“Virtual Azərbaycan”: Xalq müxalifətçilərə tərəf heç baxmağı da özünə rəva bilmədi
Bugünkü Azərbaycan müxalifətinin bütün təmsilçiləri ümumilikdə etiraf etməsələr də, ayrı-ayrılıqda , konkret müsahibələrdə və ya çıxışlarda etiraf edirlər ki, artıq nəinki ölkədə hakimiyyətə gəlmək iqtidarında deyillər, hətta, mövcud iqtidarla siyasi mübarizə aparmağa belə gücləri yoxdur. Güc deyəndə söhbət təkcə puldan, maddi imkanlardan getmir. Söhbət təkcə puldan gedərsə, o məsələni asanlıqla həll edə bilərlər. Çünki bu gün Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını gözü götürməyən, bizə badalaq gəlmək istəyən kifayət qədər erməni təşkilatları və ermənipərəst qüvvələr var və onlar bizim müxalifətin istədiyi vəsaiti məmnuniyyətlə ayıra bilərlər. Siyasi düşərgənin, bu məqamda müxalifətin gücü deyəndə ilk növbədə yada düşən məhz xalqın bu adamlara inamı, etimadı olur.
O da göz qabağındadır. İndiki gücləri ilə, yəni xalqın onlara inanan hissəsinin səsi ilə ən yaxşı halda ümumi seçicilərin 1 və ya 2 faizinin səsini qazana bilərlər. Bunu düşərgə mənsublarının dilindən eşitmək daha maraqlıdır.
AXCP və Müsavat rəhbərləri bir müddət əvvəl Bibiheybət qəsəbəsində, icazəli aksiyalar üçün ayrılmış ünvanda keçirdikləri mitinqin uğursuz alınmasını malalamaq üçün təkcə bir-birini ittiham etməmiş, həm də çoxsaylı bəhanələr uydurmuşdular. “Mitinqə gözləniləndən az adam gəlməsinin əsas səbəbi havanın həddən artıq isti olması idi”, “Bizim aksiyamızın şəhərdə keçirilməsinə icazə verilərsə, meydana bundan on qat, iyirmi qat artıq adam toplaya bilərik” kimi bəhanələrdən sonra öz siyasi tərəfdaşlarına növbəti yalan vədlər də verdilər və ötən bazar günü həmin vədlər də sabun köpüyünə çevrildi. Hələ bir həftə əvvəldən elan edirdilər ki, Yasamal rayonundakı “Məhsul” stadionunda keçiriləcək növbəti mitinq bütün Bakını titrədəcək. Ancaq adıçəklən mitinq avqustun istisində və mərkəzdən “uzaqda” keçirilmiş mitinqdən də sönük və məzmunsuz oldu. Aksiyanın sönüklüyünü iştirakçıların gözündəki inamsızlıq, məzmunsuzluğunu isə natiqlərin küçədə danışırmış kimi söyüş, təhqir, etikadan, əxlaqdan, əndazədən kənar ifadələrlə danışması sübut edirdi. Sanki natiqlərin hamısı bir -biri ilə söyüş yarışına çıxmışdılar. Ancaq meydandakılar söyüş yarışına tamaşa etməyə deyil, siyasi mübarizənin yolları, perspektivləri barədə nə isə eşitməyə gəlmişdilər. Həmişəki kimi bu dəfə də müxalifət lidercikləri meydana çağırdıqları adamlara heç nə deyə bilmədilər. Danışanların hamısı öz hikkəsindən, ürəyini öz istədiyi səviyyədə boşaltmasından məmnun olsa da, meydandakıların üz - gözündən peşmançılıq yağırdı.
Yasamal mitinqi haqqında ölkə mətbuatında da, ictimaiyyət arasında da, çoxsaylı fikirlər səsləndirildi. “Onlara daha meydan verilməsin!” tələbindən tutmuş, “Neyləsinlər, düşüncələri bu səviyyədədir”ə qədər bir çox maraqlı fikirlər eşitdik. Ancaq ən maraqlısı Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin verdiyi qiymətləndirmə idi. Eks-spiker “Modern.az” internet saytına verdiyi müsahibədə adıçəkilən mitinqə ironiya ilə münasibət bildirmişdir. “Hər halda belə bir mitinqlə heç Yasamal rayonunun icra başçısı da seçilməz”.
Təbii ki, Rəsul Quliyev Azərbaycanda rayon icra hakimiyyəti başçılarının seçilmədiyini, dövlət başçısı tərəfindən təyin olunduğunu çox yaxşı bilir. Eyni zamanda, o, Azərbaycandakı seçicilərin sayını da bilir, ölkədə neçə şəhər, rayon , şəhərdə rayon olduğunu da və ona görə də müxalifətin Yasamal mitinqinə gələn adamların təxmini sayını öyrənəndən sonra bir iqtisadçı hesablaması apararaq yuxarıda xatırlatdığımız qənaətə gəlir. Nəticə isə ondan ibarətdir ki, Azərbaycan müxalifəti indiki gücü ilə nəinki bir neçə rayonda və ya şəhərdə seçkinin qalibi ola bilər, hətta, bir şəhər rayonunda belə öz istəyini reallaşdıra bilməz. Deməli, bu sətirlərin müəllifinin hələ altı ay əvvəl yazdığı “Müxalifət bu seçkilərdə Azərbaycan seçicilərinin uzaq başı bir və ya iki faizinin səsini qazana biləcək” proqnozu ilə Rəsul Quliyevin qiymətləndirməsi üst-üstə düşür. Bu fakt təkcə rəsmi mətbuat təmsilçisi ilə müxalif iqtisadçının bir məsələdə eyni qənaətə gəlməsi baxımından deyil, həm də günü boş-boşuna bəyanatlarla keçən müxalifət təmsilçilərinin mövcud sosial bazasının qiymətləndirilməsi baxımından da maraqlıdır.
Eks -spiker Azərbaycan müxalifətinin “öndə gedənləri” İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Eldar Namazov və başqalarının hələ bu ilin əvvəlindən etibarən növbəti prezident seçkilərində Rusiyanın Azərbaycan müxalifətini dəstəkləyəcəyi barədə söylədiklərinə də ironiya ilə yanaşaraq deyir ki, Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərindən sonra Azərbaycanda siyasi həyat sükuta qərq olub: “İlin əvvəllərində müxalifətin bəzi nümayəndələrinin antirus ritorikaları yersiz bəyanatları sevməyən, emosional Putini Azərbaycandakı söz-söhbətlə bağlı qərar qəbul etməyə məcbur etdi. Bizim müxalifətin bu çıxışları Vladimir Putini onlara öz yerlərini göstərməyə sövq elətdirdi. Putinin Bakıya səfərindən sonra müxalifətin fəal siyasi həyatı, sanki, birdəfəlik dondu. Və sanki, müxalifət seçki mübarizəsindən imtina etdi. Xarici siyasət amilinin ölkədaxili proseslərə təsiri bu qədərmi həlledici səciyyə daşıyır?” Yəni Rəsul Quliyev öz düşərgədaşlarının ölkə əhalisinə, seçicilərə deyil, hansısa xarici qüvvələrə arxalanmasına sadəcə gülür. Ancaq, bir çox məqamlarda onun özü də tənqid etdiyi müxalifətçilərdən heç nə ilə fərqlənmir.
Yuxarıda qeyd etmişdik ki, müxalifətin Yasamal mitinqi barədə çoxlu sayda maraqlı fikirlər səsləndirilib. Onlardan daha biri barədə söz açaq. “Xalq bu dəfə də mitinqə gəlmədi. Xalq paytaxtın mərkəzində əsl siyasi atəşfəşanlıq düzəltmiş müxalifətçilərə tərəf heç baxmağı da özünə rəva bilmədi”-deyən “Virtual Azərbaycan” internet saytı yazır: “Xalq bu dəfə də müxalifətin dalınca getmədi. Baxmayaraq ki, narazı qüvvələrin hamısı - bir-birini inkar və rədd edən, ayrı-ayrı qütblərdə dayanan bütün mümkün fiqurlar - Rəsul Quliyevdən Gültəkin Hacıbəyliyə, İsa Qəmbərdən Eldar Namazova, Rüstəm İbrahimbəyovdan Mirmahmud Fəttayevə qədər hamısı bir yumruq kimi birləşmişdilər. Amma, boş yerə. Xalq mitinqə yenə də gəlmədi”.
Bəli, xalq yenə mitinqə gəlmədi. Səbəb isə artıq hamıya məlumdur. Ölkə əhalisinin bu adamlara inamı yoxdur. Hamı bilir ki, onların “birləşməsi” uzaq başı mitinq qurtarana qədər olur. Meydandan hərə öz ofisinə qayıdan kimi isə bir-birinə qarşılıqlı ittihamedici bəyanatlar leysan kimi yağr. Bəyanat yağışları isə ölkə seçicilərini çoxdan bezdirib. İndi artıq ölkədə hərə öz işi ilə məşğuldur, müxalifətçilər isə ermənipərəstlərin və ermənilərin tapşırıqlarını yerinə yetirməklə. Vəssalam.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.