XX əsrin ortalarından etibarən ABŞ-dakı erməni diasporunun antitürk fəaliyyətində nəzərəçarpacaq dərəcədə geriləmənin olduğunu görmək mümkündür. Bunun bir sıra səbəbləri vardır. Birincisi, 1929-1933-cü illəri əhatə edən dünya iqtisadi böhranı və böhranın doğurduğu problemlər, həmçinin böyük dövlətlərin II Dünya müharibəsində iştirakı və digər amillər erməni diasporunun fəaliyyətində ciddi maneələr yaratmışdır.
Həmin dövrdə ABŞ-dakı erməni diasporunun antitürk fəaliyyətində passivlik nəzərə çarpsa da, bir sıra iri şəhərlərdə siyasi partiya və təşkilarların regional mərkəzlərinin açılması prosesi davam etmişdir. Bununla yanaşı, bir sıra universitetlərdə Qədim Şərq dilləri institutlarının, həmçinin erməni dili və ədəbiyyatı şöbəsinin yaradılmasının da əhəmiyyətinin az olmadığını qeyd etmək olar. Universitetlərin bu şöbələrində dərs keçən müəllimlərin əksəriyyətinin erməni olması və xüsusilə burada türk tarixi və mədəniyyətinin saxtalaşdırılaraq, tələbələrə yanlış şəkildə çatdırılması da diqqət çəkən mühüm məsələlərdən biridir. Həmçinin, bu dövrdə ABŞ-dakı erməni diasporunun fəal üzvləri 20-30-cu illərdə olduğu kimi, mitinq və nümayişlərin keçirilməsinə qismən də olsa nail olmuşlar. Lakin bu I mərhələdə nəzərəçarpacaq dərəcədə zəif təsir bağışlayırdı.
II Dünya müharibəsinin başa çatması və ABŞ-ın I Dünya müharibəsində olduğu kimi, bu dəfə də qalib dövlətlər sırasında yer alması erməni diasporunun fəaliyyətində canlanmaya səbəb olmuşdur. Lakin artıq həmin dövrdə beynəlxalq münasibətlər sistemində baş verən bir sıra dəyişikliklər, soyuq müharibənin başlanması, Qərb dövlətlərinin SSRİ-yə qarşı birləşməsi, həmçinin Sovetlər Birliyinin yaxın qonşusu Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi və digər bu kimi amillər Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdı. Məhz 1952-ci ildə Türkiyənin tələm-tələsik NATO sıralarına qoşulması hər iki dövlət arasında soyuq münasibətlərin aradan qaldırılmasına gətirib çıxartdı. Bu isə ABŞ-dakı erməni diasporunun narazılığına səbəb olmuşdur. Ermənilərin keçirdikləri mitinq və nümayişlər də, bütövlükdə, ABŞ-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafına mane ola bilməmişdir. Belə ki, 1947-ci ildə açıqlanan Trumen doktrinasına görə, külli miqdarda maliyyə vəsaitinin Türkiyəyə ayrılmasının əsas səbəbi kimi bu ölkənin Yaxın Şərqdə qüdrətli dövlətə çevrilməsi və SSRİ-yə qarşı mühüm fiqurlardan birinə çevrilməsi idi. SSRİ-nin isə Türkiyənin ABŞ-ın ən yaxın müttəfiqi olmasından bərk narahatlıq hissi keçirməsi və bu ölkəni tez bir zamanda Varşava paktına üzv olan dövlətlər sırasında görmək istəməsi də məsələnin həddindən artıq gərginləşməsindən xəbər verirdi. İstər Türkiyənin NATO sıralarına üzv qəbul olunması, istərsə də 1947-ci ildə ABŞ tərəfindən bu ölkəyə edilən maliyyə yardımları bu ölkədəki erməni diasporlarını bərk hiddətləndirmişdi. Belə ki, təşkil olunmuş mitinq və nümayişlərdə ermənilər vaxtilə I Dünya müharibəsi dövründə Anadolu ərazilərində yaşayan ermənilərin guya türklər tərəfindən “vəhşicəsinə qətlə yetirilməsi”nə cavab olaraq hələ də Türkiyənin beynəlxalq səviyyədə cəzalandırılmaması və ermənilərin tapdalanmış huquqlarının bərpa olunmaması məsələlərinin qabardılmasına cəhd göstərirdilər. Həmçinin erməni diasporunun fəal üzvləri 4 may 1947-ci ildə Nyu-Yorkda toplanaraq Dünya Erməniləri Konqresini çağırmış, buradan BMT vasitəsilə Türkiyədəki ermənilərin hüquqlarının pozulduğunu dünya dövlətlərinin diqqətinə bir daha çatdırmışlar. Eyni zamanda, toplantıda ermənilərin Türkiyədən torpaq və təzminat tələbləri də öz əksini tapmışdır (9, s.83-84).
Qeyd etmək lazımdır ki, II Dünya müharibəsinin başa çatması və soyuq müharibənin başlanması, həmçinin bir sıra regional və beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi ilə əlaqədar olaraq yenidən ermənilərin fəallaşmasında nəzərəçarpacaq irəliləyişlərin olduğunu görmək mümkündür. Belə ki, bu dövrdə qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq dünyanın bir sıra bölgələrində kütləvi şəkildə mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. 1965-ci ildə ilk dəfə olaraq uzunmüddətli mübarizədən sonra SSRİ hökumətinin razılığını almaqla qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar olaraq Yerevanın mərkəzi meydanlarının birində “Soyqırımı abidəsi”nin ucaldılması işində ABŞ-dakı erməni diasporlarının xidməti danılmazdır. Məhz bu hadisə ABŞ-dakı erməniləri daha da ruhlandırmış, qarşıda duran məsələlərin həllinə yol açmışdır.
XX əsrin 70-ci illərindən etibarən ABŞ-dakı erməni diasporlarının fəaliyyətində yeni bir mərhələ başlamışdır. 22 dekabr 1973-cü ildə Los-Ancelesdəki türk konsulunun və konsul köməkçisinin vəhşicəsinə qətlə yetirilməsi, həmçinin 1973-cu ildə Santa-Barbara şəhərində baş vermiş terror hadisəsi ilə bu ölkədə türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı erməni terroruna start verilmişdir. Nəticədə 1973-1985-ci illər arasında Türkiyə sərhədlərindən kənarda 45 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. Bunların içərisində öldürülən türk vətəndaşlarının sayı 34 nəfərdir. Öldürülənlərdən 4 nəfəri Türkiyənin digər ölkələrdəki səfirləridir. Altı nəfər baş konsul və konsuldur. Yerdə qalanlar isə səfirlik və konsulluqların əməkdaşlarıdır (6, s. 208-209). Türk diplo- matlarının vəhşicəsinə qətlə yetirilməsinin əsas təşkilatçısı ASALA erməni terror təşkilatı və təşkilatın regional şöbələridir.
XX əsrin 80-ci illərindən etibarən ABŞ-da fəaliyyət göstərən türk səfirliyində və konsulluqlarında çalışan diplomatlara qarşı erməni terrorunun bu ölkənin güc strukturları tərəfindən qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır. Terroru törədən şəxslər qısa zamanda saxlanılaraq həbs edilmişlər. Lakin müəyyən müddətdən sonra erməni diasporlarının davamlı təzyiqləri nəticəsində həbs olunan məhbuslar yenidən azadlığa buraxılmışdır. Onların sonrakı cinayətlərdə iştirakı isə bu ölkənin hüquq-mühafizə orqanlarının rəsmi sənədlərində öz əksini tapmışdır. Getdikcə terrorun arxa plana keçdiyi bu dövrdə diaspor üzvləri bu dəfə qondarma “erməni soyqırımı”nın Konqresdə müzakirə edilməsinə cəhd göstərdilər. 70-80-ci illərdə qondarma “erməni soyqırımı” məsələsi ABŞ Təmsilçilər Məclisinin gündəliyinə bir neçə dəfə daxil edilmiş və cüzi səs çoxluğu ilə qəbul edilmişdir. Həmçinin 1996-cı ildə müttəfiq ölkələrə ediləcək maliyyə yardımları ilə əlaqədar büdcə layihəsinin müzakirəsində Türkiyəyə ayrılacaq yardımın azaldılması əsas müzakirə predmetinə çevrildi. Bu işdə ABŞ-dakı erməni diasporunun və lobbisinin canfəşanlığı da məhz Türkiyəyə ayrılacaq yardımların minimuma endirilməsinə, lazım gələrsə, müəyyən müddətə dayandırılmasına yönəldilmişdir.
XX əsrin sonlarında qondarma “erməni soyqırımı” məsələsinin ermənipərəst konqresmenlər tərəfindən yenidən ABŞ Konqresinin gündəliyinə salınmasına cəhd göstərildi. Belə ki, 21 sentiyabr 2000-ci ildə Təmsilçilər Məclisinin İnsan Haqları Alt Komitəsi qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar qəbul etdi. Qərar daha sonra Təmsilçilər Məclisinin Ölkələrarası Əlaqələr Komitəsindən də keçərək Senatın müzakirəsinə göndərildi. Təmsilçılər Məclisinin gündəliyinə daxil edilmiş qondarma “erməni soyqırımı” ilə bağlı keçiriləcək dinləmələr ABŞ Prezidenti Bill Klintonun və müdafiə naziri Henri Şheltonun təzyiqləri nəticəsində təxirə salındı (5, s. 77). XX əsrdə ABŞ-dakı erməni diasporunun fəaliyyətinin bu və ya digər istiqamətləri haqqında məlumat verərkən, ilk növbədə ermənilərin bu ölkədə uzun illərdən bəri formalaşdırdıqları siyası partiyaların şöbələrini, tədqiqat mərkəzlərini, radio və televiziya kanallarını və digər kütləvi informasiya vasitələrini (qəzet, jurnal, dərgi və.s), həmçinin maliyyə fondlarının yaranma səbələrini, məqsədlərini, antitürk fəaliyyətini təhlil etməyə çalışacağıq. Bildiyimiz kimi, 1965-ci ildən sonra ABŞ-da erməni diaspor təşkilatlarının sayında kəskin artım hiss olunmağa başladı. Yeri gəlmişkən, 1887-ci ildən başlayaraq müasir dövrümüzədək, burada yüzlərlə təşkilatın, siyasi partiyanın müxtəlif ştatlarda regional şöbələrinin yaradılması prosesi davamlı surətdə aparılmışdır. Bu gün ABŞ-dakı erməni lobbisinin himayəsi altında yaradılan təşkilatlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
– məzun təşkilatları; erməni araşdırmaları və tədqiqat mərkəzləri; idman təşkilatları; icma mərkəzləri; həmvətənlər təşkilatları; mədəniyyət təşkilatları; nikah xidmətləri təşkilatları; təhsil təşkilatları; fondlar; məzarlıqlar və qəbiristanlıqlar; ədəbi təşkilatlar; xəstəxanalar və hospitallar; tamaşa və kino qrupları; xeyriyyə təşkilatları; siyasi və ictimai işlər təşkilatları; peşə təşkilatları; qaçqınların məskunlaşdırılması təşkilatları; dini təşkilatlar; sosial xidmət təşkilatları; tələbə təşkilatları; gənclər təşkilatları; erməni kilsələri; qəzetlər (gündəlik və həftəlik); erməni araşdırmaları dövrü nəşrləri; məktəblər; şənbə məktəbləri; bazar günü məktəbləri; erməni araşdırmaları magistr proqramları; erməni araşdırmaları bakalavr proqramları; Ermənistanda təhsil proqramları; seminariyalar və teoloji məktəblər; təşkilatlar və tədqiqat kitabxanaları; xalq kitabxanaları; məktəb kitabxanaları; kollec və universitet kitabxanaları; kilsə və seminariya kitabxanaları; xüsusi kitabxanalar; özəl kitabxanalar; kitab köşkləri və kitab mağazaları; kilsə kitab köşkləri; kitab nəşriyyat evləri; musiqi və videoyazı studiyaları; radio proqramları; televiziya proqramları; təqaüdlər, qrantlar, kreditlər, yoldaşlıqlar; bülletenlər, nəşrlər, jurnallar. İki əsrə yaxın müddətdə ABŞ-da yorulmadan antitürk fəaliyyətini davam etdirən bu təşkilatlar içərisində ən mütəşəkkili 1984-cü ildə yaradılmış Amerika Erməni Assambleyasıdır (Armenian Assembly of Amerika-AAA). Bu təşkilatın müxtəlif ştatlarda regional şöbələri fəaliyyət göstərir. Vaşinqtondakı bu təşkilatın əsas qanadı Erməni Milli Komitəsidır. Amerika Erməni Assambleyası təşkilatının əsas qollarından biri də Erməni Xalq Komitəsidir. Bu komitə də iki əsas qola ayrılır: Erməni Xalq Komitəsi-qərb regionları bölməsi; Erməni Xalq Komitəsi-şərq regionları bölməsi. Bu gün bu təşkilatla yanaşı, daha çox siyasi fəaliyyətlə məşğul olan partiyalardan Erməni İnqilabçı Federasiyası-Daşnaksütyunun, Şərqi Amerika Hınçaq Sosial Demokrat Partiyasının, həmçinin Milli Erməni Amerikan Cümhuriyyət Məclisinin fəaliyyətini xüsusilə qeyd etmək olar. Amerika Erməni Assambleyasının yaradılmasında əsas məqsəd və vəzifələri aşağıdakı kimi ümumiləşdirmək olar:
– ABŞ-dakı erməni lobbisinin üzvlərini erməni mədəniyyəti, tarixi və incəsənəti ilə yaxından tanış etmək;
– ABŞ demokratiyası daxilində ermənilərin fəaliyyətini gücləndirmək;
– ABŞ-da vətəndaşlıq hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq;
– ABŞ-ın Ermənistana yardımını daha da artırmaq;
– Ermənistana Konqres üzvlərinin gəlişini təşkil etmək;
– Ermənistandakı siyasi və sosial təşkilatların fəaliyyətini gücləndirmək məqsədi ilə müxtəlif lahiyələrlə yardım etmək və. s
Amerika Erməni Assambleyasının əsas qollarından biri və ən böyük təsir gücünə sahib olan Erməni Milli Komitəsi bu ölkədə yaşayan ermənilərin pozulmuş haqlarının bərpası istiqamətində fəaliyyət göstərməkdədir. Eyni zamanda, təşkilat Türkiyə başda olmaqla, digər türksoylu dövlətlərə qarşı antitürk fəaliyyətini davam etdirməkdə maraqlıdır. Əsas məqsəd guya ermənilərin tarix boyu türksoylu xalqlar tərəfindən milli-etnik təmizləmə siyasətinə məruz qalmaları, həmçinin ərazilərinin türksoylu xalqlar tərəfindən zorla mənimsənilməsi və buradan davamlı olaraq müəyyən dövrlərdə ermənilərin kütləvi surətdə məhv edilməsidir. Fəaliyyətlərini bu cür iftiralar, uydurma iddialar üzərində quran erməni lobbisinin əsas qayəsi də məhz türk xalqlarına qarşı beynəlxalq kampaniya formalaşdırmaqdır. Bu istiqamətdə bütün gücünü səfərbər edən güclü erməni lobbisi müəyyən qədər məsələnin beynəlxalq tribunalardan səsləndirilməsinə nail olmuşdur. Bu işdə Qərb dövlətlərinin onlara verdiyi dəstək də xüsusi rol oynayır.
Amerika Erməni Assambleyası ilə yanaşı, ABŞ-da fəaliyyət göstərən mühüm siyası qurumlardan biri də Daşnaksütyun partiyasıdır. Partiyanın qarşısına qoyduğu məqsəd müstəqil sosialist Ermənistan dövlətinin yaradılmasıdır. Xüsusilə, bu dövlətin sərhədləri Sevr müqaviləsinin şərtlərinə uyğun müəyyənləşdirilməlidir. Buraya Şərqi Anadolu vilayətinin 6 rayonu, Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ və digər ətraf ərazilər daxil edilməli idi. Bütün bu məkrli planlar partiyanın mətbu orqanı olan “Hayrenik” və “Ermənistan xəbərləri” qəzetlərində mütəmadi olaraq işıqlandırılır. Buradan göründüyü kimi, Azərbaycan və Türkiyə torpaqları hesabına Böyük Ermənistan dövlətinin yaradılmasına cəhdlər bu gün də erməni lobbisi tərəfindən davam etdirilməkdədir. Bu istiqamətdə onun antitürk fəaaliyyəti bütövlükdə türk dünyasının birliyinin sarsıldılmasına, həmçinin ərazilərinin hissə-hissə zəbt edilməsinə qarşı yönəldilmişdir.
Daşnaksütyun partiyası ilə yanaşı, ABŞ-da fəaliyyət göstərən ən böyük siyası qurumlardan biri də Hınçaq Sosial Demokrat Partiyasıdır. Partiyanın əsas məqsədi erməni xalqının milli maraqlarının bu ölkədə layiqincə qorunması, ermənilərin tapdalanmış haqlarının müdafiəsi, həmçinin türk millətinin dünya ictimaiyyətinə “vəhşi barbarlar” kimi tanıdılmasıdır. Ölkədə çoxlu sayda işıq üzü görmüş kitab, jurnal, qəzet, buklet səhifələrində, həmçinin televiziya və radio verilişlərində bununla bağlı kifayət qədər dezinformasiyalar yayılmaqdadır.
(ardı var)
Taleh CƏFƏROV, Azərbaycan Dövlət Pedaqoji Universiteti Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.