Bu gün Azərbaycanın sürətli inkişafı, ölkədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması artıq beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Təbii ki, bu uğurların təməlində düşünülmüş siyasət və cəmiyyətin bu siyasətə münasibəti dayanır. Həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Hər şey insanlar üçün, Azərbaycan vətəndaşları üçündür.
Azərbaycan dövləti daim öz vətəndaşlarının maraqlarının keşiyindədir, onları darda qoymur, problemlərini həll edir. Müstəqillik dövründə, xüsusilə son 10 ildə daxili və xarici siyasət sahəsində elə böyük uğurlar əldə edilib ki, hər bir vətəndaş haqlı olaraq bundan qürur hissi keçirir. Son vaxtlar əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması, regionlarda yeni iş yerlərinin açılması insanların gələcəyə olan inamını daha da artırıb.
Azərbaycanın inkişafını, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri qısqanclıqla qarşılayan dağıdıcı müxalifət nümayəndələri bütün bunların guya prezident seçkiləri ərəfəsində məqsədli şəkildə edildiyi barədə şayiələr yayır, bununla da ölkədə süni narazılıq yaratmağa çalışırlar. Ölkəmizin inkişafını gözü götürməyən dairələrin sifarişlərini yerinə yetirən belə antimilli xəyanətkarlar sanki unudurlar ki, Azərbaycan dövləti öz vətəndaşlarının maraqlarının keşiyində dayanmağı prioritet vəzifələrdən biri hesab edir. Dağıdıcı müxalifətin diqqətinə çatdırmaq istərdik ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi daim dövlətin diqqət mərkəzində olub. Təkcə bir faktı xəyanətkarların yadına salmaq istərdik. 2011 -ci ilin dekabrında ölkə başçısı müxtəlif sahələrdə çalışanların əmək haqlarının artırılması ilə əlaqədar bir - birinin ardınca 7 sərəncam imzalayıb. Məgər iki il öncə də ölkəmizdə prezident seçkiləri keçirildi? Son on ildə minimum əmək haqqının artırılması ilə əlaqədar imzalanmış 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf etmişdir. Ölkə Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi ödəmələrin verilməsi haqqında” 2012 - ci il 14 mart tarixli fəmanından sonra 1,4 milyon manat əmanət hesabı üzrə vətəndaşlara təxminən 600 milyon manat vəsait qaytarıldı. Bu göstəricilər radikal müxalifətin dediklərinin yalan olduğunu bir daha təsdiqləyir.
Artıq beynəlxalq ictimaiyyət də ölkəmizin uğurlarını yüksək dəyərləndirir. Bu yaxınlarda “Nezavisimaya qazeta”da dərc olunmuş bir məqalə də bunu təsdiqləyir. Həmin məqalədə bildirilir ki, prezident seçkilərinə bir neçə ay qalmış Azərbaycan beynəlxalq diplomatiya mərkəzinə çevrilmişdir. Qərbin nümayəndə heyətlərinin və MDB ölkələrinin liderlərinin səfərləri inandırıcı şəkildə göstərdi ki, oktyabrın 9-dan sonra da bu ölkənin seçdiyi yol dəyişməyəcəkdir. Buna görə də etibarlı tərəfdaş nüfuzu qazanmış və güclü regional lider mövqelərini möhkəmlətmiş dövlətlə münasibətlərdən söhbət gedəndə ənənəvi seçkiqabağı pauza üçün vaxt itirməyə dəyməz. Şəriksiz lider rolu Azərbaycanın xarici siyasət üzrə bütün tərəfdaşları ilə bərabər münasibətlər qurmasına imkan verir. Azərbaycanın müdafiə naziri ABŞ-a rəsmi səfər etmiş, Amerika konqresmenlərindən ibarət nümayəndə heyəti isə Bakıda olmuşdur. Eyni vaxtda rəsmi Bakı İtaliyanın Baş naziri Enriko Letta ilə danışıqlar aparmışdır. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan paytaxtına səfəri isə diplomatiya paradının zirvəsi olmuşdur.
Alman politoloqu Aleksandr Rarın da ölkəmiz haqqında söylədiyi fikir diqqətçəkən məqamlardandır. O deyib ki, Azərbaycan tərəfdaşlarını bir-birinə qarşı qoymadan bacarıqla öz siyasətini yeridir. Azərbaycan qazının Avropaya nəql edilməsi üçün “Nabukko” layihəsindən imtina edilməsi demək olan TAP layihəsi Bakının Qərblə öz münasibətlərini saxlamasına və Rusiyaya dost əli uzatmasına imkan vermişdir.
Belə faktlar istənilən qədərdir. Çünki son 10 ildə Azərbaycan çox möhtəşəm və aşkar inkişafa nail olmuşdur. “Milli Şura” adı ilə guya birlik görüntüsü yaratmağa çalışan antimilli dairələr isə bu uğurlara kölgə salmağa çalışırlar. Ancaq istəklərinə nail ola bilmirlər. Çünki xalq onların daxili aləmini, xəbis niyyətlərini, düşmənlərimizin tapşırıqlarını yerinə yetirdiklərini çox yaxşı bilir.
Deyilənlərə görə, qondarma Milli Şuranın 129 üzvü var. Onların da hərəsinin prezidentliyə öz namizədi var. Bu qurumun prezidentliyə namizədi Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənliyə elə öz həmfikirləri tərəfindən səs verilməyəcəyi barədə artıq bəyanatlar səslənməkdədir. Əgər C.Həsənliyə qurumun üzvləri səs verməyəcəklərsə, “Milli Şura”nın bəzi üzvlərinin cəmiyyətin yüksək dəstəyini əldə edəcəkləri barədə iddiaları xülyadan başqa bir şey deyil. Əksər müxalifət funksionerləri iddia edirdilər ki, “Milli Şura” ya bir-birləri ilə siyasi və başqa münasibətləri olmayan insanlar toplaşıblar. Hətta bu qurumun sədri Rüstəm Məmməd İbrahimoviç də onlarla bir masa arxasında oturmağı özünə rəva bilməyib və onların kimlər tərəfindən təyin edilməsindən xəbərsiz olduğunu bildirib. Artıq bəlli oldu ki, “Milli Şura”ya toplaşanların əksəriyyətini prezident seçkilərində kimin qələbə qazanmasından çox, Rüstəm Məmməd İbrahimoviçin var - dövləti və erməni lobbisindən aldığı qrantlar maraqlandırırmış. O, Azərbaycana gəlməyəndən sonra “Milli Şura”dakı adamlar arasında ziddiyyətlər ortaya çıxdı. Bu isə gözlənilən idi. ADP sədri Sərdar Cəlaloğlu da etiraf edir ki, “Milli Şura”ya təsadüfi adamları doldurmuşdular və millətə təqdim edirdilər ki, guya ən “qaymaqlar” burdadır, amma sonradan o adamların əksəriyyəti bu quruma qarşı ağır ittihamlar irəli sürməyə başladı. Yəni, “Milli Şura” haqqında ictimai rəydə başqa təəssürat yaratmaq istəyirdilər. Partiya sədri deyib ki, əslində, “Milli Şura” elə indiki İctimai Palatadır. İctimai Palatada olduğu kimi, bu qurumda da əsas söz sahibləri AXCP, Müsavat və onlara yaxın olan adamlardır.
20 ildir ki, siyasi partiyaya rəhbərlik edən AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının rəhbəri İsa Qəmbər bu müddət ərzində keçirilən seçkilərdə xalqın dəstəyini qazana bilməsələr də, onlar partiya rəhbərliyindən əl çəkəmək istəmirlər. Dünyanın politoloji təcrübəsində iki dəfədən artıq seçkidə yer tutmayan partiyaların fəaliyyəti faydalı sayılmırsa, kütlə 20 il hakimiyyətdən kənarda qalan, seçkilərdə heç bir uğur qazanmayan, hər hansı bir aksiya keçirmək istəyərkən ərtafına 400 - 500 nəfərdən artıq adam toplaya bilməyən siyasi təşkilat rəhbərlərinə necə isti münasibət bəsləyə bilər? Eyni vədlər, eyni mübarizə metodları, hər dəfə mitinq adı ilə piket keçirən zaman eyni şüarları səsləndirən, nəhayət, eyni siyasi simalar geniş ictimaiyyətin təsəvvüründə primitiv görkəmi ilə qeyri-ciddi rəy formalaşdırıblar. Belələrini görəndə artıq insanların gözləri də ağrıyır. Müxalifət “liderləri” parlament seçkilərində mandat qazanmaq və prezident seçkilərindəki məğlubiyyətlərini ört - basdır etmək üçün Avropanın müxtəlif təşkilatlarını da üzdən - gözdən salır, ermənipərəst dairələrdən və Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan bəzi “beynəlxalq müşahidəçilərdən” müxtəlif yollarla aldıqları rəyi dönə-dönə dərc etdirir, utopik düşüncə ilə ictimai diqqəti özlərinə cəlb etməyə çalışırlar. Builki prezident seçkilərində Rüstəm Məmməd İbrahimboviçin kölgəsində gizlənərək onun var - dövlətindən və erməni lobbisinin qoca kinorejissora ayırdığı çirkli pullardan yararlanmaq istəyən radikal müxalifət nümayəndələri bu dəfə də xəbis niyyətlərinə nail ola bilmədilər. Çünki artıq öz həmfikirləri də onlardan üz döndərir, müxtəlif təşkilatlara agentlik etdiklərini açıq şəkildə bəyan edirlər.
ALP sədri Əvəz Temirxanın Müsavat Partiyasının başqanı İsa Qəmbər haqqında Facebook sosial şəbəkəsində yazdıqları da bundan xəbər verir. Onun yazdıqlarını olduğu kimi təqdim edirik: “Hörmətli İsa bəy! Son 20 ildə siz, ətrafınız və nəzarətinizdə olan KİV-lər Lalə Şövkət, ALP haqqında ölkədə və xaricdə sizin xislətinizdən və səviyyənizdən irəli gələn yaymadığınız yalan, böhtan və ünvanımıza söyləmədiyiniz təhqir və küçə söyüşü qalmayıb. Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli, “MOLOTOV” ləqəbli “KQB agenti” ittihamını səsləndirmiş adamı məhkəməyə verin. Əgər bunu edə bilmirsinizsə (heç edə də bilməzsiniz), susmağınız və bizə böhtan atmamağınız məsləhətdir. Əgər böhtan atmadan siyasət yürüdə bilmirsinizsə, bunu küçə söyüşləri ilə etməyin. Çünki yalan, böhtan, təhqir, xüsusən, küçə söyüşləri ilk növbədə onun müəllifinə layiqlik göstəricisidir. Mən bunları sizə layiq bilməzdim. Amma bunları özünüzə layiq bilirsinizsə, “uğurlar” və yazıqlar olsun sizə!"
Radikal müxalifətin seçki taktikası üçün daha bir uğursuz təcrübə, daha dəqiq desək, öz aralarında layiqli namizəd tapa bilməmələri, ehtiyat namizəd kimi Cəmil Həsənlini siyasi proseslərin önünə atmaları oldu. Görünür, 20 il siyasi partiyaya rəhbərlik edənlər, özlərini “ana müxalifət” adlandıranlar hələ də prezidentlik qabiliyyətində olmadıqlarını dərk ediblər. Ona görə də “Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimboviçin dublyoru kimi siyasət adamını yox, elm adamını ortalığa atdılar. Amma unudurlar ki, bu gün xalqa tarixi araşdıran yox, onu yaza bilən, dünyada baş verən siyasi proseslərdən baş çıxarmağı bacaran, ölkə iqtisadiyyatını qüdrətləndirmək iqtidarında olan, daxili və xarici siyasət sahəsində mükəmməl biliyə malik bir prezident lazımdır.
“Milli Şura”nın bu qərarı ilk növbədə müxalifət düşərgəsində etirazla qarşılandı. Üstəlik, bu qurumda hegemonluq edən AXCP və Müsavat Partiyası yeni namizədin seçki gərargahına nəzarəti də öz əllərinə aldılar. Bundan sonra müxalifət düşərgəsində qarşıdurma daha da gücləndi. İlk etiraz dalğası KXCP - dən gəldi. Bu partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib ki, “Milli Şura”nın ilk “vahid namizədi” yalnız bir neçə gün ərzində bu statusda qaldı. Sonra situasiya dəyişdi və yeni “vahid namizəd” oldu. Proseslərin sonrakı mərhələsində isə bəlli oldu ki, sən demə, heç də hamı onu “Milli Şura”nın “vahid namizədi” kimi görmürmüş. Cəmiyyət Cəmil Həsənlini cəmi iki partiyanın - AXCP və Müsavat Partiyasının namizədi kimi görür. KXCP sədri C.Həsənlinin seçki qərargahının yaradılması və bu qəragaha rəhbərlik edənlərə də etirazını bildirərək deyib ki, yeni namizədin seçki qərargahının başbilənlərinin müxalifətin digər nümayəndələrini “məsuliyyətli işdir” - deyib kənarda qoyması “Milli Şura”nı dağıtmağa yönələn bir addımdır. Bu cür qrupbazlıqla işləməzlər. Orada məsuliyyətsiz adamların oturması və rəhbərlik etməsi seçkinin indidən uduzulması deməkdir.
Dünyanın inkişaf etmiş ölkələri Azərbaycanın indiki hakimiyyəti ilə əməkdaşlıq etmək arzusundadır. Bunu son vaxtlar respublikamızda keçirilən beynəlxalq tədbirlərin sərhədinin xeyli genişlənməsi də təsdiqləyir. Artıq beynəlxalq qurumlara da bəllidir ki, “Milli Şura” nın prezidentliyə vahid namizədi C.Həsənli Müsavatla AXCP-nin ortaya atdığı qurbandır və Rüstəm Məmməd İbrahimoviçin dublyorudur. Qərb gah Moskvanın, gah Vaşinqtonun, gah Brüsselin, hətta imkanı olsa, İran və Çinin də qucağına atılmağa hazır olan hərdəmxəyal müxalifətlə deyil, sabit, prinsipial, dəyişməz mövqeyi ilə dünyada nüfuz qazanmış mövcud iqtidarla işləməyə üstünlük verir. Bu isə artıq göz qabağındadır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.