Ssenaristin “Spiegel”i aldatmaq cəhdi uğursuz olub

 

Yaxud Rüstəm İbrahimbəyov hər dəfə özünü daha çox ifşa edir

Bu adam sözün həqiqi mənasında eyforiyaya qapılıb. Hər bir ölkədəki siyasətçi seçki təbliğatını öz ölkəsində apardığı halda, bu adam gah Rusiyada, gah Avropada, gah da Amerikada qapı-qapı gəzərək özünü, necə deyərlər, bir ovuc radikal düşüncəli, antimilli xüsusiyyətli insanlardan ibarət müxalifət düşərgəsinin “aparıcı siması” kimi, qarşıdurma məkanına çevrilən qondarma “Milli Şura”nın “lideri” kimi təqdim edərək, özünü ifşa edən açıqlamalar verir hər şeyi bərbad vəziyyətə salır. Kənardan baxan da deyir ki, gör Azərbaycandakı müxalifət nə günə düşüb ki, siyasətdən başı çıxmayan binəva rejissoru prezident seçkilərində özünün vahid namizədi elan edib. Yəqin ki, söhbətin kimdən getdiyini bildiniz. Bəli, söhbət ölkəmizdəki radikal düşərgənin və xaricdəki ermənipərəst dairələrin ümidinə çevrilən və bu ümidi heç bir zaman doğrultmaq imkanı olmayan ssenarist Rüstəm İbrahimbəyovdan gedir.

Hər şeyi bir tərəfə qoyaq, kinodramaturq Avropanın bəzi mətbuat orqanlarına verdiyi müsahibələrdə reallıqdan uzaq məsələlər barədə elə danışır ki, radikal düşərgəni az-çox tanıyan hər bir azərbaycanlının matı-qutu quruyur. Hələ biz onun yol verdiyi siyasi səhvləri, bir “liderə” yaraşmayan ifadələrini demirik. Belə məqamda bir nəfər də olsun, ona demir ki, bəlkə də sən yaxşı ssenari yaza, rejissor ola bilərsən, ancaq siyasət aləmi sənlik deyil, get kinonu çək ki, avropalı ağaların çəkdiyin filmlərə “heyran” qalsınlar, day sənin boşboğazlığına, məntiqsiz müsahibələrinə yox. Bu üzdəniraq müsahibələrdən birini də Almaniyanın “Spiegel” jurnalına verən Rüstəm İbrahimbəyov elə jurnalisti məlumatlandırarkən “quş buraxıb”. Belə ki, Avropa əhlinə agah olub ki, bu nala-mıxa vuran siyasətbaz gah Moskvada, gah Los-Ancelesdə, gah da Bakıda yaşayır, yəni əslində laməkandı, tam olaraq harada yaşadığı da məlum deyil. Ancaq oxucular onun bu üç şəhərin birində qaldığını ehtimal edə bilərlər.

Peşəkar qəzetçilər çox yaxşı bilirlər ki, hərdən biz jurnalistlər məqalədə, müsahibədə öz müşahidəmizi və fikirlərimizi ifadə etmək üçün çox da böyük olmayan, amma mənaca dərin cümlələrdən istifadə edirik. Almaniyalı jurnalist də öz peşəkarlığını nümayiş etdirərək, sətiraltı ifadələrlə Rüstəm İbrahimbəyovu ifşa edib və yazıb: “O, ssenarilər yazır, filmlər çəkir – indi isə prezident olmaq istəyir”. Əslində, bax, bu cümlə oxucular üçün çox gözəl mesaj verir. Həmkarımız demək istəyir ki, ey Almaniya və ya Avropa ictimaiyyəti, sizə bir qonağın müsahibəsi əsasında hazırladığım məqaləni təqdim edirəm, ancaq müsahibə aldığım Rüstəm İbrahimbəyov siyasətçi deyil, film çəkən rejissordur. Yatıb-yatıb, 74 yaşında siyasətdən başı çıxmadığı halda prezident olmaq istəyir. Ona görə də onun deyəcəyi sözlərə əhəmiyyət verməyin, ciddiyə almayın, təcrübəsizliyinə bağışlayın. Yəqin ki, Qərb siyasətçiləri də bu mesajı alaraq, Azərbaycandakı radikal müxalifət düşərgəsinin necə səviyyəsiz bir vəziyyətə düşdüyünü bir daha öyrənmək üçün məqaləni ironiya ilə oxuyublar...

Məqalədə qeyd olunur ki, bu ilin oktyabr ayında Azərbaycan yeni prezidentini seçməlidir. Prezident İlham Əliyevin siyasi-diplomatik və dövlətçilik təcrübəsinə eyham vuran jurnalist yenə də ironiya ilə vurğulayır ki, müxalifət düşərgəsinin ona rəqib kimi səhnəyə çıxardığı şəxs ssenarist və yazıçıdır. Qonşu ölkələrdən birinin dövlət başçısının onun çəkdiyi filmi bəyəndiyini bildirməsi ilə də, əslində, Rüstəm İbrahimbəyovun ölkə daxilində deyil, xaricdən dəstək aldığına işarə vurulmuş olur. Azərbaycanda prezidentliyə namizəd olmaq baxımından müxalifətin bir neçə təmsilçisi olduğunu yazan jurnalist həmkarımız Rüstəm İbrahimbəyova yaxınlığı ilə seçilən, canbir qəlbdə olan reneqat Eldar Namazovun adını çəkməyib. Bu, bir tərəfdən buqələmun siyasətçinin Avropada tanınmaması ilə bağlı olsa da, digər tərəfdən kinorejissorla Eldar Namazovun “eyni şinelin altından çıxdığı” mənasına gəlir. Yəni həm Rüstəm İbrahimbəyov, həm də Eldar Namazov, ikisi də biri-birinin kölgəsi, “siam ekizidir”. Ona görə də birinin adını çəkmək kifayətdir ki, digərini də ifadə edəsən...

Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, radikal düşərgədə Rüstəm İbrahimbəyovun prezident seçkilərində iştirakı ilə bağlı şübhələr artmağa başlayıb. Onun Rusiya vətəndaşı olduğunu və vətəndaşlıqdan imtina etməsindən sonrakı prosesin çox uzana biləcəyini, həmçinin ssenaristə qarşı cinayət işi qaldırıldığını əsas gətirən “Milli Şura”nın bəzi üzvləri yeni vahid namizəd haqqında düşünməyin vaxtının çatdığını bildirirlər. Bəzi məlumatlarda hətta o da qeyd olunur ki, ssenarist vahid namizəd kimi reneqat Eldar Namazovu dəstəkləyir və bu məsələdə təkid edir. Buradan da bir daha aydın olur ki, həqiqətən də kinorejissor E. Namazovun “kölgəsidir”. Eldar Namazov isə açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyov ölkəyə gəlməkdən çəkindiyi üçün “Milli Şura”nın bir qrup nümayəndəsi onunla birlikdə Tbilisiyə gedəcək, burada kinorejissorla danışıqlar aparacaq. Guya, Tbilisidə şuranın yeni vahid namizədi ilə bağlı müzakirələr gözlənilmir. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovla bağlı vəziyyətin yenidən dəyərləndiriləcəyi barədə mətbuata ötürülən xəbərlər həqiqəti əks etdirmir və “Milli Şura”nın adından bu cür açıqlamaları yalnız özü verə bilər.

Musavat.com saytına Eldar Namazova yaxın olan qaynaqlardan isə bildirilib ki, Tbilisidə toplantıda Rüstəm İbrahimbəyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək: “Görünən budur ki, cənab İbrahimbəyov seçkilərdə iştirak edə bilməyəcək. Onun özünün də gözləmədiyi halda Rusiya hakimiyyəti rejissoru ikili vətəndaşlıqdan azad etməyi ləngidir. Belə davam edərsə, aydın məsələdir ki, o, qarşıdakı seçkilərə qatılmaq şansını itirir. Buna görə də vəziyyət yenidən və bu ehtimal üzərindən dəyərləndiriləcək. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyov təklif edəcək ki, onun iştirak edə bilməyəcəyi təqdirdə, “Milli Şura”nın vahid namizədi Eldar Namazov olsun. Artıq bunu heyətdəkilərdən bir çoxu bilir “. Musavat.com bu varianta baxışları operativ olaraq öyrənməyə çalışıb. Belə məlum olub ki, “Milli Şura” təsisçiləri Eldar Namazovun alternativinə isti baxmırlar. Onlardan bir neçəsi adlarını açıqlamamaq şərti ilə deyib ki, bu halda Şuradakı neytral ziyalılardan birinin namizədliyi məsələsi gündəmə gələcək. Fikrini bildirənlərdən ikisi Mehman Əliyevin adını çəkib.

Necə deyərlər, bunlara düşmən lazım deyil. Düşmən radikal düşərgənin öz içərsindədir. Bir-birinin qanını içməyə hazır olan müxalifət liderlərinin çəkişmələri hələ çox çəkəcək. Ona görə də biz “Spiegel”də işıq üzü görən məqaləyə geri dönək.  Əgər jurnalist həmkarımız kinorejissorun Prezident İlham Əliyev barədə 2010-cu ildə dedikləri fikirlərdən xəbərdar olsaydı, yəqin ki, məqalənin istiqaməti tamamilə fərqli olardı. Xatırlayırsınızsa, bu gün “Milli Şura” adlı qondarma qurumun lideri olan Rüstəm İbrahimbəyov o vaxtlar demişdi: “Amma mən konkret deyim, istəyir kiminsə xoşuna gəlsin, istəyir gəlməsin, Prezident İlham Əliyevə alternativ görmürəm. Mənə Azərbaycanda bir nəfər desinlər ki, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılardanmı, yoxdur belə bir şəxs. Mən bir əcnəbi dil bilmirəm, o, üç dil bilir, mənim 70 yaşım var, o məndən cavandır. Hər adam prezident ola bilməz. Onun sosial dayaqları olmalıdır. Və onun sosial dayaqları var. Bu bir az siyasi savadsızlıqdandır ki, bu prezidenti dəyişək başqası gəlsin”. Yəqin ki, Rüstəm İbrahimbəyov bundan sonra, nəinki almaniyalı jurnalistə, heç bir media orqanına müsahibəsində bu dediklərini xatırlatmaq istəməz...

Rüstəm İbrahimbəyov digər müsahibələrində olduğu kimi, bu dəfə də deyib ki, onun “Milli Şura”ya sədrliyi ilə bağlı iştirakı olmadan, operativ qərar verilib: “Heç vaxt düşünmürdüm ki, mən bu qurumun sədri olaram”. Bəli, həqiqətən də İbrahimbəyov  düz deyib. Bu proses çox “operativ” olub. Bu gün “Milli Şura” ideyası yaranıb, səhəri gün qurum təsis olunub, o biri gün də İbrahimbəyov onun sədri seçilib. Yazığın heç nədən xəbəri olmayıb. Gecə saat 2-də zəng edib deyəndə ki, “Milli Şura”nın sədri seçilibsən, həyəcandan çarpayıdan aşıb. Hamının gözü qarşısında, xarici ssenari əsasında baş verən bu iyrənc prosesi belə yüksək statusa mindirmək, özünü məzlum birisi kimi qələmə vermək tipli eybəcərliyi yalnız İbrahimbəyovdan gözləmək olar. Prezidentliyə namizədliyin qeydə alınması üçün vacib şərtlərdən biri 10 il həmin ölkədə yaşamaqdır ki, İbrahimbəyov da belə bir probleminin olduğunu deyib. Birincisi, bu adam 30 ildir ki, orada-burada yaşayır. İkincisi, bəs Rusiya vətəndaşı olması faktı harada itib-batdı? Bunu deməz axı. Desə, xaricdəki ağaları vəziyyəti daha düzgün qiymətləndirər və Müsavat başqanı İsa Qəmbərlə olan  münasibətdəki kimi, başlarının çarələrinə baxarlar...

Rüstəm İbrahimbəyov prezident seçkiləri ilə bağlı “ssenarini xalq” yazdığını deyib və bu “ssenarinin baş qəhrəmanı” olduğunu iddia edib. Adama deyən lazımdır ki, paytaxt Bakıda səni barmaqla sayılacaq qədər adam tanıyır. Regionlarımızda isə Rüstəm İbrahimbəyovun adını çəkirlər, tanıyan olmur, şəklini göstərirlər, sifətini görən tərs-tərs baxıb deyir ki, ay kişi, sən məni ələ salırsan, bu, Məşədi İbadın şəklidir. Bax belə bir adam Azərbaycanın gələcəyini təyin etməyə iddialıdır və belə bir adam ölkəmizdəki vəziyyət barədə danışarkən ağzını açıb gözünü yumaraq deyib: “Son illərdə Azərbaycandakı vəziyyət kəskin şəkildə pisləşib. Ölkədə total korrupsiya hökm sürür. İnsanların mülkiyyət hüququ kütləvi şəkildə tapdanır, evləri və digər əmlakları çox asanlıqla əllərindən alınır. Biz bu cür yaşamaqda davam edə bilmərik. Azərbaycan sivil, müasir, demokratik ölkə olmalıdır. Bu yolda bizə lazım olan yeganə şey payızda seçkinin azad, ədalətli keçirilməsidir”.

Birincisi, deyən lazımdır ki, ay Rüstəm, sən axı heç Azərbaycanda düz-əməlli yaşamayıbsan. İkincisi isə, cümlə-aləm Azərbaycandakı iqtisadi yüksəlişdən, insanların həyat şəraitinin gündən-günə yaxşılaşmasından, işsizliyin minimum səviyyəyə endirilməsindən, yeni-yeni mütərəqqi qanunların qəbul edilib qüvvəyə minməsindən, korrupsiyaya qarşı mübarizədən, insanların mülkiyyət hüquqlarının daha etibarlı bir şəkildə qorunması üçün həyata keçirilən tədbirlərdən və s. danışarkən, bu adam sanki Ermənistandakı vəziyyətdən söz açır. Ancaq dostlarının düşdüyü çətin vəziyyəti dilə gətirmək onun üçün ağır olduğuna görə, Ermənistan yerinə, Azərbaycanın adını hallandırır. Seçiciləri gülləbaran edən, prezidentliyə namizədi güllələtdirən Serj Sarkisyanın totalitar hakimiyyəti altında olan bir respublikanın yerinə bizim ölkəmizi ünvan göstərir. Bunu isə ancaq erməni lobbisinin nümayəndələri, əlaltıları edərlər...

Növbəti fakt. Rüstəm İbrahimbəyov iddia edib ki, “ölkəmizdə yaradılmış dözülməz vəziyyətə görə” üç milyon insan ölkəni tərk edib. Bir daha əmin oluruq ki, Azərbaycan haqqında danışarkən Ermənistanı xəyalında canlandırmaq Rüstəm bəydə artıq adət halını alıb. Ölkəmizdəki ictimaiyyət də çox yaxşı bilir ki, Azərbaycanda yeni-yeni iş yerləri açıldığına görə, vaxtilə hansısa bir səbəbdən xaricə gedənlər də artıq öz doğma yurd-yuvalarına qayıdırlar. Kinorejissorun diqqətinə çatdırılmalıdır ki, Azərbaycandan deyil, məhz onun böyük sevgi bəslədiyi Ermənistandan 2 milyon insan aclıqdan, səfalətdən təngə gələrək didərgin düşüb. Ölkəmizdə sosial vəziyyət xeyli yaxşılaşdığına görə əhalinin sayı da sürətlə artır və Azərbaycan 10 milyonluq bir ölkəyə doğru sürətlə irəliləyir. Öz millətini təhqir edən, ona yuxarıdan aşağı baxan Rüstəm ibrahimbəyovkimilər isə bundan narahat olurlarsa, deməli Azərbaycana düşmən mövqedə dayanmışdır.

Rauf KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında