Rauf Arifoğlu: Artıq “Milli Şura” adlı bir qurum yoxdur

 

 

 

Xırda maraqları naminə Azərbaycanı qarışdırmağa çalışanların aqibəti belə olmalı idi

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə “Milli Şura” yenidən mitinq adı ilə piket keçirməyə hazırlaşır. Ölkəmizin inkişafı əleyhinə müxtəlif şüarlar hazırladıqları bir vaxtda ovqatları əməli - başlı təlx oldu. Dünya İqtisadi Forumunun Azərbaycanın iqtisadi uğurlarını əks etdirən hesabatı adını azəbaycanlı qoyan  bir qrup xəyanətkarda ciddi qısqanclıq hissləri yaradıb. Axı, onlar aldadıb piketə yığdıqları özləri əqidədə olanlara ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, iş yerlərinin olmaması, Azərbaycanın beynəlxalq aləmdə reytinqinin aşağı düşməsi barədə moizə oxuyacaqdılar. Ancaq  Dünya İqtisadi Forumunun  hesabatı xəyanətkaların xəbis niyyətlərini alt - üst etdi. 

Azərbaycan Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Ölkəmiz 2012-2013-cü il hesabatında 144 ölkə arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutmuşdur. Azərbaycan bu göstəricilərlə hətta bir çox Avropa Birliyi ölkələrini də geridə qoymağa nail olub.

Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın artıq 40 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın son 10 ildə əldə etdiyi möhtəşəm uğurlar dünya birliyi, aparıcı beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Bəli, bütün bunlar radikal müxalifəti pat vəziyyətinə saldı.

Üstəlik “Rəy” Monitorinq Mərkəzinin 2013-cü il avqustun 26-30-da 10 sosial-iqtisadi zonanın 36 yaşayış məntəqəsində 18 yaşından yuxarı 1535 nəfər arasında keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticəsi də dağıdıcı müxalifətin seçki xülyasını darmadağın etdi. Prezident seşkiləri ərəfəsində keçirilən rəy sorğusunda respondentlərin 90,4 faizi “Milli Şura”nın ehtiyat namizədi haqqında ilk dəfədir eşitdiklərini bildiriblər. Rəyi soruşulanların yalnız 9,6 faizi bu haqda məlumatlı olduğunu bildirib. Sorğu nəticəsində müxalifətin bütün namizədləri birlikdə, o cümlədən namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla respondentlərin 1,5 faiz səsini alıblar.  Respondentlərin 84,7 faizi isə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədini dəstəklədiyini bəyan edib.

Son 10 ildə həyata keçirilən siyasi kursun uğurları bu nəticələri labüd edir. Daxili və xarici siyasətdə əldə olunmuş mühüm nailiyyətlər, bütün ölkədə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial, iqtisadi infrastrukturun müasirləşdirilməsi, əhalinin rifahının yüksəldilməsi, cəmiyyətdə mövcud olan bütün problemlərin əsaslı şəkildə həll edlilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artması və digər amillər  xalqımızın gözləri qarşısında baş verir.

Əks qütbün təmsilçiləri, yəni, özlərinin maddi  maraqları naminə Azərbaycanı qarşıdurmaya aparmaq istəyən qüvvələrlə işbirliyinə çox həvəslə qoşulan “Milli Şura” üzvləri arasında yaranmış çaşqınlıq artıq son həddə çatıb. Artıq müxalifət partiyaları da bu qurumun heç bir perspektivi olmadığı qənaətindədirlər. Bildirilir ki, seçkilərdə antiazərbaycan dairələrə yox, xalqa ümid bağlamaq lazımdır. Çünki seçkilərin taleyini xalqın iradəsi həll edir. Azərbaycandakı bəzi müxalifət partiyaları ölkəyə kənardan təsir göstərmək istəyən maraqlı qruplarla sinxron fəaliyyət göstərir. Onların fəaliyyəti Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, xarici dairələrin mənafelərinə uyğundur. Dağıdıcı müxalifətdən və xəyanətkar insanlardan ibarət olan “Milli Şura” isə yenə də ümidlərini ermənipərəst dairələrə və onların çirkli pullarına bağlayıb. Bunu müxalifətdə  olan, siyasi partiya sədrləri də təsdiqləyirlər. Məsələn,  ASDP sədri Araz Əlizadə deyib ki, “Milli Şura” xırda maraqları naminə Azərbaycanı qarışdırmağa çalışan qüvvələrlə işbirliyinə çox həvəslə qoşulur. Partiya sədri bildirib ki, Rüstəm İbrahimbəyov “Milli Şura”nın prezidentliyə vahid  namizədi seçiləndə Moskvadan təcili Amerikaya uçdu. Növbəti namizəd seçiləndən sonra isə Böyük Britaniyaya getməyə hazırlaşır. Amma bilinmir ki, onlara kim və hansı ağılla dəstək verə bilər?  “Milli Şura” yarandığı gündən qeyri-ciddi, perspektivi olmayan bir qurum kimi səciyyələndirildi və öz fəaliyyəti ilə bu proqnozu “doğrultdu”. 

“Milli Şura” deyilən bir qurum artıq yoxdur”. Bu fikir isə qurumun üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna məxsusdur.  Bir sıra siyasi partiya sədrləri və politoloqlar “Milli Şura”ya toplaşanların  “agentlər”, “hərəsi bir xarici təşkilata işləyən” və “maddi maraqlarını güdən” adamlar olduğunu deyəndə  buna etiraz edənlər var idi. İndi həmin qurumun üzvü R.Arifoğlunun “Milli Şura”nın aparıcı üzvlərindən biri olan ALP sədri Əvəz Temirxan və digərləri haqqında səsləndirdiyi fikirlər də deyilənləri bir daha təsdiqləyir. R. Arifoğlu ALP sədrinin qeyri-ciddi və bədbəxt adam olduğunu deyib: “Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Qəzetim haqqında da “iqtidara işləyir, ora-bura işləyir” ittihamı deyəndə, bu bədbəxt başa düşmür ki, onun özü də, indi təmsil etdiyi Lalə Şövkət də bu iqtidarı quranlardan biri olub. Həm Lalə Şövkət, həm Rəsul Quliyev, həm də Eldar Namazov iqtidarın qurulmasında, formalaşmasında iştirak ediblər... Amma sonradan oradan qovulublar, düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar. Sabotajla məşğuldurlar. Desinlər ki yalandır, sabotaj etməmişik. Əvəz Temirxan da, ALP-çilər də  “Milli Şura”nın iclasında iştirak etməyiblər. “EL” hərəkatı da son sessiyanı sabotaj edib və iclas gedə-gedə “Şuşa” restoranında iclas keçirib və həmin gün “Milli Şura”ya dəhşətli bir zərbə vurub. Cəmil Həsənlinin “Milli Şura”nın prezidentliyə vahid namizədi statusunda ilk dəfə idi sessiya keçirilirdi və onlar həmin sessiyanı da boykot elədilər. Bundan da böyük pislik varmı? Sülhəddin Əkbər Rəsul Quliyevin təmsilçisidir və Rəsul Quliyev bir neçə gün əvvəl “Mili Şura”nın vahid namizədi haqqında deyib ki, o, cəmi 0,2 - 0,5 faiz səs ala bilər, onun şansı yoxdur. Bundan böyük pislik, əks-təbliğat ola bilər? Yəni, bu mövqeni təmsil edən, aranı qatan, “Milli Şura”nı yerdən-yerə vuran, onun sessiyasını sabotaj və boykot edən adamlar utanmadan, həyasızcasına mənim və qəzetin üzərinə gəlirlər. Etdikləri hərəkəti bizim adımıza yazırlar. Mən də üzümü ənənəvi müxalifət liderlərinə tutub deyirəm ki, bunlar sizə lazımdır? Bu adamlar nəyinizə lazımdır? Nə üçün bu yükü özünüzlə daşıyırsınız?"

R. Arifoğlu, həmçinin  artıq “Milli Şura” formatının iflasa uğradığını qeyd edib. Bildirib ki,  “Milli Şura” deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir. “Milli Şura” varsa, ALP haradadır? “Milli Şura” varsa, “EL” hərəkatının rəhbərliyi niyə bəyan edib ki, onlar İlqar Məmmədovu müdafiə edəcəklər? Bəs “Milli Şura”nın namizədi harada qaldı? “Milli Şura” varsa, niyə “EL” hərəkatının təmsilçiləri həmin gün gedib “Şuşa” restoranında iclas keçirirlər? Yəni, bu adamlar görmürlər ki, ölkə siyasətinə, müxalifətinə nə qədər böyük fəlakət, bəla və narahatlıq gətiriblər. Mən hamısına etiraz edirəm. R. Arifoğlu “Milli Şura”nın belə üzvlərini  “Beyindən, ağıldan şikəst, demokratiya haqqında təsəvvürləri, kommunist təsəvvüründən yüksək olmayan  insanlar” adlandırıb.

Artıq “Milli Şura”dan istefa verənlərin, bu qurumun prezidentliyə namizədini dəstəkləməyəcəklərini açıq şəkildə bəyan edənlərin sayı getdikcə artır. İslam Partiyası da “Milli Şura”nın namizədinə səs verməyəcəyini bəyan edib. Bu qərar AİP-in Baş Məclisinin sentyabrın 6-da keçirilən iclasında qəbul olunub.

Liberal Partiyanın lideri Lalə Şövkət Hacıyevanın  “Milli Şura”nı tərk etməsi bu qurumun rəhbərliyinə ciddi zərbə olub. Üstəlik L.Şövkət  radikal müxalifətin, xüsusilə də “Milli Şura”nı idarə edən AXCP və Müsavat Partiyası rəhbərlərinin iç üzünü də açıb. O, “Milli Şurada” bir-birinə salam verməyən siyasətçilərin təmsil olunduğunu deyib və belə adamlarla bir masa arxasında oturmaq fikrində olmadığını bildirib. Lalə Şövkət Hacıyeva “Milli Şura” layihəsinin  nə strateji, nə də  taktiki baxımdan düzgün hesablanmadığını hələ bu qurum yarananda diqqətə çatdırdığını bildirib. Keçmiş dövlət katibi əlavə edib ki, AXCP və Müsavat Partiyası  “Milli Şura”nı yenidən İctimai Palataya çeviriblər. Liberal partiyanın liderinin sözlərinə görə, hətta Rüstəm Məmməd İbrahimoviç də  hələ o zaman  deyib ki, “Milli Şura”da onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir.

İndi görün bu radikal müxalifət nə gündədirsə, hətta milli - mənəvi dəyərlərimizdən, azərbaycançılıqdan uzaq və ermənipərəst mövqeyi ilə tanınan qoca kinorejissor da onlarla bir yerdə olmaqdan imtina edib.

ALP lideri AXCP və Müsavat Partiyasının rəhbərlərini kəskin tənqid edərək deyib ki, indi isə bu qüvvələr bəyan edirlər ki, müxalifət iki hissədən ibarətdir - heydərçilər və elçibəyçilər və bu vəziyyətdə elçibəyçilər revanş götürməlidirlər. Buyurun, revanş götürün. Bəs onların məhz Elçibəyin şinelindən çıxan partiyalardan ibarət olan İctimai Palatası var idi. Onda “Milli Şura”ya niyə qatılırdılar? Nə işləri var idi orada? Bu gün, demək olar ki, bunlar “Milli Şura”nı yenə də İctimai Palataya çevirmək istəyirlər. Bu nə evcik oyunudur? Bunun nə mənası var idi? Burada nə məntiq, nə ağıl var!

ALP lideri mərhum Elçibəyin 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsini xatırladaraq deyib ki, o vaxt  mərhum Elçibəy açıq bəyan etmişdi ki, “müxalifət qəzetləri iki siyasətçini vururlar - məni və Lalə Şövkəti”. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü “elçibəyçilər” adlandırırlar? Nəyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir elçibəyçi?" L.Hacıyeva qəti olaraq son fikrini açıqlayaraq deyib: “Mən belə adamlarla işləyə bilmərəm. Onlar məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam. Düzdür, mən  Heydər Əliyevin komandasının üzvüydüm və bununla fəxr edirəm. Bu, həyatımın bir səhifəsidir. Mən onunla işləmişəm. Onlar şəxsiyyət və siyasətçilər olaraq heç vaxt Heydər Əliyevə tay ola bilməzlər”.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında