Antiazərbaycan qüvvələrin seçkiqabağı bəyanatları son 20 ildə daim təkrarlanan “bayatılardır”

 

 

 

Qarşıdan gələn prezident seçkiləri ərəfəsində radikal müxalifət düşərgəsindən səslənən əsassız bəyanatlar bu gün Azərbaycan xalqı tərəfindən ironiya ilə qarşılanır. Çünki xalq dağıdıcı müxalifətin “lidercikləri”nin məqsəd və məramını çox yaxşı bilir. Bu düşərgənin ölkəmizə qənim kəsilən qüvvələrlə əməkdaşlığı artıq danılmaz faktdır. Hər birimiz indiyədək bununla bağlı onlarla hadisənin şahidi olmuşuq. Bəzən mətbuatda və ya siyasi kluarlarda radikal müxalifət partiyalarının antimilli dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı konkret məlumatlar yayılmış, bəzən isə onların fəaliyyəti cəmiyyətin bu qərara gəlməsinə birbaşa təsir göstərmişdir.

Bir daha yada salaq ki, bütün bunlar radikal düşərgə rəhbərlərinin özlərinin də dilindən səslənib. Vaxtilə bir müxbirin Müsavat başqanı İsa Qəmbərə müraciətlə “deyilənə görə, siz ermənilərlə əməkdaşlıq edirsiniz” -sualına başqan belə cavab vermişdi: “Hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırıq”. Bəli, ötən dövr, baş verən hadisələr bir daha İsa Qəmbərin sözünü təsdiq etdi. Məlum oldu ki, hakimiyyət hərisliyi Müsavat başqanının gözünü elə tutub ki, o, Vətənimizin düşməni olan qaniçən ermənilərlə də sıx əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yaradıb, Azərbaycanın əleyhinə olan bütün məsələlərdə onlarla işbirliyi qurub. O,  2010-cu ilin oktyabr ayında  Erməni Ümummilli Hərəkatı ilə Almaniyanın Potsdam şəhərində əməkdaşlıq barədə saziş imzalayıb. Həmin il ictimaiyyət tərəfindən lənətlənən “Potsdam prosesi” adlanan bu “əməkdaşlıq” təşəbbüsləri haqlı olaraq  etirazlarla qarşılandı, xalq düşmən qüvvələrin tərəfdaşına çevrilən radikal düşərgəni bir daha kəskin dillə qınadı. Bir çoxları belə düşünürdü ki, İsa Qəmbər nəhayət, cəmiyyətdən yüksələn etiraz səslərini nəzərə alacaq və ermənilərlə əməkdaşlığa son qoyacaq. Ancaq yenə belə olmadı. Ötən il Gürcüstana yollanan Müsavat başqanı Tbilisidə təkrar Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla görüşərək, ona ölkəmiz haqqında yeni “faktlar” verib. Təbii ki, düşmənimizin əli ilə “faktları” beynəlxalq təşkilatlara ötürmək üçün. Ötən günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının yaydığı 1 nömrəli Aralıq Hesabatı ilə tanış olanda bir daha əmin olursan ki, bu kimi qeyri-obyektiv hesabatlar ancaq radikal düşərgənin  xaricdəki “tərəfdaşlarına” ötürdükləri donoslar əsasında hazırlanıb.

Əslində, Azərbaycan ictimaiyyəti qaragüruhun “anaları” hesab edilən AXCP-nin də, Müsavat Partiyasının da rəhbərlərini çox yaxşı tanıyır. Mövcud olduqları 15-20 ildə dəfələrlə parçalanıb bir o qədər də birləşən bu partiyaların “dəyanəti” də, “mətanəti” də, “siyasi prinsipiallığı” da hamıya çox yaxşı məlumdur. Əslində, AXCP-ni və ya Müsavatı qınamaq doğru deyil. Çünki bu siyasi təşkilatların rəhbərliyində vətənpərvər lider yoxdur və heç zaman olmayıb. İstənilən halda, dağıdıcı qaragüruhun məhz ermənilərin diktəsi ilə hərəkət etməsi, xarici antimilli dairələrin maraqlarını qoruması, milli mənafeyimizdən üz çevirməsi artıq faktdır. Bu mənada, AXCP sədri Əli Kərimlini oxuculara məxsusi təqdim etməyə ehtiyac yoxdur. Onu ölkədə hamı Əbülfəz Elçibəyin qurduğu partiyanı dağıtmış “siyasətçi”,  Azərbaycandan dünyanın hər yerinə, hətta, ermənilərə də şikayət etmiş “hüquqşünas”,  AXC sədrinin vəsiyyətlərini xalqdan gizlətmiş “silahdaş”, Tbilisidə ermənilərlə pul müqabilində əməkdaşlıq edənlərin himayədarı və ən nəhayət, İsa Qəmbərlə birlikdə Azərbaycan müxalifətinin “ölməz Kaşşey”lərindən biri kimi tanıyır.

Maraqlıdır ki, dünyada gedən demokratikləşmə proseslərindən həvəslənən bu “liderciklər” 9 oktyabr  prezident seçkilərini fürsət bilərək ölkədə qarışıqlıq yaratmağa nail olacaqlarına ümid bəslədiklərini gizlətmirlər.  Mövcud ictimai-siyasi vəziyyət, real faktlar isə belə deməyə əsas verir ki,  demokratiya ilə heç bir əlaqəsi olmayan qaragüruhun bu istəyinə nail olması qətiyyən mümkün deyil. Məsələ burasındadır ki,  son illərdə  Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, öz sosial bazasının 90-95 faizini itirdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini öz gözləri ilə görən hansı azərbaycanlı bu dəstənin dalınca gedər? Məgər insanlar görmürlərmi ki, adı müxalifət olan bu dəstədə son illərdə nəinki bir irəliləyiş və ya inkişaf yoxdur, hətta, 1993-cü il səviyyəsindən də qat-qat aşağı səviyyədədirlər.

Vaxtilə Müsavat Partiyası rəhbərliyində təmsil olunan, divan-kreslo üzvlərinin 90 faizi ayağını bir başmağa dirədilər ki, İsa Qəmbər, istefa ver, çıx get ki, bəlkə bu partiyanı kimsə bir az dirçəldə bilsin. İsa Qəmbər isə Qəddafi kimi iki ayağını bir başmağa dirədi ki, yox, bəylər, sizin hamınızı güdaza verərəm, amma istefa vermərəm. Hakimiyyət hərisliyi kimi iyrənc bir xüsusiyyətə malik olan İsa Qəmbər kimi  “lider”in arxasınca kim gedər? Təbii ki, ağlı başında olan heç kəs. Bu, həmin şəxsdir ki, vaxtilə parlamentin sədri olarkən , prezident Əbülfəz Elçibəydən xəbərsiz dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin parlament sədrinə verilməsi haqqında qərar qəbul edilməsinə nail olmuşdu. Yəni, faktiki olaraq prezidentə tələ qurmuş, ölkə ərazisində istədiyi kimi fəaliyyət göstərmək üçün dövlət başçısının səlahiyyətlərinin bir hissəsini ələ keçirmişdi.

İsa Qəmbər Əbülfəz Elçibəyə qarşı növbəti dönüklüyünü bu əməlindən çox sonralar, Elçibəyin Kələkidən qayıtmasından sonra reallaşdırmışdı. Elçibəy növbəti prezident seçkisindən hələ xeyli əvvəl televiziya jurnalistinin suallarını cavablandırarkən demişdı ki, mən prezident olanda qədrimi bilmədiniz, növbəti dəfə olanda bilərsiniz. Əbülfəz Elçibəyin bu ifadəsi İsa Qəmbəri necə əndişələndirmişdisə, dərhal qaçıb öz namizədliyini irəli sürmüşdü. Hətta Elçibəyin son xahişini də nəzərə almamışdı. Mərhum eks-prezident ondan xahiş etmişdi ki, bu prezident seçkiləri mənim axırıncı şansımdır, qoy müxalifətin vahid namizədi mən olum. İsa Qəmbər isə birmənalı şəkildə rədd cavabı vermişdi.

İndi İsa qəmbərlər, Əli Kərimlilər Azərbaycanda korrupsiya və rüşvətxorluğun “tüğyan etməsi” barədə məntiqsiz və böhtan xarakterli fikirlər səsləndirirlər,  Azərbaycan xalqının ümumi rəyini də nəzərə alan nüfuzlu beynəlxalq təşkilatlar qarşıdan gələn prezident seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə dair əminliklərini ifadə etsələr də, bunlar  seçkilərin saxtalaşdırılmasına cəhdlər olacağı  barədə əsassız açıqlamalar verirlər. Belə çıxır ki, həmin liderlər 1992-ci ildə keçirilmiş prezident seçkiləri ilə bugünkü seçkilərin yerini “səhv” salıblar. Xatırlayırsınızsa, həmin vaxt  AXC üzvləri özləri deyirdilər ki, seçicilərin kimə səs verməsindən asılı olmayaraq qutudan Əbülfəz Elçibəy çıxacaq. Elə İsa Qəmbərin Ali Sovetin sədrliyinə “seçkisi” zamanı da Arif Hacılının dedikləri yaddaşlardan silinməyib. O, nümayişkəranə şəkildə tribunadan dedi ki, Ali Sovetin sədri İsa Qəmbər olacaq. Bu barədə bir neçə xarici ölkə ilə razılaşmışıq. Məgər Azərbaycanda seçkiləri xarici ölkələr keçirirdi? Belə çıxırdı ki, parlamentin iclas zalında olan seçici təmsilçiləri olan deputatların mövqeyi, necə deyərlər, bir qara qəpiyə belə dəymirdi. Demokratiya adı ilə hakimiyyətə gələn bu insanların iç üzü məhz belə məqamlarda üzə çıxır. 

Azərbaycan xalqı onu da unutmayıb ki,  AXC-Müsavat hakimiyyəti dövründə dövlət malını talama, rüşvətxorluq, vəzifəyə pulla təyin olunma açıq şəkil almışdı. Ölkədə baş alıb gedən soyğunçuluğa, dövlət malının talanmasına, özbaşınalığa və korrupsiyaya qarşı mübarizədə mərhum prezident Əbülfəz Elçibəy öz komandasının öhdəsindən gələ bilmədi. Hətta keçirdiyi müşavirələrin birində çarəsizcə etiraf etdi ki, bu gün Azərbaycanda korrupsiyaya bulaşmamış heç bir orqan yoxdur və bu, bizim səhvimizdir.  Axırda hakimiyyəti atıb gecəykən Kələkiyə qaçdı. Belə faktlar istənilən qədərdir. Bütün bunlar heç kimin yadından çıxmayıb. İndi həmin adamların yenidən hakimiyyət davası etməsi və indiki iqtidarın həyata keçirdiyi siyasi xəttə qarşı çıxması gülünc görünür. Görəsən, onlar hansı üzlə korrupsiyaya qarşı mübarizədən, demokratiyadan danışırlar? Müstəqilliyimizin ilk illərində bu kimi mənfi halların çoxalmasının səbəbkarı bu gün dağıdıcı müxalifət düşərgəsində  meydan sulayanlar deyilmi?

Bütün bunları çox yaxşı xatırlayan Azərbaycan xalqı qaragüruha heç vaxt dəstək verməyib və verməyəcək. Bunu onların özləri də etiraf edirlər. Məsələn, ACP lideri Rəsul Quliyev bildirib ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycan müxalifəti geniş bir koalisiya — “Azadlıq Bloku”nu yarada bilmişdi və hər bir deputat yerinə bir mandatla qatılmışdı. Amma  2003-cü ildə olduğu kimi  2005-ci ildə də düzgün olmayan proseslər müxalifətin iflası ilə yekunlaşdı. Faktiki, müxalifət 5 illik nokauta düşdü — nə 2008-ci ilin prezident, nə də 2010-cu il parlament seçkilərində fəal görüntü belə yarada bilmədi. Radikal düşərgə 2011-ci ildə  başlayan “Ərəb baharı”ndan sonra yenidən həvəsə düşsə də, yenə heç nə alınmadı. Çünki xalq kimin kim olduğunu yaxşı bilir.

 

Azərbaycan xalqının radikal müxalifət düşərgəsinə maraq göstərmədiyini və əhalisinin azı 90 faizinin hətta kimin müxalifətdə olduğunu bilmədiyini deyən Rəsul Quliyev əlavə edib ki,  Bakı şəhərində 10 nəfərdən biri özünü “ana müxalifət” adlandıran partiyaların liderlərinin adlarını təhrif edilmiş şəkildə zorla yada salır. Belə olan halda, xalqın müxalifətə hansı dəstəyindən söhbət gedə bilər?  Yəqin ki, elə bunları nəzərə alan dağıdıcı müxalifət həmişə Azərbaycan xalqına deyil, hansısa maraqlı dövlətlərə, xaricdəki antiazərbaycan dairələrə ümid bəsləyir. Bunu  etiraf etmək məcburiyyətində qalan ACP lideri deyib: “Təəssüf ki, Azərbaycanda xalqın iştirakı olmadan hansısa xarici gücün – ABŞ-ın, Rusiyanın, Türkiyənin və İranın – hakimiyyət dəyişikliyi prosesinə dəstək verməyəcəyini anlamayanların sayı həddən artıq çoxdur, xüsusən də müxalifət düşərgəsində. Ona görə müxalifət düşərgəsində belələrinin sayı çoxdur ki, 20 ildir ilişib ”siyasətdə" qalanlar öz zəifliklərini, acizliklərini, qorxaqlıq və məğlubiyyətlərini məhz bu cür “tezislə” izah ediblər: “1993-cü ildə xalq bizi dəstəkləyirdi, ancaq Rusiya Əliyevi zorla hakimiyyətə gətirdi” və yaxud “Bir az da gözləyək, ABŞ bu yaxınlarda hakimiyyəti alıb bizə verəcək” və s. 20 ildir eyni adamlar heç bir əsaslı səbəb göstərmədən hər il azı 10 dəfə “bu il rejimin axırıncı ilidir, axırları çatıb” fikirlərini təkrarlayırlar. Dəfələrlə xəbərdar edilsələr də ki, xalqa belə yalanların söylənilməsi onun ümidlərini darmadağın edir, yenə də öz işlərindədirlər. Düşünürlər ki, yalan deməklə xalqın optimist əhval-ruhiyyəsini saxlamış olurlar, apatiyaya düşməyə qoymurlar. Bu, çox gülməli və diletantların istinad etdiyi teoriyadır".

Bu reallıqları nəzərə alaraq, radikal müxalifət düşərgəsinin gəncləri dağıdıcı mitinqlərə, dövlətə qarşı xəyanətkar əməllərə çağırması, xarici himayədarlarının sifarişlərini yerinə yetirərək ölkədə çaşqınlıq yaratmağa cəhd göstərməsi, xüsusən,  gənclərdə ikrah hissi oyadır. Çünki gənclik ölkəmizdə aparılan daxili və xarici siyasətin Vətənimizin inkişafına xidmət etdiyi reallığını görür. Azərbaycanda həyata keçirilən gənclər siyasəti modelinin bir sıra ölkələrdə öyrənilməsi bir daha təsdiq edir ki, bu siyasət ölkəyə, gəncliyə böyük uğurlar gətirmişdir. Gənclərin dövlət və özəl müəssisələrdə, ictimai-siyasi proseslərdə təmsilçilik səviyyəsi son 10 ildə xeyli yüksəlib. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramları, gənclərin xaricdəki ən nüfuzlu  təhsil ocaqlarında təhsil almasını təmin edən 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı, xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə 2006-2011-ci illəri əhatə edən Dövlət Proqramının icrası Azərbaycan dövlətinin gənclərə olan yüksək qayğısından xəbər verir. Ona görə də radikal müxalifətin əlində alətə çevrilmiş azsaylı gəncin də bu reallıqları görməsi və tənəzzülü deyil, inkişafı seçməsi onların öz gələcəyi baxımından önəmlidir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında