Vətənə xəyanət edənlər Vətənsiz qalar...
Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətov İrəvanda səfərdədir. Bu, onun düşmən ölkəyə ilk səfəri deyil. Vətənə xəyanət etdiyinə görə Azərbaycan vətəndaşlığından çıxarılan Əlikram Hümbətov hazırda Hollandiyada yaşayır və qonşu ölkəyə vaxtaşırı gəlişi ilə düşmənin xidmətində olduğunu bir daha təsdiq edir.
ANS PRESS BBC-yə istinadən xəbər verir ki, Əlikram Hümbətov İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib. Kafedra müdiri Qarnik Asatryan vətən xaini “Talış-Muğan Respublikası”nın “prezidenti” kimi təqdim edib.
Əlikram Hümbətov BBC müxbirinin azərbaycanca sual vermək cəhdindən yayınıb. Professor Asatryan İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasında öz dövlətçiliyi olmayan Şərq xalqlarının tarixinin və mədəni irsinin öyrənilməsi üzrə tədqiqatlar aparıldığı haqqında məlumat verib.
O, son illər xüsusilə “talışşünaslıq” üzrə xeyli “iş” görüldüyünü qeyd edib. Deyib ki, İrəvan Dövlət Universiteti İranşünaslıq kafedrasında professor Qarnik Asatryanın rəhbərliyi altında “Talış xalqının tarixi və mədəniyyəti müqəddiməsi” kitabı, rus dilində “Talış xalq nağılları” çap olunub, talış əlifbası dərsliyi tərtib edilib və İslam Təhqiqatlar Mərkəzi və İmam Əli Tehran Humanitar Təhqiqatlar Mərkəzi ilə birlikdə müqəddəs Qurandan seçilmiş ayələr talış dilinə tərcümə olunmaqdadır.
“Lragir.am” informasiya saytının məlumatına görə, Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətov daşnak millətçiləri ilə görüşlər keçirmiş, sonra Dağlıq Qarabağa yola düşmüşdür.
ANS PRESS-in bu məlumatı iyirmi il bundan əvvəl Azərbaycanın cənub bölgəsində şahidi olduğum hadisələri bir daha yada saldı. Müstəqilliyini yenicə qazanmış Azərbaycan AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri olmuş Stenli Eskudero da gizlətmirdi. O, ölkə mətbuatında dərc edilmiş məqaləsində yazırdı ki, əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, atəşkəs əldə olunmasaydı Azərbaycan qonşu dövlətlər arasında üç yerə bölüşdürüləcəkdi.
1993-cü ildə mən Lənkəran-Astara bölgəsi üzrə “Xalq qəzeti”nin xüsusi müxbiri işləyirdim. Bütün ölkədə olduğu kimi, cənub rayonlarında da hakimiyyət böhranı gündən-günə dərinləşirdi. AXC-Müsavat cütlüyünün təyin etdiyi icra hakimiyyəti başçıları səriştəsiz olduqları üçün vəzifələrinin məsuliyyətini anlaya bilmirdilər. Rayonlarda sosial-iqtisadi tənəzzül dözülməz həddə çatmışdı. Rəhbərliyə qarşı narazılığın baş alıb getdiyi belə bir məqamda, daha dəqiq desək, 1993-cü il iyunun 14-də keçmiş cəbhəçi Əlikram Hümbətov silahlı dəstəsi ilə Lənkəranda hakimiyyəti ələ keçirdi.
Özünü reklam etməyi xoşlayan Əlikram Hümbətov tez-tez mətbuat konfransları təşkil edir, Lənkərandakı “Cənub” özəl televiziya kanalı vasitəsilə müsahibələr verirdi. Lənkəran Şəhər İcra Hakimiyyətində təşkil olunmuş ilk mətbuat konfransında (17 iyun 1993-cü il) Əlikram Hümbətov heç nədən və heç kimdən çəkinmədən hansı məqsədlərə xidmət edəcəyini açıq söylədi. Əvvəlcə ölkədə hökm sürən yiyəsizlikdən, ictimai-siyasi böhranın son həddə çatmasından, cəbhədə bir-birinin ardınca baş verən uğursuzluqlardan danışan Əlikram Hümbətov əlavə etdi ki, ermənilər bütün cəbhə boyu Kür çayınadək irəliləyəcəklər. Buna görə də biz (?!) belə qərara gəlmişik ki, Azərbaycanı xilas etmək üçün (?!) ölkənin cənub bölgəsində yeni bir qurum yaradaq.
Bu, açıq-aydın Azərbaycanın parçalanmasında Ə.Hümbətovun iştirakını sübut edirdi. Odur ki, Əlikramdan soruşdum:
- Dediniz ki, ermənilər Salyanadək gələcəklər. Onda sizin Biləsuvardakı yolayrıcında qoyduğunuz tankların taleyi necə olacaq?
- Heç cür. Necə var, elə də duracaqlar. Hər şey danışılıb, razılaşdırılıb (?!). Bizim bölgəyə (?!) toxunmayacaqlar.
Amerika səfirinin açıqlaması da onu göstərir ki, həqiqətən Azərbaycanın taleyi o vaxtlar ölkənin daxilində deyil, başqa beynəlxalq dairələrdə, xarici kəşfiyyat orqanlarında həll edilirdi.
Azərbaycanı parçalamaq istəyənlər ölkədə separatçılıq toxumu səpənlərdən biri kimi tanınan Əlikram Hümbətovun dilindən səslənəcək müraciətdə o dövr üçün ən ağrılı, ən qıcıqlandırıcı məsələləri daha qabarıq şəkildə verməyə çalışmışdılar:
- AXC hakimiyyətə yiyələndikdən sonra, meydanlarda xalq qarşısında verdiyi vədləri unutdu. Respublikanın iqtisadiyyatı sürətlə dağıldı, dövlət idarələrinin fəaliyyəti bir ovuc natəmiz adamlara xidmət etməyə başladı. Ölkənin maddi-mənəvi sərvətləri vəhşicəsinə talandı. Əsrlər boyu bu torpaqda qardaşcasına yaşamış türklərin, talışların, tatların, ləzgilərin, rusların və başqa millətlərin arasında düşmənçilik toxumu səpildi...
Erməni işğalçıları ilə ölüm-dirim müharibəsində dövləti idarə edən başçılar cinayətkarcasına seyrçi mövqe tuturlar. Cavanlarımız qırılır, namusumuz ayaqlar altına salınır, torpaqlarımız hissə-hissə düşmənə təslim edilir, kəndlərimiz, şəhərlərimiz yandırılıb külə döndərilirdi. Ölkə başdan-başa qaçqınlar məmləkətinə çevrilmişdi.
Xalqın əmlakı, yeraltı, yerüstü sərvətlər, ictimai binalar, fabrik-zavodlar, torpaqlar su qiymətinə xarici şirkətlərə satılır. Necə deyərlər, müstəqilliyin sevincini dadmamış, yeni-yeni dövlətlərin köləsi olmaq təhlükəsi ilə üzləşirik. Düşünülməmiş addımlar şəhidlərimizin sayını artırır, torpağımız qan ağlayır.
Bu müraciət Ə.Hümbətovun məntiqi, ağlı, düşüncəsi deyildi. Hiss olunurdu ki, o, kəşfiyyata xidmət edən xarici institutlardan birində hazırlanmış məruzəni oxuyur: Belə bir vəziyyətdə, dəhşətli “subtropik əməliyyatı” keçirildi, sonra vətəndaş qırğını törədildi, Gəncədə qardaş qanı axıdıldı.
Hamı bilirdi ki, Surət Hüseynovla Əlikram Hümbətov əlbirdir. Sonra o, xalqı qorxuya salmaq üçün hədələrə keçdi:
- Bu qan sabah Azərbaycanın hər yerində, o cümlədən bizim zonada - Astarada, Lənkəranda, Masallıda, Lerikdə, Yardımlıda, Cəlilabadda, Biləsuvarda da axıdıla bilər. Mənsəbpərəstlər Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirlər. Məhz ona görə də Lənkəranda və ətraf rayonlarda yerləşən hərbçilər (?!) xalq qarşısında məsuliyyətlərini (?!) dərk edərək bu bölgədə yaşayan əhalinin təhlükəsizliyini öz üzərlərinə götürür və həmin ərazidə yeni qurum yaradılmasını elan edirlər. Bu qurum milli tərkibinə görə yox, ərazi prinsipinə görə yaradılır. Çünki bölgəmizin tarixi keçmişi və coğrafi-ərazi mövqeyi buna əsas verir.
Müraciətin sonunda o vaxtkı dövr üçün səciyyəvi olan deklarativ fikirlər səslənirdi: “Biz yalançı xalq deputatlarını geri çağırmağı, qeyri-legitim Milli Məclisi buraxmağı və Ali Sovetin səlahiyyətlərinin bərpa olunmasını tələb edirik”.
Kim idi Əlikram Hümbətov? Lənkəran rayonunun prokuroru işləmiş baş ədliyyə müşaviri Nazim Tağıyev vaxtilə mənə verdiyi müsahibədə onu belə xarakterizə etmişdi:
- 1948-ci ildə Lerik rayonunda anadan olan, avtomexanik işləyən Əlikram Hümbətov hələ 1990-cı il yanvarın 11-dən 26-na kimi Lənkəranda hakimiyyəti ələ keçirərək dövlət cinayəti törətmişdi. Altı nəfər lənkəranlının şəhid olması ilə nəticələnən həmin hadisə vaxtı Ə.Hümbətovun AXC-dəki bir neçə silahdaşı tutulsa da, o, qaçıb gizləndi, bir ilə yaxın axtarışdan sonra həbs olundu.
Mən onda Respublika Prokurorluğunda xüsusilə mühüm işlər üzrə istintaq şöbəsinin rəisi işləyirdim və Ə.Hümbətovun cinayət əməllərinin istintaqı bizə həvalə olunmuşdu. Mühüm işlər üzrə müstəntiq Rüstəm Usubovun peşəkarlığı sayəsində Ə.Hümbətovun cinayəti tam sübuta yetdi və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-3, 220, 220-1 maddələri ilə təqsirli bilinərək məhkəməyə verildi.
Əlikram Hümbətov xalq hərəkatı başlayanda cəbhəçilərə qoşulub. AXC İdarə Heyətinin üzvü seçilib. 1991-ci ildən Sosial-Demokrat Partiyasına yazılıb, Lənkəranda özünü müdafiə dəstəsi yaradıb, qeyri-qanuni silahlar əldə edib.
Əlikram Hümbətovla ilk dəfə 1991-ci ilin payızında, Masallı Rayon Partiya Komitəsinin birinci katibinin kabinetində tanış olmuşam. Qəzetin bölgəyə yeni təyin olunmuş xüsusi müxbiri kimi, hər şeylə maraqlanırdım. Katiblə rayonun adamlarından, iqtisadiyyatından tutmuş, şəxsi məsələlərə kimi, hər şey ətrafında səmimi, maraqlı söhbət aparırdıq. Birdən qapı açıldı. Otağa arıq, hündürboy, eynək taxmış çəlimsiz bir nəfər daxil oldu. Katibin təhər-töhüründən hiss etdim ki, kabinetə girənin qəfil gəlişi ürəyincə olmadı. Çağrılmamış qonaq şəstlə, ərkyana katiblə görüşdükdən sonra mənimlə salamlaşdı, maraq dolu nəzərləri ilə ətrafa baxdı. Çaşqınlıq içərisində qaldığımı hiss edən katib dilləndi:
- Görürəm tanış deyilsiniz, eyni şəhərdə - Lənkəranda yaşasanız da, yəqin birinci dəfə görüşürsünüz. Əlikram Hümbətov bizim bölgənin “inqilabçı”larındandır.
Katibin sözləri Əlikramın ürəyinə yağ kimi yayıldı. Özündən razı halda gülümsədi və heç nədən çəkinmədən ötkəm-ötkəm danışmağa başladı. Onun haqqında hələ Naxçıvanda işlədiyim səksəninci illərdə, xalq hərəkatının ilk dalğaları qalxan vaxtda eşitmişdim. İranla respublikamızın arasındakı sərhəd dirəklərinin dağıdılmasında, 1990-cı ilin Qanlı Yanvar günləri zamanı Haftoni meşəsində gənc, təcrübəsiz cavanları təpədən dırnağadək silahlanmış rus əsgərlərinin qarşısına çıxararaq qırğına verməsində Əlikramın “xidmət”lərindən xəbərdar idim. Bilirdim ki, başına qanunsuz silahlı dəstə yığıb zorakılıqla, özbaşınalıqla məşğuldur.
Sonralar öyrənmişdim ki, Əlikram Hümbətov 1990-cı ilin Yanvar dəhşətlərindən, vəhşiliklərdən qəzəblənərək, etiraz əlaməti kimi Xalq Cəbhəsindən uzaqlaşaraq sosial-demokratlara qoşulub. Sovet ordusu Lənkərandan çıxanda, diviziyanın qərargahını, müxtəlif növ silahları, ağır döyüş texnikasını ata malı kimi ələ keçirib, özünü hakimi-mütləq elan edib. Bu boyda həngaməyə hamı göz yumub. Heç bir hərbi ixtisası olmayan bu adam o qədər azğınlaşıb ki, yaşadığım evin qonşuluğunda yerləşən rus generalına məxsus xidməti mənzili həyətyanı sahəsi ilə birlikdə zəbt edib, həmin mülkü dədə malı kimi özəlləşdirib.
1992-ci il Xocalı soyqırımından sonra Əlikramın sözü sosial-demokratlarla da çəpləşib. Bir müddət Müdafiə Nazirliyində idarə rəisi vəzifəsinədək yüksəlib.
Sonradan məlum olacaq ki, bütün bu işlər xaricdə hazırlanmış plan əsasında həyata keçirilib. Xocalı müsibətləri üzərindən sükutla addımlayan, alınmaz qala saydığımız Şuşanın işğalından sonra hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün funksionerləri Laçını da ermənilərə peşkəş edərək ölkəni dağıtmağa başladılar. Bu, əsl vandalizm idi. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynli, Arif Hacılı və onlara bənzər qeyriləri bir ilin içərisində Azərbaycanı miskin vəziyyətə saldılar. Narazılıq son həddə çatmışdı. Ölkəni parçalamaq planına start verilmişdi. Cəbhədə uğursuzluqlar bir-birini əvəz edirdi, Kəlbəcərin süqutu əhalini ayağa qaldırmışdı.
O vaxt baş verən Gəncə hadisələri kulminasiya nöqtəsinə çatdı. İsa Qəmbər, Pənah Hüseynli, Əli Kərimli mövcud hakimiyyətə itaətsizlik nümayiş etdirən Surət Hüseynova “dərs vermək” qərarına gəldilər. 1993-cü il iyunun 4-də bilavasitə onların rəhbərliyi altında “Tufan” əməliyyatı keçirildi. Surət Hüseynova tabe olan 709-cu hərbi hissənin əsgərləri ilə hökumət qoşunları arasında atışma baş verdi, hər iki tərəfdən xeyli ölən və yaralanan oldu. Bu uğursuz əməliyyat AXC-Müsavat cütlüyünün hakimiyyyətinə son qoydu. Xalqın böyük istək və arzusu ilə Heydər Əliyev xilaskar kimi Naxçıvandan Bakıya dəvət olundu.
Telman ƏLİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.