“Milli Şura” üzvləri qladiatorlar kimi bir-birini parçalamağa hazırdır

 

“Milli Şura” yaranan gündən bu qurumun  da uzunömürlü olmayacağını dəfələrlə bəyan etmişdik. Çünki radikal müxalifətin həmişə seşkiöncəsi antiazərbaycan dairələrin təhriki ilə belə oyuncaq qurumlar yaratmasının çox şahidi olmuşduq. Seçki başa çatdıqdan sonra həmin qurumlar da öz ömürlərini radikal müxalifətə bağışlayıb arxivin bir küncə qısılırlar.

 “Milli Şura” da belələrindən idi. İlk gündən sədrlik üstündə yaranan didişmə prezidentliyə vahid namizədin müəyyənləşdirməsinə qədər davam etdi. Həm qurumun sədrlik postuna namizədin təyin edilməsində, həm də bu təşkilatdan prezidentliyə vahid namizədlik məsələsində erməni lobbisinin sözü yetərli oldu. Çünki “Milli Şura”nın maliyyə mənbəyi ermənilər və ermənipərəstlər olduğundan prezidentliyə vahid namizədi də onlar təyin etməli idilər. Sonda hamı bunun şahidi oldu. Ermənilərin yaxın dostu, “zavallı ermənilərin” taleyini özü üçün böyük dərd hesab edən kinorejissor Rüstəm İbrahimbəyov “Milli Şura”nın prezidentliyə vahid namizədi oldu.

Ömründə bir gün də olsun siyasətlə məşğul olmayan Rüstəm İbrahimbəyov bu yükün altına girəndə sözün həqiqi mənasında çaş - baş qalmışdı. Özü də dəfələrlə etiraf etmişdi ki, siyasət onun yeri deyil. Ancaq ermənilərə olan sevgisi, məhəbbəti onu bu oyunun oyunçusuna çevirdi. Onu da qeyd edək ki, Rüstəm İbrahimbəyovun ermənilərə olan hüsn - rəğbəti, qəddar millətə sonsuz qayğı göstərməsi elə sədri olduğu “Milli Şura” üzləri tərəfindən də təsdiqlənib. Özü də indi yox, bir neçə il bundan əvvəl. “Milli Şura”nın və  İctimai Palatanın  Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin hələ 5 il bundan əvvəl   “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində “Milli Şura”nın  hazırkı sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov haqqında dedikləri də bunu təsdiqləyir. M.Vəzir həmin müsahibəsində deyib ki,  Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır. Ziyalı olmaq nəbzin vətən, xalq və cəmiyyətlə birgə vurması deməkdir. Bir yazıçı hesab edə bilər ki, o, ermənilərlə işləyə və sülh tərəfdarı ola bilər. O qəbul edir ki, xalqlar arasında dostluq əlaqələri vacibdir. “Onsuz da müharibə bitəcək, sonda yoldaşlıq və qonşuluq qalacaq. Onda bizi başa düşəcəklər” kimi düşünən insanlar var. Elə insanlar da var ki, düşmənlə müştərək layihələrdə iştirak etməyi heysiyyətinə sığışdırmır. Hətta bilsə ki, bunun müqabilində böyük mükafatlar alacaq, şöhrət qazanacaq, ömründə bu işə əl uzatmaz. Çünki o insanda milli heysiyyət yaşayır. Onun gözünün qarşısında erməninin və rusun birgə fəaliyyəti nəticəsində məhv olmuş Xocalı və vəhşicəsinə qətlə yetirilmiş 30 min Azərbaycan insanı, Azərbaycan torpaqlarında qurulmuş Ermənistan var. Belə insanlar vətəninin bu halını öz ruhunda, əxlaqında və mənəviyyatında yaşayır. Bu hissləri yaşamayan insanı onda olmayan xüsusiyyətlərə görə qınamaq olmaz... Mən Rüstəm İbrahimbəyovu heç qınamıram. Onun Vətən və millət heysiyyəti yoxdursa, biz bu insandan nə istəyirik?! Ona görə də düşünürəm ki, İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedər.

İndi burdan belə bir sual yaranır: “Vətən və millət heysiyyəti olmayan, ermənilərlə işbirliyinə gedən, ermənilərin problemlərini özünə dərd edən, azərbaycançılıqdan tamamilə uzaq olan, ana dilini bilməyən Rüstəm İbrahimbəyovu hansı xüsusiyyətlərinə görə prezidentliyə vahid namizəd verib onun ölkəyə qayıdacağı günü böyük səbrsizliklə gözləyirdiyiniz?”

Təbii ki, radikal müxalifəti də Mehriban Vəzirin dediyi “Vətən və millət heysiyyəti” yox, Rüstəm İbrahimbəyovun pulu maraqlandırırdı. Ona görə də dişlərini itiləyib “ümidlərini” bu qoca kinorejissora bağlamışdılar. Halbuki, politoloqlar, hüquq müdafiəçiləri və tanınmış ictimai - siyasi xadimlər dəfələrlə bildirmişdilər ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək və “Milli Şura” dağılacaq.  O, doğrudan da Azərbaycana deyil, Gürcüstana gəldi. Mən belə bir fikri təqdim etməklə deyilənlərin əsaslı olduğunu bildirmək istərdim. Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə hələ “Milli Şura” yeni yarananda demişdi: “Rüstəm İbrahimbəyov vahid namizəd olmayacaq, Milli Şura isə dağılacaq. Ermənistanda hər kəs azərbaycanlılara qarşı düşmən mövqeyinə köklənir və belə bir qəddar milləti anlayışlı xalq kimi təqdim etməklə Rüstəm İbrahimbəyov öz milli kimliyinin üzərindən xətt çəkdi. Onun azərbaycanlıların adından danışmağa, müxalif düşərgənin vahid namizədi olmağa mənəvi haqqı yoxdur. Rüstəm İbrahimbəyovun vahid namizəd kimi göstərilməsi ənənəvi müxalifət düşərgəsinin ən böyük səhvi idi və onlar tezliklə bu səhvlərini düzəltməyə çalışacaqlar”. Hüquq müdafiəçisi demişdir ki, əgər bir adam açıq-açığına azərbaycanlıları təhqir edirsə, ölkənin suverenliyini təhdid edirsə, düşmən milləti “göylərə qaldırırsa”, onun müxalifətin vahid namizədi kimi irəli sürülməsi biabırçılıqdır. O, ermənilərin lideridir, azərbaycanlıların yox. “Milli Şura” isə  seçkilərədək dağılacaq. Rüstəm İbrahimbəyov nəinki müxalifətin vahid namizədi ola bilməyəcək, əksinə onun ideya müəllifi və rəhbəri olduğu “Milli Şura” müxalifət daxilində ciddi və növbəti parçalanmaların əsasını qoyacaq.

Artıq həmin gün yetişdi. Neçə vaxtdır ki, onun yolunu gözləyənlər, özü əqidədə olan vəzifə hərislərinə nəhayət, ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyovdan cavab gəldi. O, Azərbaycana gəlməyəcəyini bəyan etdi və siyasi riyakar Eldar Namazovun dəstəsini “Milli Şura” adı ilə Tbilisiyə - görüşə dəvət etdi. Reneqat Eldar Namazov görüşə yola düşməzdən əvvəl  Musavat.com-a verdiyi açıqlamada dəstə üzvlərinin  Tbilisi  səfərinin gündəliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi.  Siyasi riyakar deyib ki, Tbilisidəki toplantıda Rüstəm İbrahimbəyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək. Onun qənaətinə görə, “Rusiya hakimiyyəti rejissoru ikili vətəndaşlıqdan azad etməyi ləngidir. Belə davam edərsə, aydın məsələdir ki, o, qarşıdakı seçkilərə qatılmaq şansını itirəcək. Buna görə də vəziyyət yenidən bu ehtimal üzərindən dəyərləndiriləcək. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyov təklif edəcək ki, onun iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi Eldar Namazov olsun. Artıq bunu heyətdəkilərdən bir çoxu bilir” .

 Eldar Namzovun bu açıqlaması elə “Milli Şura”da  dərhal etirazlarla qarşılandı. Çünki bu qondarma qurumun üzvlərinə də bəllidir ki, reneqat Eldar Namazov xəyanətkarlıqda və satqınçılıqda heç də Rüstəm İbrahimbəyovdan geri qalmır. Hətta bəziləri onun prezidentliyə namizədliyini özü üçün təhqir hesab edib. Yalnız AXCP sədri Əli Kərimlidən başqa. Bu da səbəsiz deyil. AXCP sədri bütün vasitələrlə Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini sıradan çıxarmağa çalışır. Əslində Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi də buna hesablanmışdı.

 Reneqat Eldar Namazova ilk etiraz dünənə qədər özünü “Milli Şura”nın sədaqətli üzvü hesab edən eks - spiker Rəsul Quliyevdən gəldi. ACP lideri Rəsul Quliyevin təşəbbüsü ilə bu partiyanın rəhbərliyinin  təcili toplantısı keçirilib.  Toplantıya rəhbərlik edən ACP sədri Sülhəddin Əkbər Rəsul Quliyevin partiya  rəhbərliyinə təklifini çatdırıb və müraciətini səsləndirib. 

R.Quliyev  “Milli Şura”nın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisiyə  yollanan nümayəndə heyətinin tərkibində olan S.Əkbərə tapşırıb ki, görüşdə alternativ vahid namizəd məsələsi gündəmə gələrsə, heç bir təklif gözləmədən onun  namizədliyini irəli sürsün. R.Quliyev müraciətində bildirib ki,  Eldar Namazovun  “Milli Şura”dan prezidentliyə vahid namizəd olması ehtimalı belə müxalifət adına ləkədir. O, müxalifətin prezidentliyə digər namizədi—Müsavat Partiyasının başqanı İsa Qəmbəri  də ciddi tənqid edərək deyib ki, 20 ildir Müsavata başqanlıq edənlərin ideyaları, hərəkətləri onların Azərbaycan üçün demokratik gələcək arzuladıqlarına dəlalət eləmir.  R.Quliyev İsa Qəmbərin əvvəlki seçkilərdə acınacaqlı məğlubiyyətinə işarə edərək vurğulayıb ki, liderin seçkilərdə maksimum 3 faiz səs alıb sonradan “mən qalib gəlmişdim, seçkilər saxtalaşdırıldı” deməsinin bu millət üçün nə xeyri ola bilər?.

Göründüyü kimi, prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində qarşıdurmalar daha geniş vüsət alır və onlar bir - birilərinin iç üzlərini açıb ortaya qoyur, xalqa məlum olmayan eybəcərliklərini də qabardırlar. Dünənə qədər Rəsul Quliyevlə əməkdaşlıqdan danışan müsavatçılar artıq onun da insanlara bəlli olmayan əməlləri barədə açıqlama verirlər.

Müsavat başqanının müavini Arif Hacılının  Rəsul Quliyev haqqında dediklərinə nəzər yetirdikdə  bunu aydın hiss etmək olar. A.Hacılı özünün  “Facebook” səhifəsində yazıb: “1992  - ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyunktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi, saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. O dövrün ən populyar qəzeti olan ”Müxalifət “qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə ”Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu.

Milli təklükəsizlik  nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi. O, Elçibəy hökumətinin süqutunda həlledici rol oynadı...  Rəsul Quliyev... bir buqələmundur".

Budur radikal müxalifətin demokratikliyi, obyektivliyi və hadisələri olduğu kimi qiymətləndirmək “qabiliyyəti”. İndi onlar prezidentliyə vahid namizədlik üstündə bir  - birinin iç üzlərini açmaqla məşğuldurlar.  Belə bir məqamda reneqat Eldar Namazov öz dəstəsi ilə prezidentliyə namizədlik “estafetini” ermənipərəst ağası Rüstəm İbrahimbəyovdan qəbul etmək ümidi ilə  Tbilisi səfərinə yola düşdü.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında