“Milli Şura” üzvləri ilə müsavatçılar arasında münaqişə son həddə çatıb

 

 

 İsa Qəmbər bu qurumu da  tezliklə darmadağın etmək barədə düşünür

Ötən illərə nəzər yetirdikdə bir daha şahidi oluruq ki,  ölkəmizdə hər hansı bir şeçki keçirilən ərəfədə radikal müxalifət nümayəndələri yeni bir qurum yaradaraq seçkiyə bir yerdə qatılacaqlarını bildirirlər. Ancaq seçki yetişəndə birincilik uğrunda ciddi münaqişə yaşanır və yenə əvvəlki vəziyytələrinə qayıdırlar. Özlərini ana müxalifət hesab edən AXCP üzvləri vahid namizədlik məsələsində partiyanın sədri Əli Kərimlinin real namizəd olduğunu israr edəndə digər tərəfdən müsavatçlar İsa Qəmbərin namzədliyini irəli sürür, hətta cəbhəçilərin ünvanına sərt ittihamlar  da səsləndirirdilər. Sonra da iki partiya arasında  münaqişə yaranır, bir - birilərinin iç üzlərini açır, satqın adlandırırlar. Bir neçə ildən sonra isə guya yenidən “birləşərək”  yeni qurumlar yaradırlar. “Milli Şura” da belə kəpənəkömürlü qurumlardan biridir.

Təsis olunduğu gündən intriqa yuvasına çevrilən “Milli Şura” artıq ömrünün son günlərini yaşayır. Müxalifətin yaratdığı qurumları dağıtmaqda artıq böyük təcrübəsi olan İsa Qəmbər  bu qurumu da darmadağın etməyə hazırlaşır. Son vaxtlar isə Müsavat başqanı bu qərarını tezləşdirmək üçün daha ciddi vasitələrə əl atıb. Çoxlarına elə gəlir ki, Müsavat başqanı qondarma “Milli Şura”nın prezidentliyə vahid namizədlik məsələsində onun yox, Rüstəm İbrahimbəyovun üstündə dayanmasından acığa düşüb.

Əslinə baxanda İ.Qəmbər “Milli Şura”nın prezidentliyə vahid namizədini bir o qədər də ciddi qəbul etmir. Çünki o, çox yaxşı bilir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması mümkün olmayacaq. Buna ölkə Konstitusiyası da yol vermir. Əvvəllər qeyd etdiyimiz kimi, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var və uzun müddətdir ki, Azərbaycanda yaşamır. Bununla yanaşı, o, digər ölkələr qarşısında müəyyən öhdəliklər götürüb. Bu da onun Azərbaycanda prezidentliyə namizədliyinin qeydə alınmasında problemlər yaradacaq. Digər tərəfdən Rüstəm İbrahimbəyovun  haqqında cinayət təqibi var. Məlum olduğu kimi o, Kinematoqrafçılar İttifaqına rəhbərlik edən zaman külli miqdarda vergidən yayınma hallarına yol verib. Bütün bunların hamısını yaxşı bilən Müsavat başqanını tamam başqa bir məsələ daha çox hiddətləndirib.Ona görə də tezliklə “Milli Şura”nın axırına çıxacağına söz verib. Səbəb isə Rüstəm İbrahimbəyovun muzdlu nökəri reneqat Eldar Namazovun Müsavat başqanının “bazarına” girməsidir.

Xəbər veridiliyi kimi, reneqat Eldar Namazov bu yaxınlarda ABŞ - da olmuş və orada ermənilərlə birləşərək Azərbaycanın əleyhinə o ki var şər - böhtan yağdırmış və bunun da əvəzində erməni lobbisindən  əməlli - başlı “qonorar” almışdır. Görünür reneqat Eldar Namazov ermənilərlə işbirliyinə, danışıqlara  başlayarkən  AXCP sədrinin bu sahədəki təcrübəsindən yararlanıb, Ə.Kərimlinin bu sabədə yaxşı təcrübəsi var. Onun Ruslan Bəşirli adlı bir gənci təlimatlandırıb Tbilisiyə ermənilərlə sövdələşməyə göndərməsi hər birimizin yaxşı yadındadır. Bu dəfə Ruslan Bəşirlini satqınlığı ilə müxalifət düşərgəsinə nümunə göstərən Eldar Namazov əvəzləyib. O,  erməni lobbisindən daha çox çirkli pul almaq üçün gözlərini yumaraq  ağzını açıb və xoş görünmək üçün ölkəmizin əleyhinə iftira və böhtanlar yağdırıb. Bu da İsa Qəmbəri bərk əsəbiləşdirib. Elə bilməyin ki,   Vətən, xalq, millət təəssübü başqanda çox güclüdür. Xeyr, qeyd etdiyimiz kimi, bu işləri İsa Qəmbər həyata keçirməli idi. Axı, o, Erməni Milli Konqresinin rəhbəri Aram Manukyanla bu barədə hələ bir neçə il əvvəl “saziş” imzalamışdı. İndi Azərbaycan əleyhinə təbliğat kampaniyasına başladığı bir vaxtda reneqat Eldar Namazov özünü ortalığa arıb.  Deyir ki, guya onun ABŞ səfərini bu ölkənin Azərbaycandakı səfirliyi təşkil edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüartın açıqlamasından sonra məlum olub ki, səfirliyin bu səfərdən məlumatı olmayıb :  “Eldar Namazovun ABŞ Dövlət Departamentində görüşlərinin təşkilinə səfirliyimizin heç bir aidiyyəti yoxdur”. O deyib ki, Eldar Namazovun ABŞ-da görüşlərinin təşkilində səfirliyin hansısa formada iştirakı barədə iddialar əsassızdır. Halbuki,  “Milli Şura”nın üzvü Zəfər Quliyev internet saytlarına açıqlamasında bildirib ki, ABŞ səfirliyi Eldar Namazovdan Vaşinqtona səfərinin müddətini bir gün uzatmağı xahiş efib. Göründüyü kimi, səfirlik bundan xəbərsiz olduğu barədə məlumat yayıb.

Milli Məclisisn sabiq sədri Rəsul Quliyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibə “Milli Şura” üzvlərinin iç üzlərini bir daha ortaya qoydu. Sən demə, reneqat Eldar Namazovun ABŞ - a səfərini R.Quliyev təşkil edibmiş. O, özü də bunu etiraf edərək bildirib ki,  iyulun 16-da ABŞ-da Helsinki Komissiyasının brifinqini özü təşkil edib. Eks—spiker deyib: “Belə bir dinləmənin prezident seçkisindən öncə keçirilməsinin vacibliyi barədə danışıqları mən aparmışam. 2012-ci ilin əvvəlində keçirdiyim görüşlərin nəticəsində Azərbaycanla əlaqədar ancaq ekspertlərin iştirakı ilə dinləmələr 2012-ci ilin sentyabrında oldu. Builki görüşlərin nəticəsi olaraq 16 iyul dinləmələri baş tutdu. O iclasda iştirak edənlərin içərisində elə birisi yoxdur ki, mən onlarla bu məsələni saatlarla müzakirə etməyim”.

Göründüyü kimi, ABŞ - dakı ermənipərəst dairələrlə çoxdan, danışıqlar aparılırmış və bu görüşün prezident seçkiləri ərəfəsinə düşməsi də təsadüfi deyilmiş. Bu, seçki ərəfəsində ölkədə qarşıdurma, çaşqınlıq və etiraz aksiyaları keçirilməsi üçün təşkil olunan toplantı imiş. Lakin bütün bunlara baxmayaraq antimilli  dairələr heç nəyə nail ola bilmirlər. Çünki onların səsinə səs verən yoxdur. Radikal müxalifət nümayəndələri də reneqat Eldar Namazovun  ABŞ səfərindən xəbərsiz olduqlarını bildiriblər. Məsələn, AXP sədri Pənah Hüseyn bildirib ki, hazırda Milli Şura çətiri altında gedən proses bizim tərəfdən yazılan və idarə olunan proses deyil. Məsələn, mənə məlumdur ki, bizim bəzi önəmli həmfikirlərimiz də baş verən, ortalığa atılan və ya icra olunan bəzi məsələlərdən heç də əvvəlcədən məlumatlı olmurlar.

Bu, o deməkdir ki, reneqat Eldar Namazovun ABŞ səfərindən müxalifət düşərgəsi xəbərsizdir. Bu  məsələni Rəsul Quliyevlə AXCP sədri Əli Kərimli ikilikdə müzakirə edibılər.

“Milli Şura”nın yaranmasından bir aydan da artıq vaxt keçsə də, bu qurum hələ də ictimaiyyət arasında hər hansı səviyyədə rəğbət qazanmayıb. İlk növbədə , qurumun üzvləri arasında milli təəssübkeş demək olar ki, yox dərəcəsindədir. Vətəndaş və İnkişaf  Partiyasının sədri Əli Əliyev bu qənaətdədir. O deyib ki,  “Milli Şura” 40 gündən çoxdur yaradılsa da, ortada xaricdə keçirilən bir-iki görüş və daxili intriqalardan başqa heç nə yoxdur. Bu, bir daha sübut edir ki, Rusiya özünün “Milli Şura” layihəsinə ehtiyatla yanaşır. Çox güman ki, bu quruma  ehtimal olunan dəstəyi verməyəcək. Milli Şuranın davranışlarından, bəyanatlarından, daxili intriqalarından və ölkə həyatına yeni heç nə vermədiyindən bu qurumun təsirinin ilkin mərhələ üçün qapandığını deyə bilərəm.

Müsavat funksioneri Arif Hacılı  da “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında bildirib ki, “Milli  Şura” yaranan gündən  müxalifət düşərgəsinin vahid mövqeyinə nail olmaq və ümummilli məsələlərdə vahid strategiyanın təyin olunması işində ciddi çətinliklər var. Arif Hacılı “Milli Şura”da yeni ziddiyyətlərin yaranmasında obyektiv amillərin olduğunu bildirib. O deyib ki, yeni ziddiyyətlər daha çox “Milli Şura” üzvləri tərəfindən ortalığa atılıb. Bu da təsadüfi deyil. Çünki  bu gün əsasən,  bir çox ziddiyyətləri olan təşkilatlar, ayrı-ayrı siyasətçilər, fərqli dünyagörüşlərinə malik olanlar “Milli Şura”da birləşməyə razılıq veriblər. İndi də fərqli dünyagörüşlərin rəqabəti və mübarizəsi gedir.

Müsavatçılarla “Milli Şura” üzvləri arasında intriqa getdikcə güclənir. İsa Qəmbərin prezidentliyə namizədlikdən geri çəkilməməsi qondarma qurumun üzvlərini daha da hiddətləndirb. İndi onlar İsa Qəmbəri prezidentliyə namizədlik fikrindən çəkindərmək üçün bütün vasitələrə əl atırlar. İsa Qəmbər isə “Milli Şura”nı darmadağın etmək üçün yeni planlar hazırlayır.

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında