Qüdrət Həsənquliyev İsa Qəmbəri xaraktersizlikdə, Əli Kərimlini isə xaricilərə işləməkdə ittiham etdi
Radikal düşərgənin yaratdığı növbəti qondarma qurumlardan biri olan “Milli Şura” “inamla” tarixin arxivinə doğru irəliləyir. Bu qurumdakı qaşıdurmalar, anlaşılmazlıqlar onun da taleyinin DUH, SİDSUH, Demkonqres və digərlərinin aqibəti ilə eyni olacağı qənaətini yaradır. “Milli Şura”nın prezidentliyə vahid namizədi kinodramaturq Rüstəm İbrahimbəyovun siyasətçiyə yaraşmayan hərəkətlərə yol verməsi, qətiyyətsizliyi, qorxaqlığı ucbatından ölkəyə gələ bilməməsi qurumun bütün üzvlərini çətin vəziyyətə salıb, qarşıdurmaları daha da dərinləşdirib, radikal düşərgədəki gərginliyi son həddə çatdırıb.
Artıq “Milli Şura”ya daxil olanların hamısı, o cümlədən “savadlı” hüquqşünaslar da anlayırlar ki, ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyovun sadələşdirilmiş qaydada vətəndaşlıqdan imtinasına baxılması 6 ay uzana bilər. Onun Azərbaycanda yaşamadığı faktı da buna əlavə edildiyi halda İbrahimbəyovun namizədliyini irəli sürmək mümkün olmayacaq. Yəni radikal düşərgənin kor-koranə atdığı addımlar bu dəfə bunları birmənalı şəkildə pat vəziyyətinə salıb.
Proseslər tamamilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin arzuladığı istiqamətdə gedir. Məlumdur ki, partiya başqanın prezidentliyə namizədliyini irəli sürüb və “Milli Şura”dan yüksələn etirazlara baxmayaraq, bu məsələdə israrlıdır. Müsavatçılar əvvəldən rejissoru vahid namizəd kimi görmürdülər. Ancaq müxalifət düşərgəsində “dağıdıcılıqda” ittiham olunmaqdan qaçmaq üçün məcburiyyət qarşısında qalaraq Rüstəm İbrahimbəyovu dəstəklədiklərini bildirdilər. Şura üzvlərinin Tbilisidə keçirdikləri görüşdən sonra kinodramaturqun Azərbaycana gəlmək istəmədiyi bir daha ortaya çıxdıqdan sonra İsa Qəmbər özünün namizədliyinin dəstəklənməsi məsələsində onunla, necə deyərlər, 2 saatadək dava-dalaş aparıb, ancaq açıqlamasında görüşün qarşılıqlı anlaşma şəraitində keçdiyini bildirib. Sual olunur: Əgər hər şey yaxşı olubsa, nəyə görə İsa Qəmbər görüşdən əsəbi halda çıxıb? Əgər Müsavat Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirsə, İsa Qəmbər öz namizədliyini niyə geri götürmür? “Milli Şura”ya daxil olan AXCP, ACP, ayrı-ayrı üzvlərlə dartışmanın və qarşıdurmanın səbəbi nədir? Əli Kərimli qəzetində İsa Qəmbəri niyə tənqid etdirir və ya Rəsul Quliyevlə Arif Hacıyevin mübahisəsinin səbəbi nədir? Yəni İsa Qəmbər boğazdan yuxarı fikirlər söyləməkdənsə, bu məsələlərə aydınlıq gətirsəydi daha yaxşı olardı.
Yeri gəlmişkən, AXCP-nin ruporu olan “Azadlıq” qəzeti İsa Qəmbərin acığına yazıb ki, Tbilisidə Rüstəm İbrahimbəyovla görüşən “Milli Şura”nın üzvləri görüşün nəticələrini müsbət qiymətləndiriblər. Onların fikrincə, kinodramaturq Azərbaycana gəlməkdə qərarlıdır və bu, “Milli Şura”nın qərarı ilə baş verəcək. Burada bir lətifə yada düşür. Bir gün Molla Nəsrəddin evinə qayıdanda görür ki, oğlu borclu olduğu bir nəfərlə danışır. Borc sahibi gedəndən sonra oğlundan ona nə dediyini soruşur. Oğlu deyir: “Ona həyətdəki yekə daşı göstərib dedim ki, o daş göyərəndən sonra gələrsən”. Molla əsəbləşir: “Birdən göyərdi, onda nə edəcəyik? Yaxşısı “get sabah gələrsən” deməkdir”. Rüstəm İbrahimbəyovun nə vaxt gələcəyi cəmiyyətin vecinə də deyil. Çünki əhalinin 1-2 faizi onu tanıya, ya tanımaya. Amma bu “Milli Şura” “sabah gələcək”, “biri gün gələcək” oyunu ilə lap Molla Nəsrəddinə rəhmət oxudur. Bircə İsa Qəmbərdən başqa. Başqan Azadlıq radiosunun “İşdən sonra” proqramında qonaq olarkən deyib ki, Rüstəm bəy bizimlə 31 iyulda Bakıya gəlsəydi, həm özü, həm də “Milli Şura” üçün ən düzgün siyasi qərar vermiş olardı: “Ən çoxu iki həftəyə qədər vaxtımız var. Bu müddət ərzində Rüstəm müəllim Bakıya gəlsə, bütün vaxt itkisinə, şəraitin çətinliyinə baxmayaraq, onun gəlməyi və prosesin başına keçməyi situasiyaya elə bir impuls verəcək ki, biz çox sürətli güclü kampaniya aparıb uğur əldə edəcəyik”.
Bu, İsa Qəmbərin candərdi dediyi fikirlərdir. “Yeni Müsavat” qəzetində işıq üzü görən “İbrahimbəyovun Rusiya pasportuna qurban gedən 2013 şansı” adlı məqalə isə başqanın və ümumilikdə müsavatçıların mövqeyini ifadə edir. Məqalədə deyilir: “Həqiqət budur ki, Tbilisi sammitinin (utanmasalar qurultay deyərlər) yekunu Rüstəm İbrahimbəyovun vahid namizəd kimi seçkiyə qatılmasının mümkünsüz olduğunu göstərdi. “Gələrəm” və “gedərəm” sözləri ilə özümüzü niyə aldadaq? Rusiya vətəndaşlığı ilə bağlı problemin ciddi olduğunu gərək Rüstəm İbrahimbəyov namizədliyi irəli sürüləndə özü deyəydi. Tbilisidə görüşü ərəfəsi ən optimist proqnozlar belə idi ki, Rüstəm İbrahimbəyov vəziyyətin bu həddə gəlməsində özünün də məsuliyyət daşıdığını tam mənasında dərk edərək, ehtiyat namizəd variantı üzərində dayanacaq". Bu “Milli Şura”da hər şey kələk üzərində qurulub. Orada təmsil olunan partiyalar deyəsən hələ indi ayılırlar ki, Rüstəm İbrahimbəyovla Eldar Namazovun qurduqları tora düşüblər və bu kələkbazların arxasınca sürünürlər. Əli Kərimli onlardan istifadə edib İsa Qəmbərin qarşısını almağa çalışdı, hətta Rəsul Quliyevi Müsavatın üzərinə saldı. İndi də İsa Qəmbər revanş götürməyə çalışacaq. Beləliklə, bir də baxacaqlar ki, seçki arxada qalıb, artıq andiçmə mərasimidir.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Milli Şura”nın böhran yaşadığını və dağılmağa doğru üz tutduğunu bildirərək qeyd edir ki, qondarma qurum üzvlərinin Tbilisi görüşü bəzi məlum mətbuat orqanlarında çox təmtəraqlı təqdim edilsə də, bu, ancaq sabun köpüyü effekti verdi. Görünən odur ki, “Milli Şura” sadəcə olaraq bu gün görüntü yaratmaqla məşğuldur. Rüstəm İbrahimbəyovun Bakıya qayıtmasını təmin etmək üçün Rusiyaya, Amerikaya müraciətlə bağlı müzakirələrin aparılması göstərdi ki, “Milli Şura” yetərincə ciddi bir qurum deyil. Görünən odur ki, qarşıdan gələn prezident seçkilərində o siyasi çəkiyə malik bir qurum kimi iştirak edərək, qalib gəlmək gücündə və imkanında deyil. Eyni zamanda, gəldiyim nəticə odur ki, “Milli Şura”nın vahid namizədi Rüstəm İbrahimbəyov qarşıdan gələn prezident seçkilərində iştirak etmək imkanına malik olmayacaq. Onun vətəndaşlığı Rusiya tərəfindən ləğv edilsə də, bu hüquqşünasların belə nəticəyə gəlməsinə əsas verir ki, vətəndaşı olduğu Rusiya dövləti qarşısında onun öhdəlikləri var və uzun müddət Azərbaycanda yaşamayıb. İlin 1-2 ayını Azərbaycanda olubsa, onun çox hissəsini xaricdə olub. Bu cür amillər, əlbəttə, İbrahimbəyovun namizədliyini xeyli dərəcədə əngəlləyir və onun qarşıdan gələn prezident seçkilərində namizəd kimi qeydə alınması da yetərincə mübahisəli görünür. Hətta, nəzəri cəhətdən bu reallaşsa belə, o, hansı komanda, hansı güc ilə iki ay ərzində həm imza toplayacaq, həm Azərbaycan miqyasında özünün təbliğat, təşviqat işini aparacaq? Ümumiyyətlə, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətində tanınan sima, siyasətçi deyil, gənclər, regionlarda olan insanlar Rüstəm İbrahimbəyovu tanımır. Demək olar ki, Azərbaycanda İbrahimbəyovu tanıyan yoxdur. Nəzərə alsaq ki, Azərbaycanın taleyüklü məsələlərində, ən çətin anlarında Rüstəm İbrahimbəyov Azərbaycan xalqının yanında olmayıb. Beləliklə, hansı yöndən yanaşsaq, Rüstəm İbrahimbəyov qarşıdan gələn prezident seçkilərində çox uğursuz namizəd portreti yaradır. Reallıq bundan ibarətdir ki, Rüstəm İbrahimbəyovun ətrafında yaradılan bu şou heç bir nəticə verməyəcək. Ana Vətən Partiyasının sədrinin ehtimalıma görə, İsa Qəmbərin özü ayrılıqda seçkilərə qatılacaq.
Əslində İsa Qəmbər Rüstəm İbrahimbəyova ciddi fiqur kimi yanaşmır. Əgər məsələləri dərindən təhlil etsək, hətta İbrahimbəyovun namizədliyinə İsa Qəmbərin ironiyasını hiss etmək çətin deyil. Bu gün onların arasında gərgin münasibət qalmaqdadır. Təkcə “Milli Şura”nın vahid namizədi müzakirə olunanda onun qoyduğu suallar deyil, eyni zamanda onun Tbilisi görüşünə yarım saat gecikməsi də göstərir ki, o, nə “Milli Şura”ya, nə də onun vahid namizədi olan Rüstəm İbrahimbəyova ciddi yanaşmır. Ozünü daha çox vahid namizəd kimi görür. “Ümid” Partiyasının sədri İqbal Ağazadə isə açıqlamasında İsa Qəmbərə “ilişərək” deyib: “Müxalifət içərisində çox tez-tez belə fikirlər səslənir ki, mən müxalifətin babasıyam, anasıyam, əsas güc mənim üzərimdədir. Kim bunu düşünürsə, məsuliyyəti götürsün üzərinə ki, ölkənin bu səviyyədə olmasının, bu vəziyyətə düşməsinin də əsas günahkarı odur. Nə qədər mən böyüyəmsə, günah o qədər mənim üzərimə düşür. Bu gün “Milli Şura”nı müxalifətin tək ünvanı hesab edənlər, oraya üzv olmayanları satqın elan edənlər düşünsün, bu vəziyyətdə ölkənin mənafeyinə zərbə vuranlar da o dərəcədə onlardır, o dinamikliyi qoymayanlardır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə Müsavat başqanını xaraktersizlikdə ittiham edərək deyib ki, İsa Qəmbər ekstremal vəziyyətlərdə heç vaxt düzgün qərarlar qəbul edə, yaxud məsuliyyəti öz üzərinə götürə bilmir. “Milli Şura” adlanan qurumda baş verənlərlə bağlı İsa Qəmbərin tərəddüdləri onu göstərdi ki, Müsavat başqanının şüuru gedilən yolun yanlış olduğunu deyir, amma xarakteri, ekstremal vəziyyətlərdə qərar qəbul edə bilməməsi və Əli Kərimlinin şantajlarından qorxması onun doğru seçim etməsinə mane olur. Bu baxımdan, İsa Qəmbərin qərar qəbul edə bilməmək problemi bu dəfə də onun ciddi səhvə yol verməsinə zəmin yaratdı. İsa Qəmbər seçkiyə qatılmaqla ən azı partiyasının və ətrafında olan insanların dağılmasının qarşısını ala bilərdi. Amma bundan sonra seçkiyə qatılsa da artıq əvvəlki effekti verməyəcək. Bu da onu göstərir ki, o düşərgədəki insanlar ciddi şəkildə öz gələcək siyasi fəaliyyətləri haqqında düşünməlidirlər. Düşünməlidirlər ki, lilderləri onları hara qədər apara bilər...
AXCP sədri Əli Kərimlini xəyanətkarlıqda, xaricə işləməkdə günahlandıran BXCP sədri deyib ki, Əli Kərimli isə hər zaman iqtidarın maraqlarına xidmət edib. Bəzi hallarda iqtidarla əməkdaşlıq etməklə, bəzən isə aşırı radikallıq nümayiş etdirməklə. Onun sözlərinə görə, Əli Kərimli elə indi də İsa Qəmbərin vahid namizəd olmasına mane olmaqla öz “xidmətini” göstərdi. Əli Kərimlinin Rusiyadakı hansısa dairələrlə əlaqələrinin olduğu barədə çox ciddi şübhələr var və bu şübhələr hər zaman olub. Hətta tələbəlik illərində də ona bu məsələ ilə bağlı şübhəylə yanaşırdılar. 20 Yanvar faciəsi zamanı baş verən hadisələri xatırladan BAXCP sədri deyib: “Əli Kərimli Rəhim Qazıyev və digərləri ilə birlikdə müdafiə komitəsinin üzvü idi. O zaman Əli Kərimliyə məxsus müdafiə komitəsinə üzvlük vəsiqəsi “Krasnaya zvezda” qəzetində dərc olunmuşdu. Kreml və onun Azərbaycandakı canişinləri bu vəsiqəni əsas gətirərək deyirdilər ki, Azərbaycanda orduya müqavimət olub. Maraqlısı budur ki, həmin dövrdə çox adam həbs olunsa da, Əli Kərimli həbs olunmadı. Halbuki onun müdafiə komitəsinin üzvü olduğunu təsdiqləyən sənəd sovet ordusuna məxsus mətbuat orqanında yayımlanmışdı. Biz Əli Kərimlidən soruşanda ki, sənin vəsiqən necə olub ki, “Krasnaya zvezda” qəzetində dərc olunub, o buna gülməli bir izahat verdi... Həmin vaxtdan da bu şübhələr onu tanıyan insanların qəlbində qalmışdı. Sonralar Qənimət Zahidin Moskvaya şübhəli səfərləri bu şübhələri bir az da dərinləşdirdi. Yaranmış vəziyyət və bu günədək sərgilənən davranışlar onu göstərir ki, “Milli Şura” ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq təlimat əsasında fəaliyyət göstərən şəxslərdən biri də Əli Kərimli olub”. Məhz həmin Əli Kərimli öz “Facebook” səhifəsində guya, əsgər ölümü, korrupsiya və digər neqativ halların unudulduğunu bildirib, cəmiyyətin bu məsələlərə reaksiya verməməsindən gileylənib, problemin səbəbini belə hadisələrin adiləşməsi ilə əlaqələndirib. Artıq AXCP sədrinin ağaları da anlayırlar ki, Azərbaycan cəmiyyəti antimilli və xəyanətkar müxalifətin belə iddialarına heç vaxt reaksiya verməyib. Bu müxalifət 20 ildir eyni şeyləri təkrar edir, insanların hisslərinə toxunmaqla onları qıcıqlandırmağa çalışır, amma nə mitinqlərinə adam gəlir, nə seçkilərdə onlara dəstək verilir. Küçələrə “xalqın etirazı” adı altında yığdıqları 50-100 nəfər də onların ailə üzvləri, qohumları və müxalifət fəallarıdır. Vətəndaşlar həmin adamların hakimiyyəti dövrünü unutmayıblar, indi isə ölkənin günbəgün dəyişməsindən, müasirləşməsindən məmnundurlar, rifahlarının yüksəldiyini öz həyatlarında hiss edirlər və buna görə də müxalifətin avantürasına, süni ajiotaj yaratmaq cəhdlərinə reaksiya vermirlər. Onların nəzərində adiləşən cılız, miskin, xəyanətkar müxalifətdir ki, ona da həmişə öz layiq olduğu yeri göstəriblər və bundan sonra da göstərəcəklər.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.