Azərbaycanda prezident seçkisinin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

Radikal müxalifətin yalanlarına istinad edən bəzi beynəlxalq təşkilatlar qərəzli hesabatlarla özlərini rüsvay edirlər

Azərbaycan növbəti prezident seçkisinin astanasında - tarixi hadisə ərəfəsindədir. Ölkə üzrə 5 milyon 145 minə yaxın seçicinin qatılması gözlənilən prezident seçkilərinə hazırlıq işləri çox yüksək səviyyədə aparılır. Hətta, nəinki ölkə ərazisində, eləcə də xarici ölkələrdə yaşayan vətəndaşlarımız da seçkilərdə iştirak edə biləcəklər. Xarici ölkələrdə olan konsulluqlarımızda, səfirliklərimizdə artıq seçki məntəqələri yaradılıb. İnsanların seçmək və seçilmək hüququnun yüksək səviyyədə təmin olunması üçün bütün imkanlardan istifadə olunur. İndi hər kəs seçkilərdə iştirak edə biləcək. Əgər hər hansı bir seçici seçki məntəqələrində qeydiyyatda yoxdursa, yalnız şəxsiyyət vəsiqəsi ilə öz namizədinə səs verə bilər.

 Seçkilərdə əsas amillərdən biri də səsvermənin şəffaf şəkildə keçirilməsidir. Azərbaycanda seçkilərin səviyyəsi, şəffaflığı və mütəşəkkilliyi hər yerdə nümunə kimi göstərilir. Onu da qeyd edək ki, prezident seçkilərində namizəd kimi iştirak edənlərin hüquqları Seçki Məcəlləsinə uyğun olaraq qorunur.

Builki prezident seçkilərinin də mütəşəkkil, azad və ədalətli keçəcəyinə böyük inam var. Bu inamı seçki prosesinə yüksək hazırlıq işlərinin aparılması da təsdiqləyir. Prezidentliyə namizədlərin təbliğat - təşviqat kampaniyasına süni əngəllərin yaradılmaması ölkəmizə bu ərəfədə səfərə gələn prezident seçkilərinin müşahidəçilər missiyasının üzvlərinin, diplomatların, həmçinin ekspertlərin də diqqətindən yayınmayıb. Onların açıqlamalarında bildirilir ki, bu il oktyabrın 9 - da keçiriləcək prezident seçkisinə hazırlıq işləri beynəlxalq standartların tələblərinə uyğun şəkildə aparılır. Seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərin hər birinə bərabərhüquqlu şərait yaradılıb.

 Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin apardığı müşahidədən sonra verdiyi açıqlama da seçkilərə hazırlıq işlərinin demokratik ruhda aparılmasına dəlalət edir. Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə məlumat verərkən respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını deyib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını vurğulayıb. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd edib.

Belə faktlar istənilən qədərdir. Xalqın etimadını qazanmayan namizədlərə isə təbliğat-təşviqat kampaniyası zamanı insanların etimad göstərməməsi təbiidir. Bundan təşviş keçirən radikal müxalifət nümayəndələri artıq məğlubiyyətlərini hiss edirlər. Ona görə də ikili standart nümayiş etdirən, üzvlərinin əksəriyyəti ermənipərəst olan bəzi beynəlxalq təşkilatların qapılarına düşüblər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Brüsselə səfəri, orada antiazərbaycan dairələrin nümayəndələri ilə görüşməsi və seçkiyə hazırlıq prosesinə xələl gətirməyə cəhd göstərməsi hiddət doğurur. Elə onun həmfikirləri olan “EL” Hərəkatının rəhbərləri, AXCP sədri və digərləri yalan və qərəzli məlumatlarla beynəlxalq aləmdə çaşqınlıq yaratmaq istəyirlər. Qərəz və böhtanla dolu məlumatların prezident seçkiləri ərəfəsində yayılması radikal müxalifətin köhnə adətidir. Onlar bu dəfə də xəbis niyyətlərinə sadiqlik nümayiş etdirməklə, ermənipərəst dairələrə “faktlar” verərək seçki prosesinə xələl gətirməyə çalışırlar.

Bu gün gənc müstəqil Azərbaycan dövlətində bütün beynəlxalq təşkilatların və konvensiyaların tələblərinə yüksək səviyyədə əməl olunaraq əsas insan hüquq və azadlıqları məhz Avropanın arzu etdiyi şəkildə qorunur. Ölkəmiz beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəliklərə layiqincə əməl edir. Bunu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və aparıcı ölkələrin siyasətçiləri də dönə-dönə etiraf edirlər. Son on ildə həyata keçirilən islahatlar, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqmətində reallaşdırılan tədbirlər tanınmış ekspert və hüquq müdafiəçiləri tərəfindən yetərncə qiymətləndirilir. Ancaq buna baxmayaraq, hələ də ikili siyasətdən əl çəkə bilməyən qüvvələr və ermənipərəst dairələrin əlində oyuncağa çevrilmiş bəzi qeyri - hökumət təşkilatları Azərbaycana qarşı şər və böhtan xarakterli “hesabatlar” hazırlamaqdan usanmırlar.

Zaman sübut edir ki, həmin dairələrin ölkəmiz haqqındakı qərəzli hesabatları heç vaxt real həyatda öz təsdiqini tapmayıb. Çünki onların hazırladıqları qərəzli hesabatlar qeyd etdiyimiz kimi, adını müxalifət qoyan AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, “EL” Hərəkatının rəhbəri siyasi riyakar Eldar Namazov kimi antimilli ünsürlərin yalan və böhtan xarakterli məlumatları əsasında hazırlanır.

Azərbaycan ilə Ümumavropa qurumları, o cümlədən, Avropa Şurası, Avropa Parlamenti və Avropa İttifaqı arasındakı münasibətlər hal-hazırda yüksələn xətt üzrə inkişaf etməkdədir və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq enerji, təhlükəsizlik və demokratiyanın inkişafı kimi mühüm sahələri əhatə etməklə geniş spektrə malikdir. Azərbaycan və Avropa İttifaqı arasında çox mühüm iqtisadi-siyasi əhəmiyyəti olan “Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair” anlaşma memorandumu imzalanmışdır. Həmçinin Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasətinə, daha sonra isə “Şərq tərəfdaşlığı” proqramına qoşulmuşdur. Bu tərəfdaşlıq heç şübhəsiz Azərbaycanda demokratik dəyərlərin və institutların möhkəmlənməsinə, həmçinin ölkənin istər iqtisadi, istərsə də hüquqi standartlar baxımından Avropa İttifaqı ilə daha da yaxınlaşması istiqamətində həyata keçirilən strateji xarakterli addımlardır. Təəssüf edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanları bəzi hallarda ötəri maraqlara qurban verilir. Dağıdıcı müxalifətin donosbazlığı əsasında, heç bir araşdırılma aparılmadan qərəzli və qeyri-obyektiv bəyanatlar verilməsi beynəlxalq təşkilatlara olan inamı heçə endirir.

 Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndiyi bir zamanda dağıdıcı müxalifətin yalan və böhtanlarına inanaraq ölkəmizə qarşı uydurma ittihamlarla dolu olan qərəzli hesabatların və bəyanatların yayılması seçki prosesinə mane olmaq məqsədi daşıyır. Halbuki, beynəlxalq təşkilatlar dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanda şəffaf, azad və ədalətli seçkilər görmək istəyirlər. Bu istəkdə olanların heç bir fakta əsaslanmadan dağıdıcı müxalifətin maraqalarına uyğun olaraq bəyanat vermələri həmin beynəlxalq təşkilatların ikili mövqeyindən xəbər verir.

İsa Qəmbərin Brüssel səfəri radikal müxalifət üçün “sürpriz” olmuşdur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin birlikdə yaydıqları press-relizdə Azərbaycanda KİV, vətəndaş cəmiyyətləri və müxalifətə olan təzyiqlərdən narahat olduqlarını bildiriblər.

Avropalı diplomatlar bu uydurmaları ilə guya Azərbaycanda baş verən son hadisələrin seçkiqabağı dövrə, insanların hüquqlarına və ölkədəki siyasi vəziyyətin azadlığına təsir etməsindən narahat olduqlarını bildiriblər. Əslində isə onlar Brüsseldə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbəri şirnikləndirir, onun ölkəmiz haqqındakı böhtan və yalanlarını istiqamətləndirərək daha da “zənginləşdirmək” istəyirlər. Radikal müxalifətə də adını insan hüquq və azadlıqlarının müdafiəçisi qoyan belə ermənipərəst diplomatların yaydıqları qərəzli bəyanatlar lazımdır. Çünki belə antimilli mövqeli “azərbaycanlılar” – radikal müxalifət seçkilərdən sonra məğlubiyyətlərini ört-basdır etmək üçün hakimiyyətin ünvanına ittihamlar səsləndirən zaman üzdəniraq beynəlxalq təşkilatların yaydıqları sənədi də əsas gətirsinlər.

Avropalı diplomatlar Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb. Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bundan əvvəl də Azərbaycanla bağlı reallığı əks etdirməyən bəyanatlar verib. Seçki dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir.

 Hazırda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları aşkarlıq şəraitində, hamının gözləri qarşısında aparılır. Əgər müxalifətə hər hansı bir təzyiq və süni əngəllər yardılsaydı, onlar keçirdikləri mitinqlərdə hakimiyyətin və ölkə başçısının ünvanına səsləndirdikləri ən sərt tənqidlər və təhqirlərə görə təqib olunar və ya cəzalandırılardılar. Onların himayəsində olan qəzetlərə nəzər saldıqda isə şər - böhtanla dolu məqalələrin bolluğu açıq - aydın hiss olunur. Görəsən dağıdıcı müxalifət nümayəndələri bundan artıq daha nə istəyirlər?

Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Bəlkə də Azərbaycanın müstəqillik tarixində builki seçki ən mükəmməl siyasi tədbir kimi yadda qalacaq. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə yüksək səviyyəli hazırlığın təmin olunması, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin yaradılması bir daha göstərir ki, bu prosesdə heç bir mənfi hal qeydə alınmayıb və alınmayacaq. Bunu görməmək isə siyasi korluqdur.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında