Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənlinin siyasi perspektivi yoxdur

 

Bunu müxalifətin nümayəndələri də təsdiq edirlər

Radikal müxalifət düşərgəsində toplaşan insanların əsas ortaq xüsusiyyəti ondan ibarətdir ki, bunlar heç vaxt öz tərəfdaşlarının bir addım da önə keçməsini istəmir, kölgədə qalmamaq üçün ağla gəlməyən bütün metodlardan istifadə edirlər.  Rüstəm Məmməd İbrahimoviçin özünə dublyor kimi  Cəmil Həsənlini seçməsi də bunu bir daha təsdiq etdi.

Görünən odur ki, müxalifət tərəfindən nə xoşluqla, nə də zorla Azərbaycana gətirilə bilməyən kinodramaturq  prezident seçkilərində iştirakının heç bir hüquqi əsasının olmadığını başa düşdükdən sonra “Milli Şura”da özünə dublyor axtarışına çıxmış və nəzərlərini xarizması, liderlik xüsusiyyətləri, toplumu səfərbər edib arxasınca apara bilmək bacarığı olmayan Cəmil Həsənlinin üzərində saxlamışdır. Elə bir namizədi seçmişdir ki, bu adam heç Rüstəm Məmməd İbrahimoviç qədər də “qabiliyyətli” deyil ki, fitnə-fəsad yuvasına çevrilən radikal müxalifət düşərgəsində hiyləgərlikdə, fəndgirlikdə şeytana papaq tikərək, ortasını açıq qoyan müxalif partiya rəhbərləri arasında baş çıxara bilsin.

Maraqlı burasıdır ki, ötən aylarda “Milli Şura” ideyası ortaya atılanda “Ziyalılar Forumu”nda təmsil olunan Cəmil Həsənli qəti şəkildə bu quruma getməyəcəyini deyirdi. Sonra necə oldusa “fikrini” dəyişdi və qondarma quruma üzv qəbul edildi.  Bundan sonra isə  hətta “ehtiyat namizəd” oldu. Keçmişə nəzər salanda da görürük ki, bu insan heç vaxt sabit düşüncəli, qətiyyətli olmayıb. Rüstəm Məmməd İbrahimoviçin dublyoru vaxtilə AXCP-dən uzaqlaşdırılıb. Bu hadisədən sonra Əli Kərimlinin tapşırığı ilə ona qarşı davamlı qarayaxma kampaniyası aparıldı. Ancaq bu gün görürük ki, o, yenidən Əli Kərimli ilə tərəfdaşlıq edir. Vaxtilə dublyorun ünvanına təhqirlər yağdırmaqda yarışa girən AXCP funksionerləri, o cümlədən “Azadlıq” qəzeti isə bu gün onu mədh edir, ünvanına elə sözlər səsləndirirlər ki, necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir. Xatırlayırsınızsa,  hələ 2005-ci ilin parlament seçkilərində həmin “Azadlıq” qəzeti bu gün tərifə mindirdiyi Cəmil Həsənlini biabır və rüsvay edirdi.

Bu gün cəbhəçilər Rüstəm Məmməd İbrahimoviçin dublyorunun  ən çox güvəndiyi düşərgədaşları qismində çıxış edirlər. AXCP sədrinin müavini Həsən Kərimov Cəmil Həsənlinin namizədliyinə qarşı çıxan “Milli Şura”nın digər üzvlərinə yandı-yandı vermək üçün bildirib ki, Cəmil Həsənli yüksək faizlə qalib gələcək. Ancaq unudub ki, vaxtilə öz rayonundan deputat seçilə bilməyən adamın indi ermənipərəst bir insanın dublyoru qismində Azərbaycanın bütün seçicilərinin səsini qazanması absurddur. Radikal müxalifətin daxilində də bu reallıqları dilə gətirənlər az deyil. ACP lideri Rəsul Quliyev bildirib ki, Rüstəm Məmməd İbrahimoviçin dublyorunun əsas güvəndiyi qüvvə “Milli Şura” yox, AXCP-dir: “Cəbhəçilərin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi  göstərir ki, onların  bir ay müddətində hansı isə bir gücə çevriləcəklərinə inanmaq çətindir. Cəmil Həsənli seçkilərdə heç bir faiz də səs toplaya bilməyəcək”.

ACP Ali Məclisinin sədri, “Milli Şura”nın üzvü Zəminə Dünyamalıyeva da deyib ki, dublyorun müxalifət düşərgəsinin namizədi kimi seçkilərə getməsi çox ciddi siyasi səhvdir: “Biz  Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. “Milli Şura”da nə etdilər? MSK-nın qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni “Milli Şura” üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər”. Zəminə Dünyamalıyevanın sözlərinə görə, Cəmil Həsənlinin prezident seçkilərində qalib gələcəyi iddiası reallığı əks etdirmir: “Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu, mümkün olmayıb”.  Zəminə Dünyamalıyevaya cavab özünü çox gözlətməyib. Təbii ki, bu cavab dublyor Cəmil Həsənlinin müdafiəçisi qismində çıxış edən AXCP-dən verilib. AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib: “Əgər Açıq Cəmiyyət Partiyası, Zəminə Dünyamalıyeva və bu partiyanın digər funksionerləri “Milli Şura”da təmsil olunursa, bu qurumun qərarına hörmətlə yanaşmalıdırlar”. Həsən Kərimov deyib ki, Zəminə Dünyamalıyevanın Cəmil Həsənli ilə bağlı ittihamlarını qəbul etmir:  “Cəmil Həsənli öz çıxışında vurğulayıb ki, Rüstəm İbrahimbəyov “Milli Şura”nın vahid namizədidir və sədridir. Bunu bilə-bilə Zəminə Dünyamalıyevanın belə fikir söyləməsi təqdirəlayiq hal deyil. Yaxşı olardı ki, Zəminə Dünyamalıyeva da enerjisini bu məqamda belə məsələlərə yox, Cəmil Həsənlinin seçki kampaniyasına sərf etsin”.

Gülməli bir vəziyyət yaranıb: Rəsul Quliyev və onun tərəfdarları deyir ki, dublyor Cəmil Həsənli “Milli Şura”nın vahid namizədi olduğuna görə  bu qurum bizə lazım deyil, oranı tərk edə bilərik.  AXCP və Müsavat funksionerləri də ACP nümayəndələrinə  hədə-qorxu gələrək bildirirlər ki, “Milli Şura”nı tənqid etməyin, əks halda sizi oradan qovacağıq. Beləliklə, hərə  bir-birinin bostanına daş atıb baş girləməklə məşğuldur. Bununla da, guya, ciddi siyasi fəaliyyət nümayiş etdirirlər. AXCP funksionerlərinin ACP ilə ultimativ tonda danışması da çox gülməli görünür. Məgər Əli Kərimli  və Rəsul Quliyev deyildimi ki, son iki ay ərzində  birləşərək  İsa Qəmbərə qarşı kəskin təbliğat kampaniyası aparırdılar. Hətta, Müsavat  funksionerləri KİV-ə açıq şəkildə bildirirdilər ki, İsa Qəmbərə qarşı hücumların arxasında bu iki şəxsin işbirliyi  dayanır. İndi də belə görünür ki, Cəmil Həsənli dublyor olduqdan sonra  Əli Kərimli öz keçmiş müavinini (baxmayaraq ki, vaxtilə onu AXCP-dən qovmuşdu) müdafiə edərək Rəsul Quliyevdən üz döndərir. Amma buna təəccüblənmək də lazım deyil. Çünki öz tərəfdaşlarını  güdaza vermək Əli Kərimlinin köhnə şakəridir.

Dublyorun prezident olacağına heç “Milli Şura”dakı  digər partiyalar da inanmırlar. Bəziləri sadəcə Rüstəm Məmməd İbrahimoviçin ssenarisi əsasında 2-ci, 3-cü dubla çəkilirlər. Ancaq siz, hörmətli oxucularımız, Cəmil Həsənlini heç də sahibsiz-yiyəsiz bilməyin. Onu AXCP-dən başqa da dəstəkləyənlər var. Budur, Lalə Şövkət Hacıyeva dublyora dəstək verib. ALP sədri Əvəz Temirxan bu məsələni müzakirə etdiklərini və Cəmil Həsənliyə dəstək olacaqlarını bildirib: “Liberal partiyasının üzvlərini, tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə çağıracağıq. Gələn ayın 15-dən sonra”.  Əmin ola bilərsiniz ki, bu çağırışdan sonra dublyor Cəmil Həsənliyə ölüm yoxdu. O, sakitcə gedib inauqurasiya mərasiminə hazırlaşa bilər. Çünki ölkəmizin ən “qüdrətli” və “böyük” elektorata sahib bir siyasi qurumunun – Azərbaycan Liberal Partiyasının çağırışı “çerez-çerez”də olsa seçicilərə birmənalı şəkildə çatdırıldı (həmişəki kimi Lalə xanımın işi çox olduğundan, çağırışı yenə də onun sözçüsü etdi). Vikipediya açıq ensiklopediyasında qeyd olunur: “Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində yaradılmışdır. Partiya mövcud üzvlərinin sayını dəqiq ifadə etməkdən çəkinir, daimi büdcəsi yoxdur. 2008-ci ilin prezident seçkilərində partiya boykot mövqeyində durmuşdur. 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməmişdir. Mövcud resursları baxımından partiya zəif maddi-texniki resurslara malikdir”. Bax belə. Burada şair Moşunun “qoymuyun ayə, üstümə İrasim gəler” ifadəsi lap yerinə düşür.

Bu məqamda onu da qeyd edək ki, respublikamızdan kənardakı bütün separatçılar da Rüstəm Məmməd İbrahimoviçin dublyorunu dəstəkləyirlər. “Talış diasporundan Cəmil Həsənliyə dəstək” başlıqlı məqalədə Rusiyada fəaliyyət göstərən “Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanovun fikirləri yer alıb. “Biz Cəmil Həsənliyə sona qədər dəstək olacağıq”, “Milli Şuraya dəstək olmağa çağırıram” kimi bəyanatlar verən Şabanov “Milli Şura”ya maliyyə dəstəyi verməyə hazır olduğunu da bildirib. Bəli, şuranın antimilli mahiyyəti bir daha tam çılpaqlığı ilə ortaya qoyulur. Çünki Şabanov indiyədək Azərbaycanın parçalanmasına yönəlmiş açıq separatçı fəaliyyəti ilə tanınıb. Bunun üçün onun Rusiya mətbuatı və saytlardakı çıxışlarının yalnız bəzilərinə nəzər yetirmək kifayətdir. “talış-info” saytında oxuyuruq: “Azərbaycan rəhbərliyi milli azlıqların əzilməsinə yönəlmiş siyasət yürüdür. Hakimiyyətin məqsədi qədim talış sivilizasiyasını məhv etməkdir. Talışlar hər şey üçün Bakıdan icazə almalı olurlar, talışları hər addımbaşı alçaldırlar. Əgər onlar mənim xalqımdan qorxurlarsa, onda niyə özünü dövlət adlandırırlar? Bütün talışlar üçün Rusiya SSRİ-nin varisidir və biz Rusiyanın keçmiş sovet respublikalarında daxili milli problemləri nizamlamaq hüququnu tanıyırıq. Türkmənçay müqaviləsinə görə, Rusiya Talış xanlığında yaşayan əhalinin təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Odur ki, Rusiya daxili işlərə qarışmır, sadəcə öz öhdəliyini yerinə yetirir”.

Dublyor Cəmil Həsənlini dəstəkləyən İsmayıl Şabanov hətta düşmənlərimiz olan ermənilər üçün də “etibarlı mənbə”dir. Bu il aprelin 30-da erməni saytı “Yerkramas”ın açıqlamasında deyilir: “Müasir Azərbaycan pantürkizm ideologiyasına əsaslanır və məqsəd bütün xalqları türkləşdirməkdir. Niyə bizim uşaqlarımız və nəvələrimiz pasport alarkən orada “azərbaycanlı” yazılmalıdır? Niyə biz talış olmağımızdan utanmalıyıq?”. Üzdəniraq azərbaycanlı 2008-ci il iyulun 30-da Rusiyanın “Zavtra” qəzetinə açıqlamasında deyib:  “Azərbaycanda talışlar qəddarlıqla basqılara məruz qalırlar. Azərbaycanda “talış” sözünün özü belə qadağan olunub! Biz qorxumuzdan Talışıstandakı liderlərimizin adlarını belə gizli saxlayırıq.  Bu gün talışlara yalnız Rusiya dəstək verə bilər”. Hər halda əlavə şərhə ehtiyac yoxdur. Çünki hər kəs bilir ki, bu adam, yəni  “Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanov ölkəmizin ünvanına hədyanlar, şər-böhtan  yağdırmaq üçün xaricdəki antimilli dairələr, antiazərbaycan qüvvələr tərəfindən ortaya atılıb. Maraqlısı da odur ki, o,  bu gün dublyor Cəmil Həsənlini dəstəkləyir. Yəqin ki, bunun nə mənaya gəldiyini anlamaq o qədər də çətin deyil...

Bütün bu reallıqları nəzərə alan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib: “Milli Şura” heç də iddia edildiyi kimi, müxalifətin ümumi birliyi deyil. Burada əsasən müxtəlif dövlətlərin maraq və sifarişlərini icra edən siyasi qüvvələr təmsil olunur və onların cəmiyyətdən dəstək alması mümkün deyil.  Əvvəlcə Rüstəm İbrahimbəyovun, ardınca Cəmil Həsənlinin namizədliyini müdafiə etməklə, “Milli Şura”da təmsil olunan partiya rəhbərləri məsuliyyəti öz boyunlarından atırlar”. ASDP sədri Araz Əlizadə də bunların ölkəmiz üçün çox təhlükəli simalar olduğunu qeyd edərək bu barədə deyib: “Milli Şura”ya daxil olan adamlar 1988-ci ildə DTK tərəfindən meydan hərəkatına gətirildilər, 1990-cı ildə xalqı qırğına apardılar, 1992-ci ildə dövlət çevrilişi edib hakimiyyətə gəldilər, 1993-cü ildə isə ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoyub qaçdılar. Xalq bu adamları yaxşı tanıyır və onlara dəstək verməyəcək”.  Bəli, bu gün Azərbaycan xalqını aldatmaq fikrinə düşənlər çox böyük səhv edirlər. Çünki bugünkü Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir. Xalq Vətənini sevən insanları da, xaricdəki erməpərəst, antimilli dairələrlə sıx əməkdaşlıq quraraq ölkəmizdə sabitliyi pozmağa çalışanları da çox yaxşı tanıyır.  

Rauf  KƏNGƏRLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında