Ermənistan əhalisi aclıq və səfalət içərisindədir

 

 Yerli politoloqlar çıxış yolunu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqda görürlər

Ermənistanda  sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı  artıq yerli kütləvi informasiya vasitələrində də öz əksini tapır. Bu barədə dərc edilən məqalələrdə deyilir ki, Ermənistan əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır, insanlar aclıq və səfalətdən ölməmək üçün  kütləvi şəkildə ölkəni tərk   edirlər."Nov.arm"agentliyinin yaydığı məlumatda bildirilir ki,   ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə,  xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur. Həmçinin, bildirilir ki, paytaxtdakı köhnə binalar, sovet dövründən qalma avtomobillər ölkədə yaşayış səviyyəsinin  çox aşağı olduğundan xəbər verir. Erməni ekspertlərinin fikrincə, ölkənin ağır vəziyyətə düşməsinin səbəblərindən biri də indiki hakimiyyətdir.

Yerli politoloqlar  bildirirlər  ki, Ermənistanda sistemli böhran olduğu heç kimə sirr deyil. Bu böhran cəmiyyətin və ölkə həyatının bütün sferalarını əhatə edir. İşğalçı  ölkənin keçmiş baş naziri Qrant Baqratyan ilk növbədə, iqtisadi böhrandan bəhs edərək qeyd edib ki,  2013-cü ildə Ermənistan çox ciddi maliyyə-iqtisadi böhranla qarşılaşıb. Yəni, sosial-iqtisadi böhran ötən illərlə müqayisədə daha da ağırlaşıb. Ölkənin milli valyutası sürətlə dəyərdən düşməkdədir və 2013-cü ildə Ermənistan dövləti daha 500 milyon dollar xarici borc qaytarmalıdır. Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 3 faizini çoxdan ötüb. Maastrixt müqaviləsinə görə, hər bir ölkənin büdcə kəsiri onun ümumi daxili məhsulunun 3 faizini keçirsə bu, artıq çox ciddi iqtisadi böhranın əlaməti kimi qeyd olunur. 2008-ci ildə dünya maliyyə böhranı baş verərkən Ermənistanın xarici borcu ümumi daxili məhsulun 13 faizə qədərinə bərabər idi. İndi isə ölkənin xarici borcu ümumi daxili məhsulun 45-50 faizini təşkil edir.

Öz gözündə tiri qoyub başqalarının gözündə tük axtaran Ermənistan prezidenti S.Sarkisyanın ölkənin Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan hakimiyyətini tənqid etməsi ilk növbədə, yerli ekspertləri təəccübləndirib. Erməni ekspert Armen Balayan prezident S.Sarkisyanı “qara yumor” ustası adlandırıb. O, S.Sarkisyanın Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidin bütünlüklə Ermənistana aid olduğunu bildirib. Ekspertin qənaətinə görə, Sarkisyanın çıxışında “Azərbaycan” sözü “Ermənistan”la əvəzlənsə, o zaman həqiqətə zərrəcə ziyan dəyməyəcək.  Prezident Azərbaycan hakimiyyətini rejimə qarşı mübarizə aparan azərbaycanlı gəncləri həbs etdiyinə görə ittiham edəndə  nədənsə öz ölkəsindəki haqsızlığı, qanunsuz həbsləri, özbaşınalıqları unudub. Ekspert bildirib ki, S.Sarkisyanın sifarişi ilə  siyasi baxışlarına görə 6 il həbs cəzası alan Tiqran Arakelyan  və digər gənclər niyə unudulub? A.Balayan  korrupsiyadan danışan Ermənistan prezidentinə iki ay öncə Erməni Milli Konqresinin xüsusi təhqiqat xidmətinin  müraciətini xatırladıb. Həmin müraciətdə Sarkisyanın partiyadaşı Taron Markaryanın hansı yolla 10 milyon dollar yığıb Yerevanın  mer seçkisinə qatıldığına dair izahat tələb edilirdi. Ekspert vurğulayıb ki, Serj Sarkisyan Azərbaycanı söz-ifadə azadlıqlarının məhdudlaşdırılmasında ittiham edir, lakin  onun özünün başçılıq elədiyi ölkədə mətbuat azad deyil. Ölkəyə  gətirilən bir sıra ərzaq məhsullarının idxalındakı monopoliya prezidentin yaxın ətrafının əlindədir. Bütün bunları görməzliyə vuran Sarkisyanın başqa ölkələrdə nöqsan axtarması gülüncdür.

Qlobal maliyyə böhranı Ermənistana elə ağır  zərbə vurub ki,işğalçı dövlət  hələ də özünə gələ bilmir. Hazırda Ermənistandakı iqtisadi vəziyyət acınacaqlı həddə çatıb. Ermənistan artıq büdcənin rüblük planlaşdırılması sisteminə də keçib. Bir neçə ildir ki, Ermənistan hökuməti ortamüddətli xərc proqramının işlənilməsini dayandırıb. Bu ölkənin humanitar yardımlardan asılı vəziyyətə düşdüyü artıq yerli əhaliyə də bəllidir. Ötən ilin yanvar-noyabr aylarında Ermənistan 55,9 milyon dollarlıq humanitar yardım alıb. 2011-ci ilin analoji dövrü ilə müqayisədə humanitar yardımın həcmi 2,9 faiz və ya 2,5 milyon dollar artıb. Maliyyə böhranı ölkədə kriminal durumu da gərginləşdirib. Artıq Ermənistan polisi də bunu etiraf edir. Belə ki, ölkədə törədilən cinayətlərin sayı kəskin artıb. Belə vəziyyət Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir.  Faktiki olaraq  əhalinin ölkədən miqrasiyası da artıb. Statistik məlumatlara görə, ötən ilin  son 9 ayı və bu ilin 5 ayı ərzində Ermənistanı tərk edənlərin sayı 95 min nəfəri keçib. Politoloqlar qeyd  edib ki, vəziyyət bu şəkildə davam edərsə, Ermənistanda erməni tapmaq çətin məsələ olacaq.

Ermənistanda yaşanan dəhşətli iqtisadi problemlər nəticə etibarı ilə ölkə əhalisinin 1 milyonundan artığının yoxsulluq səviyyəsindən aşağı həddə yaşamasına gətirib çıxarıb. Erməni Milli Konqresinin (EMK) üzvü Vaqan Xaçatryan bununla bağlı deyib ki, aclıq içində yaşayan ermənilərin sayının artmasına səbəb Ermənistan hakimiyyətinin apardığı yarıtmaz siyasətdir.   O, ölkənin rəsmi statistika qurumunun məlumatına əsasən qeyd edib ki, bir ildə 92 mindən artıq insan sərhədləri keçmiş və bir daha geri qayıtmamışdır. V. Xaçatryan  kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada deyib:"Bu fonda düşünürəm ki, əgər Ermənistanda vətəndaş yaşamaq istəmirsə, Qarabağda ikiqat həyat təhlükəsi və sosial problemlər və digər risklər altında heç vaxt yaşamaq istəməyəcək".

 Bu qədər ac-yalavacı olan  ölkənin rəhbərliyi  inflyasiyanın da qarşısını almaqda acizdir. Hətta rəqəmləri azaltmağa cəhd edən   hökumət rəsmiləri son anda  reallığı görərək, baş verənlərlə barışmalı olub. Çünki erməni iqtisadçılarının apardığı araşdırma nəticəsində məlum olub ki, bu il inflyasiyanın həddi 107 faizə qədər artacaq. Onların sözlərinə görə, hal-hazırda bahalaşma sürətlə gedir və əsasən də  ərzaq məhsullarının qiyməti artır. Onların rəyinə görə, baş verən prosesin fonunda Ermənistanın valyutası olan dramın da qara  günləri başlayıb.

Ermənistanın qəbul etdiyi yeni büdcənin vəziyyəti də təhlükəlidir.  Artıq hökumətdə təmsil olunan bəzi deputatlar da bununla bağlı etirazlarını açıq şəkildə bildirməyə  başlayıblar. Onlar bəyan edirlər ki, Ermənistan üçün 2013-cü ilə nəzərdə tutulan büdcənin vəziyyəti təhlükənin daha da dərinləşdiyindən xəbər verir. Belə bir büdcə ilə xalqı aclıq və səfalətdən xilas etmək mümkün olmayacaq. Ölkədəki sosial - iqtisadi durum da bundan xəbər verir. Yerli iqtisadçılar bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi büdcə daha çox əhalinin acından  ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün vəsaitin tapılmaması, habelə 1 milyondan çox ac erməninin  həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilməməsi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir.

 İqtisadiyyatdakı böhran və tənəzzül özünü  orduda da göstərməkdədir. Aclıqdan və yoluxucu xəstəliklərdən əziyyət çəkən əsgərlər çıxış yolunu intiharda görürlər. “Nov.arm” agentliyinin  yaydığı məlumatlarda  bildirilir  ki, son 9 ay ərzində Ermənistan ordusunda intihar edən əsgərlərin sayı 80 nəfərə çatıb. Əsgərlərin intihar etmələrinin  başlıca səbəbi ordudakı dözülməz şəraitlə yanaşı, zabitlərin onlarla vəhşi kimi davranması və ordudakı təminatın kifayət qədər aşağı olmasıdır.

 Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsdetmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Orduda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları  və Azərbaycan tərəfinə könüllü təslim olmaları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq valideynlər  Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında dəfələrlə etiraz aksiyaları keçirmiş və müdafiə nazirindən  hesabat tələb etmişlər. Vəziyyətin belə ağırlaşdığını görən Sarkisyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan məlumatlar yaymağa başlayıblar. Lakin artıq belə yalanlara heç kim inanmır. Çünki ermənilər bu yalanlara adət ediblər. Bundan cana doymuş gənclər isə hərbi xidmətdən yayınmaq üçün hətta özlərini ruhi xəstə kimi aparırlar." Dəli və hipertoniyalı" erməni gənclərinin sayının sürətlə artdığını görən erməni həkim və psixoloqları bu yaxınlarda  Yerevanda toplantı keçirmiş, vəziyyətin dözülməz şəkil aldığını bəyan etmişlər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində boğulan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Onların sözlərinə görə, bununla yanaşı erməni gəncləri arasında son bir ildə dəlilik əlamətləri  halları ötən ilə nisbətən 20 faiz artıb.

Erməni ekspertləri hesab edirlər ki, ölkə sosial partlayış ərəfəsindədir.  Erməni Milli Konqresinin  nümayəndəsi Vaqan Xaçatryan bununla bağlı bildirir ki, yeni büdcənin vəziyyətindən də aydın görünür ki, Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub. Çünki  yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Artıq ölkə fəlakətin bir addımlığındadır. Gözlənilən fəlakətin qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir.

 Əksər politoloq  və iqtisadçılar  Ermənistanın düşdüyü vəziyyətdən çıxış yolunu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqda görürlər. Bunun üçün isə rəsmi Yerevan  Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirməlidir. Politoloq Akop Vardanyanın fikrincə, Qarabağ problemi həll olunmadıqca, Ermənistanın vəziyyəti düzəlməyəcək. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini də normallaşdırmaq istəyirsə, Qarabağ problemini həll etməlidir. Digər tərəfdən münaqişənin həll olunmamış qalması Ermənistan əhalisinin özünü normal hiss etməməsi ilə nəticələnir, yəni əhali özünü normal psixoloji mühitdə hiss edə bilmir, daim qorxu içində yaşayır. Həmin qorxu da ermənilərin öz vətənlərini tərk etməsinə səbəb olur, qorxudan necə deyərlər, əlləri işə yatmır. Ermənistanın əsas problemləri Qarabağ məsələsi, Türkiyə ilə münasibətlərin pis olması, korrupsiya, iqtisadi islahatların aparılmaması və sairdir. Amma bunların hamısının önündə Qarabağ münaqişəsinin həll edilməməsi dayanır. Əgər Ermənistan Qarabağ problemini həll etməsə, onun ümumiyyətlə, dövlətçiliyinin mövcudluğu ciddi şübhə altına düşəcək.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında