“Ehtiyat namizəd”in məlum olması “Milli Şura”dakı qruplaşmalar arasındakı qarşıdurmanı daha da gücləndirir

 

Reneqat Eldar Namazovun dəstəsi qurumun seçki kampaniyasından uzaqlaşdırıldı

“Milli Şura” yarananda siyasi ekspertlər, hüquq müdafiəçiləri və əksər partiya sədrləri inamla  deyirdilər ki, bu qurumun ömrü çox olmayacaq. Çünki burada toplaşanların əksəriyyəti müxtəlif təşkilatların agentləri, ermənipərəst dairələrin çirkli pulları hesabına onların sifarişlərini yerinə yetirən xəyanətkarlar və öz maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutanlardır.

Belələrini heç vaxt Vətən, millət, xalq düşündürmür. Onlar nəyin bahasına olursa - olsun hakimiyyəti ələ keçirməyə çalışır, vəzifə eşqinə alışıb yanırlar. ASDP sədri  Araz Əlizadə “Milli Şura” yarananda demişdi:  Bizdə arxivlər açılsa, bəlli olacaq ki, bu gün üzdə olan müxalifət liderlərinin və  “Milli Şura” üzvlərinin 75-80 faizi DTK-nın agentləri imiş.

  Bu qurum ilk addımların atanda cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, onun heç vaxt vahid namizədi olmayacaq. Çünki bu quruma toplaşanların hamısı özünü müxalifətin vahid namizədi hesab edirdi.  Müsavat Partiyasının başqanı prezident seçkilərinə 8-9 ay qalmış özünü prezidentliyə namizəd elan etdi. Onun ambisiyalarının böyük olması, müxalifət partiyalarına yuxarıdan aşağı baxması  vahid namizədliyin baş tutmamasından xəbər verirdi. Digər tərəfdən, siyasi riyakar  Eldar Namazov,  AXCP sədri Əli Kərimli və onların dəstə üzvləri bu prosesdən İsa Qəmbəri kənarlaşdırmaq üçün müxalifətin başqa bir  vahid namizədi barəsində düşünürdülər.  Bu məsələlərdə onları  birlik, xalq, demokratiya əsla düşündürmürdü. Əsas məsələ onları, maliyyələşdirən dairələrin maraqlarının təmin olunması idi. Biz “Milli Şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm Məmməd İbrahimoviçin timsalında da bunun şahidi olduq.

 Rüstəm Məmməd İbrahimoviçin müxalifətin vahid namizədi kimi ortalığa atılmasına münasibət bildirən ASDP sədri Araz Əlizadə hələ bu proseslər başlayanda demişdi: “Rüstəm İbrahimbəyov incik insandır. Uşağın əlindən oyuncağını alanda ayağını yerə döyməyə başladığı kimi, İbrahimbəyov da ayağını döyərək müxalifətçiliyə başlayıb. Baxmayaraq ki, İbrahimbəyov Azərbaycan xalqının taleyüklü məqamlarında daima susub. Məsələn, 1990 - cı ilin  20 yanvarında, 1993-cü ildə torpaqlarımız işğal olunanda bir kəlmə belə danışmayıb. Susub və karyerası haqqında düşünüb, sənəti ilə məşğul olub. Müxalifət gördü ki, kimisə irəli vermək lazımdır. İbrahimbəyov da hakimiyyətə qarşı bir qədər aqressivdir. Eldar Namazov tez onun könlünə girdi. Eldar Namazov qılığa girməyi ustalıqla bacarır. Rüstəm də siyasi cəhətdən savadsız, dünyagörüşü olmayan bir adamdır. Elə bildi ki, çox asanlıqla prezident seçiləcək. Ona elə gəldi ki, müxalifət nümayəndələri ondan layiqli namizəd tapa bilməyiblər. İbrahimbəyov da özünü fövqəlgüc hesab etməyə başladı. Bilirsiniz, o, rejissordur və təxəyyülü böyükdür. Bu təxəyyülünə görə qərara gəlib ki, prezident ola bilər”.

Prezidentlik iddiasında olanlar uzun müddət siyasət meydanında  olmalıdırlar. İkincisisi də, bu iddia qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Rüstəm Məmməd İbrahimoviçin namizədliyinin irəli sürüləcəyi  bəyan ediləndə hüquqşünaslar, qanunvericilik aktlarına və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə  az - çox bələd olanlar dərhal dedilər ki,  yəqin İbrahimbəyova yaxşı məlumat verilməyib, bu adamın qanunla prezidentliyə namizəd olmağa ixtiyarı yoxdur.  Çünki o, uzun müddətdir ki, Azərbaycandan kənarda yaşayır, ikili vətəndaşlığı var və başqa ölkələr qarşısında öhdəlikləri mövcuddur. O isə  yaşının ahıl vaxtında yalan danışaraq deyirdi ki, guya  onun ikili vətəndaşlığı olmayıb, Azərbaycan vətəndaşıdır, heç vaxt Rusiya vətəndaşı olmayıb. Bu söhbətin üzərindən bir neçə ay keçdi və günün birində məlum oldu ki, İbrahimbəyov ikinci vətəndaşlığından imtina edir. Göründüyü kimi, bu adam  seçki kampaniyasına yalanla başladı. Bir dəfə müsahibəsində dedi ki, əgər özünün namizədliyi qeydiyyata alınmasa, İsa Qəmbər namizədliyini irəli sürəcək. Bunun üzərindən üç gün keçəndən sonra bəyan etdi ki, əgər biz vahid namizəd irəli sürürüksə, başqa birinin namizədliyini irəli sürməsi mənəvi baxımdan doğru deyil. Göründüyü kimi,  artıq onu kimlərsə  oynadırdı. Əlbəttə, bu yaşda olan  bir insanın yalan danışması adamda ikrah hissi oyadır.

Gözlənildiyi kimi, Mərkəzi Seçki Komissiyası Rüstəm Məmməd İbrahimoviçin  prezidentliyə namizədliyini qanuni əsaslarla təsdiqləmədi. O, məhkəməyə müraciət etdi. Məhkəmə də MSK - nın qərarını qüvvədə saxladı. Buna qədər isə Rüstəm Məmməd İbrahimoviçin  dublyoru artıq müəyyənləşdirilmişdi. AXCP sədri Əli Kərimli ilə reneqat Eldar Namazovun dəstəsi İsa Qəmbəri prezidentliyə vahid namizədlikdən kənarlaşdırmaq üçün Cəmil Həsənlini ortalığa atdılar. Bundan sonra Müsavat başqanı əlacsız qalıb namizədliyini geri götürdü.

 İsa Qəmbər də intriqa yaratmaqda, ara qarışdırmaqda və vəziyyəti gərginləşdirməkdə heç də Əli Kərimlidən geri qalan deyil. Onu yaxından tanıyanlar deyirlər ki, İsada dəvə kini var. O, mütləq bunun əvəzini çıxacaq. Həm də İsa Qəmbər  pərdəarxası oyunları çox yaxşı  apara bilir. Budur, artıq Müsavat başqanının pərdəarxası oyunları özünü büruzə verir. “Milli Şura” nın prezidentliyə dublyor namizədi Cəmil Həsənlinin seçki qərargahı dağılmaq üzrədir. Bu qərargaha Müsavat funksioneri Arif Hacılının rəhbər təyin edilməsi heç də onun seçki prosesini yaxşı bilməsindən irəli gəlməsi ilə əlaqəli deyildi. Əsas məqsəd “Milli Şura”dakı gərginliyi daha da artırmaq idi.

Qondarma Milli Şurada gərginliyin kəskin xarakter alması onların bu qurumun üzvlərinin Londona səfərə dəvət edilməsindən sonra başlandı. Əslində, turist səfərini xatırladan bu dəvət aranı daha da qarışdırıb. Çünki “turist səfərinin” üzvlərini AXCP sədri ilə reneqat Eldar Namazov müəyyənləşdirmişdi. Ancaq müsavatçılar buna ciddi etirazlarını bildirdilər və “Milli Şura”nın prezidentliyə dublyor namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasından  reneqat Eldar Namazovun rəhbərlik etdiyi “EL” hərəkatını uzaqlaşdırmaqla ona etimadsızlıqlarını açıq şəkildə bildirdilər. Bununla da siyasi riyakar Eldar Namazovu nokauta saldılar. Yeri gəlmişkən, Rəsul Quliyevin lideri olduğu ACP  və Lalə Şövkətin rəhbərlik etdiyi ALP -  də imzatoplama kampaniyasından kənarlaşdırılıb. Bu da təsadüfi deyil. Hələ “Milli Şura”nın prezidentliyə vahid namizədliyi müəyyənləşdirilən ərəfədə Rəsul Quliyev İsa Qəmbər haqqında kəskin fikirlər səsləndirərək demişdi ki, Müsavat başqanı 20 ildir ki, bu xalqı aldadır və bütün seçkilərdə məğlub olur. Bu, o deməkdir ki, onun xalq arasında heç bir nüfuzu yoxdur. Ona görə də belə bir fərsiz  adamdan prezidentliyə vahid namizəd ola bilməz.

ALP lideri də İsa Qəmbərlə müqayisədə adi bir kinorejissor olan Rüstəm Məmməd İbrahimoviçin  daha layiqli namizəd olduğunu bildirmişdir. Yəni, siyasətdən başı çıxmayan, milli mentalitetdən uzaq, ana dilini bilməyən, Vətəndə yaşamayan, ermənilərin yaxın dostu olan qoca bir kişi İsa Qəmbərdən etibarlıdır. Bütün bunların əvəzini isə bu partiyaların nümayəndələrini imzatoplama kampaniyasından uzaqlaşdırmaqla çıxdılar.

Bu zərbənin təsiri KXCP üzvlərinə də dəydi. Çünki bu partiyanın sədri  Mirmahmud Mirəlioğlu da “Milli Şura”nın prezidentliyə vahid  namizədlik məsələsində İsa Qəmbərə yox, Rüstəm Məmməd İbrahimoviçə üstünlük vermişdi. Qeyd etdiyimiz kimi, dəvə kinli İsa Qəmbər bu heyfi   KXCP üzvlərində də qoymadı. Onun tapşırığı ilə qondarma “Milli Şura”nın prezidentliyə dublyor namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasında Seçki Qərargahı tərəfindən KXCP üzvlərinə  1000 imza toplamağa icazə verilib. Bu etimadsızlığa  sərt reaksiya verən KXCP sədri Mirmahmud Mirəlioğlu bəyan edib ki, “Milli Şura”nın axırıncı sessiyasında Cəmil Həsənlinin namizədliyini müdafiə edənlərdən biri olan KXCP Cəmil Həsənlinin seçki qərargahı adından ünvanlanmış və onlara aid edilən 1000 imzanı toplamaqdan imtina edir. M.Mirəlioğlu deyib:“Bu seçki qərargahının başbilənlərinin digərlərini “məsuliyyətli işdir”  - deyib kənarda qoyması çox ciddi və məsuliyyətsiz bir addımdır. Bu, Cəmil Həsənlinin əleyhinə işləyən, bütövlükdə “Milli Şura”nı dağıtmağa yönəldilən bir addımdır. Bu adamlar fərqində olmalıdır ki, seçki qərargahı bu həssas məqamlarda başqalarının qarşısında sıfır yazmaqla, əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər”. M.Mirəlioğlu  belə hesab edir ki, kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. O deyib ki,  bu seçki qərargahı Cəmil Həsənlinin əleyhinə işləyən seçki qərargahıdır. Bütövlükdə siyasi partiyaları bölgü apararaq" bu, məsuliyyətli işdir" deyib məsuliyyətsizcəsinə bəyanat vermək onlara baha başa gələcək. Bu gün imzasını almaq istəmədikləri adamların sabah səslərini də ala bilməyəcəklər. Mirmahmud Mirəlioğlu  hətta Cəmil Həsənliyə imza verməkdən imtina edən yaxınlarına da  haqq qazandıraraq onlara minnətdarlığını bildirib. O, “Milli Şura”nın prezidentliyə dublyor namizədi Cəmil Həsənlinin seçki qərargahının qrupbazlıqla  işləmələrini  bildirib və öz tərəfdarlarına onlardan uzaq olmağı tapşırıb. KXCP sədri  əminliklə bildirib ki, “Milli Şura” dakı qrupbazlıq  və  məsuliyyətsiz adamların  seçki qərargahında oturması və rəhbərlik etməsi seçkinin indidən uduzulması deməkdir.

 “Milli Şura”nın sədri Rüstəm Məmməd İbrahimoviçi isə  nə prezident seçkiləri, nə sədrlik etdiyi qondarma qurum, nə də Azərbaycan maraqlandırır. Onun səsi indi də Dağıstandan gəlir. Deyilənlərə görə, buraya kino çəkməyə gəlib. Göründüyü kimi, qoca kinorejissoru pul qazanmaq, yeyib - içmək və keyf məclisləri maraqlandırır.

Bütün bunlar sübut edir ki, “Milli Şura”da vəziyyət getdikcə kəskin şəklə düşür. Hətta adlarını müxalifət qoyanlar imzatoplama kampaniyasından imtina edirlər. Onların “Milli Şura”ya üzv olmaqda əsas məqsədləri Rüstəm Məmməd İbrahimoviçdən pul qoparmaq idi. Söz yox ki,  dublyor Cəmil Həsənlinin qondarma qurumun ehtiyat namizədi seçilənədək çoxları  ermənipərəst kinorejissorun pul kisəsindən bəhrələnə bildi. Hazırda  Rüstəm Məmməd İbrahimoviç oyundankənar vəziyyətdə qalıb. Odur ki, şura sədrinin “EL” hərəkatına və “Milli Şura” üzvlərinə pul vermək niyyəti yoxdur. Ona görə də ac həriflərə  qapı - qapı düşüb 1 manat dilənmələrini təklif edib. Bununla da demək istəyib ki, pul məsələsində ona ümid bağlamasınlar. Əlləri müftə puldan üzülmüş “Milli Şura” üzvləri isə müxtəlif bəhanələrlə bir - biri ilə didişir və bu qurumdan uzaqlaşırlar. Rüstəm Məmməd İbrahimoviçin dublyoru Cəmil Həsənli  isə bir də onda ayılacaq ki, seçki qərargahında tək qalıb.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında