Müxaliflər özləri də yaxşı bilirlər ki, Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənli ümidləri doğrultmayacaq

 

Arif Hacılı: Müxalifətin geniş koalisiyası faktiki olaraq iflasa uğrayır 

İntellektualların toplaşmadığı, vətənpərvər, sədaqətli insanların maraq göstərmədiyi, gənclərin diqqətini cəlb etməyən istənilən siyasi qurumun perspektivi ola bilməz. Dağıdıcı müxalifət düşərgəsinin partiyaları və onların “birləşərək elan etdikləri” qondarma siyasi qurumlar timsalında biz bunu daha yaxşı görə bilərik.  “Milli Şura” da bunlardan biridir. Daha doğrusu qaragüruhun ortaya çıxardığı  qurumlar içərisindəki ən zəifi  məhz odur. Bunu dağıdıcı müxalifət düşərgəsinin “aparıcı simaları” da etiraf edirlər. 

Məsələn,  Müsavat Partiyasının funksioneri Arif Hacılı “Milli Şura”nın uğursuzluğa düçar olduğuna eyham vuraraq bildirib ki, “demokratik” müxalifətin birliyi dedikdə biz başqa formatı nəzərdə tuturduq: “Əvvəlcədən hansı addımların atılmalı olduğunu bildirmişdik. Çox təəssüf ki, müxalifətin ən geniş koalisiyası adı altında belə bir tərkib formalaşdı. Biz bu şəkildə, yəni formal olaraq, özünü müxalifətçi elan etmiş hər kəsin bir çətir altında birləşdirilməsinin fəsadlarının olacağını da qabaqcadan demişdik”. Son günlər “Milli Şura” daxilində baş verən prosesləri şərh edən Arif Hacılı deyib ki, bu fəsadlar artıq göz qabağındadır: “Çünki seçki kampaniyasının getdiyi bir dövrdə elə siyasi qüvvələr var ki, bu kampaniyaya heç bir dəstək vermir. Adi partiya üzvünün verdiyi dəstək qədər kömək etməyən, ancaq gurultulu adları olan siyasi qurumların rəhbərləri müxtəlif bəyanatlarla faktiki olaraq seçki prosesinə ziyan vururlar. Bununla da müxalifətin ən geniş koalisiyası adlanan konsepsiya faktiki olaraq iflasa uğradılır”. 

Gözəl etirafdır. Bu etirafı isə çox gözləməyə ehtiyac qalmadı. Çünki “Milli Şura”nın “bel sütunu” hesab edilən Müsavat Partiyasının funksionerləri də artıq etiraf edirlər ki, şuranın indiki formatı əvvəlcədən onların ürəyincə  olmayıb. Sadəcə,  Rüstəm Məmməd İbrahimoviçlə Eldar Namazovun qurduqları tora düşüblər.

“Milli Şura”nın toqquşmalara səhnə olmaqla əhəmiyyətsiz bir quruma çevrildiyinə dair İsa Qəmbərin partiyasından növbəti bir açıqlama. Başqanın müşaviri Səxavət Əlisoy deyib: “Bu gün ALP-nin Müsavatla hər hansı bir məsələdə bərabər çəkidə, bərabər səviyyədə iştirak etməsini iddia etmək ağlasığan söhbət deyil. Tək ALP yox, digər bir qovluqdan, beş nəfərdən ibarət olan partiyalar var ki, onlar da özlərini çox böyük aparırlar. “Milli Şura”da təmsil olunan partiyaların bir-birlərinə münasibətlərini, yeri gəldikcə bir-birlərinə badalaq vurmalarını, bir-birilərini aşağılamalarını normal qarşılayırıq”.  Bu açıqlamanı da normal qarşılamaq olardı. Ancaq bir məqam var ki, ona münasibət bildirməmək mümkün deyil. Budur, Müsavat “Milli Şura”nın prezident seçkilərindəki vahid namizədi, dublyor Cəmili Həsənlini lap yüngülsaqqal elədi. Bu yazıq gedib Lalə Şövkətə yalvarır ki, “Milli Şura”nı açıqlamaları ilə biabır etməsin. Amma üstündən heç iki gün keçməmiş Müsavat başbilənləri deyirlər ki, İsa Qəmbərlə Lalə Şövkəti tərəzinin bir gözünə qoymaq olmaz. Çünki İsa Qəmbər Lalə Şövkətdən “ağırdır”, özü də istənilən məsələdə.

Belə olmasaydı, o boyda “Azadlıq” qəzetinin zəhmətkeş əməkdaşları AXCP sədri Əli Kərimlinin göstərişi ilə “Milli Şura”nın seçki fonduna yardım etdiklərini,  bunu özlərinə mənəvi borc bildiklərini və  “dar günün dostu olduqları”nı bildirdikləri halda  İsa Qəmbər və onun yaxın çevrəsi radikal düşərgədə dağıdıcılıqla məşğul olmazdı. Əslində, gözləniləndi ki, belə bir məqamda müsavatçılar üzünü bizim əziz həmkarlarımıza tutaraq deyə bilərlər ki, ay kişilər özünüzə umac ova bilmirsiniz, niyə başqasına əriştə kəsirsiniz?  Deyə bilərlər ki, madam “Azadlıq” qəzetinin əməkdaşlarının elə imkanları var idisə, elə “Azərbaycan” nəşriyyatına borclarını ödəyəydilər.

“Azadlıq” qəzeti “möhtəşəm” nömrələrindən birində  “Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək”, “Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək”, “Xalqın Cəmil Həsənli kimi rəhbərə ehtiyacı var” başlıqlı üç materialda prezidentliyə namizədliyi irəli sürülmüş dublyor Cəmil Həsənlinin təbliğatını aparır. Bu, kobud qanun pozuntusudur. Öz səlahiyyətlərini icra edən dövlət başçısının cari fəaliyyəti haqqında KİV-lərdə gedən materialları qərəzli şəkildə seçki təbliğatı kimi qələmə verən “Milli Şura” öz namizədinin qanunazidd təbliğinə niyə reaksiya vermir?

Başlığı “azadlıq” sözü ilə başlayan bir QHT-nin sədrinin açıqlamalarını oxuyanda isə adamın lap gülməyi gəlir.  “Azadlığın və Sülhün Müdafiəsi” təşkilatının sədri, eks-deputat Mətləb Mütəllimli  deyib: “Cəmil bəy həmişə xalqın haqq səsini çatdırıb, beynəlxalq səviyyədə Azərbaycanı tanıdan çıxışları olub. Cəmil Həsənli Azərbaycanın dünyada tanınan, seçilən ziyalılarından biridir. Xalqın hazırda Cəmil Həsənli kimi ədalətli dövlət başçısına böyük ehtiyacı var”.  Mətləb Mütəllimli kimilərinin və onların iddialarına yer verən nəşrlərin “ədalət” anlayışı haqqında boğazdan yuxarı cızmaqaraları adamda ikrah doğurur. Gündə bir mövqe dəyişən birisi xalqa hansı ədaləti vəd edə bilər? Bütün yaşayış məntəqələrinin   abadlaşdırıldığı, sosial-iqtisadi infrastrukturun yeniləşdiyi, iş yerlərinin açıldığı, yoxsulluğun, işsizliyin səviyyəsinin minimuma endirildiyi, həyat səviyyəsinin günü-gündən yüksəldiyi bir cəmiyyətdə ədaləti yalnız siyasi buqələmunlar axtara bilərlər. Müxalifət ona görə cəmiyyət tərəfindən qəbul olunmur ki, tam inkarçılıq mövqeyi tutub və cəmiyyətə yeni heç nə vəd edə bilmir. Bir gözünüzü açıb televizora baxın, mətbuatı oxuyun. Görün son illərdə neçə rayonun su, yol, təbii yanacaq, kommunal problemi həll olunub. Neçə məktəb, poliklinika, xəstəxana, olimpiya mərkəzi, gənclər evi, mədəniyyət ocağı tikilib istifadəyə verilib. Neçə qaçqın və məcburi köçkün müasir evlərlə təmin olunub. İnsanlara aldıqları şeyi almadıqlarını necə sübut etmək olar?

Bir qrup hüquqşünas “Demokratik Qüvvələrin Milli Şurası”nın prezidentliyə namizədi dublyor Cəmil Həsənli ilə bağlı bəyanat verib və bildiriblər ki, “onu xalqın etimadını doğruldacaq şəxs kimi tam dəstəkləyir, seçki prosesində, eləcə də seçkilərdən sonra ona zəruri hüquqi dəstək göstərməyi özümüzə şərəfli borc hesab edirik”.  Bəyanata imza atanlar özlərini “müstəqil hüquqşünaslar” adlandırırlar. Lakin onların nədən və ya kimdən müstəqil olduqları aydın deyil. Bu 16 nəfərdən 4-ü (Vidadi Mirkamal, Ənnağı Hacıbəyli,  Namizəd Səfərov, Qurban Məmmədov) elə həmin “Milli Şura”nın üzvləridir. Onlar onsuz da irəli sürdükləri namizədi dəstəkləməyə borcludurlar. Vidadi İskəndərli isə “Milli Şura”nın “bacısı” “İctimai Palata”nın üzvüdür və həmişə də müxalifətçiliyi ilə tanınıb. Mətləb Mütəllimli özünü partiya sədri hesab edir.

AXC-Müsavat hakimiyyəti dövrü baş prokurorun müavini idi. Sonralar müxalifətdən də uzaqlaşdırıldı. Ona daha çox marginal hüquqşünas statusu uyğun gəlir. Aslan İsmayılov,  Qurban Məmmədov, Əlövsət Əliyevin müxalif siyasi mövqeyi hamıya məlumdur. Mənsur Bayramov AXCP funksioneridir. Ataxan Əbilov və Elşad Abdullayev iqtidara qarşı mübarizə aparan adamlardır. Onların müxalifətlə əlaqələri göz qabağındadır. Amma maraqlısı odur ki, hər ikisi xaricdə yaşadığı halda sözügedən bəyanatı necə imzalayıblar? QHT fəalı, ekoloq-hüquqşünas kimi tanınan Samir İsayev həm də prokurorluq tərəfindən fəaliyyəti dayandırılmış, xarici ölkələrin xüsusi xidmət orqanlarının layihəsi olan Azad Fikir Universiteti deyilən qurumun pərdəarxası şeflərindən biridir. Tofiq Ağacanov deyilənə görə,  2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən, 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Fərda Qədirovun qohumudur. Onunla qohumluq münasibətlərində olduğunu və əlaqədar səlahiyyətli orqanlara onun şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin istintaqa müvafiq köməklik göstərmədiyinə görə prokurorluq orqanlarından xaric edilib. İndi fikirləşir ki, dublyor  Cəmil Həsənli seçilsə, onu yenidən prokurorluğa bərpa edəcək. Qalır Camal Əhmədov və Eldar Qurbanov. Onların da müstəqil yaxud qeyri-müstəqil olması heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, həmin bəyanatı imzalayanların özləri də bu iki nəfəri tanımırlar.

 Müxalifət düşərgəsində kim gündəmdə qalmaq və ya özü üçün “klient” yığmaq istəyirsə, dərhal “Milli Şura”nın namizədi ilə bağlı bəyanat verir, fikirlərini bölüşür. İndi də bu hüquqşünaslar düşüb meydana, vəkillik xidmətləri üçün müştəri yığırlar. Sonra da müştəri məhkəmədə uduzanda deyirlər ki, mənim siyasi baxışlarıma görə nəticə belə oldu. Faktiki olaraq bunlar müştərilərini aldatmaqla məşğul olurlar. Hələ seçkilərə qədər belələri çox olacaq.  O hüquqşünasların tərcümeyi-halını araşdırsan, ya müxalifət partiyalarının üzvləri, ya müxalifət funksionerlərinin qohumları  olduğu müəyyənləşəcək.

 

Rauf  KƏNGƏRLİ,

  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında