Azərbaycan müxalifəti qarşıdakı seçkilərdə məğlubiyyətinin məsuliyyətini qoca rejissorun üstünə atmaq niyyətindədir

 

Rüstəm İbrahimbəyov prezidentliyə namizədliyin onun  seçimi olmadığını etiraf edib

Qondarma Milli Şuranın prezidentliyə vahid namizədi  Rüstəm İbrahimbəyovun Azərbaycandakı muzdlu nökəri reneqat Eldar Namazov ABŞ-a turist səfərindən Bakıya qayıtdıqdan sonra özü əqidədə olanları başına toplayaraq deyib ki, bəs gözləriniz aydın olsun, ermənipərəst liderimiz Rüstəm İbrahimbəyov bu yaxınlarda Azərbaycana gələcək. Hətta buqələmun Eldar Namazov ermənilərin yaxın dostu olan kinorejissor R.İbrahimbəyovun iyulun 31- də Bakıya gələcəyini demişdi. Bundan sonra onu qarşılamaq üçün ssenari də hazırlanmışdı. E.Namazov deyib ki, Rüstəm İbrahimbəyovun Bakıya gəlməsində Rəsul Quliyev yardımçı olacaq. Bu yerdə bir el məsələini xatırlatmaq yerinə düşərdi:"Keçəl dərman tapsa, öz başına yaxar”.

 Eldar Namazov “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, hava limanında onu yaxın dostları, jurnalistlər, həmkarları qarşılayacaqlar.  Guya ermənipərəst kinorejissorun qarşılanması zamanı  hansısa kütləvi axın olacaq və insanların bu “axında” sağlamlığının qorunması barəsində düşünən siyasi riyakar Eldar Namazov  hava limanı işçilərinə və rəhbərliyinə öz “dəyərli” məsləhətlərini də verib.  Eldar Namazovun deməsindən məlum olub ki, Rüstəm İbrahimbəyov Bakıya tək yox, erməni dostları ilə gəlmək fikrindədir.  Ona görə də kimlərinsə, Rüstəm İbrahimbəyova, onunla gələn insanlara, onu qarşılamağa gələn şəxslərə qarşı hansısa qanunazidd hərəkətlərindən ehtiyatlanır. Eldar Namazov hədə - qorxu gəlməyi də unutmayıb və deyib ki,  əgər hava limanında Rüstəm bəyə qarşı hansısa qanunsuz hərəkət baş verərsə, insan axınının qarşısını almaq mümkün olmayacaq.

Maraqlıdır, görəsən siyasi riyakar Eldar Namazov “insan axını” deyəndə kimləri nəzərdə tutur. Bakıda, hətta pul paylasalar da, mitinqlərə heç kimi toplaya bilməyən müxalifət xalqın nifrət bəslədiyi Rüstəm İbrahimbəyovu qarşılamağa kimi aparacaq? Artıq qondarma Milli Şuranın üzvləri də ermənipərəst kinorejissoru qarşılamaqdan imtina edib. Bu barədə  “Milli Şura”nın hüquq komissiyasının sədri Vidadi Mirkamal məlumat verib. O bildirib ki, R.İbrahimbəyovun Azərbaycana gəlişi təntənəli şəkildə olmayacaq. “Milli Şura” üzvü bildirib ki, qurumun sədri və vahid namizədi üçün hər hansı xüsusi bir qarşılama mərasimi keçirilməsi nəzərdə tutulmur. V.Mirkamalın dediklərindən də  məlum olur ki, R.İbrahimbəyov elə bir ciddi fiqur deyil ki, onun gəlişi böyük təntənə ilə qarşılansın. Hər halda “Milli Şura” üzvləri onu qarşılamaq üçün hava limanına getməyi vacib hesab etmir.

“Milli Şura” üzvlərinin prezidentliyə vahid namizədlərinin qarşılanmasına getməkdən imtina etmələri əsassız deyil. Hər şeydən əvvəl reneqat Eldar Namazov və onun dəstəsi çox yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyov Azərbaycan dilində danışa bilmir. Onun ana dilində danışması İsa Qəmbərin və Əli Kərimlinin ingilis dilində danışmalarına bənzəyir. Digər tərəfdən “zavallı ermənilərin taleyindən” söz düşən kimi Rüstəm İbrahimbəyovu ağlamaq tutur və qəddar, qaniçən və qatil ermənilərin müdafiəsinə qalxır. Hətta bu vaxta qədər Dağlıq Qarabağı  Ermənistana vermədiyinə görə, Azərbaycan hakimiyyətini qınayır da. Jurnalistlər də sualı sual dalınca yağdıracaqlar. Rüstəm İbrahimbəyov isə savadsız, siyasi dünyagörüşü olmayan adi bir kinorejissordur. Ona görə də “Milli Şura” üzvləri müxtəlif bəhanələrlə  onu qarşılamağa getməkdən imtina edirlər.

Ermənilərə göstərdiyi qayğıya, onların ərazi iddiasına haqq qazandıran yazıçı Əkrəm Əylislinin rüsvayçılığından sonra Rüstəm İbrahimbəyovdan sədri olduğu qondarma Milli Şuranın üzvləri artıq kənarlaşmağa başlayıblar. Bunun bir səbəbi də Rüstəm İbrahimbəyova erməni lobbisi tərəfindən verilən ianələrin reneqat Eldar Namazov və onun dəstə üzvlərinin bir neçəsi tərəfindən mənimsənilməsidir. İndi siyasi riyakar Eldar Namazov Rüstəm İbrahimbəyovun qarşılanması üçün kimə müraciət edirsə, eyni cavabı eşidir:"Rüstəmin pulunun xeyrini kim görübsə, onlar da qarşılaşın". İndi  Rüstəm İbrahimbəyovun hazırkı vəziyyəti Məşədi İbadın hamamda tək qalmasına bənzəyir.

 Dəstəbaşı  Eldar Namazov öz ətrafına tapşırıb ki, Milli Şuranın qarşısında duran ən ümdə vəzifələrdən biri  Rüstəm İbrahimbəyovu xalqa daha yaxından tanıtdırmaq, Bakıya qayıtdıqdan sonra  onun bölgələrə səfərlərini təşkil etmək, lazım gəlsə, vahid namizədi ev-ev gəzdirməkdir. Göründüyü kimi, bölgələrdə Rüstəm İbrahimbəyovu tanıyan yoxdur. Yalnız adını eşidənlər isə onu erməni kimi tanıyırlar. Çünki xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində xalqın taleyüklü problemlərindən bir kəlmə də olsun söhbət açmır və ermənilərin müdafiəsinə qalxır. Elə bu “qaygıkeşliyinə” görə də onu bölgələrdən biabırcasına qovacaqlar.

Rüstəm İbrahimbəyovun xaricdə olmasına və bu vaxta qədər Azərbaycana gəlməməsinə müxtəlif don geyindirməyə çalışan Eldar Namazov deyib ki, guya, o, beynəlxalq aləmin diqqətini Azərbaycandakı prezident seçkisinə çəkməklə məşğuldur. Çox savadsız bir məntiqdir. Eldar Namazov  və onun dəstə üzvləri hələ də dərk edə bilmirlər ki, beynəlxalq təşkilatların Azərbaycanın daxili işlərinə qarışmağa heç bir hüququ çatmır. Dar düşüncə sahibləri xarici amili göründüyündən çox şişirdirlər.  Ancaq belə antimillilər unutmamalıdırlar ki, seçkinin taleyi Azərbaycanda həll olunur. Rüstəm İbrahimbəyov xaricdə çox olmasını, ABŞ və Avropa turnelərinin uzun çəkməsini onunla izah edirdi ki, bəs bu ölkələr seçkidə ciddi müşahidəçilik missiyasını öz üzərlərinə götürməlidirlər, ona görə də bu mövzuda danışıqlar apardığından Azərbaycana qayıdışı ləngiyir. Bəs onda Avropa Parlamenti ilə ATƏT-in Azərbaycanda prezident seçkisinə müşahidə missiyası göndərməyəcəyinə nə ad verək? Demək, Rüstəm İbrahimbəyovun bu istiqamətdəki danışıqları faktiki uğur qazanmayıb. Daha dəqiq desək, Azərbaycana qayıtmağa sadəcə olaraq üzü yoxdur.

Müxalifət nümayəndələri arasında “Milli Şura”nın əleyhinə ciddi  qarşıdurmalar başlayıb, ittihamlar baş alıb gedir. Bu da təbiidir. Çünki “lider” ortada yoxdur, digərləri isə illərdir yola getməyən siyasi fiqurlardır, onlar yalnız Rüstəm İbrahimbəyovun puluna, var-dövlətinə görə bu qondarma quruma  yığışıblar.

“Azadlıq” qəzetinin yazdığına görə, Rüstəm İbrahimbəyov seçki kampaniyasına xarici imicmeykerlərin cəlb olunacağını bildirib. Guya, onlardan biri ABŞ-dan, digəri isə Rusiyadandır. “Milli Şura” üzləri çaşqınlıq içərisində qalıb. Çünki ABŞ-dan olan imicmeyker İbrahimbəyovu Qərbə, Rusiyadan olan isə Şərqə dartacaq. Nəticədə müxalifətin namizədi ya simasız, ya da iki sifətli olacaq.  Onsuz da belə idi. İndi onun siyasi riyakarlığı tam təsdiqini tapdı. 

2005-də “rəngli inqilabların” eyforiyasına düşüb Ukraynadan narıncı köynəklər gətirənlər, hətta mitinqlərdə müsavatçılarla cəbhəçilərin belə rəngli köynəklər geyinmələri, AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı  İsa Qəmbər daha  irəli gedərək narıncı rəngdə köynəklə bərabər qalstuk da taxaraq toylara getmələri onların hansı səviyyədə olmalarından xəbər verirdi. 2011-dən sonra “ərəb baharının” təsiri altında özünü yandırmağa adam axtaranlar, az qala başlarına çalma bağlamağa hazır olanlar  millilikdən tamamilə uzaq olan antimilli təxribatçlarıdır.

“Milli Şura”nın sədri, bu qurumdan prezidentliyə vahid namizəd  Rüstəm İbrahimbəyov Almaniyanın “Zenit” jurnalına müsahibəsində iyulun 31-də Azərbaycana qayıtmayacağını bildirib. Bununla da reneqat Eldar Namazovun “qarşılanma mərasimi” planını alt-üst edib. Üstəlik, Rüstəm İbrahimbəyov prezidentliyə namizədliyinin özünün istəyi olmadığını da bildirib. O, öz müsahibəsində bu işin dalına  kimlərinsə istəyi ilə düşdüyünü etiraf edib. R.İbrahimbəyov müsahibəsində deyib: “Azərbaycanda prezidentliyə namizədlik mənim seçimim deyil. Bildiyiniz kimi, may ayında biz geniş müxalifət koalisiyası yaratdıq və mən prezident postuna namizəd irəli sürüldüm. Qəti qərar qəbul etməyə məcbur idim".

İndi “Milli Şura” üzvləri çaşqınlıq içərisindədir. Rüstəm İbrahimbəyovun “Azərbaycanda prezidentliyə namizədlik mənim seçimim deyil” - deməsi gərginliyi daha da artırıb.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında