Rəqibləri Müsavat başqanı İsa Qəmbəri “Milli Şura”dan uzaqlaşdırmağa çalışırlar

 

 

Yarandığı gündən ölü doğulan  “Milli Şura” adlı qondarma qurumda qarşıdurmalar səngimək bilmir. Görünən odur ki, son vaxtlar rəqiblərin əsas diqqəti Müsavat Partiyasının başqanı İsa Qəmbərin üzərində toplaşıb. Onlar bütün umu-küsülərini bir tərəfə qoyaraq İsa Qəmbəri “Milli Şura”dan uzaqlaşdırmaq və “xəyanətkar” elan etmək üçün dəridən-qabıqdan çıxır, ehtimal ki, pərdəarxası gizli danışıqlar aparır və eyni vaxtda bənzər  açıqlamalar verərək başqanı çətin vəziyyətə salmağa çalışırlar. Səbəb isə hər kəsə məlumdur.

İsa Qəmbərin prezidentliyə namizədlikdən geri çəkilməməsi qondarma qurumda olan müxalifət liderlərini çox hiddətləndirb. Onlar başqanın  öz fikrindən dönməyəcəyini bildiklərinə görə hər nə yolla olursa-olsun, onu  “Milli Şura”dan uzaqlaşdırmaq yolunu tutublar. Müsavat başqanını hədəfə almış “vurucu fikirlər” isə çox zaman  “birlik”, “həmrəylik”  mesajlarıyla ört-basdır edilməyə çalışılır.

Qeyri-adi pafoslu açıqlamaları ilə diqqət çəkən AXCP sədri Əli Kərimli bildirib ki, “biz birliyə nail olmaqla hökuməti çaş-baş salmışıq, onun planlarını pozmuşuq, birliyin alınmayacağına olan ümidlərini boşa çıxarmışıq. Hakimiyyətin ”müxalifət birləşə bilmir" kimi ənənəvi təbliğatı alt-üst olub".  Bu məqamda,  bir el məsəli yada düşür. Deyir “ac toyuq  yuxusunda darı görər”. Ay binəva, hakimiyyət çaş-baş qalmayıb ey, özünüz kəllə-mayallaq olmusunuz. O “Milli Şura”da ağız deyəni qulaq eşitmir, hamı “prezidentdir”, “kraldır”, “mütləqi-hakimdir”. Əslində, bir quruma ki, artist rəhbərlik edir, həmin qurumdan bundan başqa heç nə gözləmək olmaz. Sən böyür-başındakıları “birliyə”, “hakimiyyətin çaşqınlığına” əmin et, Müsavata da satqın denən, KXCP-yə gözünü ağart,  ACP-ni rüsvay et, sonra da de ki, biz hakimiyyəti “çaşdırmışıq”. Bu reallığı AXCP sədri də bilir. Ona görə də müsavatçılar belə hesab edirlər ki, Əli Kərimlinin bu  açıqlamasının hədəfində dolayı yolla İsa Qəmbər var. Onların fikrincə, AXCP sədri İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsini radikal düşərgənin parçalanması kimi qiymətləndirir,  bu sözlərlə İsa Qəmbəri “yaradılmış birliyi” dağıtmaqda və hakimiyyətin maraqlarına xidmət etməkdə günahlandırmağa çalışır.

Əli Kərimli özünün facebook səhifəsində yazır ki, guya ateistlər və inanclılar, vaxtilə Heydər Əliyev komandasında olmuşlarla Əbülfəz Elçibəyin komandasında olanlar, ənənəvi müxalifət liderləri və gənc siyasətçilər, ziyalılar, QHT rəhbərləri, hüquqşünaslar, yazarlar və siyasətçilər hamısı “Milli Şura”da birləşib prezidentliyə vahid namizəd olaraq Rüstəm İbrahimbəyovu dəstəkləyirlər. Donuz əti yeyən Rüstəm İbrahimbəyovu həqiqi dindarların dəstəkləməsinin mümkün olmadığını hər kəs bilir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, kinorejissoru ümumilikdə hamının dəstəklədiyi də absurd fikirdir. Çünki hətta “Milli Şura”da olanlar da yaxşı bilirlər ki, kinorejissordan siyasətçi çıxmaz. Bir atalar misalında deyildiyi kimi, qırxında öyrənən gorunda çalar. İndi Rüstəm bəy qalxıb bu yaşında yenidən siyasəti öyrənməyə çalışsa da, ətrafdakılar anlayır ki, bu sahədə təcrübəsi olmayan insan heç bir perspektiv vəd etmir. Bu mənada,  Əli Kərimli Rüstəm İbrahimbəyovu qurumda  hər kəsin dəstəklədiyini deməklə, əslində,  İsa Qəmbərin diqqətinə çatdırmaq istəyir ki, ay başqan, boş-boşuna həvəslənmə, səni heç kəs dəstəkləmir.  Ona görə də ya prezidentliyə namizədliyini geri götür, ya da abrına qısılaraq “Milli Şura”dan çıx get. Çünki dəstəklənmədiyin yerdə qalmağın mənası yoxdur.

Buna bənzər növbəti açıqlama isə reneqat Eldar Namazovdan gəlib. Buqələmun siyasətçi dəfələrlə İsa Qəmbərin və onun tərəfdarlarının Rüstəm İbrahimbəyovun namizədliyinin riskli olması və ehtiyat namizədin əhəmiyyəti barədə dediklərinə cavab olaraq birmənalı şəkildə bildirib ki, “Milli Şura”da ehtiyat namizədə ehtiyac yoxdur.  Onun fikrincə, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, bununla barışmaq və ya bu seçkiləri boykot etmək lazım deyil: “Bizim əsas məqsədimiz ”Milli Şura"nın vahid namizədinin qeydə alınmasına maneçilik törədilsə, bu istiqamətdə mübarizə aparıb, onun qeydiyyatına nail olmaqdır. Biz namizədin qeydiyyata alınmasından sonra seçkidə iştirak etmək niyyətindəyik.

 

Mətbuatda yayılan məlumatlardan aydın olur ki, “Milli Şura”da təmsil olunan eks-spiker Rəsul Quliyev də Müsavat başqanına qarşı növbəti dəfə hücuma keçib.  Rəsul Quliyev seçkiqabağı okeanın o tayından İsa Qəmbərin və onun başqanı olduğu partiyanın ünvanına ağır ittihamlar səsləndirir. Milli Məclisin sabiq sədri bu dəfə Müsavat başqanını dağıdıcılıqda ittiham edib. O, İsa Qəmbərin  prezidentliyə layiq olmadığını bildirib. Azforum-un suallarını cavablandıran eks-spiker deyib ki, Azərbaycanın gələcəyi uğrunda gedəcək mübarizədə “Milli Şura” adı altında birləşməkdən söhbət gedirsə, burada İsa Qəmbər şəxsiyyətini müzakirə etmək düzgün deyil: “Onun Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb”. Rəsul Quliyev bildirib ki, İsa Qəmbərin prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb: “Söhbət burada ondan yox, Müsavat Partiyasından gedir. Milli Şura yaradanda Müsavatı kənarda saxlamaq düzgün deyildi. İndi əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə, məsuliyyət Müsavat Partiyasınındır, onun yox. Müsavat öz liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə, məsuliyyəti onunla birlikdə daşıyır, bu aksiomadır”.

Eks-spikerin ittihamlarına “Yeni Müsavat” qəzeti vasitəsiylə cavab verən başqanın müavini Gülağa Aslanlı deyib: “Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir”.  Onun sözlərinə görə, İsa Qəmbər prezidentliyə layiq olduğunu sübut edib və 2003-cü il seçkilərində qalib gəlib: “Cəmiyyət İsa Qəmbərin və Müsavatın qiymətini verib. Müsavat Partiyası 1995 və 2000-ci illərdə, ümumiyyətlə həm blok, həm ayrılıqda seçkidə iştirak edərək xalq tərəfindən səsini alıb. Xalq İsa Qəmbərin və Müsavatın qiymətini verib. Rəsul Quliyevin də qiymətini elə xalq verib. Yaxşı olar ki, bu cür ifadələr işlətməklə Açıq Cəmiyyət Partiyasını ağır duruma salmasın”.

Gülağa Aslanlı Müsavat Partiyasının və onun hörmətli başqanının  “seçki uğurlarını” sadalamaqla, əslində həm Rəsul Quliyevin, həm Əli Kərimlinin, həm də Eldar Namazovun cavabını vermiş oldu. Başqan müavini bu  “faktları” sadalamaqla onların diqqətinə çatdırır ki, Azərbaycan seçicisi İsa Qəmbəri “dəstəkləyir” və əgər ictimaiyyət “Milli Şura”nı “dəstəkləyirsə”,  bu, başqanın yekə “nüfuzu” sayəsində mümkün olmuşdur. Yəni İsa Qəmbər demişkən, “Milli Şura” mövcudluğuna görə Müsavat Partiyasına borcludur. 

Müsavat funksioneri  Hikmət Hacızadə isə bildirib ki, Rəsul Quliyevin  “müxalif düşərgədən Rüstəm İbrahimbəyovdan başqa bir namizədin seçkiyə qatılması yolverilməzdir” fikri ilə razı deyil: “Kimsə deyir ki, Rüstəm İbrahimbəyov getməsə, İsa Qəmbər getsə, onda biz seçkiyə demokratik don geyindiririk. Bəs, soruşmaq ayıb olmasın, Rüstəm İbrahimbəyov gedəndə biz seçkiyə demokratik don geyindirmirik? Elə isə biz niyə Milli Şuranı yaradıb seçkiyə gedirik? Deməli, don geyindiririk. Belədirsə, niyə ona don geyindirmək olar, bizə olmaz?”.  Deməli, müxalifətdə əsas don məsələsidir. Hansı donu, kimə, niyə və necə geyindirirlər. Bəziləri deyir bir donumuz olmalıdır, bəziləri isə  çoxdonluluğun tərərəfdarıdırlar. Zalım uşağı, elə bil seçkilərə deyil, gey-parada hazırlaşırlar.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında