“Milli Şura”nın növbəti iclası Keyptaunda keçirilsə belə, xalqın bu qondarma quruma inamı bir faizdən artıq ola bilməz

 

 

Dünyanı gəzən “vahid namizəd”

müxalifət funksionerlərinin  də səfər etməsinin qayğısına qalır

Əvvəlcə sərlövhədəki bir məqam haqqında. Keyptaun Afrika qitəsinin ən cənub - yəni ən ucqar nöqtələrindən biridir və o həndəvərdə bəşər tarixinin ən qədim nümunələri aşkar edilib. Rüstəm İbrahimbəyov öz macəraaxtaranları ilə gedib oralarda da bir görüşdən filandan təşkil eləsə, bəlkə  kütləvi informasiya  vasitələri üçün bir az da maraqlı olardı. Onsuz da harada toplaşmaqlarının ölkədə keçiriləcək seçki prosesinə heç bir dəxli olmadığı kimi özlərinə sosial baza yaratmaq cəhdlərinin nəticəsi də sıfıra bərabər olacaq. Ona görə əllərin fürsət düşmüşkən dünyanı gəzsələr yaxşıdır.  Seçki qurtarandan sonra kimdir onların üzünə baxan? Bir də ki, dünyanı gəzmək təkcə Rüstəm müəllimin adına yazılmayıb ki. O birilər boş - boşuna onun ətrafında fırlanırlar? Qoy, bir az da turist kimi gəzib dolaşsınlar.

“Milli Şura” adıyla ərsəyə gəlib antimilli fəaliyyətlə məşğul olan bu qurumun yarandığı gündən indiyə qədər verdiyi bəyanatların hamısı yüz faiz yalan olub. Bircə sözü deyib göyərdə bilmədikləri kimi, bircə vədlərini də reallığa çevirə bilmirlər . İndi seçici bu adamlara necə inansın və necə səs versin? Əlbəttə, səs verən olmayacaq və ona görə də gələcək məğlubiyyətlərini indidən sığortalamaq üçün “təhlükəsizlik kəmərlərini ” bərk- bərk bağlayırlar: “Hakimiyyət seçkini saxtalaşdıracaq”, “ seçkilərin demokratik keçirilməsinə inam azdır” və sairə. Burdan toya-nişana gedən kimi bəzənib-düzənib gediblər Tbilisiyə, guya ki, “Milli Şura”nın vahid namizədi məsələsini və qaçaq vahid namizədin ölkəyə gətirilməsi problemini həll edəcəklər. Gedib orada tamamilə başqa şeylərdən danışırlar. “Seçkinin demokratik keçirilməsinin qayğısına qalmalıyıq”, “ bu seçkini müşahidə etmək üçün çoxsaylı nümayəndələr dəvət olunmalıdır”, “əksər ölkələrə müraciətnamələr göndərilməlidir” və sairə.  Əsas məsələnin - özlərinin namizədinin ortaya çıxmasının qayğısına isə qalmırlar. Daha doğrusu, bu qayğını atdılar Rusiya hökumətinin üstünə: “Rusiya rəhbərliyi İbrahimbəyovun həmin ölkənin vətəndaşlığına xitam verərsə (artıq,  İbrahimbəyov Rusiya vətəndaşlığından çıxarılıb) onda gəlib “Milli Şura”nın vahid namizədi ola bilər.

İş bu məqama gələndə  daha düşündürücü olan bir məsələnin qeyd olunması zərurəti  yaranır. Belə ki, son yarım ayda müxalifət cəbhəsindəki partiyalardan bəyanatlar yayılır ki,  “Milli Şura” Azərbaycan xalqının mənafelərini ifadə etmir, Rüstəm İbrahimbəyovun siyasətə dəxli yoxdur, Eldar Namazov bir dəfə öz komandasına xəyanət etdiyinə görə xalq ona nifrətlə baxır, İsa Qəmbər 20 ildir Azərbaycan müxalifətini aldadır, Əli Kərimli Əbülfəz Elçibəyin zəhərləndirilməsi ittihamını üstündən ata bilmir və sairə.  Bu kimi bəyanatlar müxalifət düşərgəsinin ən müxtəlif qütblərindən eşidilir. Özü də payız yağışı kimi ara vermədən. İndi gör həqiqi payız yaxınlaşdıqca bu ittihamlar necə şıdırğı şəkil alacaq. Sözümüzün canı odur ki, Rüstəm İbrahimbəyov, o sıradan çıxandan sonra estafetə cumacaq Eldar Namazov və onun da endirilməsindən sonra portreti qaldırılacaq İsa Qəmbər müxalifətin deyil, məhz “Milli Şura”nın vahid namizədi kimi çıxış edirlər. Düşərgənin başqa bir qütbündə isə bilavasitə müxalifətin vahid namizədinin “layihə- smeta sənədləri”  hazırlanır və bu layihənin icrası üçün ağlı üstündə olan bir memar axtarılır. Çünki  zaman göstərdi ki, “Milli Şura” ideyasının memarları kifayət qədər səhvlərə yer veriblərmiş. Sözümüzün canı odur ki, Rəsul Quliyev başda olmaqla dörd nəfər müxalifət “lideri” özünü düşərgənin vahid namizədi kimi görür. Ancaq  bu proseslərdə yeganə söz sahibi olan seçicilərin onları necə görməsi tamamilə başqa yazının mövzusudur.

Bir daha qayıdaq “Milli Şura”nın Tbilisidə - erməni sahibkar nersesyanların mülkündə reallaşdırılan görüşünə. Bu görüş barədə bütün məlumatlar kütləvi informasiya vasitələrində verildiyinə görə biz cəmi üç məqamın üstündə dayanmaq istəyirik. Birinci məqam Rüstəm İbrahimbəyovun bu görüşə necə mənasız bir məsələ kimi baxdığını təsdiq edir. Jurnalist soruşur ki, nə üçün bu görüş Bakıda deyil, Tbilisidə reallaşdırıldı? İbrahimbəyov cavab verir ki, biz gürcü kinematoqrafçıları ilə film çəkməyi planlaşdırırdıq. Dedim yeri gəlmişkən,  burada “Milli Şura”nın üzvləri ilə də görüşüm. Yəni qoca rejissor açıq şəkildə etiraf edir ki,  bu görüşə  elə də bir əhəmiyyət vermir və bir neçə dəqiqədən sonra siyasi həmfikirlərini  də aldadır ki, bəs mən öz şəxsi işimlə əlaqədar Moskvadan ayrıla bilmədiyimə görə Bakıya gələ bilmirəm. Başqa bir yalan. İbrahimbəyov deyir ki, mən Tbilisiyə film çəkmək üçün gəlmişəm, Eldar Namazov  isə böyük gurultu ilə deyir ki, biz  orada sammit keçirmişik. Bu onu göstərir ki, əsası olmayan ambisioz iddialar, mənəm-mənəmlik, ziddiyyətlər, qarşıdurmalar “Milli Şura”nı da tarixin arxivinə doğru sürükləyir. Onların əməlləri yeni yaratdıqları şuranı da müxalifətin indiyədək yaradıb öldürdüyü bütün hərəkat, konqres, blok və digər qurumların dalınca aparır.

 İkinci məqam. Antimilli Şuranın Tbilisi görüşündə səsləndirilir ki, bu qurumun işlərini sahmana salmaq üçün Rusiya prezidentinə və ABŞ Konqresinə müraciət ediləcək. Gülünc məsələdir. Ölkə prezidentliyinə namizədliyi irəli sürülən adam öz problemlərini həll edə bilmir və bu məsələdə xarici ölkələrdən kömək istəyir. Nədir onun həll edə bilmədiyi məsələlər? Rusiya vətəndaşlığından çıxmaq?!  Artıq bu “çətin” problem bir günün içində aradan qalxıb. İkinci, ABŞ Konqresindən xahiş edəcəklər ki, Azərbaycan müxalifətini  heç bir siyasi dünyagörüşü və təcrübəsi olmayan bu qoca rejissoru  ölkəni, “idarə edə biləcəyinə”  inandırsın. Konqres də beş-altı adam göndərəcək ki, gedin İqbal Ağazadəni, Sərdar Cəlaloğlunu və başqalarını inandırın ki, gələcəkdə Rüstəm bəy də siyasətçi olacaq.

Bundan başqa, müxalif siyasətçilər gözləyirdilər ki,  “Milli Şura”nın Tbilisi görüşündən sonra bu qurumun vahid namizəd məsələsinə tam aydınlıq gələcək. Çünki görüş çərçivəsində Rüstəm İbrahimbəyovla İsa Qəmbərin məxsusi bir görüşü də keçirilmişdi. Ancaq  “sən saydığını say...” deyiblər. İsa Qəmbər Tbilisidən qayıtmamış Müsavatdan xəbər yayıldı ki, başqanın vahid namizədliyi qüvvədə qalır. Cəbhəçilər onlara başa saldılar və  barmaq  ilə  göstərdilər ki, vahid deyəndə bir nəzərdə tutulur. İbrahimbəyov və yanında Qəmbər olanda isə vahid yox, iki alınır. İsa Qəmbər Tbilisidən Bakıya gələn kimi isə  Müsavat funksioneri Arif Hacılı başladı Rüstəm İbrahimbəyovu mədh eləməyə: “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyov uğurlu, yaxşı namizəddir. Müsavat Partiyasının da resursları daxil olmaqla “Milli Şura”da Rüstəm İbrahimbəyovun seçki kampaniyasını yüksək səviyyədə təşkil etmək imkanına malik olan qüvvələr var”.

İndi buna deyən lazımdır ki, ay Arif, bu ikiüzlülükdən nə zaman əl çəkəcəksiniz? Axı ötən həftə sən  Rüstəm İbrahimbəyovu qorxaq adlandırırdın, Müsavat divanında deyirdin ki, o kimdir onun ayağına gedək? Bəs indi nə oldu?

Deyilənə görə müsavatçılar yuxarıda qeyd etdiyimiz kimi cəbhəçilərin  onlara  sübut etdiyi və barmaqla göstərdiyi bu həqiqətlə barışmayıblar və ona görə də güman qalır “Milli Şura”nın Keyptaunda keçiriləcək görüşünə. Hərgah İbrahimbəyov  orada Cənubi afrikalılarla film çəkməli olsa. İnanırıq. Rüstəm müəllim ki, bu həvəslə dünyanı gəzir, oralarda da film çəkər. Siyasət deyil ki, başı çıxmasın.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında