Rəsmi Ər-Riyad bütün beynəlxalq tribunalardan Azərbaycanın mövqelərini dəstəkləyir

 

 

Bu ölkə Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla heç bir əməkdaşlıq etmir

Azərbaycanın son 20 ildə xarici siyasət sahəsində qazandığı uğurlardan söz açan ekspertlər belə bir məqamı xüsusilə qabardırlar ki, ölkəmiz üçün siyasi-diplomatik əməkdaşlıq sahəsində tamamilə yeni istiqamət olan ərəb ölkələri, xüsusən, Səudiyyə Ərəbistanı Krallığı ilə dostluq münasibətlərinin iti sürətlə inkişaf etməsi praktiki olaraq heyrət doğuracaq səviyyədədir.

Çünki uzun əsrlər boyu müstəqil dövlətçiliyinə imkan verilməyən Azərbaycanın müstəqil xarici siyasət yeritməsi də mümkün olmayıb. Məhz həmin amilləri nəzərə alan Ər-Riyad ölkəmizin 1991-ci ilin payızında öz dövlət müstəqilliyini bərpa etməsindən sonra qardaş Ankara və İslamabad kimi dərhal rəsmi Bakı ilə siyasi- diplomatik əməkdaşlığa start vermişdi. Səudiyyə Ərəbistanı ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da , bu ölkə ilə əməkdaşlığımızın yüksək səviyyəyə qalxması ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində mümkün olmuşdur. Ümummilli liderimizin 1994-cü ilin yayında Səudiyyə Ərəbistanına səfər etməsi, əməkdaşlığın əksər sahələrini əhatə edən mühüm sənədlərin imzalanması və səfər çərçivəsində çoxsaylı görüşlər keçirilməsi bu ölkə ilə hərtərəfli əməkdaşlığımızın sürətli inkişafına layiqli stimul vermişdi.

Sonralar Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı rəsmilərinin arasındakı qarşılıqlı səfərlər, görüşlər və müzakirələr ölkələrarası münasibətlərin məhz indiki səviyyəyə çatmasını təmin etmişdir. Hətta qəzetlər yazırdılar ki, Azərbaycanın indiki dövlət başçısının bir ildə üç dəfə səfər etdiyi yeganə ölkə məhz Səudiyyə Ərəbistanı Krallığı olmuşdur. Söhbət dövlət başçımızın bu ölkəyə 2005-ci ildə reallaşdırdığı səfərlərdən gedirdi. Bilavasitə Heydər Əliyevin yaratdığı baza üstündə qurulmuş hərtərəfli əməkdaşlığın nəticəsidir ki, bu gün təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın kütləvi informasiya vasitələrində dövri olaraq Bakı- Ər -Riyad əməkdaşlığının müxtəlif sahələrdə atılan yeni addımları barədə xəbərlər verilir. Söhbət parlamentlərarası dostluq münasibətlərindən tutmuş səhiyyə, elm, təhsil, mədəniyyət, idman, gənclər siyasəti, ətraf mühit və eləcə də cəmiyyət həyatının digər sahələrini əhatə edən sənədlərin imzalanmasından, reallaşdırılan qarşılıqlı layihələrdən, beynəlxalq təşkilatlar çərçivəsində bu ölkələrin bir-birini dəstəkləməsindən, iqtisadi əməkdaşlığın da siyasi əməkdaşlıq səviyyəsinə qaldırılması üçün göstərilən cəhdlərdən gedir. Bütün bu istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi isə hökumətlərarası komissiyalar tərəfindən müəyyən edilir və icraya istiqamətləndirilir.

Bu bir faktdır ki, Azərbaycan rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığı ilə qarşılıqlı əlaqələrin inkişafına hər zaman böyük önəm verir. Parlamentlərarası əlaqələrimizin inkişafından hər iki tərəf məmnundur. Deputatlarımız bir sıra beynəlxalq parlament təşkilatlarında, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı çərçivəsində yüksək səviyyədə əməkdaşlıq edirlər. Qardaş Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin üzvləri Ermənistanın ölkəmizə təcavüzünü hər zaman pisləyir, iştirak etdiyimiz bütün beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Tərəflər arasında belə bir inam ifadə edilir ki, parlamentlərimiz arasında inkişaf etməkdə olan münasibətlər ölkələrarası əlaqələrin inkişafına töhfələr verəcək və bu əlaqələr hərtərəfli xarakter daşıyacaq. Azərbaycanın üzləşdiyi ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Ər-Riyadın fikri belədir ki, bu məsələdə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Krallıq bundan sonra da Azərbaycanın haqq işini bütün səviyyələrdə müdafiə edəcəkdir.

Bundan başqa Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü məkandır. Azərbaycan xalqının qəlbində bu torpağın xüsusi yeri vardır. Hökumətlərimiz iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq edirlər. Bu cür qarşılıqlı görüşlər gələcəkdə əməkdaşlığımızın daha da intensivləşməsində önəmli rol oynaya bilər. İqtisadi göstəricilərimiz arzuedilən səviyyədə olmasa da, bu göstəriciləri yüksək həddə çatdırmaq üçün hər iki ölkə geniş imkanlara malikdir. Son zamanlar Səudiyyə Ərəbistanı və Azərbaycanın investorlarının qarşılıqlı fikir mübadilələrinin həyata keçirilməsinin şahidi oluruq. Ekspertlərin fikrincə bunu ölkələrimiz arasında iqtisadi münasibətlər sahəsində inamlı əməkdaşlığın uğuru kimi qiymətləndirmək olar.

Xatırladaq ki, Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı və 2009-cu ildə Bakı şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi proseslərində Ər-Riyad Bakının mövqeyini dəstəkləmiş və bizə səs vermişdi. Bundan başqa, dost ölkə rəhbərliyi bizim üçün ən ağır dövr kimi qiymətləndirilən günlərdə - ötən əsrin 90-cı illərinin birinci yarısında daim azərbaycanlı qaçqın və məcburi köçkünlərə təmənnasız yardım etmiş, gənc müstəqil dövlətimizin iqtisadiyyatının ağır vəziyyətdən çıxması üçün faizsiz kreditlər ayırmışdı. Azərbaycan dövləti və xalqımız islam həmrəyliyinin təcəssümü olan həmin addımları heç zaman unutmur və unutmayacaq.

Bu günlər Səudiyyə Ərəbistanı Krallığının xalqı özünün ən əziz günlərindən birini - Milli Günü qeyd edir. Bu əziz bayram münasibətilə dost ölkənin rəsmilərini və xalqını təbrik edən milyonların sırasına “Xalq qəzeti” olaraq biz də qoşuluruq.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında