Böyük Britaniyanın “The Quardian” qəzeti bu ölkənin iflic olduğundan yazır
Ermənistanda sosial - iqtisadi vəziyyətin getdikcə ağırlaşması əhalini iflic vəziyətinə salıb. İşsizlik problemi ilə qarşılaşmış yerli sakinlər kütləvi şəkildə xarici ölkələrə üz tuturlar. Əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi rəsmi statistik məlumatlarda da əks olunub. Məlumatda bildirilir ki, hazırda Ermənistan əhalisinin böyük bir hissəsi, əsasən də gənclər ölkəni tərk edirlər. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl Ermənistan əhalisinin sayı təxminən üç milyon nəfər idisə, hazırda bu rəqəm 1,2 milyona düşüb. İşğalçı dövlətin prezidenti Serj Sarkisyan da ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsini təsdiqləyib.
Serj Sarkisyan vətəndaşların kütləvi şəkildə ölkədən getməsi ilə bağlı xəbərlərin əsaslı olduğunu etiraf edib. O, “Luks” Təhsil Fondunun təqaüdçüləri ilə görüşündə çıxış edərkən bildirib ki, xarici ölkələrə üz tutan vətəndaşların axını çox ağrılıdır. Əhalinin xarici ölkələrə köçməsinin əsas səbəbini rəhbərlik etdiyi ölkədə hazırkı sosial və iqtisadi vəziyyətin ağırlığı ilə əlaqələndirən S.Sarkisyan deyib ki, xarici ölkələrdə yaxşı iş və şərait axtarışı ilə bağlı problem cəmiyyət tərəfindən çox ağrılı qarşılanır. O, həmişə olduğu kimi, yenə də yalan vədlər verərək ölkəni tərk edən əhalini geri dönməyə çağırıb. Guya onlar üçün yaxşı şərait yaradılacağını bildirib. Buna baxmayaraq, ermənilər acından ölməmək üçün xarici ölkələrə köçməkdə davam edirlər. Yerli kütləvi informasiya vasitələrinin məlumatlarında bildirilir ki, Göyçə (Sevan) gölü sahilindəki Tsovaqyuğ qəsəbəsində yaşayan əhalinin yarısından çoxu artıq yaşadıqları ərazini tərk edib. Qəsəbədə yaşayanlar 1200-dən çox adamın işləmək üçün xaricə getdiyini söyləyiblər. 400 nəfərin Rusiyanın Kareliya bölgəsindəki tikintidə işləmək üçün getdiyi, digər insanların da iş tapmaq məqsədilə müxtəlif ölkələrə üz tutduqları bildirilir.
Ermənistan parlamentinin üzvü Aram Manukyan da ermənilərin ölkəni kütləvi şəkildə tərk etməsindən həyəcanla danışıb. O deyib ki, belə getsə, yaxın illərdə Ermənistan tamamilə boşalacaq. O, prezident Serj Sarkisyanın xalqa verdiyi vədlərin yalan olduğunu bidirib. Deputat deyib ki, neçə illərdir ki, xalqı belə yalanlarla aldadırlar. Ancaq hər gün yüzlərlə insan xaricdə işləmək üçün Ermənistanı tərk edir. Çünki prezidenti qeyri - ciddi şəxs kimi qəbul edirlər. Ona görə də onun dediklərinə inanan yoxdur.
İqtisadi problemlər içində çabalayan işğalçı ölkənin dövlət borcu 4 milyard dolları ötüb. Bu faktı ölkənin maliyyə naziri Vaçe Qabrielyan da təsdiqləyib. Onun sözlərinə görə, bu məbləğin təxminən yarım milyarddan çoxu daxili borclardır. Xarici borc isə 3,4 milyarda yaxındır.
Ermənistanın xarici borcu dövlət büdcəsindən az qala iki dəfə çoxdur. Yerli iqtisadçılar bildirirlər ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi işğalçı ölkəni iqtisadi cəhətdən ağır duruma salıb. Üstəlik Ermənistanın bütün iri layihələrdən kənarda qalması mövcud durumu daha da ağırlaşdırıb. Əhalinin aclıq və səfalət içərisində yaşadığını qeyd edən A.Manukyan bunun səbəbini Serj Sarkisyanın başçılıq ediyi komanda üzvlərinin korrupsiya və rüşvətxorluqdan ayrıla bilməməsində görür. O deyib ki, artıq xarici ölkələrdə dərc olunan nüfuzlu kütləvi informasiya vasitələri də bu barədə geniş məqalələr dərc edir.
Məsələn, Böyük Britaniyanın nüfuzlu “The Quardian” qəzetində dərc edilmiş bir məqalədə qeyd olunur ki, qəzetin bir qrup əməkdaşı Ermənistana səfər etmiş, əhalinin yaşam tərzi və problemləri ilə maraqlanmışdır. Əhali arasında aparılan rəy sorğularından və yerli sakinlərlə görüşlərdən sonra məlum olmuşdur ki, Ermənistanda aclıq və səfalət hökm sürür. Bu ölkə iqtisadi-sosial problemlər məngənəsində boğulur. Yerli sakinlərlə keçirilən görüşlərdə insanlar çox bədbin idilər və sabaha ümidləri yox idi. Əhalini ən çox narahat edən isə işsizliyin baş alıb getməsi və dövlət rəsmilərinin başlarının korrupsiyaya qarışması idi. Qəzetin əməkdaşı yazır: “Ermənistan ərazisinə daxil olduqda gördüklərim məni dəhşətə gətirmişdi. Gördüklərimdən belə qənaətə gəldim ki, ölkə məhvə doğru gedir. Kənd və şəhərlərdə adam tapmaq demək olar ki, problemə çevrilmişdi. Sakinlərlə söhbət zamanı aydın oldu ki, əhalinin böyük əksəriyyəti iş tapmadığından acından ölməmək üçün ölkəni tərk edərək xaricə üz tutublar. Bir çox ailələr isə birdəfəlik Ermənistandan çıxıb gedirlər. Hökumət miqrasiya axınının qarşısını almaqda acizdir”. Məqalədə həmçinin bildirilir ki, ölkədəki ağır iqtisadi-sosial gərginliklə əlaqədar Ermənistanı tərk edənlərin sayı bu ilin ilk üç ayı ərzində 165 min 275 nəfərə çatmışdır. Amma problem bununla bitmir. Vətəndaşların ən çox şikayət etdikləri digər məsələ məmur özbaşınalığı və rüşvətxorluqdur.
Məqalə müəllifi regionlardakı uşaq bağçaları və məktəblərin vəziyyətinə də toxunmuşdur. Binaların təmirsiz və yarasız vəziyyətdə olduğunu qeyd edən jurnalist uşaq bağçalarında hətta körpələrin də qidalanmasına belə fikir verilmədiyini nəzərə çatdırmışdır. Qeyd olunur ki, valideynlər öz uşaqlarını bağçaya qoymaq istəmirlər. Çünki uşaqlara yemək verilmir və bağçalardakı şərait dözülməz həddə çatıb.
Yazıda, həmçinin həbsxana işçilərinin məhkumları döyərək təhqir etməsi, onlara işgəncələrin verilməsi, ölkədə təhsil və səhiyyə sahəsində də ciddi problemlər olduğu qeyd olunub. “The Quardian” qəzetinin yazdığına görə bölgələrdə təhsil demək olar ki, yox səviyyəsindədir. Səhiyyə sahəsindən isə heç danışmağa dəyməz. Bir sözlə, Ermənistanın bölgələrində həyat demək olar ki, dayanıbdır. İngilis jurnalisti müşahidələrinə istinadən yazır ki, Ermənistanda insanların xarici ölkələrə getmələri əsassız deyil. Bu ölkədə yaşamaq və ailəni dolandırmaq çox çətindir.
“Heritage Foundation” və “The Wall Street Journal” kimi nüfuzlu qəzetlərin dünya dövlətlərinin iqtisadi göstəricilərinə dair dərc etdikləri illik hesabatda ən axırıncı yerlərdən birini Ermənistan tutur. Hesabatda bildirilir ki, 2013-cü ildə də Ermənistanın iqtisadiyyatında müsbətə doğru heç bir dəyişiklik baş verməyəcək, əksinə vəziyyət daha da ağırlaşacaq, yoxsulluğun son həddində yaşayan əhali yenə də bədbin hisslərə qapılacaq. Bu ilin altı ayı ərzində ölkədə ümumi daxili məhsulun həcmində heç bir artımın olmaması da bundan xəbər verir. S.Sarkisyanın yalan vədlərinə baxmayaraq dövlət tərəfindən verilən yardımlar və təqaüdlər, əmək haqları artırılmayıb. Yardım alan və aldıqları təqaüdlə zorla dolanan əhali qiymətlərin sürətlə artımı qarşısında çıxılmaz vəziyyətə düşüb.
Bir tərəfdən də vergilərin artırılması yoxsullaşmaqda olan əhali arasında böyük narazılıq yaradıb. Çünki bu əlavə gəlir əhalinin sosial şəraitinin yaxşılaşmasına deyil, müxtəlif yollarla dövlət rəsmləri olan oliqarxların ciblərinə axır və qiymətlərin artımına da öz təsirini göstərir. Nəticədə ölkədə yoxsulluğun son həddində yaşayan insanların sayı getdikcə artır. S.Sarkisyan hakimiyyətinin yeritdiyi siyasət əhalinin var-yoxdan çıxmasına, 40 faizə yaxınının yoxsulluğun son həddində yaşamasına səbəb olmuşdur. Xarici kütləvi informasiya vasitələrinin yazdığına görə, əhalinin həyat tərzi ilə bağlı ölkədə aparılan sorğuda iştirak edənlərin yalnız on faizi yaşayış səviyyəsindən qismən razı qaldığını, 37, 4 faizi isə dözülməz və ağır şəraitdə yaşadıqlarını bildirmişdir.
Artıq beynəlxalq təşkilatlara da məlumdur ki, Ermənistanda həyat iflic vəziyyətindədir.
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Rafael Hüseynovun müasir qaçqınlıq və məcburi köçkünlük faciəsinə həsr etdiyi sənəddə də bu məsələ öz əksini tapmışdır. Parlament Assambleyasının katibliyinə təqdim edilən bu sənəd tirajlanaraq yayılmışdır. Sənəddə bildirilir ki, Ermənistan Azərbaycana hərbi təcavüzü nəticəsində öz vətəndaşlarını da gələcəkdən məhrum etmiş, bu işğalçı ölkədə terrorçu hakimiyyətin yaratdığı ağır yaşayış mühitinin nəticəsi olaraq əhalinin xaricə axınının gücləndiyi vurğulanmışdır.
Ermənistanın tanınmış iqtisadçıları ölkədə bu ilin sonunadək iqtisadiyyatda daha ağır vəziyyət müşahidə ediləcəyini bildiriblər. Mərkəzi Bankın keçmiş prezidenti isə iqtisadiyyatın tənəzzülə uğramasını hökumətin səmərəsiz fəaliyyəti ilə əlaqələndirmişdir. İqtisadçılar bidirirlər ki, iqtisadiyyatın tənəzzülü Ermənistanda idxalın ixracı beş dəfədən artıq üstələməsinə gətirib çıxarıb. Nəticədə ticarət balansında bir milyard dollardan artıq mənfi saldo yaranmışdır. İqtisadi sahədə yaranmış tənəzzül ölkədə təhlükəli və qorxulu vəziyyət yaratmışdır. Hakimiyyət isə çıxış yolunu hələ də xaricdə yaşayan həmvətənlərinin və beynəlxalq təşkilatların ianələrində görür.
Xalqın vəziyyətini düşünmək əvəzinə öz varidatlarını və kapitallarını artırmağa çalışan dövlət rəsmilərinin korrupsiyaya uğraması adi hala çevrilib. Hökumət tərəfindən təhlükəsizliklərinin təmin olunmasına ümid görməyən xarici sərmayəçilər isə işğalçı dövlətə vəsait qoymaqdan çəkinirlər. Məhz bu səbəbdən ölkəyə birbaşa sərmayə qoyuluşu güclü şəkildə azalmış, bu da öz növbəsində bir sıra sahələrin tənəzzülə uğramasına xeyli təsir göstərmişdir. Bütün bunlar erməni əhalisinin öz ölkələrini kütləvi şəkildə tərk etməsində böyük rol oynamışdır. Hakimiyyət isə ölkədən insan axınının qarşısını almaqda acizdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.