Radikal müxalifət yeni “multfilm” - mitinq ssenarisi hazırlayır

 

 

 

Radikal müxalifətin nə siyasi proqramı var, nə də konsepsiyası

Biz artıq prezident seçkilərinin keçiriləcəyi günə daha da yaxınlaşırıq. Ölkəmizin hər yerində prezident seçkilərinin demokratik əhval-ruhiyyədə, şəffaf və ədalətli  keçirilməsi üçün ciddi hazırlıq işləri gedir. Bunu seçki prosesinə  hazırlıq işləri ilə tanış olan beynəlxalq qurumların nümayəndələri də təsdiqləyirlər. Siyasi mənsubiyyətindən asılı olmayaraq  prezidentliyə namizədliyi təsdiq olunmuş 10 nəfərin hər biri üçün bərabərhüquqlu şərait yaradılıb. Bu da ölkəmizin demokratik ənənələrə sadiqliyinin bariz nümunəsidir.

Prezident seçkilərinə hələ xeyli vaxt qalmış bu zəruri siyasi kampaniyanı pozmaq istəyən antiazərbaycan dairələrin ikrah doğuran  əməlləri özünü çox gözlətmədi. Onlar bəzi xəyanətkarlarla əlaqəyə girərək çirkli pullar hesabına ölkədə çaşqınlıq yaratmağa cəhd edir, radikal müxalifət nümayəndələrinin yalan və böhtanla dolu məlumatları əsasında qərəzli hesablar hazırlayaraq ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə çalışırdılar. Bu gün də həmin xəyanətkarlar öz antimilli əməllərindən əl çəkmirlər. Ancaq həyata keçirilən məntiqli daxili və xarici siyasət  satqınların xəyanətkar əməllərinin qarşısını alır. Hətta, cəmiyyətdə  araqarışdıran kimi tanınan radikal müxalifət  təmsilçiləri təhqirlərə əl atsalar da, onların təxribatları fiaskoya uğrayır.

Dağıdıcı müxalifət bu günlərdə şəhərin mərkəzində keçirdiyi icazəli mitinqdə özünün iç üzünü, xəbis niyyətini bir daha ortaya qoydu. Həmin mitinqin təşkilatçıları olan AXCP və Müsavat Partiyasının rəhbərliyi ölkədə qarşıdurma yaratmaq, seçki ərəfəsində müxtəlif təxribatlar törətmək niyyətində olduqlarını ört-basdır edə bilmədilər. Lakin, onların bu cəhdləri də baş tutmadı. Hətta təşkil etdikləri bu mitinq öz həmfikirləri tərəfindən ciddi tənqid olundu. Radikal müxalifətin keçirdiyi mitinq özləri tərəfindən  “multfilm” səviyyəsində dəyərləndirildi. ACP lideri Rəsul Quliyevin mitinqi izlədikdən sonra partiya sədri Sülhəddin Əkbərlə telefon danışığı da bunu təsdiqləyir. Rusiyadan tutmuş ölkəmizin müxtəlif internet saytlarında yayınlanan telefon danışığının audio yazısında Rəsul Quliyev radikal müxalifətin keçirdiyi mitinqi ələ salıb. Səs yazısına gəlincə, danışıqdan bəlli olur ki, radikal müxalifətin  22 sentyabr mitinqini canlı izləyən (yada salaq ki, Azadlıq Radiosu mitinqi canlı yayımlayırdı) Rəsul Quliyev ABŞ-dan partiyasının sədri Sülhəddin Əkbərə zəng vuraraq təəssüratlarını bölüşür. ACP lideri Sülhəddin Əkbərlə telefon danışığında deyib:

– Salam, Sülhəddin.

– Salam, salam. Necəsiz?

– Yaxşıyam, sağ ol. Siz orda ə, nə multfilm düzəltmisiniz ə, ayıb-ayıb? Sən öl, kefsiz e. Ə, multfilmdi e o, “nastoyaşşi”. Sülhəddin, sən çox düzgün hərəkət eləmisən, gedib çıxmamısan o tribunaya.

Hətta, ACP lideri Sülhəddin Əkbərlə danışıqda müxalifət liderləri, xüsusilə də “EL” Hərəkatının rəhbəri, siyasi riyakar Eldar Namazov haqda təhqiramiz ifadələr də işlədib. Etika xatirinə həmin danışıqları yazmırıq. Görünür Rəsul Quliyev haqqında təhqiramiz ifadələr işlətdiyi müxalifət liderlərini daha yaxından tanıyır. Axı, neçə illərdir ki, onlarla birgə əməkdaşlıq edir, hakimiyyəti qeyri-konstitusion yollarla ələ keçirmək üçün radikallarla eyni yolun yolçusu olub. Onların bütün xislətinə, çoxlarına bəlli olmayan əməllərinə daha yaxşı bələddir.

Rəsul Quliyev, hətta,  Sülhəddin Əkbərin həmin mitinqə qatılmasını təqdir edir.

Mitinqdə səslənən səviyyəsiz, qeyri-etik çıxışlar da sabiq spikerin diqqətindən yayınmayıb. O, buna da münasibət bildirərək deyib:

– Bunlar nətəhər (təhqir edir) insanlardır. Bu İsgəndər Həmidov... nətəhər adamlardır ə, bu Əliynən İsanı mən başa düşə bilmirəm... Deməli, bu İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyirlər?  Ə, o balaca stadionun 50 faizini doldura bilməmisiniz...

Göründüyü kimi, dağıdıcı müxalifətin şəhərin mərkəzində də keçirdiyi mitinqə gələn olmayıb. Onlar həmişə keçirmək istədikəri mitinqə Bayıl qəsəbəsindəki 20-ci yaşayış sahəsində yer ayrılmasından giley-güzar edərək deyirdilər ki, guya həmin ərazi mitinq keçirilməsi üçün   məqsədli şəkildə nəzərdə tutulub. Müxalifət bunu onunla əsaslandırırdı ki, bu ərazi şəhərin mərkəzindən uzaq olduğundan iştirakçılar gələ bilmirlər. Ancaq bu dəfə bəhanə tapa bilmirlər. Çünki növbəti mitinq  üçün paytaxtın mərkəzində yer ayrılmışdı. Özü də metronun bir addımlığında. Bəs onların dedikləri 20 min iştirakçı niyə gəlib çıxmadı? Elə Rəsul Quliyev də deyir ki, balaca bir stadionun 50 faizini doldura bilmədiniz.

Dağıdıcı müxalifətin keçirdiyi sonuncu mitinqin sönük, milli mentalitetimizə yad, təhqiramiz  çıxışlarla yadda qalması digər müxalifət nümayəndələri tərəfindən də ciddi tənqid olunub.

REAL təşkilatının Məclis sədri Erkin Qədirliyə məxsus fikirlər də bunu təsdiqləyir. O, mitinqdən məyus ayrıldığını bildirərək yazır: “Bu gün mitinqə getmişdik (ailəvi). Uşaqla olduğumuzdan, stadiona buraxılmadıq. Çıxışları kənardan dinləməli olduq. Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsindən tanıya bilmədim. Çox pis aparıcılıq etdi. Çıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s. Suallar da uğursuz idi... Yeni məna yaratmır, ancaq yersiz qıcıq verir, təxribatçı məqsədlər üçün də istifadə oluna bilər. İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi?  Adamın danışığına fikir verdinizmi? O nə idi?”

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli də mitinq haqqında fikirlərini bölüşüb. O, mitinqdə iştirak etdiyini, hər şeyin şahidi olduğunu bildirib və iştirakçıların əksəriyyətinin düşünmək qabiliyyətlərini itirmiş “narıncı” çocuqlar olduğunu vurğulayıb.

 

 Ölkədə ara qarışdırmağa cəhd edən ünsürlər seçki ərəfəsində müxalifət nümayəndələrinin həbs olunmaları barədə şayiələr yayaraq bunu insan hüquq və azadlıqlarının pozulması ilə əlaqələndirməyə çalışırlar. İki sinif yoldaşının  nəyinsə üstündə bir-biri ilə küçədə savaşmalarının və xuliqanlıq etmələrinin seçki ilə nə əlaqəsi ola bilər? Təsadüfən həmin uşaqlardan birinin atası müxalifət nümayəndəsidirsə və cəmiyyətdə onu müxalifət kimi tanıyan yoxdursa, bundan siyasi məqsədlər üçün istifadə etməyin özü təxribatdır. Ölkəmizdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında cavab verməlidir. Ona görə də kimlərinsə xuliqanlıq hərəkətlərinə siyasi don geyindirməklə məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil. Küçədə iki məktəbli  uşağın, valideynlərinin hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, bir-birilərini bıçaqlamaları ən azı xuliqanlıqdır. Bundan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir.

Radikal müxalifət nümayəndələri yeni “multfilm” - mitinq  ssenarisi üzərində işləyirlər. Bunu özlərinin himayəsində olan kütləvi informasiya vasitələrində gen-bol reklam edirlər. Yenə də 20 min iştirakçıdan dəm vururlar. Deyəsən, ötən mitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidovun qeyri-etik çıxışının məğzini indi dərk edə biliblər. Ona görə də yeni çıxışçılar axtarırlar. Ancaq hələ də axtardıqlarını tapa bilmirlər. Çünki heç kim onların keçirdiyi aksiyaya qatılıb özlərini biabır etmək istəmir. 22 sentyabr  mitinqinin rüsvayçılığından hələ də özlərinə gələ bilməyən bəzi müxalifət nümayəndələri ümumiyyətlə, növbəti aksiyalara qatılmaq fikrində olmadıqlarını bəyan ediblər. Ancaq belə antimilli, qeyri-etik, milli mənafelərimizə zidd hərəkətlərə adət etmiş AXCP - Müsavat cütlüyünün rəhbərləri növbəti mitinqə iştirakçı toplamaq üçün yenə də yalan, şirnikləndirici vədlər verir, dəridən-qabıqdan çıxırlar. Onlar üçün aksiyada qeyri - etik fikirlərin, dövlətçilik, ayrı-ayrı şəxslər əleyhinə şüarların səsləndirilməsi  adi hala çevrilib. Çünki siyasi  mübarizə aparmaq iqtidarında deyillər. 25 il  müxalifətçilik  edən  insanların,  partiya  və  hərəkatların  nə proqramları var, nə də konsepsiyaları. Odur ki,  xalq bunları  küçə müxalifəti adlandırır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında