“Milli Şura” yoxsa, “milli fəlakət şurası”

 

 

Ermənipərəst bisavadı prezidentliyə vahid namizəd kimi irəli sürən quruma bundan başqa nə ad vermək olar?

 

 

Biz dəfələrlə radikal müxalifət düşərgəsinin xaricdəki erməni lobbisi,  antiazərbaycançı, antimilli  qüvvələrlə paralel şəkildə fəaliyyət göstərdiyini vurğulamış, bununla bağlı xeyli fakt ortaya qoymuşuq. Rasional düşüncəli çoxsaylı oxucularımız bütün bunların həqiqət olduğunu anlasa da, bəzi üzdəniraqlar qeyd etdiyimiz faktların antitəbliğat xarakterli məlumatlar olduğunu bildirərək, hətta bizi ittiham etmişdilər. Ünvanımıza hədyanlar yağdıran həmin qaraguruh isə növbəti dəfə fakt qarşısında qaldı. Budur, radikal düşərgənin “güc birliyi ilə yaratdığı”  “Milli Şura” adlı qondarma qurum prezidentliyə vahid namizəd kimi ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyovu irəli sürərək bir daha  özünü ifşa etdi.

Bu barədə real faktları ortaya qoymamışdan öncə hay-küylə yaradılan və adındakı “milli” sözü ilə uzaqdan-yaxından əlaqəsi olmayan fəaliyyətlə məşğul olan  “Milli Şura” barədə bir neçə söz demək istərdik. Əvvəlcə qeyd etmək yerinə düşər ki, iddia edildiyi kimi, “Milli Şura” heç də ümumilikdə Azərbaycan  müxalifətini təmsil edən qurum deyil. Bu qondarma qurumda ancaq dağıdıcı, radikal müxalifət düşərgəsindəki partiyalar və ya onlarla eyni mövqedən çıxış edən ayrı-ayrı şəxslər toplaşıb. Xüsusilə qeyd etmək lazımdır ki, “Milli Şura”ya  toplaşan  “fərqli baxışlar” və “mövqeləri” olan qüvvələrin birləşməsi daxili tələbat yox, xaricdəki erməni lobbisinin və antimilli qüvvələrin niyyətlərinin nəticəsidir. Onlar regionda sabitlik adası kimi parlayan, sürətlə inkişaf edən, qlobal layihələrə imza atan, yeni-yeni təşəbbüslərlə çıxış edərək hər kəsi müsbət mənada təəccübləndirən müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurları həzm edə bilmirlər. Ona görə də nə yolla olursa-olsun ölkəmizdə mövcud olan davamlı sabitliyi pozmaq, iqtisadi və demokratik inkişafımızı ləngitmək, süni problemlər yaradaraq dövlətimizin imicinə zərbə vurmaq, bizə hər şeydən əziz olan doğma Vətənimizi  faciə vəd edən eksperimentlər məkanına çevirmək üçün dəridən-qabıqdan çıxırlar. Həmişəki kimi, həmin dairələrin “köməyinə” yenə radikal müxalifət düşərgəsi çatdı. Mərkəzi Azərbaycandan kənarda olan antimmilli qüvvələr erməni xislətini bir daha üzə vuraraq “Milli Şura” adlı bivec bir qurumun yaradılması “layihəsini” həyata keçirməyə çalışdılar. Məhz buna görə də, biz əminliklə deyirik ki, bu qurumu  “Milli Şura”  deyil,  “milli fəlakət şurası” adlandırmaq daha doğru olardı.

Gələk bu qondarma qurumun kinodramaturq Rüstəm İbrahimbəyov kimi siyasi baxımdan heç bir hazırlığı olmayan bisavad ermənipərəstin prezidentliyə vahid namizəd kimi irəli sürülməsi məsələsinə. Bu şəxsə “siyasi baxımdan hazırlığı olmayan bisavad” dedik. Əslində bunu biz yox, müxalifətin özü deyir. “Yeni Müsavat” qəzetində dərc olunan məqalədə Rüstəm İbrahimbəyovun “ulduz xəstəliyinə” tutulduğu vurğulanır və deyilir: “O,  siyasətlə məşğul olmadığını, Azərbaycanın yaxın tarixində baş verənləri bilmədiyini etiraf etməklə, hətta  jurnalistə “siz qanunları məndən yaxşı bilirsiniz" deməklə Azərbaycan tarixində ən bisavad prezidentliyə namizəd olduğunu açıq göstərir". Digər tərəfədən, xatırlayırsınızsa, üç il əvvəl “Azadlıq” radiosuna müsahibəsində Rüstəm İbrahimbəyov Azərbaycan siyasətçilərini, ziyalılarını Prezident İlham Əliyevlə müqayisə edərkən demişdi: “Mən Prezident İlham Əliyevə alternativ görmürəm. Mənə desinlər ki, bir nəfər var Azərbaycanda, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılarmı. Mən bir dənə əcnəbi dil bilmirəm, o üç dil bilir, mənim 70 yaşım var, o məndən cavandır. Hər adam prezident ola bilməz. Bu bir az siyasi savadsızlıqdandır ki, bu prezidenti dəyişək başqası gəlsin. Azərbaycanda kimdən soruşsan hamı deyər mən özüm prezident ola bilərəm. Bir az realist olmaq lazımdır. Gəlin baxaq, siyasi xəritədə hansı nüfuzlu, ağıllı, dərin lider var ki, bu adam doğrudan da prezident ola bilər. Mən seçkilərdə konkurentlərə baxıram, gülməyim gəlir. Bunların arasında bir dənə də doğrudan adam yoxdur ki, prezident ola bilər, Azərbaycanda o yoxdur”.  Qeyd etmək yerinə düşər ki, bu şəxs artıq 30 ildir guya “dünyalar qədər sevdiyi” Azərbaycanda yaşamır. Azərbaycan dilində isə ümumiyyətlə  normal danışa bilmir. Necə deyərlər başqa dildə, başqa millətlərin “baxış bucağında” düşünür və fikrini də bizə yad bir dildə ifadə etməyə üstünlük verir. Öz dilini bilməyən, ona həqarətlə yanaşan milli mentalitetə yad bir şəxsin Azərbaycana rəhbərlik etməsindən daha böyük faciə təsəvvür edirsinizmi? Bundan başqa, hər birimiz, hətta “Milli Şura”da təmsil olunan “siyasətçilər” də yaxşı bilir ki, Rüstəm İbrahimbəyov dünyanın bir çox aparıcı ölkələrindəki, o cümlədən Moskvadakı erməni lobbisi ilə, həmçinin  “Daşnaksütyun” partiyasının fəalları ilə əməkdaşlıq edir, milli qürurumuza ləkə salır. Bu adam dəfələrlə deyib ki, ermənilər  “bacarıqlı”,  “anlayan” xalqdır. Vətənini, millətini sevən hansı bir şəxs xain planlar həyata keçirərək torpaqlarımızı işğal edən, yüzlərlə insanımızı vəhşiliklə qətlə yetirən, onların qanını içən, körpə uşaqları süngüyə keçirən bir millətin nümayəndələrinin ünvanına bu cür mədhiyyələr yağdırar? Biz ermənilərin necə “bacarıqlı” olduqlarını xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən görmüşük. Xocalı qətliamı isə ermənilərin necə anlayışlı bir millət olduğunu “ortaya çıxarmışdı”. İndi şərəfi olan hansı azərbaycanlı vandalizmlə, terrorizmlə adı bərabər çəkilən erməniləri tərifləyən bir “liderə” səs verər, onu dəstəkləyər?! Məgər, “Milli Şura”da təmsil olunan “vətənpərvərlər” bunları bilmirdilərmi?! Qondarma qurumdakı dağıdıcılar  Rüstəm İbrahimbəyova sədaqət andı içəndə bilmirdilər ki, bu şəxs  Dağlıq Qarabağın Azərbaycana mənsub olduğunu şübhə altına alan insandır?! Belə  birisinin Azərbaycanın prezidentliyinə namizədliyini irəli sürməyə onların mənəvi haqları çatırmı?!

Bir daha xatırlatmağı lazım bilirik ki, kinorejissor Rüstəm İbrahimbəyov hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada xalqını həyasızcasına təhqir etmişdi. Milli dəyərlərimizi ələ salan İbrahimbəyov açıq şəkildə Azərbaycandan, azərbaycançılıqdan uzaq olduğunu ortaya qoymuşdu. Bəhs edilən dövrdə və sonra verdiyi açıqlamalar da göstərdi ki, bu şəxsin siyasi təfəkkürü ibtidai icma quruluşundakı ilk insanların təfəkküründən irəli getmir. Azərbaycan ziyalıları uzun illər ərzində Rusiyada yaşayan İbrahimbəyovun bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməməsinin səbəblərini soruşmuşdular. Təəssüf ki, bu suallar cavabsız qalmış və bəzən də  İbrahimbəyov  elə anlaşılmaz cavablar vermişdi ki, onu yalnız ibtidai icma quruluşu üzrə mütəxəssislər anlaya bilərdi. Mötəbər zat  sonuncu cavabında isə demişdi ki, Dağlıq Qarabağ ona aid deyil. Buradan belə bir sual ortaya çıxır? Əgər Azərbaycanın bir nömrəli problemini Azərbaycana rəhbərlik etmək iddiasına düşən bir şəxsə “aid deyilsə”, kimə aiddir?  Onun fikrincə, Qarabağ probleminin həllinə əsas maneə Azərbaycandakı vəziyyətdir. R. İbrahimbəyov bununla yəqin ki,  ölkəmizdə ermənilərə olan münasibəti nəzərdə tutur. Ancaq bu “həşəmətli” insana xatırlatmaq yerinə düşər ki, vaxtilə Qərbi Azərbaycanda, işğal altında olan digər ərazilərimizdə məhz ermənilər düşmənçiliklə azərbaycanlıları vəhşicəsinə qətlə yetirmişlər. Yəni tarixən Azərbaycan xalqı deyil, ermənilər azərbaycanlılara qarşı düşmənçilik etmişlər və bu gün də bu düşmənçiliyi davam etdirirlər.  Azərbaycan xalqının tolerantlılığı, milli-dini dözümlülüyü  bütün dünyaya məlumdur. Kinorejissor bunu bilmirsə, bu, xalqın deyil, onun günahıdır. Digər tərəfdən, insanlarımızı öldürən, torpaqlarımızı işğal edən, bir milyon iki yüz min soydaşımızın elindən-obasından didərgin yaşamasına səbəb olan ermənilərə, necə deyərlər, eşq elan etməyə fikrimiz yoxdur.

Xatırlayırsınızsa, bu adam Azərbaycan xalqına olan kin və nifrətini bəyan etməkdən, on minlərlə şəhid valideyninin gözü qabağında erməniləri Bakıya dəvət  etməkdən də utanmamışdı. Düşmənin ölkə paytaxtına dəvət edilməsinin hansısa bir ictimai-siyasi mənası olsaydı, bəlkə də buna dözmək mümkün idi. Ancaq İbrahimbəyov erməniləri Bakıya sadəcə “Dağüstü park”da yeyib-içməyə dəvət edirdi. Yeri gəlmişkən, bir daha xatırladaq ki,  İbrahimbəyovun Azərbaycan xalqı və dövləti ilə münasibətlərində soyuqluq yaradan ilk məsələ də məhz həmin “Dağüstü park” məsələsi olub. Belə ki, İbrahimbəyov indi hamımız üçün göz dağı və ürək ağrısı yeri olan Şəhidlər Xiyabanında “Kino evi” adıyla restoranlar şəbəkəsi yaratmaq istəyirdi. Deyilənə görə, bu barədə Moskvadakı erməni dostları  ilə şərik biznes qurmaq barədə danışıqlar da aparıbmış. Azərbaycan dövləti, həmişə olduğu kimi həmin məqamda da şəhidlərin xatirəsinə böyük ehtiram nümayiş  etdirərək  Şəhidlər Xiyabanında  restoran tikilməsinə icazə vermədi. Ona görə də “böyük ədib” bədnam qonşularımız haylar kimi, haray-həşir salmağa başlamışdı...

Göründüyü kimi, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf ki, o, özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istərdik. Atalar yaxşı deyib: qəzəbli başda ağıl olmaz. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib “haqq-hesab çürütmək” məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsurludur. Rüstəm İbrahimbəyov isə siyasi möhtəkir təfəkkürü ilə ətrafındakıları, sözün həqiqi mənasında, zəhərləyir, özünü xalqına düşünən şəxs kimi göstərməyə çalışaraq şəxsi mənafelərini təmin etməyə çalışır.

Bir çox ziyalılarımızın da qeyd etdiyi kimi,  Rüstəm İbrahimbəyovun yaradıcılığı Azərbaycan milli müstəqillik ideologiyasına heç bir töhfə verməyib. İbrahimbəyov necə ki, yaradıcılığında kimlərinsə kölgəsində uğur qazanıb, eləcə də siyasətdə də kimlərinsə kölgəsi və dəstəyi ilə uğur qazanmaq arzusundadır. Onun Azərbaycan müxalifətinə transferi sünu şəkildə, erməpərəst qüvvələrin “qrant yardımı” sayəsində  baş verib. Onu da deyək ki, əslində bu, dəfəki prezident seçkilərində xaricdəki antimilli qüvvələrin namizədi reneqat  Eldar Namazov idi. Lakin radikal düşərgənin “çoxbilmiş” liderləri bununla razılaşmadıqları üçün ikinci variant kimi, kinorejissor Rüstəm İbrahimbəyov ortaya atıldı. Bu şəxs isə, əslində, həm də  Eldar Namazovun kölgəsidir. Məlum olduğu kimi, Eldar Namazov vaxtilə Prezident Administrasiyasında köməkçi vəzifəsində çalışıb və kargüzarlıq işi ilə məşğul olub. Onun indiki vəziyyətdə yeganə uğuru odur ki, özünün qətiyyətsizliyini, qeyri-xarizmatikliyini, liderlik keyfiyyətlərinin olmadığını başa düşür və yenə də radikal müxalifətin “Milli Şura”sında kargüzarlıqla məşğuldur.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında