Sərdar Həmidov bu fikri qardaşı İsgəndər Həmidovun müxalifətin mitinqindəki çıxışından sonra səsləndirib
Azərbaycanın müstəqillik tarixinə nəzər yetirdikdə bir daha aydın olur ki, özləri üçün radikal yol seçmiş bir qrup insan müxalifət adından yararlanaraq hakimiyyəti ələ keçirmək üçün min fitnə-fasada əl atır, hətta düşmənlərimizlə əlaqəyə girərək onların çirkli pullarından yaralanmaqdan belə çəkinmirlər. AXCP və Müsavat partiyasının rəhbərləri zaman-zaman icazəsiz mitinqlər keçirməyə cəhd edərək ölkədə qarşıdurma yaratmağa çalışmış, Azərbaycanın getdikcə artan reytinqindən xoflanaraq bu uğurlara kölgə salmaq üçün ən iyrənc vasitələrə əl atmışlar. Onlar özlərini kimlərinsə arxasına verərək gizlənmiş, ancaq xəstə təfəkkürlü adamları öyrədərək hakimiyyət əleyhinə təhqiramiz ifadələr işlətməyə təhrik etmişlər. Təbii ki, bu, müxalifətçilik yox, antimilli əməllər, xəyanətkarlıq və satqınçılıqdır.
Biz belə halların çox şahidi olmuşuq. Xalq artıq radikalizmə nifrət edir və radikal yol seçmiş insanları xəyanətkar kimi qəbul edir. Bu xislətdə olan insanların əsas məqsədləri hansı yollarla olursa-olsun hakimiyyəti ələ keçirmək və ölkəmizin təbii sərvətlərindən öz maddi maraqları naminə yararlanmaqdır. Bundan əlləri çıxan radikal müxalifət nümayəndələri öz xəbis niyyətlərini seçki ərəfəsində bir daha ortalığa atmaqla beynəlxalq təşkilatlar qarşısında ölkəmizə süni problemlər yaratmağa cəhd edirlər. Bir neçə gün əvvəl paytaxtın mərkəzində keçirilən mitinqdə radikal müxalifətin insanlığa yaraşmayan hərəkətləri, anormal çıxışları və təhqiramiz ifadələrdən gen-bol istifadə etmələri onların daxili aləmini, xəbis niyyətlərini bir daha açıb göstərdi. Bu məsələdən ərtaflı bəhs etməzdən əvvəl bir haşiyə çıxmaq istərdik.
Neçə vaxtdır ki, dağıdıcı müxalifət nümayəndələri ikili standart nümayiş etdirən beynəlxalq təşkilatlara, guya, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, insanlara öz fikirlərini sərbəst ifadə etmək üçün şərait yaradılmadığı, mitinq və küçə yürüşlərinin keçirilməsinə süni problemlər yaradılması və müstəqil mətbuatın fəaliyyətinə əngəllər törədilməsi barədə reallığı əks etdirməyən qərəzli məlumatlar göndərirlər.
“Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar da heç bir araşdırma aparmadan belə yalan və böhtan xarakterli “faktlar” əsasında ölkəmiz haqqında qərəzli və həqiqətə uyğun olmayan hesabatlar hazırlayır, bununla da özlərinə olan inamı heçə endirirlər. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu yaxınlarda seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatı da qərəzli olduğundan haqlı olaraq ölkəmizin ziyalıları və ictimai-siyasi xadimləri tərəfindən ciddi narazılıqlarla qarşılanmışdır. Məlumat üçün qeyd edək ki, sonuncu hesabatdakı iradlardan biri də, guya, Azərbaycanda müxalifətə mitinq keçirmək üçün lazımi şəraitin yaradılmaması, mitinq iştirakçılarına təzyiqlərin göstərilməsi və digər böhtan xarakterli məlumatlar idi. Görünür, belə qərəzli hesabatlar hazırlayan beynəlxalq təşkilatların istəyi və tələbi odur ki, dağıdıcı müxalifətin keçirdiyi aksiyalara iştirakçıları da hakimiyyət özü toplamalıdır. Əgər müxalifətin mitinq və ya hər hansı bir aksiya keçirmək üçün kifayət qədər elektoratı yoxdursa, bundan ötrü hakimiyyəti ittiham etmək hansı demokratik dəyərlərə uyğundur?
Neçə vaxt idi ki, dağıdıcı müxalifət mitinq keçirmək üçün ayrılan 20-ci sahənin uzaqlığından gileylənir, həm də bu ərazinin onlar üçün darısqal olduğunu iddia edirdilər. Guya, radikal müxalifətin təşkil etdiyi mitinqdə 20 min iştirakçı olacaqmış və onlar da 20-ci sahədə ayrılmış əraziyə yerləşə bilmirlərmiş. Ona görə də şəhərin mərkəzinə toplaşmaq istədiklərini bildirmişdilər. Təbii ki, destrukiv müxalifət üçün paytaxtın mərkəzində, əhalinin çoxluq təşkil etdiyi ərazilərdə də yer ayrılsaydı, yenə də onlar arzusunda olduqları 20 minlik iştirakçını tapa bilmiyəcəkdilər. Çünki xalq birmənalı olaraq radikalizmə yox deyir, belələrinin hər hansı bir çağırışına qoşulmur.
Bir neçə gün əvvəl Yasamal rayonunda–metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda radikal müxalifətin keçirdiyi mitinqdə onların gözlədikləri və qabaqcadan verdikləri izdihamlı mitinq vədi yenə də alınmadı. 20 min nəfərin iştirak edəcəyini proqnozlaşdıran müxaliflərin əlləri yenə də boşda qaldı.
Mitinqə 700-800 nəfərin toplaşması o deməkdir ki, insanlar bu qurumu dəstəkləmir. Bu dəfə də səslənən fikirlər siyasi demaqoqiyadan başqa bir şey deyildi. Əslində, seçkiqabağı mitinq adlandırılan bu aksiya əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Yenə də “kökdən düşmüş pianolar” kimi heç kimin ürəyini açmayan, sabaha inam və ümid yaratmayan nimdaş “liderlərin” cəfəngiyyatları, ləyaqətsiz, etikasız, milli mentalitetimizə xas olmayan çıxışlar, həmçinin yersiz şüarlar... Hər dəfə kimlərisə aldadıb yoldan çıxaran AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin toruna bu dəfə keçmiş daxili işlər naziri İsgəndər Həmidov düşmüşdü. O da xislətinə uyğun olaraq gözlərini yumub ağzını açmışdı. Təki kimlərsə onun çıxışına “molodes” desin. Guya, azad seçki, demokratiya, haqq - ədalət istəyində olduğunu bəyan edən sabiq daxili işlər naziri, sanki, AXC-Müsavat hakimiyyəti dövründə nazir olarkən çıxardığı hoqqaları unudub. Yoxsa, jurnalistin başına tapançanın arxası ilə vurmaq, başqa bir ziyalını isə maşının yük yerinə qoydurub harasa aparmaq cəhdi demokratiyanın təzahürlərindən idi? Lap müharibə dövründə olduğu kimi, başına on-on beş nəfər toplayıb Astara rayonunda bir ailəni məhv etmək demokratiya və ya haqq-ədalətin təzahürüdürmü? Hələ silah-sursat almaq adı ilə insanlardan zorla yığılan pulların hara “xərclənməsindən” heç kimin xəbəri yoxdur. Gözləmək olardı ki, bu qədər qəbahətlərin sahibi bir daha bu xalqın qarşısına çıxmayacaq. Ancaq İsgəndər Həmidov mitinqə gəlib kimlərəsə yol göstərməyə çalışır.
Radikal müxalifətin keçirdiyi aksiyada çıxışlar, təbii ki, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərin razılığı və seçimi əsasında müəyyənləşdirilir. Əslində, elə bu mitinqin də AXCP və Müsavat Partiyası tərəfindən təşkil olunduğu özünü açıq şəkildə büruzə verir. Çünki mitinqdə bu iki partiyanın təmsilçilərindən başqa, ayrı bir təşkilatın nümayəndələri yox idi. Özlərinin adı olub özü olmayan “EL” Hərəkatının rəhbərləri kimi sırımağa çalışan, hələ də kimsə tərəfindən qəbul edilməyən siyasi riyakar, reneqat Eldar Namazov və seperatçı Əlikram Hümbətovun sağ əli hesab olunan Eldəniz Quliyevin mitinqdə iştiraklarına gəlincə isə, onlar hələ də kimə xidmət etdiklərini özləri də bilmirlər. Mitinq iştirakçılarının, əsasən, keçmişdə hakimiyyətdə olanlardan təşkil edilməsi belə qaraguruhçuların məqsəd və niyyətləri barədə aydın təsəvvür yaradır. Həmişə olduğu kimi, bu dəfə də böhtan və yalan xarakterli çıxışlarla insanları çaşdırmağa çalışanlar heç nəyə nail ola bilmədilər. Belələrindən birinin–sabiq daxili işlər nazir İsgəndər Həmidovun keçmişini unudaraq bu gün kimlərisə ittiham etməsinə və ləyaqətsiz ifadələr işlətməsinə ilk tutarlı cavab elə öz qardaşından gəldi.
İsgəndər Həmidovun qardaşı Sərdar Həmidov deyib ki, o, mənim qardaşımdır. Ona məsləhət görürəm ki, bu insanların (Əli Kərimli və İsa Qəmbər nəzərdə tutulur) heç birinə yaxın durmasın. Onların heç biri İsgəndər Həmidovu istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir.
Sabiq daxili işlər nazirinin qardaşı Sərdar Həmidov qeyd edib ki, İsgəndərin ağlı yoxdur, başını tamam itirib: “Mən ona zamanında dedim ki, bu yaramazların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu yaramazlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, İsgəndər dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib dururlar qıraqda. Axırda başı əzilən də bu olur.”
Müxalifət düşərgəsində həm Əli Kərimli, həm də İsa Qəmbər həmişə araqarışdıran, hiyləgər və vəzifə düşkünü kimi tanınıblar. Əksər partiya sədrləri dəfələrlə bildiriblər ki, bu iki siyasətçi öz maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutublar. 20 ildir ki, heç bir ictimai-faydalı əməklə məşğul olmayan AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu müddət ərzində partiya sədrliyindən əl çəkməmələri onların hansı demokratik dəyərlərə üstünlük vermələrinin bariz nümunəsidir.
Yəqin, özlərinə də məlumdur ki, artıq onların ictimaiyyətə təsir edəcək qüvvələri yoxdur. Ona görə də iki-üç ayda bir dəfə 300-400 nəfəri aldadıb “mitinq” keçirmək adı ilə ölkəmizdə ictimai-siyaisi sabitliyi pozmaqda maraqlı olan dairələrin çirkli pullarından bəhrələnməklə hələ də gündəmdə qalmaq istəyirlər. Ancaq unudurlar ki, xalq belələrini çoxdan arxivin bir küncünə atıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.