Azərbaycan haqqında yayılan qərəzli hesabatlar müxalifətin donosları əsasında tərtib edilir

 

 

 

Bunu bəzi əcnəbi ekspertlər də təsdiqləyirlər

Azərbaycanda düşünülmüş şəkildə həyata keçirilən daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini gerdikcə artırır. Neft strategiyasının uğurla icra edilməsi və iqtisadi sahədə qazanılan nailiyyətlər xalqın rifah halının yaxşılaşmasına, dünya birliyində mövqelərimizin daha da güclənməsinə yönəldilibdir.Yeni iş yerlərinin açılması, regionların inkişafı, sosial infrastrukturun yaradılması kompleks şəkildə Azərbaycan dövlətinin inkişafını müəyyən edir. Azərbaycanın müstəqillik tarixində ölkəmiz heç vaxt bu qədər güclü, azad, müstəqil, qüdrətli olmamışdır.Bu gün müstəqilliyimizin üstünlüklərini hər bir Azərbaycan vətəndaşı görür və bundan qürur hissi keçirir. Müstəqillik xalqımızın ən böyük sərvəti, ən böyük nemətidir.

Son 10 ildə Azərbaycanda müşahidə olunan inkişaf tendensiyası beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Bütün sahələr üzrə rekord göstəricilərə nail olmağımız, şəhər, rayon və kəndlərin simasının büsbütün dəyişməsi və müasirləşməsi ölkəmizin sürətli inkişaf yoluna qədəm qoymasının nəticəsidir. Azərbaycan kosmik ölkəyə, mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmiş, dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Respublikamız Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə, valyuta ehtiyatlarının 91 faizinə nəzarəti öz əlində cəmləşdirmiş və bütün regional layihələrin əsas müəllifi olmuşdur. Azərbaycan dövləti milli maraqların qorunması və strateji qərarların qəbul edilməsi baxımından dəfələrlə tarixin sınağına çəkilsə də, bu sınaqlardan uzaqgörən, müdrik və cəsarətli qərarlarla alnıaçıq, üzüağ çıxa bilmişdir. Bu fakt dünya birliyi tərəfindən də səmimi etiraf olunur. Məsələn, ABŞ-ın “Eurasianet.org” internet resursu yazır: “Bir çox azərbaycanlı artıq təsdiqləyə bilər ki, onların ölkəsi regiondakı digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə birincidir. Azərbaycan iqtisadi, infrastruktur, sosial sahələrdə regionun digər ölkələrindən öndədir. Azərbaycan qadın hüquqları sahəsindəki uğurları ilə haqlı olaraq fəxr edə bilər".

Ölkəmizin qazandığı bu uğurlar bütün həyatı boyu hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirməyə cəhd edən və bu yolda düşmənlərimizlə də əməkdaşlıq edən, onların hər bir tapşırıqlarını yerinə yetirməyə hazır olan radikal müxalifəti ciddi narahat edir. Azərbaycanın adının yüksək zirvələrdən eşidilməsini qəbul edə bilməyən belə xəyanətkarlar min hiylə - fəsadlara əl atır, bir sıra ermənipərəst və ikili standartlar nümayiş etdirən bəzi beynəlxalq təşkilatlara yalan və böhtan xarakterli “faktlar” ötürərək ölkəmizin getdikcə artan reytinqinə xələl gətirməyə calışırlar. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” beynəlxalq təşkilatları ölkəmiz haqqında qərəzli və böhtan xarakterli hesabatlar hazırlamaqda sanki bir - biriləri ilə yarışa giriblər.

Hazırda ölkəmiz mühüm bir siyasi kampaniya ərəfəsindədir. Bir neçə həftədən sonra Azərbaycan ədalətli, şəffaf və obyektiv prezident seçkiləri keçirməklə demokratik proseslərin inkişafına xüsusi önəm verdiyini bir daha təsdiqləyəcək. Seçki prosesinə ciddi hazırlıq getdiyi bir vaxtda daha bir beynəlxalq təşkilat satqın və xəyanətkar müxalifətin donosları əsasında qərəzli hesabat hazırlayaraq əslində özlərinə olan inamı heçə endirmişlər. Söhbət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatından gedir. Prezident seçkiləri ərəfəsində yayılan bu hesabatdan sevinən, sanki böyük bir qələbə qazandığını nümayiş etdirən radikal müxalifətin donosbazlığı yadıma 2005 - ci ildə AXCP sədri Əli Kərimlinin Strasburqa səfəri və orada moldovalı deputatın ciddi qınağı ilə qarşılaşması hadisəsini saldı. Həmin il parlament seçkilərində biabırcasına məğlub olmuş dağıdıcı müxalifət nümayəndələri guya seçkilərin saxtalaşdırılması barədə adətlərinə uyğun olaraq yersiz hay - küy salmışdılar. Hətta, AXCP sədri Əli Kərimli Strasburqa gedərək AŞPA rəhbərliyinə yalvar - yaxar etmək istəyirdi ki, Azərbaycan parlament nümayəndə heyətinin mandatını təsdiq etməsin. Öz ölkələrində qatı müxalifətçi kimi tanınan Moldovadan olan deputat bu məsələdən hali olan kimi Əli Kərimliyə ciddi iradını bildirərək demişdir:"Mən də öz ölkəmizdə qatı müxalifətçiyəm. Ancaq beynəlxalq təşkilatlarda ölkəmizin mənafeyini hər şeydən üstün tuturam və şərəflə qoruyuram. Siz isə Azərbaycandan gəlib burada ölkənizin mandatının təsdiq olunmaması xahişini edirsiniz. Mən buna təəccüblənirəm". AXCP sədri o vaxt Strasburqdan əli ətəyindən uzun qayıtmışdı.

 Digər bir fakt. AXCP və Müsavat Partiyasının funksionerləri, partiya rəhbərləri başda olmaqla Azərbaycanda insan hüquq və azadlıqlarının guya kobud şəkildə pozulması və müxtəlif xuliqanlıq əməllərinə görə həbs olunanlara “siyasi məhbus”, “vicdan məhbusu” adı verilməsi üçün AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserə kifayət qədər “faktlar” vermiş və almaniyalı məruzəçi də yalan və böhtan üzərində qurulmuş qərəzli bir hesabat hazırlamışdı. Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hazırladığı məruzəsi bu qurumun deputatları tərəfindən narazılıqla qarşılandı və hesabat təsdiq olunmadı. Bir sıra ölkələrin nümayəndə heyətinin bütün tərkibi ölkəmiz əleyhinə hazırlanmış bu qərəzli qətnaməyə qarşı çıxmış, bəzi Qərbi Avropa ölkələrinin parlament üzvləri də qətnamənin əleyhinə olmuşdur. Fakt üçün qeyd edək ki, Rusiyadan olan 18, Türkiyədən 10, İtaliyadan 9, İspaniyadan 8, Böyük Britaniyadan 8, Fransadan 6, Ukraynadan 6, Polşadan 5, Çexiyadan 5 deputat və digərləri Ştrasserin məruzəsinin əleyhinə səs vermişdi. Bundan sonra rüsvay olduğunu görən almaniyalı məruzəçi həqiqəti etiraf etmək məcburiyyətində qalaraq demişdi ki, o, bu məruzəni hazırlayarkən Azərbaycanda olmamış, “siyasi məhbuslarla” görüşməmişdir.Məruzədə əks olunan faktların müxalifət nümayəndələri tərəfindən ötürüldüyünü bildirmişdi.

 Radikal müxalifət nümayəndələri yenə də donosbazlığa əl ataraq AŞPA-ya müraciət edərək Ştrasserin məruzəsinin əleyhinə səs verənləri 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin monitorinqini həyata keçirəcək nümayəndə heyətinin tərkibinə daxil etməmək üçün yenə də yalvar - yaxar etmiş və bununla da antimilli mövqedə olduqlarını bir daha təsdiqləmişlər. Təbii ki, AŞPA kimi nüfuzlu bir qurum belə xəyanətkarların müraciətləri əsasında hərəkət etmir.

Radikal müxalifət nümayəndələrinin prezident seçkiləri ərəfəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək cəhdləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatında özünü büruzə verdi. Antimilli dairələr bu qurumun ermənipərəst üzvlərindən və ikili standartlar nümayiş etdirməsindən istifadə edərək ölkəmiz haqqında reallığı əks etdirməyən hesabatını öz “faktları” ilə zənginləşdirmişlər. Təəccüblüdür, 20 ildir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik missiyasını üzərinə götürən bu qurumun heç nəyə nail olmaması artıq dünya ictimaiyyətinə də bəllidir. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini 20 ildən çoxdur ki, işğal altında saxlaması və bu işğal nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün halında yaşaması nədənsə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun diqqətini cəlb etməyib. Bu qurumun yalanla dolu hesabatı bir daha təsdiqləyir ki, onlar qaşınmayan yerdən qan çıxarmaq istəyirlər.

 ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatı haqlı olaraq ziyalılar, politoloqlar və ictimai - siyasi xadimlər tərəfindən ciddi narazılıqlarla qarşılanmışdır.Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu hesabatda əks olunan “faktlara” münasibət bildirərkən demişdir: “Konkret olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son hesabatı belə bir təəssürat yaradır ki, sanki qurumun vəzifəsi seçki ərəfəsi real vəziyyəti obyektiv şəkildə qiymətləndirmək deyil, irad naminə irad bildirməkdən ibarətdir. Bu kontekstdə, istər proseslərin təqdimatı, istərsə də ifadələrin seçimində qəbulolunmaz qüsurlar mövcuddur. Məsələn, bəzi partiyaların adları çəkilməklə onların parlamentə “buraxılmadığı” iddia olunur. Parlament xalqın iradəsi və mövcud qanunvericilik çərçivəsində formalaşır. Əgər hər hansı partiyanın namizədləri seçkilərdə zəruri səs toplaya bilməyib parlamentə düşmək şansından məhrum olurlarsa, bunu onların “buraxılmaması” kimi şərh etmək qüsurlu yanaşmadır".

Ə.Həsənov vurğulayb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatında başqa ölkələrdə seçki prosesi ilə bağlı heç yada belə düşməyən məsələlərin yalnız Azərbaycanda qabardılması müəyyən suallar doğurur. Məsələn, Azərbaycanda qadınların prezidentliyə namizədliyinin irəli sürülməməsini “nöqsan” kimi təqdim etmək nə dərəcədə obyektiv yanaşmadır? Kim qadınların bu hüququnu əlindən alır? Belə bir qanuni və ya inzibati məhdudiyyət mövcuddurmu? Qadınlar bütün hakimiyyət strukturlarında, seçkili orqanlarda təmsil olunurlar, cəmiyyət həyatında kifayət qədər yüksək fəallıqları ilə seçilirlər. Parlamentdə qadınların təmsilçilik faizi baxımından Azərbaycan bəzi Avropa ölkələrinə nümunə kimi göstərilə bilər. Qoy bu hesabatı tərtib edənlər desinlər ki, ATƏT-ə üzv olan ölkələrin neçəsində qadın dövlət başçısı olub? Ümumilikdə, ATƏT məkanında qadınların prezidentliyə namizədliyinin irəli sürülməsi nə vəziyyətdədir?

Qeyd edildiyi kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı təqdim etdiyi aralıq hesabatında təəccüb və təəssüf doğuran iradlardan biri də bu il keçiriləcək prezident seçkilərində prezidentliyə namizədlər arasında qadınların olmamasıdır.

 Bu “faktı” ölkəmizə qarşı irad kimi səsləndirən və bunu az qala analoqu olmayan insan hüquq və azadlığının pozuntusu kimi təqdim edən bu qurumun başbilənlərinə xatırlatmaq istərdik ki, qadın namizədin irəli sürülməməsi ilə bağlı iradlar yersizdir. Çünki gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilmişdir. Ölkəmizdə qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar. Görünür, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu sahədə də özünü görməməzliyə vurub.

Hesabatda AXCP və Müsavat partiyalarının adlarının çəkilməsi, onların necə deyərlər, qayğısına qalınması və bu iki müxalifət partiyasının “parlamentdəki təmsilçiliklərini 2010-cu ildə itiriblər” ifadəsinin yer alması xoruzun quyruğunun görünməsindən xəbər verir. Artıq bu qurumun qərəzli hesabatının hazırlanmasında AXCP sədri Əli Kərimlinin və Müsavat Partiyasının başqanı İsa Qəmbərin xüsusi “zəhmət payı” bəlli olur. Ona görə də qərəzli hesabatın müəllifləri onların “əməyini” belə qiymətləndiriblər.

Hazırda prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir. Prezidentliyə namizədliyi qeydə alınmış 10 namizədin hər biri üçün bərabərhüquqlu şəkildə pulsuz efir vaxtı ayrılıb. Baxmayaraq ki, bəzi namizədlər onlar üçün ayrılmış efir vaxtından istifadə edərək öz platformalarına uyğun olmayan məsələlərdən istifadə edir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında olduğu kimi yalan, böhtan və qərəzli məlumatlar yayırlar, yenə də onların çıxışlarına hər hansı bir maneçilik törədilmir. Prezidentliyə namizədlərin təbliğat - təşviqat kampaniyalarının həyata keçirilməsi, seçicilərlə açıq və qapalı şəraitdə görüşlər keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu proseslər hamının, o cümlədən beynəlxalq təşkilatların gözləri qarşısında həyata keçirilir. Bütün bunlara baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu heç bir araşdırma aparmadan, radikal müxalifətin donoslarına istinadən öz qərəzli hesabatında bildirir ki, 2012-2013-cü illərdə ifadə və sərbəst toplaşma azadlığını, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıran qanunvericilik dəyişiklikləri qəbul olunub. Halbuki, qanunvericilik aktlarına olunan əlavə və dəyişikliklər insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün daha əlverişli şəraitin yaradılması məqsədini daşıyır.

Bu ilin payızında respublikamızda keçiriləcək prezident seçkisinin ölkə qanunvericiliyi çərçivəsində, Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun və mütəşəkkil şəraitdə başa çatacağına heç bir şübhə ola bilməz. Ötən seçkilərdə olduğu kimi, budəfəki seçki də həm yerli, həm də xarici müşahidəçilərin obyektiv və yüksək qiymətini alacaq. Qaldı ki, ikili standart nümayiş etdirən bəzi beynəlxalq qurumların radikal müxalifətin yalan və böhtan xarakterli “faktları” əsasında hazırladıqları qərəzli hesabatlarına, onlara özlərindən başqa inanan yoxdur. Bax, belələri üçün deyiblər ki, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Hər halda Meksikanın “Excelsior” qəzetində dərc olunmuş bir məqalədən kiçik bir hissəni həm qərəzli hesabat hazırlayan beynəlxalq təşkilatların, həm də ölkəmiz haqqında donosbazlıq edən radikal müxalifətin diqqətinə çatdırmağı özümüzə borc bildik. Həmin məqalədə yazılır: “Dünya Rəqabətlilik Hesabatına əsasən 2007-2008-ci illərdə 69-cu mövqedə yerləşən Azərbaycanın 2012-2013-cü illərdə 46-cı yerdə qərarlaşması, eləcə də bu ölkənin Dünya Bankının “Doing Business 2013" hesabatında biznes mühitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü islahatlar həyata keçirən 15 inkişaf etmiş ölkə sırasına daxil olması təqdirəlayiqdir. Azərbaycan öz resurslarından istifadə edərək əhalisinə daha yaxşı və geniş imkanlar yaradan ölkədir. Hökumət tərəfindən aparılan uğurlu siyasət davam edərsə, 2020-ci ildə Azərbaycan yüksək gəlirə malik əhalisi və insan resursları olan ölkəyə çevriləcəkdir".

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında