“Human Rights Watch” öz qərəzli ampluasından əl çəkmir

 

 

 

Demokratiya yolunda qətiyyətlə irəliləyən Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən biridir. Bu sahəyə xüsusi diqqət yetirilməsini dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri də yüksək qiymətləndirirlər. Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi dəyərləndirilir. Son 18 ildə imzalanan 50-dən çox əfv fərmanı ilə 6 mindən çox məhkumun azadlığa buraxılması ölkəmizdə əsas insan hüquq və azadlıqlarının qorunmasının yüksək səviyyədə olmasından xəbər verir və bu humanizm Avropada nümunə kimi göstərilir.

Son illər dünyada baş verən qlobal təlatümlər, maliyyə böhranı fonunda sabitlik və inkişaf adası kimi diqqəti  cəlb edən Azərbaycanın dünya birliyində də söz sahibinə çevrilməsi xaricdəki ermənipərəst dairələri, antiazərbaycan qüvvələri, ksenofobiya, islamafobiya kimi murdar xəstəliyə tutulan qüvvələrin ciddi narahatlığına səbəb olub. Onlar müxtəlif yalan məlumatlarla çaşqınlıq yaratmaq, bununla da inkişafımıza və beynəlxalq aləmdə sürətlə artan nüfuzumuza xələl gətirmək istəyirlər. “Human Rights Watch”, “Freedom House” və erməni lobbisinin himayəsində olan bəzi beynəlxalq qeyri-hökumət təşkilatları sanki Azərbaycan haqqında yalan hesabatlar yaymaqla özlərini diqqət mərkəzində saxlamaq istəyirlər. Belə oyuncaq təşkilatlar qərəzli hesabatları ilə qrantlar alsalar da, digər tərəfdən özlərinə olan inamı tamamilə itirirlər. Görünən odur ki, “Human Rights Watch” və “Freedom House” kimi təşkilatlar hələ də reallıqları görmür, qərəzli amplualarından əl çəkmək istəmirlər.

Bu günlərdə “Human Rights Watch” təşkilatı yenə qərəzçiliyə yol verərək “Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxalifətə qarşı hücumlar” adlı 100 səhifəlik hesabat yayıb. Hesabatda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti qərəzli və əsassız olaraq tənqid olunub, guya, son 18 ayda sərbəst toplaşma, ifadə və birləşmə azadlıqlarına məhdudiyyətlərin artdığı qeyd olunub, ölkəmizdə gedən demokratikləşmə prosesləri tamamilə təhrif olunmuş bir formada təqdim edilib. Yəni ölkəmiz növbəti dəfə ikili standartlara tuş gəlib. Təşkilat Azərbaycan Respublikası ilə bağlı qərəzli və süni şəkildə mənfi rəy formalaşdırmağa davamlı cəhdlər edir. Bu təşkilatın yaydığı son hesabatda real faktlar kobudcasına təhrif edilir, dünya ictimaiyyəti açıq-aşkar aldadılır.

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, qeyri-mötəbər, bəzi hallarda anonim mənbələr hesabına hazırlanan hesabatda selektiv yanaşmadan istifadə edilərək yalnız müxalif mövqe tutan təşkilat və şəxslərin fikrinə əsaslanılır ki, bu da müxalif mövqe tutmayan çoxluğun rəyinin nəzərə alınmaması deməkdir: “Bu cür seçilmiş, konkret siyasi tərəf tutan şəxslərin reprezentativliyi qorunmaqla bir neçə nəfərin fikri əsasında 100 səhifəlik hesabat yaymaq fundamental tədqiqat işinin aparılmadığının, sənədin nə dərəcədə qərəzli və subyektiv xarakter daşıdığının göstəricisidir. “Human Rights Watch”un barələrindəki ittihamlar üzrə hazırda istintaq prosesi davam edən bəzi şəxslər haqqında hesabatdakı qeydlərini Azərbaycanda istintaqa təzyiq cəhdi kimi qiymətləndiririk. Təşkilatın diqqətinə çatdırırıq ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və heç kimin siyasi baxışları onun qanun qarşısında məsuliyyətini azalda bilməz. Qanunun aliliyi prinsipinə zidd olaraq “Human Rights Watch”un Azərbaycan hakimiyyətinə ünvanlanan insan hüquq və azadlıqlarına əks çağırışları ilk öncə bu təşkilatın öz mahiyyətini ciddi şübhə altına alır”.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri deyib ki, hər bir hüquq-müdafiə təşkilatının beynəlxalq nüfuzu onun maliyyə şəffaflığı, topladığı ianələrlə sıx bağlıdır. Təsadüfi deyil ki, 2011-ci ilə nisbətən 2012-ci ildə “Human Rights Watch”un büdcəsi təxminən 2 dəfə azalıb. Bu isə həmin təşkilatın müstəqil fəaliyyətinə getdikcə inamın azalması, etimadın itməsi ilə bağlıdır. “Human Rights Watch”u dünyada insan hüquqlarının müdafiəçisi kimi qəbul edənlər onun müxtəlif mərkəzlərin sifarişi ilə işlədiyini görərək bu təşkilatı maliyyələşdirməkdən kütləvi şəkildə imtina ediblər. Hesabatda Azərbaycanın son illər əldə etdiyi çoxsaylı uğurlardan cəmi bir faktın belə qeyd olunmaması sənəd müəlliflərinin məhz bu cür sifariş yerinə yetirdiklərinin əyani göstəricisidir. Belə olmasaydı, hesabat boş cızma-qara xarekteri daşımaz, yalnız müxalif qəzetlərdə gedən yazıları kortəbii “sistemləşdirmək”dən ibarət olmazdı. Budur, özünü beynəlxalq hüquq-müdafiə təşkilatı adlandıran “Human Rights Watch” bölgədə ancaq Azərbaycanda seçkiöncəsi vəziyyəti “təftiş” edir, Cənubi Qafqaz regionunda insan hüquqlarının ən çox pozulduğu ölkə olan, hakim rejimə qarşı çıxanların güllə ilə öldürüldüyü Ermənistanda seçki və digər dövrlərdə analoji hesabatlar hazırlamır. Bu faktın özü onu göstərir ki, bu təşkilat müəyyən qrupların və şəxslərin ödənişli sifarişləri əsasında işləyir. “Human Rights Watch”un idarə heyətində Vartan Qriqorianın — erməni əsilli şəxsin təmsil olunması, görünür, təşkilatın Ermənistan ilə bağlı daim epizodik məqamlarla kifayətlənməsində, Azərbaycana qarşı isə müntəzəm olaraq bu cür əsassız və qərəzli mövqe tutmasında, haqqında qeyri-obyektiv, iftira dolu hesabatlar yaymasında həlledici rol oynayır.

Elnur Aslanov qeyd edib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi barədə faktlar da təhrif edilir, saxtalaşdırılır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin cəmi 7 il davam etdiyi göstərilir. Halbuki, bu münaqişə bu gün də davam edir və müharibə hələ bitməyib. 1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini davamlı pozur, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslərə atəş açır. Məhz “Human Rights Watch”un nəzərə almadığı illərdə cəbhə xəttinə yaxın ərazilərdə 9 yaşlı Fariz Bədəlov, 13 yaşlı Aygün Şahmalıyeva erməni snayperləri tərəfindən vurularaq öldürülüb. Görəsən, nə üçün bu təşkilat adi insan hüquq və azadlıqlarından məhrum edilən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün barədə susur, onlarla bağlı bir dəfə də olsun dünya ictimaiyyətinə müraciət etmir?!

Hesabatda bəhs olunan Azərbaycanda “ermənifobiya” barədə iddialar xəstə təxəyyülün məhsulu, tamamilə cəfəngiyatdır. Dəfələrlə qeyd olunduğu kimi, hazırda Ermənistanda əsir və girovlarımızdan başqa 1 nəfər də azərbaycanlı qalmadığı halda Azərbaycanda 30 mindən çox erməni əsilli şəxs yaşayır. Bundan başqa, Azərbaycan dövləti Dağlıq Qarabağın erməni icmasını öz vətəndaşları hesab edir və post-konflikt dövründə Azərbaycan cəmiyyəti onlarla birgə yaşamağa davam edəcək. “Human Rights Watch” ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli, ikili standartlı hesabat açıqlayır. Bundan əvvəlki yalan və iftira xarakterli hesabatlar da Azərbaycan hakimiyyəti, ələlxüsus ölkə ictimaiyyəti tərəfindən sərt tənqidlərə məruz qalıb. Buna baxmayaraq, “Human Rights Watch”un son hesabatda əvvəlki hesabatlara, oradakı saxtalaşdırılmış faktlara tez-tez istinadlar etməsi ölkə barədə süni şəkildə “qara statistika” formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan hakimiyyəti bir daha bəyan edir ki, sifarişlə hazırlanan, qərəzli, böhtan xarakterli bu tip hesabatlar Azərbaycanın dünyada möhkəmlənən müsbət imicini zədələyə bilməz.

Məlumdur ki, “Human Rights Watch” kimi mənasız məlumatlar yayan təşkilatlar hansısa qrupların maraqlarına xidmət edir. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, “Human Rights Watch” beynəlxalq təşkilat deyil, qeyri-hökumət təşkilatıdır: “Azərbaycanda da qeyri-hökumət təşkilatları var və onlar da istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bəyanat yaya bilərlər. Ona görə də “Human Rights Watch” deyilən bir təşkilatın yaydığı bu və ya digər sənəd Azərbaycanı hansısa bir öhdəlik qarşısında qoymur".

Mübariz Qurbanlı qeyd edib ki, bu təşkilatlar QHT-lər kimi fəaliyyət göstərir və onların da yaydığı məlumatların mənbələri şübhəli, bir çox hallarda yoxlanılmamış olur, eyni zamanda, həmin təşkilatlar qərəzli məlumatlar yayırlar. İcra katibinin müavini əlavə edib ki, bu təşkilatların Azərbaycana qarşı yaydığı məlumatların respublikamızın beynəlxalq aləmdə imicinə heç bir təsir göstərmir: “Bu təşkilatların yaydığı məlumatlar qərəzli xarakter daşıyır. Ona görə də bu cür təşkilatların yaydığı mənasız məlumatlar haqqında danışmağa ehtiyac yoxdur”. Mübariz Qurbanlı onu da bildirib ki, mənasız fikirlər və tezislər ortaya qoyan bu kimi təşkilatlar beynəlxalq aləmdə yalnız Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı bu tip məqsədli məlumatlar yayaraq hansısa qrupların maraqlarını ifadə edirlər.

Bəli, qətiyyətlə deyə bilərik ki, “Human Rights Watch” ikili standartlara yol verir. Məsələn, təşkilatın rəyinə görə, Snouden banditdir və onu elektrik masasına oturtmaq lazımdır. Amma “Nida” təşkilatının “molotov kokteylli” üzvləri “siyasi fəaliyyətlərinə görə həbs olunmuş gənc fəallardır”. Özü də, sən demə, onlar “yazarlar”, sosial şəbəkələrin “fəal istifadəçiləri” olublar. Təcridxanada həmin gənclərin başlarının qırxılmasını qüsur kimi göstərən təşkilatdan soruşmaq lazımdır ki, bəs ABŞ-da necə edirlər? Bəlkə Quantanamonun daxili qaydalarının tətbiqini tövsiyə edəsiniz? Emin Hüseynliyə, Rəşid Hacılıya pul-para verib “məhbus jurnalist” ovuna çıxarırlar, sonra da onların tapdıqları narkomanları, xuliqanları, cinayətkarları söz azadlığı “mücahidləri” elan edirlər. Siz görün, bu təşkilatın fikrincə, hakimiyyətin mətbuata “antaqonist” münasibəti nədə özünü büruzə verir: “Azadlıq” qəzeti cərimə olunub. Bəs “Azadlıq” qəzetinin cəmiyyətə, vətəndaşlara, ziyalılara, nüfuzlu insanlara qarşı böhtançı informasiya siyasətindən niyə danışmırsınız? Söymək olar, cavab almaq yox? Elə isə Rupert Merdokun “News of the World” nəşrinin fəaliyyətini niyə dayandırdınız? NDİ Azərbaycanda çevriliş planları qurur, gənclərin beyinlərini zəhərləyib yoldan çıxarır, onları maliyyələşdirir, dövlətə qarşı yönəldir. Bütün bunlara görə onunla müqaviləni uzatmaqdan imtina edəndə də, deyirlər xarici təşkilatların fəaliyyəti dayandırılır. NDİ-nin Bakı nümayəndəliyinin rəhbəri Qriqoreviç hesabından çıxardığı pulların hesabatını niyə indiyə kimi verməyib? Bütün bunlardan sonra bu siyasiləşmiş və qərəzli QHT hələ Azərbaycan hakimiyyətinə tövsiyələr də verir. Guya onun iddialarını saya salan var ki, hələ tövsiyələrinə də əməl edən tapılsın?!

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında