Dağıdıcı müxalifət uğursuzluq bataqlığından çıxa bilmir

 

Dağıdıcı müxalifət nə az, nə çox tam  23 ildir uğursuzluq bataqlığından çıxa bilmir. Reallıq budur ki, radikallar nə  qədər çalışsa da və bütün resurslarını səfərbər edib azsaylı narazı qüvvələrə davamlı müraciətlər etsələr də, keçirmiş olduqları istənilən mitinqə ən çoxu min nəfərə qədər insan gəlir. Mitinqlərdə tək qaldıqlarını gördükdə, onlar müxtəlif bəhanələrlə günahı iqtidarda axtarmağa çalışırlar. Bu gün ölkəmizdə dağıdıcı düşərgənin heç bir sosial bazası yoxdur. Çünki aqressiv müxalifətin çağırışlarına xalq cavab vermir. İnsanlar onların boş, yalan vədlərinə qulaq asmaqdan bezib. Bunun ən başlıca səbəbi ölkə əhalisinin mütləq əksəriyyətinin Azərbaycanda gedən inkişaf proseslərindən razı qalmasıdır.

Digər tərəfdən, radikal düşərgənin “bel sütunu” hesab edilən AXCP ilə Müsavat Partiyası, həmçinin dağıdıcı müxalifətin bütün daşıyıcıları arasında fikir birliyi olmayıb. Müəyyən zaman kəsiyində bu və ya digər qurumların çətirləri altında birləşib fəaliyyətlərini davam etdirsələr də, nəticə etibarı ilə ciddi xarakter daşıyan anlarda onların heç biri öz ambisiya və iddialarından əl çəkməyiblər. Onlar bir yerdə olsalar da, biri digərini qəbul etmir, müəyyən qondarma qurumlarda bir araya gəlsələr də, maraqları toqquşduğu üçün əməldə birlik heç vaxt baş tutmur.  Vaxtilə müxalifət “Demokratik Konqres” adlı qondarma bir qurum yaratmışdı. Sonradan bu qurum parçalanaraq  “Demkonqres-1” və “Demkonqres-2”  qanadlarına bölündü və tarixin arxivinə getdi. SİDSUH (Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat) adlı bir təşkilat isə cəmi iki il mövcudluğunu qoruya bildi.  Radikal düşərgədə yaradılan Demokratiya Uğrunda Böyük Birliyə (DUBB) qarşı yenə həmin düşərgədə Demokratiya Uğrunda Hərəkatı (DUH) adlı alternativ bir qurum meydana gəldi. Onlar da qısa zamanda “yoxa” çıxdılar. Birləşmiş Müxalifət Hərəkatının (BMH), “Bizim Azərbaycan” seçki blokunun,  “YeS”-in, “Azadlıq” Seçki Blokunun, AXCP-Müsavat Seçki Blokunun aqibəti də eyni oldu. Bəzilərimiz bu gün onların adını belə xatırlamırıq.  Ziyalılar Forumunun,  “İctimai Palata”nın, “El” hərəkatının və dağıdıcı müxalifətin yaratdığı istənilən qondarma qurumun taleyi də belə olacaq. Bütün bunları bilən, reallıqları görən Azərbaycan ictimaiyyətinin bu düşərgənin liderlərinə inamsızlıq nümayiş etdirməsi, onları çağrışlarına biganə yanaşması tamamilə normal hesab edilir.

Qaragüruhun keçirdiyi 22 sentyabr mitinqi bunun ən bariz nümunəsi oldu. Bu mitinq o qədər biabırçı oldu ki, radikalların “öncüllərindən ” biri olan ACP lideri Rəsul Quliyev partiya sədri Sülhəddin Əkbərlə telefon danışığında həmin mitinqi “multfilm” adlandırdı, “Əliynən İsanı”  “İsgəndər Həmidovun çıxışı ilə prezident olmağa”  çalışmaqda ittiham etdi, “balaca stadionun 50 faizini doldura bilməyən” dağıdıcıları qınadı. Başqa bir açıqlamasında müxalifətin düşdüyü biabırçı vəziyyəti nəzərə alan Rəsul Quliyev təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, bu düşərgənin seçkilərdə məğlub olmasının səbəbi elə müxalifətin özüdür: “Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. Bu işi onlar üçün özləri yox, biz müxalifət görürdük. 2013-cü ilin birinci beş ayı amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım vahid namizəd seçməyə həsr olundu. Və vahid namizəd seçiləndən 15 gün sonra dərhal alternativ namizəd ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memarandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın  müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib”.

Rəsul Quliyev müxalifət liderləri nəhayət, istefa verməli olduqlarına da işarə vurub: “Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məğlubiyyətə görə istefavermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktik olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi”. Bu məqamda bir daha yada salaq ki, radikal müxalifət rəhbərləri arasında ACP liderinin “xüsusi yeri” var. Yəni öz gözündə tiri qoyub, başqalarının gözündə tük axtaran Rəsul Quliyev də istefa mədəniyyəti nümayiş etdirib, siyasətdən uzaqlaşaraq onlara nümunə göstərməli idi. Baxın görün, o, özünə necə bəraət qazandırıb: “Mənə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Çünki mən hakimiyyətə gəlməkdən çox, bu iqtidarın əleyhinə mübarizə aparıram. Hakimiyyətə gəlmək mübarizəsində iştirak etməyə imkan vermirlər. Ona görə də nə qədər ki, bu hakimiyyət mövcuddur, mənim mübarizəm də davam edəcək. Sözsüz, bu seçkilərdən sonra klassik mübarizə konsepsiyasında köklü dəyişiklik edəcəyəm. Qələbəyə söz verməsəm də, hər halda hakimiyyəti laxlatmağa, zəiflətməyə nail olacağıma inanıram... İndiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini görmürəm. Onların “azad seçkilər olsaydı udardıq, ona görə də siyasətdən getməyəcəyik” ideologiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil". Hər halda bunun əlavə şərhə ehtiyacı yoxdur.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov  müxalifətin qara zolaqdan çıxa bilməməsini, bu düşərgənin özündə axtarmağı lazım bilir. Onun fikrincə, müxalifət qarşıdurma, intriqa məkanına çevrilib. Mirmahmud Mirəlioğlu, Əvəz Temirxan, Sülhəddin Əkbər radikal müxalifətin digər qanadının sərgilədiyi mövqeyə biganə yanaşaraq onların yanında olmadıqlarını nümayiş etdirməklə parçalanmanı daha da sürətləndiriblər. AMİP funksionerinə görə, müxalifət indiki pis duruma birdən-birə düşməyib. Mərhələ-mərhələ olaraq buraxılan səhvlərin nəticəsində bu vəziyyət yaranıb. Səhvlərdən nəticə çıxarılmaması da burada öz sözünü deyib. Bu gün müxalifətin özündə də buraxılan səhvləri araşdırıb bundan nəticə çıxaran qurumlar yoxdur. Belə bir təşəbbüsləri də görməmişik. Eyni zamanda, bu düşərgənin liderləri etdikləri səhvləri etiraf etmək mədəniyyətinə də malik deyillər: “Hər kəs elə bilir ki, atdığı bütün addımlar doğrudur. Amma bu belə deyil. İnsan varsa, fəaliyyət varsa, burada yanlışlıqlar da ola bilər. Təkrar-təkrar o yanlışlıqları yenidən siyasətə daşımaq və yaxud da köhnə stereotiplərdən kənara çıxmamaq da nəticə etibarı ilə onları uğursuzluq məngənəsinə salacaqdır. Söhbət ondan gedir ki, müxalifət yenilik, dəyişiklik istəsə də, bu dəyişiklik sözügedən düşərgənin özündə yoxdur. Bu yeniliyi, dəyişikliyi gerçəkləşdirəcək potensial da üzdə deyil. İnsanlar beş, on il eyni şeyi görüb eyni ideyanın ardınca gedəndə yorulurlar. Bu müxalifətə inanan və arxasınca gedən insanları da bir növ bezdirib. Ona görə də yenilik istəyən kəs özü yeniləşməlidir”. Əli Orucov belə hesab edir ki, illərlə radikal düşərgədəki eyni liderlərin eyni fikirləri səsləndirməsi azsaylı elektoratı da yorur.  Komanda yeni və uğurlu olsa insanlar yeniləşməyə, inkişafa daha çox meylli olarlar. Bu baxımdan, belə düşünürük ki, bu seçkidən sonra Azərbaycan siyasi arenasında yeni qüvvələrin görünməsi təbii proseslərin gedişi olacaq və bu realdır. Özünü ənənəvi müxalifət adlandıran siyasi qüvvələrin liderləri artıq tarixin arxivinə gömülməkdədirlər. Ona görə də o insanlar imkan yaratmalıdırlar ki, yeni simalar meydana çıxsınlar və siyasi təfəkkürü dəyişsinlər, həm də müxalifətə yeni baxışlar gətirib ölkədəki gərgin situasiyanı aradan qaldıra bilsinlər. Bu qarşıdurmanı, düşmənçiliyə istiqamətlənmiş siyasi kursu aradan götürsünlər.

Dağıdıcı müxalifət düşərgəsinin uğursuzluq bataqlığından xilas ola bilməməsinin digər önəmli bir səbəbi də,  onların xaricdəki antimilli, antiazərbaycan dairələrlə, erməni lobbisi ilə birlikdə hərəkət etməsi, onların tapşırıqlarını yerinə yetirməsidir. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa,  iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Faktiki olaraq, Azərbaycandakı dağıdıcı müxalifət partiyalarının sədrləri xarici antiazərbaycançı dairələrin ölkəmizdəki “beşinci kolon”nun funksiyasını yerinə yetirirlər. “Beşinci kolon”nun (isp. Quinta columna) – İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Respublikasında fəaliyyət göstərən agenturasına verilən qeyri-rəsmi ad olduğunu, məcazi mənada düşmənin hər hansı gizli agentləri – diversantlar, casuslar, terrorçular və s. nəzərdə tutulduğunu, artıq hamımız bilirik. Onu da bilirik ki, İkinci Dünya müharibəsi ərəfəsində və müharibə zamanı “beşinci kolonna” termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Azərbaycandakı ifrat radikal müxalifət də əməllərinə görə ictimaiyyət tərəfindən “beşinci kolon” adlandırılır.

Hər kəsə məlumdur ki, erməni lobbisinin təsir dairəsində olan bəzi beynəlxalq təşkilatlar Azərbaycanın dünyada artan nüfuzuna zərbə vurmaq məqsədilə ölkəmiz barədə əsassız hesabatlar hazırlayır, məlumatlar yaymağa çalışırlar. Antiazərbaycan qüvvələr öz ofislərində, dövlətlərində oturaraq ölkəmizdən ötürülən yanlış məlumatlar vasitəsi ilə respublikamıza qarşı çirkin niyyətlərini həyata keçirir və informasiya müharibəsindəki şər, böhtan xarakteri daşıyan fikirlərini ən müxtəlif formada yaymaqla məşğul olurlar. Əslində, bu, ermənilərin Azərbaycana qarşı apardıqları informasiya müharibəsinin əsas məqamlarından biridir. Fakt isə budur ki, ölkəmizdəki  məlum antimilli qüvvələrin qərəzli dosyeləri olmasa, respublikamıza qarşı çirkaba, qeyri-obyektivliyə söykənən böhtan dolu hücumlar olmaz. Bunun başlıca səbəbkarları ölkəmizdəki bəzi QHT-lər, həmçinin radikal düşərgədəki siyasi partiyalardır. Mahiyyət etibarı ilə öz fəaliyyətini biznes məqsədləri üzərində quraraq Azərbaycana şər və böhtan atıb pul qazanmağa çalışan qaragüruha ictimaiyyətin münasibəti çox kəskindir və cəmiyyət onları məhz seçkilərdə “cəzalandıraraq” onların heç bir nümayəndəsinə  səs vermir.

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında