Sərdar Cəlaloğlu: “Milli Şura”ya yığışan adamlar əqidə uğrunda, məslək uğrunda, din uğrunda yox, “un uğrunda” vuruşa girmişdilər

 

 “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviç üç ay radikal müxalifəti aldatdıqdan sonra nəhayət, prezident seçkilərinə qatılmayacağını bildirdi. Seçkilərdə namizəd kimi iştirak etmək istəyənlər  sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri bir vaxtda Rüstəm Məmməd İbrahimoviçin sorağı müxtəlif ölkələrdən eşidildi. Ondan turist səfərlərinin səbəbini soruşan “Milli Şura” üzvlərinə isə sərt şəkildə deyir ki, sizə pul yığmağa gedirəm. Ermənipərəst kinorejissor öz xalqından umu - küsü edərək deyib ki, mən onların hər birindən 1 manat istədim. Heç bir qəpik də verən olmadı. Ona görə də dostlarımla görüşüb “Milli Şura”ya pul yığıram. “Dostları” deyəndə erməniləri nəzərdə tutan  kinorejissor hazırda erməni dostu haqqında kino çəkməyə hazırlaşır. Hətta, fəxrlə deyir ki, ssenarisini də özü yazıb.

Bu əqidədə olan birisinin radikal müxalifətin prezidentliyə vahid namizəd olması heç də təəccüblü deyil. Yaxşı deyiblər ki, dostunu göstər, sənin kim olduğunu deyim. Lideri antiazərbaycan mövqeli Rüstəm Məmməd İbrahimoviç olan müxalifətin xisləti artıq hamıya bəllidir. Hələ bu qurum yarananda ermənipərəst kinorejissorun ərtafına toplaşanların məqsədləri çoxlarına bəlli idi. Təbii ki, onları prezident  seçkiləri, bu seçkilərdə müxalifətin vahid namizədinin kim olacağı yox, ilk növbədə Rüstəm Məmməd İbrahimoviçin pul kisəsi maraqlandırırdı. Bu oyuncaq quruma qoşulmayan bəzi müxalifət partiyaları da öz açıqlamalarında dəfələrlə bildirmişdilər ki, “Milli Şura” xarici dairələrin himayədarlığı altında “fəaliyyət göstərir” və onların tapşırıqlarını yerinə yetirir. Bu tapşırıqların yerinə yetirilməsi də çirkli pullar hesabına həyata keçirilir. Ona görə də   ADP sədri Sərdar Cəlaloğlu demişdir ki, bu nəticələr əvvəlcədən bilinirdi: Onun fikrincə “Milli Şura”ya yığışan adamlar əqidə uğrunda, məslək uğrunda, din uğrunda yox, un uğrunda vuruşa girmişdilər. İndi ortalıqda un yoxdur deyə dağılırlar. “El” hərəkatı, “Milli Şura” nəyə görə yığışmışdılar bir yerə? Guya Rusiya Rüstəm Məmməd İbrahimoviçə dəstək verəcək, hakimiyyətə gələcəklər və kimlərsə oradan pay alacaq. O şans aradan çıxıb deyə indi mərkəzdənqaçma meylləri artıb, “EL” hərəkatı dağılmağa başlayıb, hətta “Milli Şura”nın yarısı bu qurumu ittiham edən qüvvəyə çevrilib. Bax, budur müxalifətin iç üzü, çirkli pullara görə xalqdan, Vətən, millətdən üz döndərirlər. 20 ildir ki, meydanlarda, küçə və dalanlarda “demokratiya”, “azadlıq”, “insan hüquqları” deyərək çığır—bağır salanların daxili aləmləri və siyasi riyakarlıqları artıq ölkəmizdən kənarda olanlara da bəllidir.

Əslində belələrini müxalifət adlandırmaq da düzgün deyil. Onlar ölkəmizin və konstruktiv müxalifətin adına ləkədir. “Nezavisimaya qazeta”da dərc olunan məqalə də bunu təsdiqləyir. Həmin məqalədə  bildirilir: “Son 20 ildə öz ritorikasını dəyişməyən Azərbaycan müxalifəti tərəfindən tənqidi çıxışlar kələkbazlıq kimi təsir bağışlayır. Azərbaycan müxalifətinin “liderlərinin” bəyanatlarını eşidəndə çox vaxt başa düşürsən ki, bu insanlar Bakı çayxanalarının daimi müştərilərinin müəyyən hissəsi kimi yaşamağa çalışırlar. Onlar heç bir iş görmədən, heç nə bacarmadıqları halda “dəryada balıq sevdası”na  düşür və dünya miqyaslı problemlərin həllindən dəm vururlar. Müxalifətin daxilində çəkişmələr, onun pərakəndəliyi və vətəndaşların müxalifətin şüarlarına etimadsızlığı məhz bununla izah edilir. Sıravi azərbaycanlılar öz prezidentini hansı səbəbdən dəstəkləyirlərsə, xarici siyasət üzrə tərəfdaşlar da eyni səbəbdən onun alternativini görmürlər. Azərbaycanda formalaşmış sistem həm ölkə sakinlərini, həm də tərəfdaş dövlətlərin liderlərini tamamilə qane edir. Bu sistemdə Azərbaycan Şərq ilə Qərb arasında etibarlı körpüyə, habelə təkcə region üçün deyil, həm də Avropa üçün sabitliyin qarantına və iqtisadi inkişafın lokomotivinə çevrilmişdir”.

Göründüyü kimi, Azərbaycanın sürətli inkişafı, qüdrətli dövlətə çevrilməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilsə də, “sapı özümüzdən olan baltalar” bu uğurlara qısqanclıqla yanaşır, hər vasitə ilə ölkəmizin getdikcə artan reytinqinə xələl gətirməyə cəhd göstərirlər. İyirmi il küçə və meydanlarda ölkəmizin, əleyhinə şüarlar səsləndirənlərin prezident seçkisinə layiqli vahid namizəd tapa bilməmələri və son anda ümidlərini ermənipərəst kinorejissora bağlamaları onların budəfəki seçkilərdə də məğlubiyyətlərinin ilk mesajıdır. Bunu müxalifət nümayəndələrinin özləri də etiraf edirlər. Müsavat  Partiyası başqanının müşaviri Səxavət Əlisoy da bu fikirdə olduğunu, yəni müxalifətin prezident seçkilərində heç nəyə nail ola bilməyəcəyini etiraf edib. O, “Yeni  Müsavat” qəzetinə verdiyi açıqlamada öz fikrini qətiləşdirərək deyib:"Mən bu seçkidə “Milli Şura”nı səksən faiz uduzmuş hesab edirəm. Məğlubiyyət uğrunda savaşa girməyin də bir anlamı yoxdur. Müxalifət “liderlərindən” kimsə bunu qəbul etməsə də, bu, müxalifətin uzaqgörən olmamasını birbaşa təsdiq edən faktdır. Azərbaycanda müxalifət seçkiöncəsi indiki qədər bədbin vəziyyətdə olmayıb".

Onu da qeyd edək ki, “Milli Şura”da təmsil olunan müxalifət nümayəndələrinin demək olar ki, əksəriyyəti bu qurumun indiki durumunun çox acınacaqlı olduğunu, prezidentliyə Vahid namizəd  Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin şanslarının sıfıra bərabər olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, Cəmil Həsənlinin prezidentliyə vahid namizədliyi əslində “Milli Şura”nı məhv olmaqdan xilas etməyə hesablanmış bir oyundur. Çünki C.Həsənli bir həftə əvvəl Rüstəm Məmməd İbrahimoviçin dublyoru olmaqdan qəti imtina etmişdi. Lakin sonradan hansı yollarlasa onu razı sala bildilər. ACP funksioneri, “Milli Şura”nın üzvü Zəminə Dünyamalıyeva da   Cəmil Həsənlinin Rüstəm Məmməd İbrahimoviçin dublyoru təyin edilməsini  “Milli Şura” üzvlərinin  çox məntiqsiz və cılız qərarı adlandırıb. O deyib ki, bu qərar seçkidə iştirakın asan və nəticəsiz yoludur. Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən şəxs, 10 gün sonra buna razılıq verir. Onun prezident seçkilərində qalib gələcəyini iddia etməsi isə reallığı əks etdirmir. Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Belə faktlar istənilən qədərdir. Çünki “Milli Şura”ya toplaşanlar eyni əqidə, eyni məslək uğrunda mübarizə aparmırlar. Bu qondarma qurumun üzvləri ayrı-ayrı xəfiyyə orqanlarının, partiyaların, antiazərbaycan təşkilatların, ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan  cəmiyyətlərin təmsilçiləridir. Burada vahid ideya, əqidə, məqsəd yoxdur və ola da bilməz. Çünki hər kəs ona himayədarlıq edən təşkilatın sifarişlərini yerinə yetirməyə can atır. “Milli Şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur. Bu qurumu müxalifətin ümumi birliyi adlandırmaq gülüncdür.

Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafanın fikrincə, “Milli Şura” heç də iddia edildiyi kimi, müxalifətin ümumi birliyi deyil. Burada əsasən müxtəlif dövlətlərin maraq və sifarişlərini icra edən siyasi qüvvələr təmsil olunur və onların cəmiyyətdən dəstək alması mümkün deyil.  Əvvəlcə Rüstəm İbrahimbəyovun, ardınca Cəmil Həsənlinin namizədliyini müdafiə etməklə, “Milli Şura”da təmsil olunan partiya rəhbərləri məsuliyyəti öz boyunlarından atırlar.

Son günlər “Milli Şura”da ara yenidən qızışıb. Bu dəfə Londona xarici turist səfərlərinə kimlərin gedəcəyi barədə mübahisələr səngimək bilmir. Özlərinin dediyi kimi bu səfər hansısa bir qeyri—hökumət Təşkilatının dəvəti ilə baş tutacaq. “Yeni Müsavat” qəzetinin yazdığına görə, “Milli Şura” üzvləri etiraf edirlər ki, Londona nəzərdə tutulan səfər QHT səviyyəsində təşkil olunmuşdur. Quruma üzv olan şəxslərin ABŞ-a və Avropanın digər ölkələrinə səfərləri əyani şəkildə təsdiq edir ki, “Milli Şura” adlı layihə ciddi siyasi dairələri, xarici dövlətlərin rəsmi strukturlarını qətiyyən maraqlandırmır. Turist səfərinə kimlərin gedəcəyi hələ məlum deyil, Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənli bir, Müsavat Partiyasının başqanı İsa Qəmbər başqa, “EL” Hərəkatının rəhbəri, siyasi riyakar Eldar Namazov isə ayrı siyahı tərtib edib. Hər kəs əlinə düşmüş fürsətdən yararlanaraq Londona gəzməyə öz dəstəsi ilə getmək fikrindədir. “Turistlərin” siyahısının tərtibi üstündə dava - dalaş salan radikal müxalifət nümayəndələri hələ də ümumi razılığa gələ bilmirlər. Deyəsən, dava-dalaş üzündən bu səfər baş tutmayacaq. Ona görə də həmişə olduğu kimi, bu dəfə də günahı hakimiyyətin üstünə atmaq istəyirlər.

 Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov “Milli Şura” rəhbərliyinin Londona səfərə dəvət edilməsinə münasibət bildirərkən deyib ki, istənilən şəxsin turist səfəri normal qarşılanır. O qeyd edib ki, istər müxalifət, istərsə də hansısa siyasi partiya üzvünün xaricə gedib gəzməsi, istədiyi görüşləri keçirməsi Azərbaycanda çox normal qarşılanır. Çünki ölkədə demokratik seçki ab-havası var. Bu baxımdan kiminsə harasa səfər etməsi və görüşlər keçirməsi normal haldır. E. Aslanov müxalifətə Londondan, Qərbdən dəstək verilməsi ilə bağlı məlumatlara isə belə münasibət bildirib: “Kimlərinsə kiməsə dəstəyindən danışdıqda, son vaxtlar müxtəlif ölkələrin rəhbərlərinin, təmsilçilərinin Azərbaycana səfərlərini, cənab Prezidentlə görüşlərini və imzalanan sənədləri nəzərdən keçirsək, görərik ki, Azərbaycanda aparılan uğurlu siyasət, ortaya qoyulan sosial iqtisadi inkişaf, siyasi sabitlik necə və hansı səviyyədə dəstəklənir”.

 Artıq “Milli Şura”da qarşılıqlı ittihamlar getdikcə artmaqdadır. Bunun da başlıca səbəbi onların gözlədikləri nəticənin istədikləri şəkildə alınmamasıdır. Axı, qondarma quruma kabab iyinə gəlmişdilər... ancaq tamam başqa mənzərə ilə qarşılaşdılar.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında