Böyük Britaniyalı deputat Mayk Henqok: Qafqaz ölkələrində keçirilən son prezident seçkilərini müqayisə etsək, Azərbaycanda seçkilərin daha yaxşı təşkil olunduğunu görərik
Bu ilin payızında keçiriləcək prezident seçkilərinin vaxtının dəqiqləşdirilməsindən sonra “Milli Şura” üzvləri arasında çaşqınlıq yaranıb. Onlar Mərkəzi Seçki Komissiyasının bu qərarının, guya, radikal müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə iştirakına süni problem yaratmaq məqsədilə qəbul edildiyini “sübut etmək” istəyirlər.
“Milli Şura” üzvləri bununla, əslində, seçki qanunvericiliyindən xəbərsiz olduqlarını etiraf etmiş olurlar. Çünki Azərbaycanda prezident seçkilərinin vaxtı qanunvericilik aktlarına və beynəlxalq aləmdə demokratik və ədalətli sənəd kimi qəbul edilən Seçki Məcəlləsinə əsasən müəyyənləşdirilib. Buna başqa don geyindirməyə cəhd edənlər isə ölkəmizin uğurlarını, beynəlxalq aləmdə nüfuzunun artmasını gözü götürməyənlərdir.
AXCP sədri Əli Kərimlinin özünün Facebook səhifəsində prezident seçkilərinin 9 oktyabra təyin edilməsi ilə bağlı paylaşdığı statusla tanışlıqdan belə nəticəyə gəlmək olar ki, onun əsas məqsədi ölkəmizdə demokratik, şəffaf və obyektiv seçki keçirilməsinə mane olmaqdır. Gəlin, AXCP sədrinin məkirli statusuna diqqət yetirək. O yazır:“MSK prezident seçkisini 9 oktyabra təyin edib. Seçkini 1 həftə əvvələ çəkməkdə məqsəd “Milli Şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakını daha da çətinləşdirməkdir. Bilirlər ki, Rüstəm bəyin Rusiya vətəndaşlığından imtinası müəyyən qədər vaxt aparır. “Bəlkə, o vaxta qədər Rüstəm bəy sənədlərini qaydaya sala bilmədi” ümidi ilə seçkini tezləşdirirlər.
AXCP sədrinin deməsindən belə çıxır ki, Rüstəm İbrahimbəyova görə, MSK Seçki Məcəlləsinin tələblərini pozmalı imiş. Guya, seçkinin vaxtı bir həftə əvvələ çəkilməsəydi, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina edib Azərbaycana gələcəkdi və prezident seçkilərinə namizəd kimi qatılacaqdı. Tutaq ki, Rüstəm İbrahimbəyovun savadı yoxdur və Seçki Məcəlləsindən bixəbərdir. Bəs onun Azərbaycandakı muzdlu nökərləri necə? Məsələn, götürək elə reneqat Eldar Namazov və AXCP sədri Əli Kərimlini. Özlərini hamıdan ağıllı və savadlı hesab edən siyasi riyakar Eldar Namazov və AXCP sədri Əli Kərimli bilmirdimi ki, ikili vətəndaşlığı və digər ölkələr qarşısında öhdəliyi olanların Azərbaycanda keçirilən prezident seçkilərində namizəd kimi iştirakına qanun yol vermir?
İndi yersiz hay–həşir salmaqdansa, vaxtında bu problemi həll etməli idilər. Radikal müxalifət nümayəndələri unutmamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir. Kimin nə deməsindən asılı olmayaraq, istənilən normativ hüquqi aktlar müvafiq qaydalar əsasında hazırlanır və qəbul edilir. Builki prezident seçkilərinin keçirilməsinin oktyabrın 9 - na təyin edilməsi də, sadəcə, hüquqi prosedurdur. Əgər seçki bir qədər uzadılıb, tutaq ki, noyabrın 9 - na təyin edilsəydi, Əli Kərimli bu dəfə deyəcəkdi ki, hakimiyyət vaxt udmaq, prosesi ləngitmək istəyir. AXCP sədri bu dəfə də həmin bəhanə ilə xal qazana bilmədi.
“Milli Şura”nın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov dünənə qədər deyirdi ki, onun ikili vətəndaşlığı yoxdur və heç bir ölkə qarşısında da öhdəlik götürməyib. Bəs nə oldu ki, seşki yaxınlaşan kimi qoca kinorejissorun həm ikili vətəndaşlığı ortaya çıxdı, həm də digər ölkə qarşısında öhdəlik götürməsi məlum oldu. Demək, Rüstəm İbrahimbəyov seçkinin nə olduğunu hələ də dərk edə bilmir. Əgər belə olmasaydı, o, bu böyük siyasi kampaniyaya adi bir kino çəkilişi kimi baxmazdı. Onun siyasi hadisələrə belə biganə yanaşması da savadsızlığının nəticəsidir. Artıq siyasi partiya sədrləri və politoloqlar da Rüstəm İbrahimbəyovun bu hərəkətlərini “Milli Şura”nı ələ salmaq kimi dəyərləndirirlər. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də bu fikirdədir. Partiya sədri Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı məsələsinə münasibət bildirərkən bu faktı təsdiqləyib. O deyib ki, “İbrahimbəyov seçkiləri artıq sirkə çevirib. Onlar ya özlərini, ya da xalqı dolayıblar. İbrahimbəyov xalqla görüşmür. Gedir Amerika, Avropa, Rusiya ilə görüşür, amma Azərbaycan onu maraqlandırmır. Elə bil, film çəkirlər, Azərbaycan xalqı da “massovka”dır, yəni kütlə. Onlar Azərbaycan xalqına belə baxırlar. Xalqın fikri, iradəsi onları maraqlandırmır. Gülməli odur ki, bu adam əvvəl deyirdi ki, ikili vətəndaşlığı yoxdur. Deməli, yalan deyib. Sən əgər prezidentliyə namizəd olmaq istəyirsənsə, yalan danışmamalısan. Həm də onu Azərbaycanda tanıyan yoxdur. Ola bilsin, Bakıda 10-15 faiz tanıyan ola bilər”.
Bu bir faktdır ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini müdafiə edənlər də onun ikili vətəndaşlığından xəbərdar idilər. Görünür, onlar Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinin vaxtının dəqiqləşdirilməsi ilə əlaqədar qəbul edəcəyi qərarı gözləyirlərmiş. Ondan sonra AXCP sədri Əli Kərimli kimi beynəlxalq təşkilatlar qarşısında yersiz hay - həşir salıb ölkəmizin artan nüfuzuna xələl gətirməyə çalışsınlar və “müxalifətin seçkilərdə iştirakının qarşısının müxtəlif vasitələrlə alınmasını” beynəlxalq təşkilatlara “sübut etməyə” cəhd göstərsinlər.
Azərbaycanda radikal mövqedə olan müxalifətin xəyanətkarlığı və satqınçılığı artıq beynəlxalq aləmə də məlumdur. Bu yaxınlarda “Milli Şura”nın Tbilisidə keçirilən toplantısından sonra Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycan müxalifətini xəyanatkarlıqda ittiham edib.
Azərbaycan müxalifətçilərinin öz ölkəsinin paytaxtı Tbilisidə keçirilən görüşünü şərh edərkən M.Saakaşvili bildirib ki, “Gürcüstan demokratik ölkədir, burada hər cür siyasi fəallıq göstərmək olar. Lakin hamımız bilirik ki, Tbilisiyə gələn adamların konkret qrupu yalnız sabitliyi pozmaq üçündür”. Gürcüstan Prezidenti deyib ki, sabit Azərbaycan elə sabit Gürcüstan deməkdir: “Gürcüstanın hakimiyyət orqanları Azərbaycana münasibətdə çox ehtiyatlı olmalıdırlar. Son aylar ona artıq ziyan vurmağa da macal tapıblar. Azərbaycanla münasibətlərə yüksək qiymət vermək və dəyərləndirmək gərəkdir. Gürcüstan heç bir halda Azərbaycana qarşı manipulyasiyaların baş verdiyi məkana çevrilməməlidir”.
M.Saakaşvilinin bu bəyanatı bir daha təsdiqlədi ki, Azərbaycanın radikal müxalifəti öz ölkəsinə xəyanət etməklə məşğuldur. Onun Azərbaycan müxalifətçilərinin birləşdiyi “Milli Şura”nın Tbilisi toplantısını “Azərbaycana qarşı yönəlmiş manipulyasiya” adlandırması müxalifəti xəyanətkar kimi tanımasından xəbər verir.
Azərbaycan müxalifətinin qeyri–demokratikliyi, ölkəmizin nüfuzuna xələl gətirmək, azad və ədalətli seçkilərə hər vasitə ilə kölgə salmaq cəhdləri ölkəmizdə keçirilmiş seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin də diqqətindən yayınmayıb. Bununla əlaqədar bir neçə faktı diqqətə çatdırmaq istərdik.
Azərbaycanda keçirilən sonuncu prezident seçkiləri Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri tərəfindən də diqqətlə izlənilmişdi. AŞPA-nın müşahidə missiyasının üzvü, Böyük Britaniyadan olan deputat Mayk Henqok seçki prosesinin gedişini müsbət dəyərləndirmiş və bəzi müxalifət partiyalarının seçkidən kənarda qalmasına da toxunaraq onların bu mövqeyinin səhv addım olduğunu bəyan etmişdi. Beynəlxalq müşahidəçi demişdi: “Müxalifət bu seçkilərdə özünü qeyri-demokratik aparıb. Yaxşı olardı ki, müxalifətçilər məğlub olsalar belə, seçkilərə qatılaydılar. Çünki, seçki siyasi təşkilatlar üçün çox mühüm prosesdir”.
Böyük Britaniyalı deputat seçkilərin gedişinə də münasibət bildirmişdir:“Qafqaz ölkələrində keçirilən son prezident seçkilərini müqayisə etsək, Azərbaycanda seçkilərin daha yaxşı təşkil olunduğunu görərik. Ermənistanda prezident seçkiləri keçirilən gün ilk qurbanlar qeydə alınmışdı. Gürcüstanda keçirilən prezident seçkiləri isə texniki və təşkilati baxımdan zəif idi. Ümumilikdə, seçki prosesini və seçkilər günü səsvermənin təşkilini müqayisə etsək, Azərbaycanda vəziyyət 10 dəfə yaxşıdır”.
AŞPA müşahidə missiyasının üzvü, türkiyəli deputat Mövlud Çavuşoğlu da müxalifəti qeyri–demokratik yol seçdiyinə görə kəskin tənqid etmişdi. Onun qənaətinə görə, “Müxalifətin seçkidə iştirak etməməsi yaxşı hal deyil, xalqın iradəsinə hörmətsizlikdir və səhv addımdır. Siyasi partiyalar xalqın fikirlərini nəzərə almalı, seçkilərdə iştirak etməlidirlər”.
Azərbaycan müxalifətinin cığallığını, xalqdan dəstək ala bilməməsini müxtəlif vasitələrlə ört–basdır etməyə cəhd göstərməsi və məğlubiyyətlərinin səbəbini iqtidarda axtarması onların xəyanətkar yolda olmalarının nəticəsidir. Builki seçkilər ərəfəsində də artıq bunun şahidi oluruq. Onlar ermənipərəst kinorejissoru zorla prezidentliyə vahid namizəd vermək istəyirlər. Buna nail ola bilmədikdə isə günahı özlərində yox, hakimiyyətdə axtarır və seçkiyə hələ xeyli vaxt qalmış hay–həşir salmağa başlayıblar.
Müsavat Partiyasının üzvü professor Niyazi Mehdi müxalifətin öz daxilində vahid namizədini hələ də müəyyənləşdirə bilməməsi ilə bağlı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında bunun səbəbini daxili çəkişmələrlə əlaqələndirib. O deyib: “Müxalifətin güclü partiyalarının liderləri öz aralarındakı rəqabət və düşmənçilik tarixində gör bir-birini nə qədər yandırıblar ki, indi heç cür hansınınsa qabağa çıxmasına dözə bilmirlər. Bu rəqabət prosesində partiya fəalları elə qızğın iştirak ediblər ki, bu məsələdə artıq onlar da öz siyasi liderləri kimi düşünürlər”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bu prosesi müxalifətdə olan partiya sədrlərinin siyasi mədəniyyətinin yetərincə inkişaf etməməsi ilə əlaqələndirib. O deyib ki, “bu problem ilk növbədə siyasi liderlərin iddiaları ilə birbaşa bağlıdır. Eyni zamanda, hələ siyasi mədəniyyət də o səviyyədə inkişaf etməyib ki, siyasətçilər cərəyan edən proseslərin taleyüklü mərhələsində öz aralarında qələbəyə ən şanslı siyasi liderin vahid namizədliyini qəbul edə bilsinlər. Digər tərəfdən, bu məsələnin normal şəkildə həll edilməsinə siyasi liderlərin ən yaxın ətrafındakı şəxslər də əngəl törədirlər”.
Azərbaycan ziyalılarından dəstək ala bilməyən, 20 ildir ki, xalqın etimadını qazanmayan müxalifətin antiazərbaycan dairələrə üz tutması onların xəyanətkar və satqın olmalarının nəticəsidir. Siyasi ekspertlərin fikrincə, ermənipərəst dairələrin çirkli pullarına göz dikən radikal müxalifətin toplaşdığı “Milli Şura” artıq parçalanma ərəfəsindədir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.