“Milli Şura” Azərbaycanın milli maraqlarına düşmən mövqe tutur

 

ABŞ-da Erməni Milli Assambleyasının təmsilçisi ilə

reneqat Eldar Namazov ölkəmizin əleyhinə eyni fikirlər  səsləndirdilər

 “Milli Şura”nın yaranması ideyası gündəmə gələn gündən bu qurumun ermənipərəst dairələrin  layihəsi olduğu barədə fikirlər səslənirdi. Hətta müxalifət funksionerləri də açıq şəkildə bəyan edirdilər ki, “Milli Şura”nın ssenarisi xaricdən gəlib.

 Radikal müxalifət nümayəndəsi Pənah Hüseyn də bu faktı təsdiqləyərək deyib: “İlk dəfədir ssenari müəllifi özümüz olmayan proseslərdə iştirak edirik”. Qondarma quruma kinorejissor Rüstəm İbrahimbəyov sədr təyin olunandan sonra artıq bütün şübhələrə son qoyuldu. Çünki ayağının biri burda, biri isə gorda olan qoca kinorejissorun ermənilərlə sıx dostluq əlaqələrinin olması  və işbirliyi qurması hamıya bəlli idi.

Prezident seçkiləri ərəfəsində  qoca kinorejissorun erməni dostları onu ortalığa ataraq Azərbaycanda qarşıdurma yaratmaq üçün ondan bir alət kimi istifadə etməyə başlayıblar. R.İbrahimbəyovun pula hərisliyi erməni lobbisinə çox yaxşı məlumdur. Qəddar, zalım və hiyləgər  ermənilər uzun zaman dostluq və əməkdaşlıq etdikləri kinorejissorun tamahının qılıncdan da iti olduğunu çoxdan bilirlər. Axı, Rüstəm İbrahimbəyov bütün  yaradıcılığını faktiki  olaraq erməni həmkarları ilə birgə qurub.

Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqəsi onun hələ sovet dönəmində çəkdiyi filmlərdən də aydın görünür. Onun ssenarisi əsasında çəkilmiş əksər filmlərin rejissorları Stepan Puçinyan, Sergey Mikaelyan və  Roman Balayan olub. SSRİ-nin süqutundan sonra da R.İbrahimbəyov ermənilərlə əməkdaşlığını davam etdirib. Azərbaycanın müstəqilliyi dövründə qoca rejissorun filmlərinin rejissoru Roman Qurgenoviç Balayan olub. O,  “Daşnaksütyun” Partiyasının ən fəal  üzvüdür və  şovinist erməni təfəkkürlüdür. Erməni kinorejissor Rüstəm İbrahimbəyovla uzun illərdir əməkdaşlıq etdiyini təsdiqləyib. O, R.İbrahimbəyovun azərbaycanlıları tənqid etməsindən məmnunluqla danışır və deyir ki, Rüstəm İbrahimbəyov kimi adamlar nə qədər çox olsa, normal qərarın qəbul olunması şansı da bir o qədər yüksək olar. Yəni, Azərbaycanın bəzi  ərazilərinin, xüsusilə Dağlıq Qarabağın Ermənistanın olması barədəki fərziyyələrə hansısa bir don geyindirmək barədə düşünmək olar.

“Milli Şura”nın prezidentliyə vahid namizədlik məsələsi müzakirəyə çıxarılanda artıq bu qurumun əksər  üzvlərinə bəlli idi ki, Rüstəm İbrahimbəyovun alternativi olmayacaq. Əslində bu qondarma qurumun üzvlərinə də çox yaxşı məlum idi ki, ermənipərəst kinorejissor siyasət aləmində çox naşıdır. Yaşının bu vaxtında siyasi meydana atılıb prezidentlik iddiasına düşməsi isə çox gülünc görünürdü. Elə onun həmfikirləri də deyirdilər ki, “Qırxında öyrənən, gorunda çalar”. Ancaq onun pulu, var - dövləti, üstəlik erməni lobbisinin çirkli pulları qondarma Milli Şuranın üzvlərinin gözlərini necə qamaşdırmışdısa, prezidentliyə vahid namizədlik məsələsində R.İbrahimbəyovdan “layiqli” namizəd  tapmadılar. Hətta  üzdəniraq hüquq müdafiəçisi Leyla Yunus da erməni qohumlarının təbriklərini qondarma qurumun toplantısından əvvəl çatdırdı.

Həm hüquq müdafiəçiləri, həm politoloqlar, həm də müxalifət funksionerləri etiraf edirlər ki, Rüstəm İbrahimbəyov “Milli Şura”nın yox, ermənilərin namizədidir. Hüquq müdafiəçisi, Milli Məclisin deputatı  Çingiz Qənizadənin fikirləri də bu baxımdan maraqlıdır.O, müsahibələrinin birində deyib ki, Ermənistanda hər kəs azərbaycanlılara qarşı düşmən mövqeyinə köklənir və belə bir qəddar milləti anlayışlı xalq kimi təqdim etməklə, həm də  Dağlıq Qarabağın təkcə azərbaycanlıların torpağı olmadığını deməklə, Rüstəm İbrahimbəyov öz milli kimliyinin üzərindən xətt çəkdi. Onun azərbaycanlıların adından danışmağa, müxalif düşərgənin vahid namizədi olmağa mənəvi haqqı yoxdur.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun vahid namizəd kimi göstərilməsi ənənəvi müxalifət düşərgəsinin ən böyük səhvi idi və onlar tezliklə bu səhvlərini düzəltməyə çalışacaqlar: “Əgər bir adam açıq-açığına azərbaycanlıları təhqir edirsə, ölkənin suverenliyini təhdid edirsə, düşmən milləti “göylərə qaldırırsa”, onun müxalifətin vahid namizədi kimi irəli sürülməsi biabırçılıqdır. O, ermənilərin lideridir, azərbaycanlıların yox”.

Rüstəm İbrahimbəyovun muzdlu nökəri,  reneqat Eldar Namazov ağasının tapşırıqlarını can-başla yerinə yetirərək ölkəmiz əleyhinə böhtan və qarayaxmalar söyləməyə başlayıb. O, ABŞ -da Erməni Milli Assambleyasının nümayəndəsi ilə birlikdə  özünü “Milli Şura”nın təmsilçisi kimi təqdim edərək Azərbaycan haqqında  qərəzli, əsassız, qeyri-obyektiv və böhtan  xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürməklə erməni lobbisinə yarınmağa cəhd edən xəyanətkar Eldar Namazov erməni xislətli olduğunu ortalığa qoyub. Onun ölkəmizə qarşı qərəzi və erməni dəyirmanına su tökmək cəhdi azərbaycanlı adına ləkədir və ictimaiyətin haqlı narazılığına səbəb olub. Axı, adam bu qədər nankor və xəyanətkar olmaz.

Prezident Administrasiyası İctimai-siyasi məsələr şöbəsinin müdiri Əli Həsənov reneqat Eldar Namazovun ölkəmiz əleyhinə böhtan və qərəzli çıxışına münasibət bildirərkən deyib: “Təəssüflə qeyd etmək istərdim ki, bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu “Milli Şura” adlanan qurumun təmsilçisi ABŞ-da keçirilən  tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycan ilə bağlı iki tənqidi çıxış olub. Bunlardan birini “Milli Şura”nın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda, hər ikisi də tənqidi arayış yayıblar. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən “Milli Şura” və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar”. Ə.Həsənov qeyd edib ki, “Milli Şura” üzvləri  müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan Prezidentinin qanuna müvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan “Milli Şura”nın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır”.

Qərəzli, böhtan, yalan  xarakterli çıxışları və məlumatları ilə hakimiyyətlə xalq arasında süni qarşıdurma yaratmaq istəyən, yetkin olmayan gəncləri  cinayətə, qeyri-qanuni əməllərə sövq edən belə ünsürlər  qanunla cəzalandırıldıqdan sonra  siyasi şou təşkil edir, ermənipərəst  beynəlxalq təşkilatlar qarşısında guya hüquqlarının pozulduğunu iddia edərək hay - həşir salırlar. Onlar bu şoudan da öz şəxsi maraqları naminə yararlanaraq  hakimiyyətə qarşı yeni təzyiq elementləri formalaşdırmağa çalışırlar. Reneqat Eldar Namazov ermənilərin səyi nəticəsində ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz “907-ci maddə”nin sanki xalqımız üçün hələ az olduğunu düşünərək, Azərbaycana qarşı yeni, daha sərt  sanksiyaların tətbiq olunması tələbini irəli sürüb. Bu fakt “Milli Şura”da cəmləşmiş insanların anti-Azərbaycan xislətinin,  “zavallı ermənilərə” himayədarlıq etmələrinin və erməni lobbisinin sifarişlərini yerinə yetirmələrinin   bariz nümunəsidir.

“Milli Şura”nın üzvləri çox yaxşı bilirlər ki, xalq  erməni xislətli “lider”lərə nifrət edir. Belələrindən biri də bu oyuncaq təşkilatın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdur. Onun bu seçkilərdəki şansı sıfıra bərabərdir. Ona görə də erməni lobbisinin  güclü fəaliyyət göstərdiyi ölkələrə gedərək orada  ermənipərəst dairələrlə görüşür və  Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaf, demokratik, azad və ədalətli, mütəşəkkil surətdə başa çatacağını indidən şübhə altına almağa çalışırlar. Belə ünsürlərə  Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dedikləri tutarlı cavabdır: “Bu qrupun anlamında ədalətli seçki yalnız onların maraqları çərçivəsində təşkil olunmuş seçkidir. Yəni, yalnız müxalifətin qələbəsinə təminat verən seçki mexanizmi qanunauyğun, seçki prosesi isə ədalətli və şəffaf ola bilər. Opponentlərin gücü, iddiaları, real imkanları, ən əsası isə Azərbaycan xalqının rəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan müstəqil dövlətdir və ölkə həyatı, sosial, iqtisadi, siyasi, ictimai, mədəni proseslər, seçki kimi ümummilli məsələlər cəmiyyətin daxili tələbatına və xalqın rəyinə uyğun tənzimlənir. Buna görə də seçki prosesi heç vaxt hakimiyyətə iddialı olan, lakin iddiaları ilə real imkanları bir araya sığmayan daxili siyasi qrupların ambisioz planlarına uyğun təşkil oluna və tənzimlənə bilməz”.

 Artıq beynəlxalq təşkilatlara da məlumdur ki, Azərbaycanda müxalifətin yaratdığı belə qurumlar birlik görüntüsü və qrant almaq məqəsdi daşıyır. Ona görə də  ciddi xarici qüvvələr və beynəlxalq təşkilatlar “Milli Şura” kimi  qeyri-ciddi siyasi qruplarla işbirliyi  qurmaz. Müxalifətlə əməkdaşlıq edən   “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar isə artıq cəmiyyətdə ermənipərəstliyi, siyasi riyakarlığı və qərəzli olması ilə ad qazanıb. Onların  arxasında dayanan erməni lobbisinin çirkli pulları hesabına hakimiyyətə böhtan atan, ölkəmizin beynəlxalq aləmdə artan reytinqinə xələl gətirmək istəyən  və bu yolla siyasi imic formalaşdırmağa çalışan “Milli Şura” üzvlərinin bütün cəhdləri iflasa uğrayacaq. Çünki hamı xəyanətkarlardan uzaq olmağa  çalışır.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında