Qabil HÜSEYNLİ: Rüstəm İbrahimbəyovun siyasətdəki ssenariləri ancaq cizgi filmlərinə yarıyar

 

Yaxud “Qırxında öyrənən gorunda çalar”

İnsan var ki, yaşa dolduqca daha da müdrikləşir, öz dəyərli məsləhətləri, tövsiyələri ilə hamının rəğbətini, ehtiramını qazanır. Özündən sonra gələn nəsildə Vətənə, xalqa, millətə dərin məhəbbət hissləri aşılayan belə şəxsiyyətlər həyat durduqca yaşayır və hər bir kəsin qəlbində əbədi heykəlini qoyur. Həyatını  doğma Azərbaycanımızın çiçəklənməsinə, dünya birliyində tanınmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə həsr edən,  amalı azərbaycançılıq ideyasının geniş təbliği olan  müdrik şəxsiyyətlər hər zaman ehtiramla yad edilirlər.

İnsan da var yaşa dolduqca min sevdaya düşür, bacarmadığı işlərə baş qoşur, başqalarının əlində alətə, gülüş hədəfinə çevrilir. Belələrinə adamın yazığı gəlir. Axı hər kəs bacardığı işin dalınca getməli, öz peşəsi sahəsində sona qədər çalışmalı, bu sahədə özündən sonra bir iz qoymalıdır ki, ondan sonra gələn nəsillər heç olmazsa, onu ildə bir dəfə xatırlaya bilsin. Bizim xalq həmişə ağsaqqala, ağbirçəyə hörmət və ehtiramla yanaşır. Bizi digər millətlərin nümayəndələrindən fərqləndirən əsas cəhətlərdən biri də məhz bu xüsusiyyətimizdir. Yəni, bizdə böyüyə hörmət və ehtiram var. Kimlərinsə yaşa dolduqca özünü gülüş hədəfinə çevirməsi, ölkəmizə qarşı təxribatlar törətmək istəyən antimilli dairələr tərfindən  alət kimi istifadə olunması həmin şəxslərin öz günahıdır. Belələrində  zəhmətsiz pula, var - dövlətə olan hərislik Vətən, millət  təəssübündən qat - qat üstündür. Bəzən elə yaşlı insanlara da rast gəlirik ki, onlar qocalıb əldən düşdükdən sonra yenidən ailə qurmaq həvəsinə düşür,  ömrü boyu məşğul olmadıqları bir peşədən yapışmaq istəyirlər. Belələrinə deyirlər ki,  “Qırxında öyrənən gorunda çalar”. Lap kinorejissor Rüstəm İbrahimbəyov kimi.

Ömrü boyu ssenari yazmaqla, ermənilərlə birlikdə kino çəkməklə, bizneslə məşğul olan Rüstəm İbrahimbəyov qoca vaxtında prezidentlik iddiasına düşüb. Bəri başdan deyək ki, ölkəmizdə hər kəsin seçmək və seçilmək hüququ var. Bu hüquq Konstitusiya ilə də təsbit olunub. Bundan əlavə Azərbaycanda seçkilərin keçirilməsi üçün beynəlxalq aləmdə də demokratik sənəd kimi tanınan Seçki Məcəlləsi var. Bütün bunlar Azərbaycanda demokratik proseslərin inkişafına böyük önəm verilməsinin nəticəsidir. Təəssüf ki, bəziləri hələ də demokratiyanın nə olduğunu dərk edə bilməyib. Yenə də qeyd edim ki, qondarma Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov kimi. O, özünü əsl gülüş hədəfinə çevirib. Ömründə bir gün də olsun siyasətlə məşğul olmayan, siyasi fəaliyyətin nə olduğunu dərk etməyən kinorejissorun birdən - birə prezident olmaq həvəsinə düşməsi onu yazıq, məzlum görkəminə salıb. Hətta xarici ölkələrdə nəşr olunan bir sıra qəzetlər də Rüstəm İbrahimbəyovun  prezidentlik sevgisinə ironiya ilə yanaşıblar. Məsələn, Böyük Britaniyanın nüfuzlu “İndependent” qəzeti yazır ki, Rüstəm İbrahimbəyov kinossenarist və rejissordur. Ancaq siyasətlə heç vaxt məşğul olmayıb. Bəs necə oldu ki, 75 yaşlı kinorejissor yaşının bu çağında bacarmadığı bir sahəyə girişib.

Görünür  “İndependent” qəzetinə məlum deyil ki, siyasətdən bixəbər bu qoca kişidə prezidentliyə sonsuz həvəs oyadan erməni lobbisinin və  antiazərbaycan dairələrin çirkli pullarıdır. Xarici düşmənlərimiz prezident seçkiləri ərəfəsində Azərbaycanda çaşqınlıq yaratmaq üçün  Rüstəm İbrahimbəyov kimi satqın və xəyanətkarlardan  vasitə olaraq istifadə edir, belələrini ortalığa atmaqla iç üzlərini bir daha bəyan edirlər. Rüstəm İbrahimbəyovun müxalifətin prezidentliyə vahid namizədi olması, eyni zamanda bu düşərgənin də daxili aləminin çirkablığından  xəbər verir.

Qoca kinorejissoru bəzəyib - düzəyib ortalığa atanlar onun ilk bəyanatlarından və açıqlamalarından sonra əmin oldular ki, bu adamın siyasi təfəkkürü yoxdur, və heç zaman olmayacaq. Axı, quyuya su tökməklə quyu sulu olmaz. Onun siyasətdən tamamilə uzaq olması və bundan sonra da bu sahədə heç nəyə nail ola bilməməsi partiya sədrləri tərəfindən  də gündəmə gətirilib. Milli  Məclisin deputatı, Ümid Partiyasının sədri  İqbal Ağazadə qeyd etmişdir ki, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir. Partiya sədri deyib ki,  mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq o, sadəcə siyasətçi deyil və buna görə də öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək. İbrahimbəyov siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin sədri  Fəzail Ağamalının fikrincə, Rüstəm İbrahimbəyov  siyasətdə hələ ilk addımlarını atır, yəni, körpə uşaq kimi iməkləməyi öyrənir, siyasi açıqlamalar və bəyanatlar verməyə çalışır, amma bacarmır. Ona görə də  naşı bəyanatlar verir. Bu isə məntiqsiz davranışdır. Partiya sədrinin fikrincə, siyasətdə yeri olmayan R.İbrahimbəyov Rusiyada yaradılan və bəzi dairələrdə gah “Milyarderlər ittifaqı” adlandırılan strukturun adından danışır, gah da Ziyalılar Forumunu təmsil edir. Bu da onun siyasi savadsızlığının nəticəsidir.

Rüstəm İbrahimbəyovun savadsızlığı, seçkidən bixəbər olması və xarici ölkələrə güvənməsi onun bəyanatlarında da əks olunub. Milli Məclisin deputatı Tahir Rzayev də müxalifətin Rüstəm İbrahimbəyov kimi siyasətdən bixəbər, ermənipərəst bir adama dəstək verməsinə təəccübləndiyini bildirib. O deyib ki, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müsahibəsini oxuyanda onun siyasi cəhətdən zərrə qədər savadı olmadığını bir daha yəqin etdim. Özünü Azərbaycan prezidentliyinə ən real namizəd hesab edən və xalqın adından əsassız yerə danışan Rüstəm İbrahimbəyov çox təkəbbürlə söyləyir ki, “məndən başqa Azərbaycanda qüvvə yoxdur ki,  bu problemlərlə sıx məşğul olsun. Ona görə də mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm”. Belə çıxır ki, ondan başqa seçki ilə məşğul olan yoxdur. Digər tərəfdən prezident seçkiləri Amerika, Avropa. Rusiyada deyil, Azərbaycanda keçirilir və prezidenti də amerikalilar, avropalılar, rusiyalılar deyil, Azərbaycan vətəndaşları seçəcəklər. Belə olan halda Rüstəm İbrahimbəyovun adı çəkilən bu ölkələrdə nə işi var və o, xaricilərlə hansı məsələləri həll edir? Nə üçün o, Azərbaycanda, öz xalqının içərisində yox, xarici ölkələrdədir, əcnəbilərin arasındadır?

T.Rzayev bildirib ki, R. İbrahimbəyov  ermənilərin çirkli pullarına aldanıb və gücündən qat-qat ağır olan bir yükün, xəyalına gətirə bilmədiyi bir vəzifənin altına girib.  Ona görə də həmin şəxs kəlməbaşı təntiyir, hər cümləsində, necə deyərlər, “xoruz” buraxır. O, siyasətdə səriştəsizliyini və nəyə qadir olduğunu çılpaqlığı ilə büruzə verir. Onun  düşdüyü bugünkü vəziyyət acınacaqlı və gülməlidir. Azərbaycanlı olduğu üçün onu bu vəziyyətdə görmək istəməzdim. Çünki hörmətdən çox nifrət qazandıran siyasət və siyasətçi heç kimə lazım deyil. Siyasətdə səriştəsizlik isə Rüstəm İbrahimbəyov kimi “siyasətçi”lərin başına bəladır. Mənim ona yazığım gəlir. Niyə yaşının bu çağında özünü gülüş hədəfinə çevirdi?

 Politoloq Qabil Hüseynli də Rüstəm İbrahimbəyovu siyasətçi hesab etmir. O vurğulayıb  ki, Rüstəm İbrahimbəyov peşəkar siyasətçi deyil. Siyasi proseslərdə birdən-birə bu şəkildə fəaliyyət göstərməyə başlaması, yəni birdən-birə siyasətin tam episentrinə düşməsi onun üçün  müəyyən problemlər yarada bilər.

Q.Hüseynli bildirib ki, Rüstəm İbrahimbəyov siyasətə bir kino ssenarisi kimi baxır. Kino ssenarilərində müxtəlif siyasi proseslər, müxtəlif liderlərin fəaliyyət yolu yazıla bilər. Ssenarist burda azaddır, ssenarini istədiyi kimi yaxşı sonluqla da, pis sonluqla da bitirə bilər. Amma real siyasət tamam fərqli bir şeydir. Siyasətdə bütün mövcud reallıqları nəzərə almaq lazımdır. İnsanın siyasi təcrübəsi olmalıdır. Rüstəm İbrahimbəyov isə siyasətdə çox naşı bir adamdır. Siyasi proseslərdə demək olar ki, heç vaxt iştirak etməmiş bir adamdır. Onun söylədiyi fikirlər də, gördüyü işlər də yazıçı təxəyyülünün məhsulu olan ssenariyə daha çox bənzəyir. Mən onun iddialarına tamamilə boş bir xəyal kimi baxıram. Rüstəm İbrahimbəyov yazıçı kimi bir ssenari yazsa, daha çox uğur qazana bilər, nəinki real siyasətdə.

Qabil Hüseynli R.İbrahimbəyovun artıq ssenari yazmaq qabiliyyətində də olmadığını  bildirərək deyib ki, onun siyasətdə yazdığı ssenarilər cizgi filmi səviyyəsində də deyil.

Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsini hakimiyyətin onu həbs edəcəyi ilə əlaqələndirənlər, görünür, prezidentliyə namizəd verdikləri kinorejissorun hazırda ermənilərlə biznes fəaliyyətində olduğunu ört - basdır etmək istəyirlər. Onun Azərbaycanda olmaması, ölkəyə qayıtmaqdan imtinası, çoxsaylı siyasi səhvlərə yol verməsi, bizneslə  siyasəti hələ də bir - birindən ayıra bilməməsi kifayət qədər uğursuz namizəd  olduğunu göstərir. Əslində  Milli Şura və bu şurada təmsil olunanlar  prezidentliyə vahid  namizədlərinin timsalında özlərini gülünc vəziyyətə salıblar.

Rüstəm İbrahimbəyovu yaşının bu çağında prezidentliyə namizəd verənlər əslində onu ələ salıblar. Radikal müxalifət nümayəndələri  öz şəxsi mənafelərini həmişə hər şeydən üstün tutublar. Rüstəm İbrahimbəyovun da namizədliyini irəli sürməklə onun var - dövlətindən nə isə qoparmaq istəyirlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında