Radikal müxalifətin sonuncu mitinqi düşərgə daxilində kəskin ziddiyyətlərin olduğunu qabarıq şəkildə büruzə verdi

 

Sönük aksiya müxalifətlə xalq arasında dərin uçurum olmasının göstəricisidir

Radikal düşərgə növbəti mitinqini keçirdi. Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış sonuncu mitinq bütün həqiqətləri üzə çıxartdı. Bir daha məlum oldu ki,  müxalifət düşərgəsinin heç bir sosial bazası yoxdur.

Onlar arasındakı qarşıdurma və bir-birlərinə bəslədikləri kin-küdurət son həddə çatıb. Mitinq boyu AXCP ilə Müsavat Partiyasının nümayəndələri bir-birinə atmaca atdı, biri digərinin liderinin ünvanına nalayiq sözlər deməkdən belə çəkinmədilər. Diqqət çəkən əsas məqamlardan biri də o idi ki, Əli Kərimli çıxış edəndə müsavatçılar, İsa Qəmbər çıxış edəndə isə cəbhəçilər yeri gəldi-gəlmədi “istefa” deyərək qışqırmağa başladılar. Onlar bu sözü kimə və nə üçün ünvanladıqlarını yaxşı bilsələr də, bura maraq xatirinə gələn azsaylı insanlar yaranmış anlaşılmaz vəziyyətdən çaş-baş qalmışdılar. Çünki belə çıxırdı ki, radikal müxalifətin tənqid hədəfi hakimiyyət olsa da, “istefa” qışqıranlar hakimiyyəti deyil,  ya Əli Kərimlini, ya da İsa Qəmbəri siyasət səhnəsini tərk etməyə çağırırlar. Radikal düşərgənin “başbilənləri” tərəfindən aldadılan beş-üç gəncin hərəkətlərini isə heç bir məntiqlə izah etmək mümkün deyildi. Mitinq iştirakçıları xarici ölkələrdə adətən futbol yarışlarında və ya İspaniyada məşhur olan öküz döyüşlərində çalınan zurnaya oxşar aləti müxalifət liderlərinin çıxışı zamanı ucadan səsləndirir, çıxışçıya imkan vermirdilər.

Müxalifətin son mitinqinə gələnlərin sayı bundan əvvəlkinə nisbətən xeyli az idi. Bakı Şəhər Baş Polis İdarəsinin verdiyi məlumata görə, AXCP, Müsavat, ACP, KXCP, “El” hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının iştirakı ilə baş tutan mitinqə cəmisi 1500 (min beş yüz) nəfərədək təəssübkeş gəlmişdi ki, onların da 300-dən çoxu mətbuat nümayəndəsi və bəziləri maraq naminə ora yaxınlaşan idi. Gələnlərin bir qismi isə bəzi müxalifət liderlərinin çıxışları zamanı etiraz əlaməti olaraq meydanı tərk etdilər. Bütün bunları nəzərə alaraq bu mitinqi piket adlandırmaq daha yaxşı olardı. Çıxış edənlərin həmişə olduğu kimi eyni sözləri demələri də onların konkret fikirlərinin olmamasının nəticəsi idi. Yəni müxalifətin sentyabrın 28-də  keçirdiyi mitinq əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Eyni simalar, eyni şüarlar, atmacalar, yenə də fit çalmaq, yersiz  qışqırıqlar və qarşıdurmalar.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da açıqlamasında deyib ki, mitinqin keçirildiyi ərazi çoxsaylı insanların yaşayış yeri olmasına baxmayaraq, orada daha az adamın iştirak etməsinin şahidi olduq. O bildirib ki, radikal müxalifət avqustun 18-də 20-ci sahədə mitinq keçirdi və o zaman insanlar onlara dəstək vermədiklərini nümayiş etdirdilər. Sentyabrın 22-də “İnşaatçılar” metrosunun yaxınlığında daha bir mitinq keçirdilər və bu zaman da çox məhdud sayda insan orada iştirak etdi. Mübariz Qurbanlı qeyd edib ki, mitinqdə iştirak edən Əli Kərimli özü xalqın radikal müxalifəti dəstəkləmədiyini etiraf edib. İcra katibinin müavini keçirilmiş mitinqi “sönük siyasi aksiya” da adlandırıb: “Görüntülərdən də görünürdü ki, mitinqdə gənclərin sayı məhdud idi. Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd şəxs daha çox tərəfdarla mitinq keçirə bilir” . O, əlavə edib ki, bu dəfəki mitinqdə də Seçki Məcəlləsinin tələblərinə zidd çağırışlar və fikirlər səsləndirilib.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da mitinqi uğursuz adlandırıb. Qeyd edib ki, bu dəfə keçəndəfəki mitinqdən iki dəfə az insan toplaşmışdı. Bundan başqa mitinq həm sönük, həm də çıxışların bayağı olması ilə yadda qaldı. İsa Qəmbər çıxış edəndə isə insanların bir hissəsi meydanı tərk elədi. Eyni zamanda, dağıdıcı düşərgədəkilərin bir-birinə qarşı olan hikkələri, nifrəti də burada özünü göstərdi: “Ümumilikdə, onu demək olar ki, növbəti dəfə mitinq keçirsələr, ora adam gəlməyəcək. Beş-üç nəfər həvəskar cavandan başqa orada adam görmək olmur. Bu, müxalifətin sosial bazasının olmadığını sübut edir. Mitinqdə o qədər təşkilat adı hallandırdılar ki, o təşkilatların adı orada yığışanların sayından çox idi”. YAP İcra katibinin müavini müxalifətin mitinqlərinin belə olmasını maneələrlə deyil, sosial bazalarının olmaması ilə izah edib: “Bu günə qədər bunlar cəmi bir dəfə Ağstafada görüş keçirmək istəyiblər, onda da Eldar Namazov gedib qəbiristanlıqda qohum-əqrabasını ziyarət edib, qayıdanda da restoranda yeyib-içib, Bakıya dönüb. Burada keçirdikləri iki mitinqdən sonuncusunun əvvəlkindən uğursuz alınması göstərdi ki, onların sosial bazası yoxdur. Əvvəldən aldadıb yoldan çıxartdıqları beş-on adam da gördü ki, bunlardan heç nə çıxmır. Əlacsız qalıb ortada olan qohum - əqrəbalarını, partiya işçilərini, qəzetlərinin nümayəndələrini meydana yığmalı oldular”.

Digər tərəfdən, sirr deyil ki, Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımların atılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Artıq ictimaiyyət görür ki, son illər neqativ hallarla, o cümlədən, rüşvətxorluq, korrupsiya, inhisarçılıq, süründürməçilik halları ilə mübarizə daha da gücləndirilib. Əhali bunun effektini gündəlik həyatında hiss edir və ona görə də hakimiyyəti davamlı şəkildə dəstəklədiklərini bəyan edir. İnsanların həyat səviyyəsi gündən-günə yüksəlir, əmək haqları, pensiyalar, digər sosial ödəmələr artırılır. Aztəminatlı ailələr, şəhid ailələri və əlillər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkənin şəhər, qəsəbə və kəndləri abadlaşır, bütün sosial-iqtisadi infrastruktur yeniləşir və müasirləşir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan ikinci Dövlət Proqramı da uğurla icra edilir. Hazırda əksər rayonlarda yüksək məvacibli hər cür şəraiti olan yeni iş yerləri açılıb. Təbii ki, belə bir vaxtda radikal müxalifət düşərgəsinin çağırışları heç kəs üçün əhəmiyyət kəsb etmir.  Bugünkü Azərbaycan müxalifətinin bütün təmsilçiləri ümumilikdə etiraf etməsələr də, ayrı-ayrılıqda , konkret müsahibələrdə və ya çıxışlarda etiraf edirlər ki, artıq nəinki ölkədə hakimiyyətə gəlmək iqtidarında deyillər, hətta mövcud iqtidarla siyasi mübarizə aparmağa belə gücləri yoxdur. Güc deyəndə, söhbət təkcə puldan, maddi imkanlardan getmir. Söhbət təkcə puldan gedərsə, o məsələni asanlıqla həll edə bilərlər. Çünki bu gün Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını gözü götürməyən, bizə badalaq gəlmək istəyən kifayət qədər erməni təşkilatları və ermənipərəst qüvvələr var və onlar bizim müxalifətin istədiyi vəsaiti məmnuniyyətlə ayıra bilərlər. Çünki bilirlər ki, müxalifətə ötürdükləri pullar onlara “ayı xidməti” olaraq geri dönəcəkdir. Fakt ortadadır.  Bir-iki müxalifət partiyası və müxalifət “lider”i, onların maliyyələşdirdiyi, xaricdən maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı nə pis şey var, çəkib ölkəyə gətirirlər. Azərbaycan dövlətinə, iqtidarına, xalqına nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan dövlətinə, xalqına nə qədər yaxşıdırsa, onlar üçün bir o qədər pisdir. Bu insanlar Azərbaycan dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz əriyirlər. Sanki bu millət onlar üçün düşməndir.

İstənilən demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Demokratik ölkələrin hamısında müxalifət partiyaları var. Bu, demokratiyanın atributlarından biridir. Ancaq müxalifət öz xalqına, millətinə, Vətəninə düşmən kəsilməməlidir. Konstruktiv müxalifət ölkənin inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilməlidir . Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Bundan ötrü hər cür şərait də yaradılıb. Təəssüf edirik ki, bəzi siyasi partiyalar öz radikal mövqeyindən hələ də əl çəkməyərək, Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün ən çirkin vasitələrə əl atır, ölkəmizə düşmən qüvvələrin çirkli pulları hesabına öz xalqına düşmən kəsilir. Bununla belə xaricdəki erməni lobbisi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərərək hər fürsətdə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Təbii ki, belə xəyanətkarlara xalq həmişə “yox” deyəcək, onların çağırışına səs verməyəcək. Biz sentyabrın 28-də həmin qüvvələrin keçirdiyi mitinq zamanı da bunun şahidi olduq. Radikal müxalifət meydanda tək və yazıq görkəmdə görünürdü. Bu mitinq də təsdiqlədi ki, ölkəmizdə dağıdıcı müxalifətə hamı nifrət edir və belələrinə cəmiyyətdə yer yoxdur.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında