Azərbaycan tarixində ən bisavad prezidentliyə namizəd

 

“Yeni Müsavat” qəzetinin keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir Azərbaycanda  kinorejissor və ermənilərin dostu

kimi tanınan Rüstəm İbrahimbəyovun qondarma  Milli Şura tərəfindən prezidentliyə müxalifətin

vahid namizədi kimi müəyyənləşdirilməsi  ciddi narazılıqlarla qarşılanıb. Narazılıq edənlərin böyük əksəriyyəti elə  müxalifət nümayəndələrinin özləridir.

Onlar iddia edirlər ki, bu adam milli mentalitetimizdən çox - çox uzaqdır və bir neçə ölkənin vətəndaşıdır. Belə bir adamın müxalifətin vahid namizədi olması müxalifət adına ləkədir. Eyni zamanda, iddia olunur ki, özünü  20 ildən artıqdır  ana müxalifət adlandıranlar arasında prezidentliyə layiqli namizədin tapılmaması və cəmiyyət tərəfindən bir o qədər də tanınmayan ermənipərəst bir rejissorun müxalifətin vahid namizədi kimi qəbul olunması onların acınacaqlı məğlubiyyətidir.

“Yeni Müsavat” qəzeti  bu günlərdə Bakı sakinləri arasında Rüstəm İbrahimbəyovun oyuncaq Milli Şura tərəfindən prezidentliyə müxalifətin vahid namizədi kimi qəbul edilməsinə dair sorğu keçirib. Sorğunun nəticəsindən ümumi olaraq belə bir rəyə gəlmək olar ki, paytaxt sakinlərinin bir qismi  Rüstəm İbrahimbəyovu ümumiyyətlə tanımır, digər qismi isə onu tanısa da, prezident kimi təsəvvür edə bilmirlər. Sorğu zamanı respondentlərin adları çəkilməsə də, cavabları maraqlı olub və onları olduğu kimi diqqətinizə çatdırırıq:

  - Mənə elə gəlir ki, sənətkar sənətiylə məşğul olmalıdır.

 - Rüstəm İbrahimbəyov filmlər çəkə bilər. Amma siyasətçi kimi inanmıram ki, zəfər qazana bilər.

  - Münasibətim müsbət deyil. Sənət adamıdırsa, sənətiylə məşğul olmalıdır.

  - Ümumiyyətlə, tanımıram.

  - Əslində ona səs verməzdim. Hesab edirəm ki, kino işçisi prezident ola bilməz. Bunun üçün daha çox siyasi, diplomatik və başqa biliklər lazımdır.

  - Prezidentimiz yaxşıdır, mən ondan razıyam.

  - Biz bir dənə prezident tanıyırıq və ondan başqasını təsəvvür edə bilmirəm.

 Diqqət edirsinizmi, respondentlər arasında elələri var ki, Rüstəm İbrahimbəyovun kim olduğunu hələ də bilmir. Hətta ona səs verməyəcəyini bəri başdan bəyan edir. “Milli Şura” üzvlərinin diqqətinə çardırırıq ki, rəy sorğusunu onların həmfikirləri olan, bu qurumda təmsil olunan və Rüstəm İbrahimbəyovun prezidentliyini dəstəkləyən müsavatçılar aparıblar. Sonra hay - həşir salaraq deməsinlər ki, rəy sorğusu iqtidar tərfindən saxtalaşdırılıb. Axı, onlar öz məğlubiyyətlərini heç vaxt səmimi etiraf edə bilmirlər və bütün günahı hakimiyyətdə axtarmağa adət ediblər. Hətta, rəyi soruşuanlar  arasında  “Prezidentimiz yaxşıdır, mən ondan razıyam”,   “Biz bir dənə prezident tanıyırıq və ondan başqasını təsəvvür edə bilmirəm” -  fikrini səsləndirənlər də müxalifətə “Sizə səs verən olmayacaq, özünüzü yuyulmamış qaşıq kimi ortalığa atmayın”— mesajını veriblər.

 Ermənipərəst mövqeyindən əl çəkə bilməyən və Azərbaycanın ərazi bütovlüyünə şübhə ilə baxan R.İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsinə Bakı sakinləri ilə yanaşı, siyasi partiya sədrləri də təəccübləndiklərini bildiriblər. Belə bir problemli və siyasətdən başı çıxmayan bir  adamın ortalığa atılması o deməkdir ki, müxalifətdə hələ də yetkin siyasətçi yoxdur. Əgər olsaydı, “Milli Şura”nın namizədi R.İbrahimbəyov yox, həmin adam olardı.

Azərbaycan  Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu məsələdə R.İbrahimbəyovu və onu dəstəkləyənləri başa düşmədiyini bildirib. Partiya sədri deyib ki, Rüstəm İbrahimbəyovu və onu irəli verənləri başa düşmək çətindir. Onlar kiminsə namizədliyini irəli sürürlər və sonra başlarını qaldırıb görürlər ki, bu məsələdə problem var. Amma bunu görə-görə yenə də geri çəkilmək istəmirlər.

 S. Cəlaloğlu R.İbrahimbəyovun qəti qərar qəbul etməkdə acizliyinə və  siyasi təfəkkürünun yetkin olmadığına işarə edərək deyib ki,  dünənə qədər namizədliklə bağlı bir söz deyən Rüstəm İbrahimbəyov da bu gün sözünü dəyişərək, “ya mən, ya da heç kim” prinsipindən çıxış edir. Lakin hamıya məlumdur ki, İbrahimbəyovun seçkilərdə iştirakı hüquqi baxımdan çox problemlidir. Buna baxmayaraq, nə İbrahimbəyov, nə də onu dəstəkləyənlər bu reallığı nəzərə almaq istəyirlər. Onların belə mövqe tutmaları isə o deməkdir ki, Milli Şuradakı əksəriyyət həmin qurumu seçkidən kənarda saxlamaq istəyir.

Milli Şuranın prezidentliyə uğursuz namizədinin başı  xarici ölkələrdə özünə dəstək axtarmağa qarışıb. Hadisələrin gedişi göstərir ki, Rüstəm İbrahimbəyova xarici ölkələrdən dəstək almaq metodunu AXCP sədri Əli Kərimli öyrədib. Axı, AXC - Müsavat cütlüyü  1992 - ci ildə hakimiyyətə gələndə səkkiz ölkə ilə razılaşdıqlarını açıq şəkildə bəyan etmişdilər. İndi R. İbrahimbəyov da bu vasitədən yararlanmaq həvəsinə düşüb.

Azərbaycan Prezident Administrasiyasının  İctimai-siyasi  məsələlər şöbəsinin müdiri Əli Həsənov da gənc alimlərin ümumi yığıncağında “Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?” —  deməklə R.İbrahimbəyovun xarici ölkələrdən arxa - dayaq axtarmasına işarə etmişdir. Ə.Həsənov həmin yığıncaqda demişdir: ”Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir, “hələ mən dəstəklənmək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığını alım, gəlim, prezident olum. Keçən dəfə deyəndə ki,  “Milli Şura”  balaqanovların yığnağına  çevriləcək, haqlı idim. Lap azacıq vaxt keçib və Azərbaycanda yeganə başqan- İsa Qəmbər hikmət püskürdü ki, o, Azərbaycan prezidenti vəzifəsinə başqa namizədə güzəşt edə bilər, amma bu, Azərbaycana yolu düşəndən-düşənə gələn yox, daimi qaydada respublikada yaşayan şəxs olmalıdır”.

Göründüyü kimi, müxalifətin  prezidentliyə vahid namizədlik məsələsənin bir ucu xarici ölkələrə gedib çıxır. Xəbər verildiyi  kimi, iyulun 14-də Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Belçikaya,  reneqat Eldar Namazov ABŞ - a,  Eldəniz Quliyev isə Türkiyəyə səfər ediblər. E.Quliyev deyib ki, guya bu üç səfər Milli Şuranın ümumi işi çərçivəsində həyata keçirilir. Əslində isə onlar özlərinə arxa - dayaq axtarmağa, ermənipərəst dairələrlə görüşməyə, onlardan yeni təlimatlar almağa gediblər. Ona görə də müxalifət düşərgəsində “Milli Şura” agentlərlə doludur" -  deyənlərin sayı gündən - günə artır.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevin separatizmi alovlandırmağa xidmət edən agentura şəbəkəsi ilə əlaqəli olduğunu bildirib. Bundan əvvəl də müxalifət nümayəndələri bildirmişdilər ki, Eldəniz Quliyev qondarma Talış - Muğan Respublikasının fəallarından və  bu üzdəniraq təşkilatın rəhbəri Əlikram Hümbətovun yaxın adamlarından biri olub.

 Ardınca AXCP İdarə Heyətinin  sabiq üzvü Xaliq Bahadır da bildirdi ki,  “Milli  Şura” üzvlərinin 90 faizi agenturaya bağlı adamlardır. O, fikrində qəti olduğunu vurğulayaraq deyib:" Mən bunu bəyan edirəm. Əgər buna etirazları varsa, sübut etsinlər ki, mən deyənlər yalandır. Milli Şurada 10 faiz dəyərli və gərəkli adam var...  Sanki Milli Şurada ona çalışıblar ki, xalqın hüquqları, demokratiya uğrunda çarpışma aparan insanlar ora düşməsin. Məsələn, Kamil Vəli Nərimanoğlu AXC hakimiyyətində kef çəkdi, sonra gedib Türkiyədə kefini davam etdirdi. İndi də Milli Şura üzvü olub. Digərləri də bu qəbildən olan insanlardır. Onları xalq, millət heç vaxt düşündürməyib. Ancaq özlərini düşünüblər. “Milli Şura”nı da bu məqsədlə - öz şəxsi maraqlarını təmin etmək məqsədilə yaradıblar”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də Milli Şurada real müxalifətin təmsil olunmaması qənaətindədir. O, “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında deyib ki,  Milli Şura mövcudluğuna görə, Müsavat Partiyasına borcludur. Ancaq bu qurum ümidləri doğrultmur və qəbul etdiyi bəyannamədə hədəflər hələ də müəyyənləşməyib. İ.Qəmbər Milli Şuraya dəstək verdiklərinə görə təəssüfünü gizlətməyib.

R.İbrahimbəyovun  xalq tərəfindən dəstəklənmədiyini, siyasi cəhətdən tamamilə piyada, hətta, danışıqlarında da ziddiyyətlər olduğunu, “Yeni Müsavat” qəzetinin apardığı rəy sorğusunun nəticələrindən də asanlıqla müəyyənləşdirmək olar. Həmin qəzetdə dərc olunmuş daha bir məqalədən də ermənipərəst rejissorun daxili aləmi, “siyasi” səviyyəsi bir daha aydın olur. Həmin məqalədə yazılır:" Rüstəm İbrahimbəyovun bir-birinə zidd bəyanatları bir daha sübut edir ki, onun müstəqil şəkildə fikrini ifadə etmək qabiliyyəti yoxdur. R.İbrahimbəyov gah onu vətənə çağıranları “təxribatçı və siyasi bisavad” adlandırır, sonra isə İsa Qəmbərdən üzr istəyərək “səni nəzərdə tutmuram” deyir. O, ünvanına tənqid yazan qəzetlərə hədə-qorxu gəlir, jurnalistlərin ağzından vuracağını deyir, müxalifət qəzetlərinə qarşı tələblər irəli sürür. Cəmi bir il əvvəl siyasətdən anlayışının olmadığını etiraf edən R.İbrahimbəyov indi deyəsən “ulduz xəstəliyi”nə tutulub: “Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, problemlərlə sıx məşğul olsun”. O,  siyasətlə məşğul olmadığını, Azərbaycanın yaxın tarixində baş verənləri bilmədiyini etiraf etməklə, hətta  jurnalistə “siz qanunları məndən yaxşı bilirsiniz” deməklə Azərbaycan tarixində ən bisavad prezidentliyə namizəd olduğunu açıq göstərir”.

Belə bir bisavad adamın “Milli  Şura”dan prezidentliyə vahid namizəd qəbul edilməsi müxalifətin hansı səviyyədə olduğunu bir daha təsdiqləyir.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında