ki, bu kampaniyaya çox ciddi hazırlıq görülüb. Məntəqə üzvlərinin həm müşahidəçilərlə, həm də seçicilərlə səmimi rəftarı ürəkaçan oldu. Bu isə onu göstərir ki, seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün imkanlar kifayət qədərdir. Bu sözləri “exit-poll” keçirən İlqar İsrafilov və İsmayıl Qarabəyli də təsdiq etdilər. Onlar dedilər ki, bu məntəqə onların müşahidə apardıqları üçüncü məntəqədir. Hər 3 məntəqədə gördüklərindən xeyli razılıqla danışaraq onu da vurğuladılar ki, rəylərini öyrəndikləri seçicilərdən də yaradılmış şəraitə görə xoş sözlər eşidiblər.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında