Azərbaycanda demokratik proseslərn inkişafı dövlətimizin daim diqqətdə saxladığı prioritet sahələrdən biridir. Biz prezident seçkiləri ərəfəsində də bunun şahidi olduq. Seçkilərə namizəd kimi qatılmaq istəyənlərə sərbəstlik yaradılması, bu istiqamətdə qarşıya çıxan problemlərin dərhal aradan qaldırılması, prezident seçkilərinə namizəd kimi qatılmaq istəyənlərin sayının 22 - yə çatması seçki kampaniyasının demokratik şəraitdə keçirilməsinin məntiqi nəticəsidir.
Siyasi mənsubiyyətindən asılı olmayaraq Mərkəzi Seçki Komissiyasına sənəd təqdim edən 22 nəfərdən 21 - nin namizədliyi təsdiqləndi. Lakin onlardan 10 nəfəri imzatoplama kampaniyasını uğurla başa vurdu və namizədlikləri rəsmən qeydə alındı. Hazırda həmin namizədlər öz təbliğat - təşviqat kampaniyalarını heç bir maneə olmadan davam etdirirlər. Namizədlər İctimai Televiziyada onlar üçün ayrılmış 6 dəqiqəlik pulsuz efir vaxtından bərabərhüquqlu şəkildə istifadə etməklə seçicilər qarşısında çıxış edir, öz proqramlarını şərh edirlər. Bundan əlavə, namizədlər paytaxtın mərkəzində və regionlarda qabaqcadan müəyyənləşdirilmiş qapalı və açıq yerlərdə seçicilərlə görüşlər keçirir, süni əngəllərlə qarşılaşmadan fikirlərini sərbəst ifadə edirlər. Bütün bunlar ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin nəticəsidir.
Radikal müxalifət nümayəndələri prezident seçkiləri ərəfəsində də keçirdikləri cılız mitinqlərdə yersiz şüarlar səsləndirir, hakimiyyətə qarşı siyasi mübarizə apara bilmədiklərinə görə təxribat və qarşıdurmalar barədə çağırışlar edir, insanların şərəf və ləyaqətini təhqir edirlər. Son iyirmi ildir ki, müxalifətin keçirdiyi mitinq və aksiyalarda tribunada eyni simaların dayanması (oranı özləri üçün rəyasət heyəti adlandırırlar) və eyni adamların çıxışları artıq onların həmfikirlərini də bezdirib. Axı, iyirmi ildir ki, eyni yalanları, həqiqətdən uzaq vədləri, pafoslu sözləri nə qədər eşitmək olar? Ona görə də radikalların təşkilatçılığı ilə keçirilən mitinqlərə gələn yoxdur. Bunu son zamanlar paytaxtın mərkəzində – Yasamal rayonu ərazisindəki stadionda keçirdikləri mitinqdəki iştirakçıların sayı da təsidiqlədi.
Yenə də mikrofon “qəhrəmanları” AXCP sədri ilə Müsavat Partiyasının rəhbəri İsa Qəmbər danışanlara imkan vermir. 20 ildir ki, öz maddi maraqlarını güdə - güdə, xarici himayədarlarından qrantlar ala - ala “Darıxmayın, bu il bizim ilimizdir. Artıq hakimiyyətin bir addımlığındayıq”, deyə - deyə partiyadakı sədrlik kreslosunu qoruyurlar. Artıq onların yalanlarının son həddi çatmaq üzrədir. Daha bundan sonra radikal müxalifətə ermənipərəst dairələr də sahib durmayacaq. Çünki onlar da yalanlardan beziblər. Hər dəfə dağıdıcı müxalifət mitinqlərə 20 min nəfər iştirakçı çıxaracağını vəd etsə də, son anda iştirakçıların sayı 800 - 900 nəfər olur. Bunun günahını iqtidarda axtaran destruktiv müxalifət nümayəndələri onlara havadarlıq edən xarici düşmənlərimizə giley - güzar edərək deyirdilər ki, hakimiyyət müxalifətin şəhərin mərkəzində mitinq keçirməsinə icazə vermir. Ona görə də istədiyimiz qədər iştirakçı toplaya bilmirirk. Axırıncı mitinqlərin paytaxtın mərkəzində keçirilməsindən sonra isə artıq bəzi beynəlxalq təşkilatlara da məlum oldu ki, Azərbaycanda radikal müxalifətin arxasınca gedən yoxdur. Mitinqlərin keçirilməsi üçün ayrılan qrantlar isə bir neçə nəfər tərəfindən mənimsənilir.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin xarici ölkələrə gedib orada Azərbaycan hakimiyyətinin ünvanına böhtanlar yağdırması da bir nəticə vermədi. Sonradan məlum oldu ki, İsa Qəmbərin Türkiyəyə və Gürcüstana səfərlərində əsas məqsədi erməni dostları ilə görüşmək, onlardan yardım almaq, sonra isə xarici banklardakı pullarını yerbəyer etmək imiş. Müsavat başqanının bu günlərdə Brüsselə səfəri də özünün şəxsi maraqlarından irəli gəlib. Burada ermənipərəst dairələrin ölkəmiz əleyhinə təşkil etdikləri tədbirdə iştirak edəcək, Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın pis təşkil olunduğu, guya müxalifətə imkan yaradılmadığı, mitinqlərin və digər aksiyaların qarşısının hakimiyyət qüvvələri tərəfindən zorla alınması barədə bol - bol yalanlar danışacaq, bunun müqabilində alacağı qrantın məbləğini artırmağa cəhd edəcək.
Xəbər verildiyi kimi, Brüsseldə - Avropa Parlamentində “Azərbaycanda prezident seçkiləri: “Odlar Yurdunu” hansı gələcək gözləyir?” adlı konfrans keçirilməsi nəzərdə tutulmuşdu.Təbii ki, bu tədbir ölkəmizdə demokratik proseslərin inkişafını, aparılan uğurlu islahatları və respublikamızın beynəlxalq aləmdə getdikcə artan reytinqini gözü götürməyən dairələr tərfindən təşkil olunub. Çünki həmin tədbirə radikal müxalifətin nümayəndələri, Azərbaycanın inkişafını qısqanclıqla qarşılayan, vəzifə hərisliyində olanlar dəvət olunublar. Müsavat Partiyasının başqanı İsa Qəmbər də ölkəmizə şər - böhtan yağdırmaq üçün Brüsselə yola düşüb.
Qabaqcadan xəbər verilirdi ki, ölkəmiz əleyhinə təşkil olunmuş bu konfransda Azərbaycanda seçkiqabağı vəziyyət, insan hüquq və azadlıqlarının durumu və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Prezident seçkilərinə bir həftə qalmış belə bir tədbirin keçirilməsi təbii ki, seçki prosesinə təsir etmək məqsədi daşıyır. Çünki ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması artıq bir sıra beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də dəfələrlə səsləndirilib. Görünür Azərbaycanda demokratik proseslərin inkişafının belə yüksək qiymətləndirilməsi seçkilərdə öz maraqlarını yeridə bilməyən bəzi dairələri ciddi narahat edib və ona görə də antiazərbaycan dairələr indidən əl - ayağa düşüblər. Onlar ölkəmizdəki əlaltılarını da həmin tədbirə dəvət edərək beynəlxalq təşkilatlara “sübut etməyə” çalışacaqlar ki, Azərbaycanda demokratik seçki keçirilməsinə süni əngəllər yaradılıb. Bu “faktları” da ölkəmizin müxalifət nümayəndələrinin o cümlədən, Müsavat Partiyasının başqanı İsa Qəmbərin dilindən səsləndirmək qərarına gəliblər.
Radikal müxalifətə elə gəlir ki, onların keçirmək istədikləri mitinqlərə toplaşan iştirakçılar da hakimiyyət tərəfindən təşkil olunmalıdır. Əgər onların çağırışlarına səs verən yoxdursa, demək, xalq belələrini qəbul etmək istəmir. Elə onların öz həmfikirləri olan ACP lideri Rəsul Quliyev də müxalifətin son mitinqlərinə qiymət verərkən belə aksiyaları əbləhlik adlandırıb. O, belə cılız mitinqlərlə müxalifətin hər hansı bir dəyişikliyə nail olmasını absurd hesab edib. R.Quliyev deyib ki, bundan əvvəlki mitinqləri də multfilm adlandırmışam. Sabiq spiker yenə də öz fikrində qaldığını bəyan edib və budəfəki mitinqi cılız multfilm adlandırıb. Çünki eyni simalar, eyni adamlar düz iyirmi ildir ki, eyni sözləri təkrarlayır, xalqa yalan vədlər verir. ACP lideri deyib ki, siz müxalifətin “rəyasət heyəti” adlandırdığı tribunaya diqqət yetirin. İyirmi ildir ki, orada eyni adamlar dayanır. Ona görə də bu mitinqlərə heç kim gəlmir. İnsanların eyni adamları görməkdən gözləri yorulub, eyni adamları eşitməkdən qulaqları tutulub. Fikir verin, ötən mitinqdə çıxış edənlər bu mitinqdə də çıxış ediblər. Həmişə də eyni fikirlər, eyni şüarlar, eyni parametrlər. Məgər müxalifətdə Əli Kərimli ilə İsa Qəmbərdən başqa adam yoxdur? Belə bir mitinqlə müxalifətin hər hansı bir dəyişiklik barədə düşünməsi əbləhlikdir. Bu heç vaxt mümkün ola bilməz. Orada çıxış edənlərin dediklərinin heç biri həqiqətəuyğun deyil. Hərə özünü tərifləyir. Rəsul Quliyev radikal müxalifətə öz tövsiyələrini verərək deyib: “Ay balam, ağlınızı başınıza yığın. Belə komandaya kim səs verər, kim etimad göstərər? Səs verən olsaydı, bu 20 il ərzində səs verərdilər. Hesab edirəm ki, heç kim səs verə də bilməz. Ona görə də yalandan hay - küy salmaq, xalqı aldatmaq olmaz".
Göründüyü kimi, artıq radikal müxalifət nümayəndələrinin öz həmfikirləri də belə mitinqlərdən, 20 ildir ki, mitinqin təşkilatçılarından yalan vədlər eşitməkdən bezdiklərini aşıq şəkildə bəyan edirlər. Ona görə də etimadsızlıq göstərirlər. Bu, həm də radikalizmə olan nifrətdən irəli gəlir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.