Azərbaycan dövləti demokratik, azad və ədalətli seçki keçirmək üçün sarsılmaz siyasi iradə nümayiş etdirir

 

Sosial bazası olmayan müxalifəti narahat edən də budur

Azərbaycan daha bir seçkini demokratik, azad və ədalətli, şəffaf   keçirməyə qadir olduğunu təsdiqləməyə hazırlaşır. Bir həftə sonra keçiriləcək prezident seçkilərinə hazırlıq işləri  başa çatmaq üzrədir. İnsanlar şən əhval - ruhiyyə ilə seçki gününü səbrsizliklə gözləyirlər. Ölkəmizin sürətli inkişafı, bu yaxınlarda əmək haqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin, minimum əmək haqqının artırılması hər bir Azərbaycan vətəndaşında xoş ovqat yaradıb. İndi hər bir soydaşımız prezident seçkilərində istədiyi namizədə səs verməklə bu əmin - amanlığın, firavanlığın davam etdirilməsinə, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqinin daha da yüksəlməsinə nail olmağa can atır.

Ölkəmizdə keçiriləcək prezident seçkiləri beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Bunu prezident seçkilərini izləyəcək müşahidəçilərin, beynəlxalq təşkilatların sayı da təsdiqləyir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu barədə məlumat verərkən deyib ki, ilkin məlumata görə, Azərbaycanda prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümayəndələri müşahidə edəcək. MSK sədri  bildirib ki, ilkin məlumata əsasən, prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirənlərin sayı 1012 nəfərdir. O, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayının 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilərin sayının isə 29 124 nəfər olduğunu qeyd etmişdir.

 M.Pənahov təmsil etdiyi qurumun maarifləndirmə proqramı çərçivəsində tədbirlərini davam etdirdiyini söyləmişdir. Onun sözlərinə görə, artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmaqdadır.

Azərbaycanda seçkilərin demokratik, ədalətli, azad şəkildə keçirilməsi üçün zəruri olan bütün şərait yaradılmışdır. Ölkəmizdə seçkilərin demokratik keçirilməsi üçün əsas amillərdən biri olan ictimai-siyasi sabitlik hökm sürür, təkmil qanunvericilik bazası mövcuddur. Seçkilərin qanunun tələblərinə və demokratik dəyərlərə uyğun hazırlanıb keçirilməsi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmuşdur.

Faktlar da təsdiqləyir ki, ölkəmizdə keçiriləcək prezident seçkiləri  beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.Bunu  müşahidəçilərin sayı da təsdiqləyir. Təbii ki, bu, hələ son hədd deyil. Müşahidəçilərin sayının getdikcə artacağına şübhə ola bilməz. Prezident seçkilərinə beynəlxalq aləmdə belə yüksək diqqətin göstərilməsi və əhalinin seçkiyə ruh yüksəkliyi ilə hazırlaşması radikal müxalifət düşərgəsində gərginliyi bir qədər də artırıb. Əldə olunan nailiyyətləri  gözü götürməyən  və respublikamızın  beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından qısqanclıq hissi keçirən antimilli dairələr isə ölkəmizin ünvanına  şər və böhtan yağdırmaqdan, bu barədə ermənipərəst təşkilatlara yalan və qərəzli informasiyalar ötürməkdən hələ də əl çəkmirlər. Həmin təşkilatlar isə bu yalanlar üzərində qurulmuş qərəzli hesabatlar hazırlamaqla Azərbaycanın nüfuzuna xələl gətirməyə cəhd göstərirlər. Ancaq onların bu hesabatlarına özlərindən başqa kimsə inanmır. Çünki ölkəmizdəki demokratik inkişaf artıq dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir.

Radikal müxalifətin yalan məlumatları əsasında “Gallup” təşkilatının hazırladığı hesabat adamda ikrah hissi oyadır.Qabaqcadan qeyd edək ki, bu beynəlxalq təşkilat da ölkəmizin iqtisadi inkişafını etiraf etmək məcburiyyətində qalıb. Hesabatda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı 1995-ci ildən bəri azı 8 dəfə artıb.  Sonra isə qeyd edilir ki, guya Azərbaycanda insanların üzü gülmür.

Ölkəmizin inkişafını gözü götürməyən dairələrin himayəsində olan bəzi kütləvi informasiya vasitələri və radikal müxalifət nümayəndələri “Gallup” təşkilatının bu hesabatından siyasi məqsədlər üçün istifadə edərək bunu prezident seçkiləri ilə əlaqələndirməyə çalışırlar. Əslində bunun seçkilərə heç bir aidiyyatı yoxdur. Guya “Gallup” 143 ölkədə 15 yaşından yuxarı  insanlardan soruşub ki, “dünən doyunca gülmüsənmi və ya nədənsə doyunca ləzzət almısanmı və ya özünü doyunca dincəlmiş hiss etmisənmi və yaxud özünü hörmətli bir insan sanmısanmı və ya dünənki gündə maraqlı nəsə  öyrənmisənmi və ya etmisənmi?”  Qərəzli məlumatda bildirilir ki,  bu suala Azərbaycanda “hə” cavabı verənlər 55 faizdir.

Radikal müxalifət nümayəndələrinin yalan məlumatları ilə hazırlanmış bu hesabata Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaskinin sözləri ilə cavab vermək istərdik. Bu yaxınlarda ölkəmizdə səfərdə olmuş polşalı diplomat demişdir ki, Azərbaycanın paytaxtı müasirliyi, insanlarının gözəlliyi, mədəniyyəti və mehribanlığı, səmimiyyəti ilə bizi heyran etmişdir. İnkişafın vüsətinin və miqyasının, möhtəşəm layihələrin uğurla həyata keçirilməsinin şahidi olmaq insanın qəlbini riqqətə gətirir. İnsanların optimizmi, şən əhval-ruhiyyəsi, həyata pozitiv münasibəti adamı fərəhləndirir.

Diqqət yetirisinizmi, ölkəmizə gələn rəsmi nümayəndələr Azərbaycandakı əmin - amanlıqdan, xalqla prezidentin vəhdətindən və insanların yüksək rifahından, səmimi münasibətindən məmnunluqla danışırlar. Radikal müxalifət isə hesab edir ki, guya ölkəmizdə insanların üzü gülmür, sanki, hamı bir - biri ilə küsülüdür. Bəli, belə hallar var, ancaq müxalifət nümayəndələri arasında. Onlar öz aralarndakı qeyri - səmimiliyi, narazılıqları, dava-dalaşı və qarşılıqlı nifrəti xalqın adı ilə bağlamaq istəyirlər. Əslinə qalsa, xalq radikal müxalifəti qəbul etmir və bu xəyanətkarları çoxdan öz sıralarından silib atıb. Belə olmasaydı, son iyirmi ildə keçirilən seçkilərdə bir dəfə də olsan xalqın etimadını qazanardılar. Hər dəfə mitinq adı ilə keçirdikləri yığıncaqlardakı iştirakçıların cüzi sayı da belə satqınların çağırışlarına səs verənlərin olmadığını təsdiqləyir. Bu gün müxalifət adından öz şəxsi maraqları naminə istifadə edən AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər artıq öz tərəfdaşlarının da canını boğazına yığıblar. Adam neçə il partiya sədri olar? Son illər AXCP və Müsavat Partiyasının qurultayının nə vaxt keçirildiyini bu partiyaların üzvləri də xatırlamırlar. Çünki yaxşı bilirlər ki, qurultay keçirən kimi ikisinin də partiya sədrliyindən istefası tələb olunacaq. Yəqin ki, unutmuş olmazsınız, İsa Qəmbər Müsavat Partiyasının “qurultayını keçirmək” üçün gəzmədiyi ölkə qalmadı. Gah Türkiyəyə, gah  da Gürcüstana getdi. Hər dəfə də onun bu hərəkətləri  istehza ilə qarşılandı. Ona dedilər ki,  qurultay keçirmək üçün Azərbaycanda münasib zal tapılmaması lap gülüncdür. Çünki dünyanın ən nüfuzlu beynəlxalq təşkilarları öz tədbirlərini Bakıda keçirdikləri halda, siz digər ölkələrdə yer axtarırsınız. Sonradan məlum oldu ki, bunlar başqanlıq kreslosunu qorumaq üçün bir bəhanə imiş. AXCP sədri də onun kimi.

Son mitinqlərdə bu iki partiya sədrinin danışanlara imkan verməmələri, iyirmi ildir ki, dediklərini yenə də “nitq” adı ilə toplantı iştirakçılarına sırımaları ciddi narazılıqlar yaradıb. Biz müxalifətin sonuncu mitinqində də bunun şahidi olduq. Siyasi riyakar Eldar Namazovun dəstəsinin üzvləri  AXCP sədrinə və Müsavat Partiyasının başqanına etiraz edərək deyiblər ki, onlar özlərini elə aparırlar ki, guya hamıdan çox bilirlər. Hər dəfə bir toplantı olan kimi özlərini atırlar ortalığa. Yeni bir söz də demirlər. Reneqat Eldar Namazovun dəstə üzvləri bildiriblər ki, görəsən, bu iki şəxs eyni sözləri təkrarlamaqdan  nə vaxt bezəcək?  Onlar tələb ediblər ki, bundan sonra  mitinqdə  bu iki partiyanın  rəhbərləri danışmamalıdır.  Daha bəsdir, bezdirdilər bizi. Onlar  bu gün cəmiyyəti narahat edən məsələləri unudub yalnız özlərini reklam edirlər.

Xalqın  nifrət etdiyini açıq - aydın hiss edən radikal müxalifətin bütün fəaliyyəti prezident seçkiləri ərəfəsində ölkədə ictimai - siyasi sabitliyi pozmağa və beynəlxalq aləmdə respublikamız haqqında mənfi rəy yaratmağa yönəlib. Təbii ki, yanılırlar. Çünki artıq beynəlxalq təşkilatların nümayəndələri də dağıdıcı müxalifətin  bu xəbis niyyyətinə bələddir. Sonuncu prezident seçkilərini müşahidə etmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü, Böyük Britaniyalı deputat Mayk Henqok demişdi ki, bəzi müxalifət partiyalarının seçkidən kənarda qalması çox ciddi  səhv addımdır. Müxalifət bu seçkilərdə özünü qeyri-demokratik aparıb. Yaxşı olardı ki, müxalifətçilər məğlub olsalar belə, seçkilərə qatılaydılar. Çünki seçki siyasi təşkilatlar üçün çox mühüm prosesdir.

Təəssüf edirik ki, radikal müxalifət prezident seçkisinin çox mühüm siyasi proses olduğunu hələ də dərk edə bilmir. Belələri  bu siyasi kampaniyaya qazanc əldə etmək məqsədilə qoşulurlar. Onlar buliki prezident seçkilərindən də qrant əldə etmək istəyirlər. Bunu seçki prosesinə münasibətləri də təsdiqləyir.

Radikal müxalifətin seçki ərəfəsində bütün xəyanətkarlığı iflasa uğrayır. Çünki ölkəmiz demokratik, şəffaf, azad və ədalətli seçki keçirməyə qadir olduğunu dəfələrlə təsdiqləyib. Belə satqınlara AŞPA müşahidə missiyasının üzvü, Böyük Britaniyalı deputat Mayk Henqokun dedikləri ilə cavab vermək istərdik. O, ölkəmizdə keçirilən sonuncu prezident seçkilərini müşahidə etdikdən sonra belə qənaətə gəlib: “Qafqaz ölkələrində keçirilən son prezident seçkilərini müqayisə etsək, Azərbaycanda seçkilərin daha yaxşı təşkil olunduğunu görərik. Ermənistanda prezident seçkiləri keçirilən gün ilk qurbanlar qeydə alınmışdı. Gürcüstanda keçirilən prezident seçkiləri isə texniki və təşkilati baxımdan zəif idi. Ümumilikdə, seçki prosesini və seçkilər günü səsvermənin təşkilini müqayisə etsək, Azərbaycanda vəziyyət 10 dəfə yaxşıdır”.

Əlavə şərhə ehtiyac yoxdur.

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”    


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında